пятница, 25 января 2013 г.

Əgər arvad öz ərini döyərsə...


  • “Rəbius-sani ayının on beşi, sübh namazına üç saat qalmış şeytanın bu dünyaya gəldiyi gündür. Hər kim ki, həmin gün öz arvadını döyə, çox savab qazanar. Yox, əgər döyə-döyə öldürə, baaaaaaaah, elə bil ki, yüz kəniz azad eləmiş olar...”
  • Bu sözləri yəqin “Ac həriflər” televiziya tamamşasına baxan hər kəs xatırlayır. Zərbalıdan yeməyə nələrsə qoparmaq üçün ağlına gələn tarixləri uyduran Dərvişin söylədikləridir bunlar. Bu gün də bir məsələ aktualdır. Kişi arvadını döyərsə, buna İslam dininin münasibəti necə olar?

İslam dininin hikmətinə görə, hər cür zorakılıq pislənilir. Bu hökm Qurani-Kərimdə bir neçə ayədə öz əksini tapıb. Ancaq yaşananlar çox zaman bu ehkamların əksini ortaya qoyur. 

Arvad da ərini döyə bilər

2008-ci ildə Almaniyanın Frankfurt-Mayn şəhərində qəribə bir məhkəmə prosesi keçirilmişdi. Müsəlman qadın ərinin onu döydüyünü əsas gətirərək məhkəməyə üz tutmuş, boşanmaq üçün qanunla müəyyən olunan vaxtın bitməsini gözləmədən məhkəmə hökmünün çıxarılmasını tələb etmişdi. Alman hakim bu iddianı qəbul etməyərək, Qurani-Kərimdə qadınların cəzalandırılmasını, ər-arvadın da müsəlman olduğunu bildirirək qadının tələbini yerinə yetirməmişdi.

Qadına qarşı ailədə baş verən zorakılıqlar hər zaman mübahisə mövzusu olaraq qalır. Ərinin qadını döyə bilmək haqqının olub-olmadığının mübahisəsi ruhani alimlərə qədər çıxarılıb. Livanda yaşayan şiə ailimi Şeyx Məhəmməd Hüseyn Fəzlullah bir neçə il əvvəl namus cinayətlərinin iyrənc və rəzil bir hərəkət kimi dəyərləndirdi və belə fətfa verdi: “Əgər bir kişi arvadını döyərsə, qadının da eyni şəkildə əvəz çıxmaq haqqı meydana gələr, yəni döyülməyə qarşı döyülmək keçərlidir.”

Hizbullaha ruhani liderlik edən Şeyx Fəzlullahın bu fətvası mübahisələrə səbəb oldu. Misirdəki əl-Əzhar Universitetinin əməkdaşı, ilahiyyatçı Suad Saleh  verilən bu fətfada bəzi problemlərin olduğunu bildirdi. Suad Saleh qeyd elədi ki, ailədə baş verən bu qarşılıqlı zorakılıqlar uşaqların tərbiyəsinə və davranışlarına ciddi zərbə vura bilər. 

İslam dini ailə və ailə üzvlərinin münasibətləri haqda nə deyir?

İslam dini ailəyə böyük əhəmiyyət verir. Çünki ailə həm insanın rahatlıq tapdığı bir müəssisə, həm nəslin davamı üçün vəsilə, həm də insanı dinə görə günah sayılan müxtəlif pisliklərdən qoruyan bir qurumdur. Bu barədə Allahın Qurani-Kərimdə buyurduğu ayə belədir: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (Rum surəsi, ayə 21) Cəmiyyətin əsasını və təməlini ailə təşkil edir. Bəşər sivilizasiyasında inkişaf etmiş nə qədər millət varsa, ailə ocağında gözəl tərbiyə görmüş fərdlərdən meydana gəlmişdir. Çünki millətlər bir çox ailənin birləşməsi ilə formalaşır. Dinimiz ailələrə və ailə üzvləri, qohumlarla münasibət və əlaqələrə böyük önəm verir. Ailə evlilik və nikahla formalaşır. 

Ailə, fərdləri cəmiyyət üçün hazırlayan mənəvi bir müəssisədir. Bu müsəssisənin hazırlayıb ortaya qoyduğu “məhsul” cəmiyyətin inkişafına və yaxud gerilməsini tənzimləyir. Valideyn də ilk növbədə bu hala fikir verməlidir. Allaha qulluq içərisində gözəl tərbiyə verilmiş övladlar hazırlamaq da xeyir əməllərdən sayılır. Valideynlər onu da bilməlidilər ki, onların yerini heç bir tərbiyəçi tuta bilməz. Uşağın yetişdirldiyi ilk məktəb ailədir. Bu məktəbdə formalaşan uşaqlar əvvəlcə tədris ocağına, sonradan isə cəmiyyətin arasında var olan həyat adlı “məktəbə” təqdim edilir. 

İnanclar, dəyərlər, adət və ənənələr daha çox ailədə qazanılır. Çünki uşağın şəxsiyyətini qazandığı dövr ailədə başlayır. Müasir dövrün əksər pedaqoqları bu fikri təsdiq edirlər ki, altı yaşına qədər uşağın xarakteri necə formalaşırsa, bundan sonrakı həyatında da onun xarakterində eyni izlər davam edir. Bu səbədən ilk illərdəki tərbiyə mühüm əhəmiyyət daşıyır. Ailədə valideynlərinin bir-birinə zorakılıq etdiyinin şahidi olaraq böyüyən övladların psixologiyasında sarsıntılar yaranır və bu cür insanlar arasında özünə inamın minimal səviyyədə olduğu aşkar olur. Valideynlər ilk növbədə öz övladlarının tərbiyəsində yarada biləcəkləri zədələri göz önünə alıb zorakılıqdan vaz keçməlidirlər. 

Quranda döymək deyil, uzaqlaşmaq buyurulub?

Mübahisəyə səbəb olan məsələ Qurani-Kərimdə ərinin öz arvadını döyə bilmək haqqının olub-olmaması ilə bağlıdır. Müqəddəs Kitabdakı Nisa surəsinin 34-cü ayəsinə istinad edən alimlərin Allah-Təalanın kişilərə öz arvadlarını döymək haqqının verdiyi fikir üzərində israr edirlər. Lakin bu ayənin təfsiri barədə İslam alimlərinin fikirləri müxtəlifdir. Çikako Universitetində islami elmləri tədris edən İran əsilli Lalə Bəxtiyar Qurani-Kərimin məallarında keçən “döymək” ifadəsinin düzgün çevrilmədiyini, əslində bu kəlməni “uzaqlaşmaq” kimi  tərcümə olunmasının düzgün olduğunu bildirib. Lalə Bəxtiyarın baxışlarıan görə, ailədə birgə yaşamaq mümkün olmadıqda uzaqlaşmağın gərəkli olduğu ortaya çıxır. Əslində Qurani-Kərim ərin arvadını döyməsinə icazə vermir. 

Əl-Əzhar Universitetinin müəllimi Suad Salehin də fikirləri də amerikalı alimin düşüncələri ilə uyğunluq təşkil edir. Suad Saleh hesab edir ki, ərinə itaət etməyən qadınlardan yatağını ayırmaq, sonra onlardan uzaqlaşmaq ailədaxili problemlərin həllində ən düzgün variantlardandır. Ailə daxili mübahisə və problemlərinin həllinə baxış sisteminə diqqət edən alimlər ilk növbədə Hz.Məhəmmədin (s) ailə münasibətlərindən nümunə götürməyi tövsiyə edirlər. Hz. Peyğəmbərimiz (s) hər zaman ailəsinə qarşı mehriban davranmış və bu mənada ideal bir ailə modelini ortaya qoymuşdur.   

İslam dini qadınların da kişilər üzərində haqqı olduğunu irəli sürür. Bu məsələ Qurani-Kərimin məntiqi ilə aşkar olunur. Allah-Təala bu haqqı qadınlara tanıyaraq buyurur: “(Kişilərin qadınlar) üzərində şəriətə görə hüquqları olduğu kimi, (qadınların da) onlar (kişilər) üzərində hüquqları vardır” (Bəqərə surəsi, ayə 228). 

Ailənin rəisi kimdir?

Yenə mübahisə doğuran məsələ kimi kişinin “ailə rəisi” kimi göstərilməsidir. Quran hikmətinə görə, ayələrin bəzilərində insanlar arasında ən üstün olanın günahlardan daha çox qorunan - təqvalı olan kəslərdir.  Əgər insanların biri o birindən üstün deyilsə, onda ailə rəisliyi niyə kişiyə verilib? Ayələrin təfsirini verən alimlər bunlardan birinin ilahi hikmət, o birinin isə sosial məsuliyyət olduğunu göstərirlər. Qadın və kişi insan olduqları baxımından bir-birindən yalnız günahlardan qorunması ilə üstündürlər, əks halda Allah insanlara başqa üstünlük vermir. O biri ayədə isə kişinin öz ailəsini sosial, iqtisadi və s. baxımından təmin edə biləcək məsuliyyətə şərik edilib. 

Beləliklə, ailədaxili zorakılıqları pisləyən dinimiz bu modelin qorunması üçün bütün hikmətləri ortaya qoyur. Ailə modelinin dağılması cəmiyyətdə əxlaqın aşınmasına yol açır. Ailədə və cəmiyyətdə əxlaqlı olmağın insanın ən gözəl sifəti olduğuna qiqqət çəkən Hz. Peyğəmbərimiz (s) buyurur: “Möminlərin iman baxımından ən mükəmməli əxlaqı ən gözəl olanıdır. Sizin ən xeyirlinzi də xanımlarına qarşı əxlaq baxımından xeyirli olanınızdır” (Tirmizi, Rada. 3-cü cild, səh. 457).  

Комментариев нет:

Отправить комментарий

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...