четверг, 11 января 2024 г.

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

 


Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hallarda sosial şəbəkələrdə yayılan informasiyalar insanların istinad etdiyi “səhih mənbə” halına gəlir. Bir sözlə, yeni texnologiya həyatımızın mühüm atributuna dönüb.

Sosial şəbəkələr üzərindən insanlar bir-birinə söz atır, ismarışlarını “Votsap” statusları ilə göndərir, “TikTok” videolarını günün əhəmiyyətli xəbər bazası hesab edir. Bu həngamədə real həyat sosial problemlər üzərində davam edir.

İnsanlar böyük həsrətlə yanvarın 5-ni gözləyirlər ki, qaz limiti sıfırlanacaq. Nə hikmətdirsə, qaz istehsal və ixrac edən ölkə, vətəndaşlarını qaz limiti işgəncəsi ilə üz-üzə qoyur.

Marketlərə bir gündə neçə dəfə yolun düşsə, o qədər ərzaq qiymətlərinin artımı ilə qarşılaşırsan. Yeni ilin ilk günlərində bu qədər sosial problemlər fonunda yalnız rəngarəng görünən vətəndaşların sosial şəbəkələrdəki Zeynəb Xanlarova dartışmasıdır. Tərəfdarlar və əleyhdarlar bir-birinə heç nədə güzəştə getmək istəmir. Bu qədər aqressiyanı mütəxəssislər linç etmə psixologiyası adlandırır.

Qeyd edək ki, sosial şəbəkələrdə istifadəçilərin sayı hər il təxminən 10 faiz artır. Təbii ki, bu qlobal platformalarda fərqli mədəniyyətdən olan daha çox insanın iştirakı sosial mediada çoxlu problemlər yaradır. Bu problemlərdən biri də “linç mədəniyyəti”nin sosial mediada gündən-günə yayılmağa başlamasıdır. Sosial mediadan istifadənin artması nəticəsində, insanların sosial mediada daha çox insanın həyatına şahid olması, qısqanclıq və özünü yarımçıq hiss etmə hissi bu “linç mədəniyyəti”ni daha da artırır.

Bəzən real həyatla ziddiyyət təşkil edən virtual məkan insan psixologiyasında bir çox problemlərə yol açır. İnsanlarda telefondan asılılıq yaranıb. Bunun terminoloji göstəriclilərdə adı isə monofobiya adlanır. Həyatın hər sahəsinə yeni texnologiyanın təsir etməsini fikrini müdafiə edənlər mənimlə razılaşmaya bilər. Lakin bu asılılıq gündəlik həyatımızda hamımızın gileyləndiyi problemləri real mənzərəyə çevirir. Hər kəsin gileyləndiyi misallara baxaq.

Metrodan çıxıb, tələsik harasa yetişmək istəyirsən, sərnişin sıxlığının axın etdiyi platformada öndə hərəkət ləngiyir. İnsanların arasından birtəhər sıyrılıb, “hadisə yerinə” yaxınlaşanda bir dəstə adamın telefon əlində “ekstaz” halında ətrafdan təcrid olunmuş şəkildə laqeyd yerişinə şahid olursan. Bu cür halların avtobus salonlarında dar koridorlara sıxışıb, telefondan asılanlarda da görmək olar, metroda vaqonların qapıları açılarkən içəridəkilərin çıxmadan bayırdakıların vqaonlara hücum çəkməsində də…

Bütün dövrlərdə yaşlı nəslin “bizim zamanımızda belə deyildi” gileyi gənclərin xoşuna gəlməyib. “Bütün iradlar haqlıdır”, israrından uzağam. Çünki bizdən əvvəlki nəslin bizə iradı “müharibə, aclıq görməmisiniz” ifadələri ilə başlayıb, gənclərə ümidsizliyi ilə bitib. Tarix isə bizim nəslə yaşlıların irad tutduğundan yüz qat artığını yaşatdı. Miladdan öncə 4-cü yüzildə yunan filosoflarından biri “gənclərimizin zayı çıxıb” iradının da olduğunu göz önünə gətirsək, nəsillər arasında bir-birilərindən xoşlanmamaq ənənəsinin tarixlər boyu davam edəcəyi qənaətinə gələ bilərik.

Yuxarıdakı “linç mədəniyyəti”nə yenidən qayıdaq.

Virtual aləmdə və real həyatda davranışların bir-birindən fərqli ola biləcəyi artıq qəbul olunmuş bir həqiqətdir. Real həyatda normal davranışı ilə görünən adamlar barədə daha çox mənfi ifadələrin işlənməsinə rast gəlirik. Söhbət etdiyim bir çox insan həyatda normal görünən adamlar barədə həddindən artıq neqativ fikirlər səsləndirib. Buna da şəxsiyyətin ikiləşməsi deyilir.

Normal şəraitdə gündəlik qarşılıqlı münasibət və dialoqlardan heç vaxt istifadə etməyəcəyimiz bir sosial şəbəkə paylaşımı altında ehtiyatsızcasına cümlələr yaza və ya rəylərə bizimlə razılaşmayan dostlarımıza zəhərli mesajlar göndərə bilərik.

İnsanlar kiməsə o qədər qəzəblənir ki, onu sərt şəkildə tənqid etmək istəyir. Bir çox hallarda sözü gedən insanın bu sərt reaksiyaların hədəfi olması üçün onun nələr etdiyini araşdırmaqdan sosial şəbəkə istifadəçiləri olduğundan daha çox uzaqlaşır. Yəni hər kəsin “gerçəyi” özünə mütləq həqiqət kimi görünür. Başqa bir bəla isə insanın bu dartışmalara şahid tutulması, sosial media termini ilə yazsaq, etiketlənməsidir.

Bu vəziyyətləri ən yaxşı şəkildə mütəxəssislər izah edə bilər. Bəlkə də kompüter arxasında, telefon ekranı önündə insanlar özlərinə əlçatmaz hesab edirlər. Elə buna görə də kobud sözlər işlətmək, söyüş söymək, etiketləmək, mühakimə etmək kimi mənfi və aqressiv davranışlara daha çox rast gəlinir. Sosial şəbəkələrdə nifrət hissinin yayılması və “linç mədəniyyəti”nin inkişafı bu anonimlikdən qidalanır.

Bir anlıq sosial şəbəkədən ayrılan insanlar sosial problemlərin ağuşuna yenidən düşür. Bir gün iqtisadi vəziyyət düzələcək bəlkə, sosial problemlərin də ağırlığı aradan qalxacaq, lakin insanların xarakterindəki sosial aşınmaların cəmiyyətə vurduğu zərərin altından qalxmaq çox çətin olacaq.

Cəmiyyətdə fərqliliklər və təfəkkür: Hər kəs eyni cür düşünməlidir?

 “Biz insanı ən gözəl biçimdə yaratdıq!” (Tin surəsi, ayə 4). 

Allah insanı ən gözəl biçimdə yaradıb. Yaradılış qayəsinin hikmətində İNSAN olmağın formulu gizlidir. Ruhun gözəlliyi, yoxsa cismin cazibədar olması insanın dünyaya gəlişindən dartışılan mövzudur, bu dartışma dünyanın sonuna qədər də davam edəcək.

İnsan düşüncəsi, dünyagörüşü, həyata baxışları ilə İnsandır. Bu dünyagörüş və düşüncələr də fərqliliklərlə meydan çıxır. İnsanların ideyalarına, həyat tərzinə və dünyaya baxışlarına hörmət etmək sayğı hissindən irəli gəlir.

Yaradılışın mahiyyətini fəlsəfi düşüncələr müstəvisinə çəksən, insan kainatdan ayrı deyil. Başqa sözlə, kainat elə insanın özündədir. Ya insanların davranış və əməlləri kainata təsir edir, ya da kainatda baş verənlər insanı təsiri altına alır. Elə bu baxımdan İmadəddin Nəsimi yazırdı ki,

“Hər nə yerdə, göydə var Adəmdə var.
Hər nə ayda, ildə var Adəmdə var”.

Dünyanın hər yerində cəmiyyətlər fərqliliklərlə sahib olduqlarının hansi şəkildə sərgiləməsi ilə özünü göstərir. Fərqli düşüncələri, fərqli fikirləri olmayan cəmiyyətlər inkişaf edə bilməz. Vaxtilə söylənilən bir fikrə yenidən qayıtsaq, “hamının eyni cür düşündüyü yerdə, demək, heç kim düşünmür”.

Fərqli düşünmək yetkin davranışların cəmidir. Dialoq və diskussiyalarda hər insanın nə qədər fərqli düşündüyünü ortaya çıxarmaq, yaxud nümayiş etdirmək mümkündür. Yetər ki, insanlar bir-birini fikirlərinə görə mühakimə etmək həddinə düşməsin.

Hər bir fərd sayğıya layiq varlıqdır, ona görə də heç kim özündən fərqli olanlara xor baxmamalıdır və bu fərqliliklər üzərinə “əli qılınclı” yürüməli deyil.

Sayğı səthi, nəyinsə xatirinə göstərilən nəzakət norması deyil, həyata baxışı müəyyən edən fundamental yanaşmadır. İnsan səhv edə bilər, bu səhvlərin olması da qarşı tərəfə bu səhvlərə görə o adamı “baltalamaq” hüququ verilmir. Əksər problemin həlli etik, normal müzakirələrdən keçir. Bu müzakirələrin nəticəsində cəmiyyət inkişaf edə bilər.

Düşüncə hər bir insanın özünün sahib olduğu dəyərdir. Bu fikirlərlə təmasda olduğumuz zaman eyni təhlil, anlama və nəticə çıxarma prosesini yaşamırıq. Məsələn, kökündən nöqsanlı elmi yanaşmaya məruz qaldıqda, bunun nəzəri çatışmazlıqdan qaynaqlandığını dərhal anlaya bilərik və s. İnsanın səhv düşünə biləcəyini unutsaq, onu dəyərli olmaqdan çıxararıq. Başqa sözlə desək, ideyanı nəzərdən keçirərkən onu daxili ardıcıllıq, elmi əsas kimi meyarlar əsasında təhlil etməliyik.

Ruhumuzu qidalandıracaq dərinliyi, ardıcıllığı, mənəvi zənginlikləri olan fikirləri dəyərləndirir, təməli əskik olanları, qüsurlu olanları aradan qaldırırıq.

Hər kəs eynidir, hər kəs etik müstəvidə özünə sayğını sərgiləyən davranış göstərir, deyə bilmərik. Bu cür düşünsəydik, ictimai yerlərdə vulqar ifadələrin, bəzən hətta polemikaların söyüş səviyyəsində nümayişini nəzərə almamış olardıq.

Unutmayaq ki, hər birimizin bir vaxtlar bir çox məsələlər haqqında yanlış düşüncələrimiz olub.

Mənəvi dəyər göstəricilərində heç bir insanın o birindən üstünlüyü yoxdur. Yaradan üstünlük dərəcəsini təqva ilə olduğunu bəyan edir. Bir gerçəyi bilmək də təkəbbür nümayişinə səbəb olmalı deyil. Bilən kəs bilməyənləri öyrətməklə mükəlləfdir. Lakin bilgi sahibinə də sayğı ilə yanaşmağın da digər insanların vəzifəsinin olduğunu nəzərdən qaçırmaq olmaz. “Heç bilənlə bilməyən bir olarmı?” hikmətinə inanan kəslər bunu gözardı edə bilməz.

Heç kim gerçəyi bildiyi üçün üstün ola bildiyi və yanlış məlumatı olanların aşağılanmasının yolverilməzliyini qəbul etsək, fərdlər ortaya atdıqları düşüncənin keyfiyyətindən asılı olmayaraq, ekzistensial səbəblərə görə hörmətə layiqdirlər.

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...