среда, 25 марта 2020 г.

O "Sabah" bunu bir gün edəcəkdi.. – İstedadlı rejissor Şərif Qurbanəliyevə vəzifə verildi

Kiminsə hansısa vəzifəyə təyin olunmasına sıradan bir xəbər kimi baxıb keçirəm. Amma bu xəbər baxıb keçə biləcəyim xəbər deyildi. Uzun illər ədalətsiz qərarla televiziya ekranlarından kənarda qalan çox istedadlı rejissorun layiq olduğu yerə gətirilməsidir.
İstedadlı rejissor Şərif Qurbanəliyev AzTV-nin “Sabah” Yaradıcılıq Birliyinin rəhbəri təyin edilib.
Şərif Qurbanəliyevin Azərbaycan tamaşaçılarına təqdim etdiklərinə baxaq.
Şərifin senari müəllifi və rejissoru olduğu “Ac həriflər”, “Yarımştat”, “Bala – Başa bəla”, “Bəylik dərsi” teletamaşaları televiziyanın “qızıl fondunda” saxlanılır. “Ac Həriflər” tamaşası “Humay” mükafatına layiq görülüb. İstedadlı rejissor Ş. Qurbanəliyev Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Rəhman Əlizadənin “Laləli düzən” adlı ikihissəli məzhəkəsi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru olub.
Ş. Qurbanəliyev “Akademik Heydər Hüseynov”, “Kişiləri qoruyun”, “Şəki teatrında”, “Qaragülün nağılı”, “Tanrıverdinin nağılı”, “Bir ovuc torpaq”, “Bədəlbəylilər” kimi bədii və sənədli filmlərin rejissorudur.
Televiziya ekranlarını zəbt eləmiş boz-bulanıq, adına sənət deyilsə, sənətə təhqir sayılacaq səviyyəsiz sayıqlamalar tamaşaçını aşağı səviyyəli insanlar həddinə düşürdükcə istedadlı sənət adamlarının yeri görünür. Təkcə buna görə Şərifin haqqının özünə qaytarılmasına sevinmək haqqı bizə də düşər. Bir deyim var: “Ədalət topaldır, ağır-ağır gedər, lakin gedəcəyi yeri bulur”. Televiziya anlayışı olmayan bir vəzifə sahibinin hikkəsi ilə televeziyadan uzaqlaşdırılan Şərif Qurbanəliyevin yenidən ən çox sevdiyi işə, ən yaxşı bacardığı sənətə qayıtması tamaşaçıda da bir ümid yaradır – Gözəl tamaşalar olacaq.
Hz.Mövlanə buyurur: “Bir insanın necə güldüyündən tərbiyəsini, nəyə güldüyündən zəkasını anla”. Şərifin quruluş verdiyi tamaşalardan gəldiyim ən sadə qənaət belədir: Bu əsərlər tamaşaçını güldürür və uzun müddət onun yaddaşından silinmr. İstənilən müqayisə qüsurlu olsa da, qeyd edim, ekranları başına götürmüş gülüş adına düşüklük olan bir çox “əsərlər”ə baxan tamaşaçıdan həmin veriliş bitən kimi, soruşun: “Yadınıda qalan nə oldu?” Əminəm ki, susqun halda üzünə baxacaq. Çünki şəmi-şöşülərdən tamaşaçı yaddaşına hopacaq heç nə tapmaq mümkün deyil. Bu bayağı işlər tamaşaçının dünagörüşünə ciddi ziyan vurur. Çarə bu tamaşa adına göstərilənlərə baxmamaq deyil, daha səviyyəli ekran əsərləri hazırlamaqdır. Şərif Qurbanəliyevin də təyinatı gözləri ekranda maraqlı tamaşaları həsrətlə gözləyənlərə çox gözəl tamaşalar müjdəsi veriləcəyinin xəbərçisi olub.
Mədəniyyətin qayəsi siyasəti elmə tabe etdirməkdir. Bu da dahiyanə söylənmiş fikirdir. Çünki mədəniyyət ən yaxşı siyasətdir. Şərif Qurbanəliyevin tamaşalarına baxan insanlar mədəniyyətli olmağa borcludur, yaxud mədəniyyəti olanlardır. Tamaşa insanı güldürürsə, yadda qalandır. Ekrana çıxıb sənətçi olmağa iddia edənləri çoxu tamaşaçını güldürmür. Çox kobud da səslənsə, ekranlı başına götürmüş bayağılıqların mübtəlası olanlar hırıldayır. Sizcə, hırıldayan insandan cəmiyyət hansı mədəniyyəti görər, bu insanlar cəmyyətə nə verə bilər?
Şərifi illərdir tanıyıram. İfrat təvazökar olduğunu da bilirəm. Bu yazını yazmağımdan xəbəri olsaydı, qəti şəkildə etiraz edəcəkdi, yazmamağımı israrla istəyəcəkdi. Çox sevdiyimiz bir insanın çox gözəl bir sözü var: “Təvazönü əsir etməyin!” İstedadlı insanlar ifrat təvazökarlıq göstərdikcə istedadı olmayanlar meydan sulayacaq. Buna da əminəm.
Şərifin xəbəri olmadan bu yazını yazdım. Qoy bu da mənim istedadlı rejissorumuza ərkim olsun. Bir az gileylənər, istəsə bir az da danlayar, amma yazılanları poza bilməyəcək ki… Yazımızı yazan hər zaman həyatımıza gözəl olanları yazsın. Şərifə də, onun quruluş verdiyi əsərlərə ürəkdən gülən tamaşaçılara da…
Xatırladaq ki, Azərbaycan televiziyasının “Sabah” Yaradıcılıq Birliyi 15 fevral 1993-cü ildə fəaliyyətə başlayıb. Birlik əsas etibarilə televiziya tamaşaları, film-tamaşalar, bədii və sənədli televiziya filmləri, konsert və şou-proqramlar hazırlayır. İlk 10 ildə 26 televiziya tamaşası hazırlanıb.
Rəsul Mirhəşimli
Avropa.info
02 aprel 2019

Səmadan “Hicaz”a endirilənlər – Novruz Novruzlu tamaşaçıları bir araya topladı

Bu müjdəni duyanlar qəlblərində sevinclə axışırdı aldıqları xəbərin ardınca.
NOVRUZ GƏLİR!
Baharın gəlişini bu dəfə Novruz Novruzlunun səsi ilə dinləycəkdilər. Dinləyəcəkdilər ki, könüllərində çiçəklər açsın, baxdıqları hər yeri al rəngli lalələr bürüsün. Bir dağ şəlaləsi kimi çağlayan səsin təntənəsində bütün mənzərə yamyaşıl yarpaqlar, əlvan çiçəklər, təbiətin ahənginə uyan quşların nəğmə səsi bəzənsin.
Opera və Balet Teatrına insanları toplayan da bu səsin təntənəsi idi.
Martın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında müğənni, aktyor Novruz Novruzlunun “Hicaz” qrupu ilə birgə “UZUN İNCƏ BİR YOLDAYAM”adlı solo konserti keçirildi.
Bir dəqiqə miqdarınca olan uzun, incə yola girmədən öncə Novruz Novruzlu Hz.Mövlanədən bir çağırış səsləndirdi:
Gəl, gəl, nə olursan ol, yenə gəl,
İstər kafir, istər məcusi,
İstə bütə tapınan ol, yenə gəl,
Bizim dərgahımız ümidsizlik dərgahı deyil.
Bu məkanın ümidsizlik dərgahı olmadığını səhnədə dönən mevləvi dərviş Haqdan aldığını xalqa sunmaqla Novruz bəyin ifasının təsirində müşayiət edirdi.
Bu konsertə yığılanlar əylənmək üçün gələnlər deyildi. Novruz Novruzlu tamaşaçılarına qulluğu xatırladırdı. Səhnədən salona yayılan səs Məhbubun nazil etdiyi, ürəklərə sakitlik və rahatlıq bəxş edən ilahi lütfün hər zərrəsini müğənninin tamaşaçıları ilə bölüşməsi idi. Bu lütfün hər zərrəsi könüllərə düşdükcə onu cilalayırdı. Hz.Mövlanə deyirdi ki, könüllərini cilalamış olanlar rəngdən və qoxudan qurtulmuş olarlar. Hər nəfəsdə asanca bir gözəllik görərlər.
Bu gözəlliyi bəxş edən bu dəfə Novruz Novruzlu idi. Səs bir lütf kimi salona yayıldıqca nəfəsini içinə çəkib, heyrətlə bu ifaları dinləyənlər könüllərdə bir gizli duanın uca dərgaha yüksəlməsini müşahidə edirdilər. Bu yüksəliş ad, sifət və fellərdən doğan təcəlli nişanələrini arif olanlara göstərmək idi.
“Künti kənz”in ayəti vəsfində olmuşdur nüzul,
Varlığına kün fəkan iqraredən pərvərdigar.
Gizli xəzinənin açılması sirrini “Ol dedi, oldu” hikməti ilə müşahidə edənlərin nəşəsi könüllərə bir bahar rüzgarı kimi feyz ilə dolurdu musiqinin ahəngində. Bu səsin təsirindən nə yer qalırdı, nə məkan. Substansiyadan alınan nəfəs ətrafa yayıldıqca onu dinləyənləri bir boşluqdan ilahi aləmə atırdı.
Novruzun ifa etdiyi musiqilər dərin sirlərlə dolu bir kitabədir. Bu nəğmələr insan ruhunun sözlə çəkilmiş rəsmidir. Dinlədikcə insana Rəbbinin qulu olduğunun sevincini yaşadar. Ondan başqasına möhtac olmamağın feyzini verər. “Hər kölə azad edildikdə sevinir. İlahi, mən Sənə qul-kölə olduğum üçün sevinirəm…” Tamaşaçıların bu musiqilərə aludə olmağın bir sirri də budur.
Novruz Novruzlu Azərbaycanda mistik musiqi qrupunun professional səviyyədə ilk qurucusudur. Onun ifa etdiyi musiqi insanın ruhuna ilk başlanğıc məkana mənsubluğunu təlqin edən nəğmələrdir. Bu musiqinin yol açdığı cığıra düşən tamaşaçı dünyanın faniliyini unudur, özünü Bəqadan gələnlərin ağuşunda bulur. “Allahdan gəldik, Allaha dönəcəyik” – Novruzun oxuduqlarında insana verilən ilahi mesajın mahiyyətində bu hikmət dayanır.
Novruz Novruzlunun solo konserti Çanaqqala zəfərinin 103-cü ildönümü ilə eyni gündə baş tutdu. Səmadan Hicaza endirilən hikmət bir türkünün niskili ilə dilə gəlir, Çanaqqalada şəhid olan türk əsgərlərini rəhmətlə yad edirdi.
Çanaqqala içində aynalı çarşı,
Ana, mən gedirəm düşmənə qarşı…
Novruz oxuduğu vətənpərvərlik və türkçülük nəğmələri ilə səsdən və sözdən bir Vətən xəritəsi çəkir. Bu səs oğullarımızı Vətəni sevməyə, yurdu azad etməyə səsləyir: “Vətəninə göz dikəni əz, oğlum!” Bu musiqi Azərbaycan əsgərinin ayaq səslərinə dönüb, milləti torpaqlarımızın azadlığına çağırır.
Novruz Novruzlu bu konserti ilə sübuta yetirdi ki, o, təkcə ilahi musiqilərin və türkülərin mahir ifaçısı deyil. Müğənninin hind, italyan və rus mahılarından ibarət kompoziyası da salona toplaşanların alqışları ilə qarşılandı.
Bir zövqün təntənəsində bu rahatlığı yaşamaq istəyənlər bu tamaşada yer aldı. O konsertə toplaşanlar özünü Eşqin səfasında qonaq hiss etmədi. Hamı bu Eşqin yolunda bir bütündür. Bu yola bələdçiliyi isə Novruz Novruzlu etdi.
Musiqinin, sənətinin bayağılaşdığı zaman kəsimində Novruz Novruzlu sübut etdi ki, ciddi musiqi tamaşaçılara daha böyük zövq verir. Bu konsertdə bir araya gələnlər uzun müddət bu zövqün müzakirəsini edəcəklər. Səbrsilziklə yeni konsertləri gözləyərək….
Rəsul MirhəşimliAvropa.info
19 mart 2018

вторник, 17 марта 2020 г.

Təsəvvüf simvolları: Nöqtə nəyə işarədir?

Təsəvvüf simvolu olaraq, nöqtə vəhdətə işarə edir.
Bütün varlıqlar bir nöqtədən – vəhdətdən başlayır. Vəhdət isə həm əhədiyyət, həm də vəhdəti özündə əhatə edir. Nöqtədən ayrı düşmək zərrəyə dönüşərək, cüzü, nöqtəyə dönmək isə Küllə qovuşmağı ehtiva edir.
Hz.Mövlanə deyir:
Üç nöqtə Eşqdir...
Hər nöqtə gizli bir ahdır.
“Sevirəm” deyib, hayqıra bilməməkdir...
Boğazda düyünlənən bir cüt sözdür.
Dilin lal, könlün məlal olduğu andır.
Gözlərindən süzülməyən iki damla yaşdır...
Hiss edilən, lakin heç cür yazıla bilməyəndir.
Kəlmələrin yetərsiz qaldığı andır.
Üç nöqtə bitməyəndir, bitə bilməyəndir...

Təsəvvüfün üç əsas təməli

Təsəvvüfün təməli üç əsasa dayanır: Zikr, səbr, şükr. Yəni Yaradanı tez-tez xatırlamaq və Ondan qəflətdə qalmamaq, başına gələn bəlalara, qəzalara səbr etmək, Allahın verdiyi nemətlərə şükr etmək, nankor olmamaqdır: “Onlar (müsibətlərə) səbr edən, (sözlərində və işlərində) doğru olan, (Allaha) itaət edən, mallarından fəqirlərə verən və sübh vaxtı (Allahdan) bağışlanmaq diləyənlərdir (sübh namazına qalxanlardır)” (Ali-İmran surəsi, ayə 17). Təsəvvüf, insanın tərbiyəsini əsas götürərək, onu kamiləşdirməyə çalışan bir yoldur. Təsəvvüf dünyagörüşündə qulun dərəcə-dərəcə pis xasiyyətlərini tərk etməsi, onların yerinə yaxşı vərdişlərin qoyulması, cəhaləti yox etməsi, elm ilə bəzənməsi, qəflətdən xilas olması və hər an Allahı zikr etməsini gərəkli sayır. Təsəvvüfdə ikilik yoxdur, birlik (vəhdət) vardır. Yəni heç bir şey yoxdur, yalnız Allah vardır. Fənafillah, qulun Allahda yox olmasıdır. İkililik ortadan qalxıb birliyə (vəhdətə) qovuşunca Allah camalını göstərər. Göydəki hər ulduzdan parlayar, təbiətdəki hər çiçəkdən baxar, hər gözəl üzdə gülümsəyər, hər şirin dildə danışar. Hər şeydə Allah vardır, Ondan başqa heç nə yoxdur...

Təfəkkürdən mərifətə yetişməyin iki yolu

"Sən iman vadisinə daxil ol, bu vadidə bir ağac gözlənilmədən deyəcəkdir ki, Allah mənəm. (Musaya (ə) deyilən kimi) Vəhdətin müşahidədə olduğunu hesab edən təhqiqatçının birinci dəfə baxışı varlıq nurunun üzərinə düşür. Mərifətdən nur və şəfa görmüş ürək, hər nəyə baxsa, əvvəlcə orada Allahı görəcək". Azərbaycan mütəfəkkiri və klassik şairi Mahmud Şəbüstəri "Gülşəni-raz" (Sirr gülşəni) əsərində yazır ki, "təfəkkür deyilən şey görəsən, nədir? Bu mənadan özüm heyrətdə qaldım. Təfəkkür batildən haqqa tərəf getməkdir. Cüzün içərisində mütləq küllü görməkdir". "Təfəkkür əhlinin Allahın mərifətinə yetişməsi iki yol ilə mümkündür. Birinci yolun adamları sübut və dəlil əhlidirlər, onlar dəqiq rəy, fikir və qəti arqumentlərlə yəqinlik yəqinlik səltənətinə yetişərlər. İkinci yolun adamları isə kəşf, zövq və düşüncə əhlidirlər, onlar mənəviyyata və batini aləmi seyr etməklə vüsal şahidini öz ağuşlarına alırlar." "Cəbərut aləmində O, tək və yalnız idi. Onu nə görən bir göz, nə də sevən bir qəlb vardı. Onun üçün Adəmi (ə) yaratdı". – Fuad Köprülü belə yazır. "Elə bir əşya göstərə bilməzsiniz ki, deyəsiniz, Allah ordadı, ya da elə bir əşya göstərə bilməzsiniz ki, deyəsiniz Allah orda yoxdu" (Hz. Əli (ə) "Nəhcül-Bəlağə"). Ağıl Allahın zatının varlığını bilir, ancaq mahiyyətini dərk edə bilməz. Hələ öz mahiyyətini bilməyən insanın ağlının bu yola düşməsi onu ancaq şirkə salar. Çünki Allahın zatı haqqında hər nə düşünsə, bunlar onun düşüncəsinin məhsuludur. İnsan ancaq Allahın yaratdığı bu varlıq aləmini anlamağa çalışa bilər, Onun məxluqatını təfəkkürünə sığışdıra bilər, zatını deyil. Onun zatının qüdsi mahiyyətini ancaq Özü bilir. Nə göz hər varlığı görər, nə qulaq hər səsi eşidər, nə də ağıl hər şeyi anlayar. Hər şey Allahın mülki və məxluqudur. Ağıl isə hər şeydən, sadəcə bir şeydir. Hər bir məxluq kimi, ağıl da məhdud, yəni müəyyən sərhədlər daxilindədir. Ağıl hələ bir hüceyrəni belə tam olaraq izah edə, genin şifrələrini çözə bilməyib. O biri tərəfdən qalaktikalara sərhəd təyin edə bilməmiş, səmanın böyüklüyünü göstərə biləcək rəqəm müəyyənləşdirməyib. Qısası, insan ağlı hələ məxluqat dairəsini bütövlükdə anlaya bilməyib. Bir sözlə, şair bütün bu məsələni qısaca belə ifadə edir: Yetdi ömrün axirə, sən bir, Nəbati, bilmədin, Kimdir bu gözdən baxan, ya dildə bu quya nədir.

Dünya duracaq yer deyil...

Bir zaman bir yerdə idik. "Bəli" dediyimiz yerdə... Zaman gəldi, hökm olundu hərəmiz bir zərrə kimi yer üzünə dağıldıq. Bir bütünün həsrətini çəkə-çəkə yaşadıq.
Zaman gəldi, tapdıq bir-birimizi. Onun zərrəsi kimi toplandıq bir yerə.
Sonra aramızdan qopub getdilər, biri şəhid kimi getdi, birini dərd, birini həsrət apardı yanımızdan.
Qalanlar narahat, narazı, gedənlər isə yerlərindən məmnun.
Biz bu məkan içində qərib, anlaşılmaz olaraq yaşayırıq. Sıramızı gözləyə-gözləyə... Biz bir dərdin, bir əzabın dostları...
Dünya duracaq yer deyil, doğru. Səfər bileti əlimizdə deyil, deyə, gözləyirik...

Azərbaycanda Bahar bayramının tarixi ənənələri: Fransalı diplomat ölkəmizdəki mərasimlərdən nələr yazıb?

Azərbaycanda Bahar bayramı adı ilə yeni ilin qeyd olunmasının tarixi minilləklərlə hesablanır. Qobustan qaya təsvirlərində bu bayramın qeyd olunması öz əksini tapıb. Bahar bayramı xalqı birliyə səsləyən bayramdır. Qobustandakı təsvirlərdə əks olunan halaylar da bu birliyi simvollaşdırır.
Azərbaycan əhalisi İslam dinini qəbul etdikdən sonra Bahar bayramına başqa rənglər də əlavə olunub. Azərbaycan ərazisində əhali bu bayrama xüsusi əhəmiyyət verib və dövlət səviyyəsində qeyd edib. Xalqın inancına görə Bahar bayramının ilk günündə Hz.Əli (ə) xəlifə seçilib. Yerli əhali bayramı qeyd edərkən bu tarixi hadisəni Bahar bayramının atributları sırasına daxil edib.
Yeri gəlmişkən, qeyd edək ki, təsəvvüf simvolu kimi Şah obrazı Hz.Əliyə (ə) aid edilir. Salikin həqiqətə və Haqqa qovuşması yolunda sınaq və yollarının başında dayanan Şah Hz.Əlidir (ə). Bu simvolun sufi şeirində izharına təkyə şairi Qul Nəsiminin yazdıqlarında baxaq:
Haq qatında aləmin məhbubi-Rəhmandır Əli,
Övliyalar sərvəri həm Şahi-Mərdandır Əli.
Ey Nəsimi, “Mən arəf” sirrin biləndir adəmi,
Adəmin həm surətində hərfi-Qurandır Əli.
Göründüyü kimi, irfan əhli Şah deyərkən Hz.Əlini (ə) nəzərdə tutur. Hz.Əli (ə) İslam təsəvvüf düşünücəsində dərindən təsir göstərmiş şəxsiyyətdir. Onun elmi, əxlaqı, zöhd və təqvası, yəni ibadət həyatına verdiyi önəm sufilər tərəfindən örnək alınıb. İstər Əxi və Bektaşi dərvişləri, istərsə də digər təriqət mənsubları Hz.Əliyə (ə) Şahi-Vilayət və Sultanul-övliya ləqəblərini veriblər.
Bayramın Azərbaycan ərazilərində böyük təntənə ilə keçirilməsinə tarixi mənbələrdə də rast gəlmək mümkündür. Orta əsr mənbələrində Bahar bayramının qeyd olunması haqqında ən doğlun məlumatlar Səlcuqlar dövləti dövrünə dair tarixi qaynaqlarda öz əksini tapıb. Bahar bayramı Hülakülər, Qaraqoyunlular, Ağqoyunlular dönəmlərində də yüksək səviyyədə qeyd olunub. Lakin bayramla bağlı ən geniş məlumatlara Azərbaycan Səfəvi dövləti zamanına aid mənbələrdə rast gəlinir.
Səfəvilər dövründə bu bayram dövlət səviyyəsində böyük şadyanlıqla qeyd olunub. Bəllidir ki, Səfəvilər dövründə Azərbaycana çoxlu sayda Qərbi Avropa diplomatları gəlirdi. Onlar vətənimiz, onun adət-ənənələri və keçirdikləri bayramlar haqqında da geniş məlumatlar veriblər. Bu diplomatlardan biri də fransız diplomat Jan Şardendir. Fransalı diplomat Azərbaycan Səfəvi dövləti ərazsində üç bayramın xüsusi qeyd olunduğunu vurğulayıb. Fransız diplomat ilin fəsillərinin dəyişib, yazın gəlməsini Azərbaycan ərazisində əziz günlər olduğunu yazıb. Qeyd edək ki, J.Şarden Ramazan bayramı və məhərrəmlik mərasimini də bu sıraya qatdığından üç mərasim haqqında xüsusi olaraq söz açır. Maraqlıdır ki, on səkkinsinci yüzildə yaşamış fransız diplomat Aşuranı İslam dini yolunda Şəhidlik bayramı adlandırır.
J.Şarden Azərbaycan ərazisində mühüm bayram kimi qeyd olunan Bahar bayramını göstərir. O qeyd edir ki, Yeni il bayramı mülki bayram olmasına baxmayaraq, artıq dini bayram sayılır. J.Şarden o dövr haqqında yazır ki, mart ayının 21-də gün çıxandan qırx yeddi dəqiqə sonra qala qornizonu və artileriyası yeni il bayramını elan etmək məqsədilə üç dəfə atəş açırdı.
Azərbaycan ərazilərində Bahar bayramının qeyd olunması ilə bağlı venesiyalı səyyahların da yazdıqlarında rast gəlmək mümkündür. Venesiyalı səyyahlar yazır:
“Bayram davam etdiyi gün ərzində 50-60 nəfər sufi çalğı alətləri və xəlifələri ilə birlikdə kəndlərdən piyada gəlirlər. Onlar meydan daxil olaraq dairə yaradaraq, tək-tək, iki-iki, üç-üç və dörd-dörd rəqs etməyə başlayırlar. Digərləri isə ilahilər oxuyur və Şah II Təhmasibə həsr etdikləri nəğmələri ifa edirlər. Bu xəlifələrin hər biri əllərində əsa gəzdiri. Onların çoxu şaha hərə öz imkanına görə hədiyyə gətirir. Bu hədiyyələrin içərisində 10 qoç, quzu və bəzən atlar da olurdu”.
Mart ayının ilk həftəsində isə Səfəvilərin paytaxtında Qızılgül bayramı keçirilirdi. Qızılgülün simvolikasının isə İslam peyğəmbəri ilə bağlı olması hamıya məlumdur. Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin də yazdığı “Gül” qəsidəsində bu simvolikaya işarə edilir. 
Bayramın bu ənənə ilə qeyd olunması Azərbaycanın cənub bölgələrində və Qarabağda xüsusi təntənəsi ilə fərqlənir. Xalq inanclarına görə, Hz.Əlinin (ə) hakimiyyətə gəlməsi ilə ilin axır çərşənbəsi eyni günə düşüb. Bu səbəbdəndir ki, yerli xalq axır çərşənbəni Cənab Əmir bayramı, yaxud Əmir əl-möminün bayramı kimi də qeyd edib.
Qubadlı rayonunda ilin axır çərşənbəsi özünün xüsusi atributları ilə qeyd edilirdi. Həmin gün yerli əhali öz arasından bir nəfəri Şah seçərdi. Bayram günlərində bütün ərazidə bütün hakimiyyət Şahın əlində cəmləşərdi. Maraqlıdır ki, hətta sovet rejimi zamanında bayramın bu şəkildə qeyd olunmasının qarşısını almaq mümkün olmayıb.
İndi də Qubadlıda ilaxır çərşənbəsi zamanı bayram mərasimlərinin necə keçirilməsinə diqqət edək. Həmin gün seçilən Şah əyanlarını və fərmandarları təyin edərdi. Meydanda sarayını quran Şah rayonun imkanlı adamlarını hüzuruna çağırtdırar, onlara xüsusi vergi təyin edər və bu məbləğ xəzinəyə yığılardı. Xüsusi təntənə ilə keçən bayram tədbiləri zamanı yığılan vəsait imkansız insanlara yardım şəklində paylanar, kənd yolları və körpülər təmir edilərdi. Qeyd edək ki, ianələrin toplanmasında əhali könüllü şəkildə iştirak edirdi. Bilirdilər ki, toplanan vəsait xeyriyyə işlərinə sərf ediləcək.
Martın 16-da ilaxır çərşənbəsidir. Yaşlıların həsrətlə xatırladığı, orta nəslin şirin xatirələrlə dolu bir keçmişi var bu günün.
Azərbaycan etnoqrafiyasında və mədəniyyətində mühüm yer tutur bu gün. Nələr dəyişsə də insanlarda baharın gəlişi bağlı yeni ümidlərin baş qaldırdığı ənənələr dəyişmir.
Allah hər gününüzü xeyirli etsin! Allah bütün dualarını qəbul eləsin!
P.S. Videoda 30 il əvvəl Qubadlıda Novruz bayramının qeyd olunması təsvir olunub. Bayram tədbirində bütün atributların yerində olmasına xüsusi diqqət edilib.

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...