- 1933-cü il oktyabrın 14-ü Azərbaycanın vətəndaş şairi Məmməd Arazın dünyaya göz açdığı gündür...
Və şairin doğulduğu həmin gündən poeziyamızda yeni bir səs erası başlanır.
Bəlkə, ona görə belə sayıla bilər ki, o, özündən həm xeyli yaşlı, həm də cavan
şairlərdəndir.
Yazdıqlarının hamısı da canlı söz tarixidir. Bu tarixin hər
səhifəsi də xalqın qəhrəmanlıq səlnaməsi, uzaq əsrlərdə baş verənlərin şahidlik
kağızıdır. Indi o səhifələr vərəqləndikcə, yovşan qoxusu verən çöllərdə
atlarını səyirdən oğuz babaların səsi eşidilir, onların zəhmi, kişiliyi
duyulur, ər tikətli nənələrimizin siması canlanır gözlərimizin qarşısında.
Tarix qayalarda yazı
qalırmı,
Çoxu çoxdan itib azı qalırmı.
Çoxu çoxdan itib azı qalırmı.
Məmməd Araz şerinin mayası da, cövhəri, ətri-şirəsi, nəfəsi də bu torpaqdan
süzülüb gəlib – bir bulaq, bir qaya parçası kimi, lap elə zərifcə bir dağ çiçəyi
kimi təbii doğulub. Şairin öz qanından, canından misralarına verdiyi o söz
təbiiliyi işıqlı, mənalı bir dünya yaradıb poeziyasında. Dədə Qorqud kimi
dünənindən söhbət salıb, ayıq olmağa, düşmənə-düşmən, dosta-dost olmağa
çağırır. Həm də həmin, kövrək, sərt olan dünyada sabahın yolçularına cığır
açır. Gözlərinin yuxusundan, ürəyinin, canının ağrılarından gizlədiyi bu şer
parçalarını ərmağan eləyib yolumuza su səpir – taleyin macal verdiyi ömür
payımızı boş-boşuna yükə çevirməyək deyə.
Zarımağa ömür deyib,
ağlama,
Hər ölümə ölüm deyib, ağlama.
Hər ölümə ölüm deyib, ağlama.
Məmməd Araz kəndin, obanın içindən çıxmış adamdı, uzun illərdən bəri “qonaq
yaşadığı” şəhərdə də təbiətin dilini yadırğamayıb, əksinə günü-gündən
cilalayıb, saflaşdırıb. O, əsrlərin uzaq mənzil başından gələn at
kişnərtilərini hamıdan qabaq eşidən, zamanın küləklərinin səsini qəlbi ilə
dinləməyi baçaran, qərib şanapipik nəğmələrinin yanğısını “suçəkən” kimi canına
hopduran şairdi. Insanın dərdini, sevgisini gözlərindən anlayan sərraflardandı.
Duyğusuz bu hissi
duyası deyil,
Bu dünya sevgilər dünyası deyil.
Bu dünya sevgilər dünyası deyil.
Dünyanın, təbiətin sonsuz rəng çalarlarını çələng kimi sözə hörmüş şairin hər
şeri canlı insan adıyla bağlıdır. Bu bağlılıqda güclü həyatsevərlik, hüznlü bir
qəm, ya da dəlicəsinə üsyankarlıq var. Ürəyin dolanda o şerlərlə dərdini
də bölüşə bilərsən, hələ ovunmağa təsəllin də olar... Şerlərinin ruhuna, elə öz
ruhlarına görə də Məmməd Arazın Şəhriyarla qoşalığını görürəm. Məmməd müəllim
özü də ustad şairlə qəlbən bağlı olub həmişə. Kasıb komasında az-çox tapdığını
yeyib, zəmanəyə əyilməyən kişilərdəndi Məmməd Araz. Elə Şəhriyar kimi nə
möhtəşəm saraylara yaxın düşməyib, nə haylı-küylü məclislərdə təriflənməyi
şərəf sanmayıb adına. Dərd qayğısıyla, fikir ülgüsünün biçib-tikdiyi söz
mülkündə indiyəcən keşikçidi. Çünki nə kürsü adamı deyildi, nə mədhiyyə
yazmaqla arası yoxdu.
Zamanın dərdlərini ilk deyən ziyalılardandı. Bu gün zəmanənin ağırlığnda belə
müdrik ağsaqqalların sözünə necə ehtiyac olduğunun şahidləriyik. Əsl insan
kimi, ər kimi yaşamaq yolunu elə insan özü seçir. Necə ki, Məmməd Araz o
ömür yolunu seçib yaşadı, vaxtın acılarına da dözüb durdu, əzabların içində
bişdi, əyilmədi, sınmadı. Şübhəsiz, bu sınmazlığıyla canına qəsd eləmiş oldu,
içində çəkdikləri için-için qocaltdı şairi.
Bu il 65 yaşı tamam olan şairin şer ocağının işığı əfsanələrimizdəki uzaq
mənzil başına gedən durna qatarına tutulmuş bələdçi çırağına oxşayır. Və bircə
bunu arzulayaq ki, bu ocağın istisi, işığı kəsilməsin. Beş də, on da, on beş də
yığılaq bu ocağın başına Məmməd Araz sağlığına!
14 oktyabr, 1998-ci il, "Ulus" qəzeti
Hiç yorum yok:
Yorum Gönder