пятница, 15 сентября 2017 г.

Cəlala atılan güllə bu dəfə “Yanıq Kərəmi”yə dəydi: Ədalət köçdü bu dünyadan




Aşıq Ədalət dünyasını dəyişdi. Bir zamanlar sazın ahəngi ilə dünyamızı dəyişən Aşıq köçdü bu dünyadan. Ədalət eşqimizi saza bağlayan sonuncu ozanımız idi bu dünyada.

“Bir saz olub gəldim dilə” nidası ilə Ələstdə olanları anladan Şah Xətai ilə yol alıb, “Dur, Şahi-Mərdanın ayağından öp” həsrətini sözün qüdrəti ilə naxışlara toxuyan Aşıq Abbas Tufarqanlı cığırına düşən Ədalət ölüm adlı hökm gəldiyində ondan başqa qalmayacaq həqiqətin hikmətinə büründü. Bundan sonrasını “Əhli-mömin görə bilməz, pünhana baş endirir”.

Bizim nəsil Cəlala dəyən güllələrin ağrısı altında inləyən “Yanıq Kərəmi” ilə böyümüşük.  Atılan hər güllədən sonra kəsilən saz havasının sızıltıları altında “Ürəyimi nişan al, ağrıdır axı” nidası ilə zarıyan bir sevginin naləsi içimizi Ədalətin ifası ilə yandırıb. O dövrün insanları bəlkə də bir komsomolçunun  öldürülməsindən daha çox Humayın sevgisindən düşməninin ayağına gedən Cəlalın cəsarətinin gülləyə verilməsinə ağlayırdı.

"Yeddi oğul istərəm" filmi ekranlara çıxandan sonra Kələntər rolunun ifaçısı İsmayıl Osmanlı camaat arasında dolaşmağa xəcalət çəkirmiş. Deyirlər ki, mərhum aktyor bu rola çəkilməsinin peşmanlığını keçirirmiş. Cəlalı güllələyən Kələntətə görə insanlar İsmayıl Osmanlını qınayırmış. İndi nə qədər qəribə görünsə də, o dövrün insanları filmlərdə yaşanan acılara həyat gerçəkliyi kimi yanırdı.

Söyləyirlər ki, həmin filmə görə qınananlardan biri də Aşıq Ədalət olub. Aşıqla bağlı xatirələrdən danışan bir nəfər deyib ki, Cəlalın güllənlənməsi səhnəsində Ədalətə irad tutub insanlar. “Gözünün qabağında elə oğulu güllələyirlər, sən də saz dınqıldadırsan”, deyiblər aşığa. Ədalət and-aman edirmiş: “Bir olan Allaha and olsun, Cəlalın ölümündən sonra sazı daşa çırpıb qırmışdım, namərdlər sonra o səhnəni filmdən kəsib çıxardıblar, günah məndə deyil”.

Məncə, həmin epizod filmdə qalsaydı, çox təsirli səhnə olardı.

Aşıq Ədalətin ölüm xəbərindən sonra onun ifasını dəfələrlə dinlədim. “Hicran Kərəmi” havasını çox sevirəm mən. O havada vüsalın ardınca atını dördnala çapan bir Aşiqin, həsrətin bağrını dəlik-deşik etmiş qəribə sızıltısı var. Məşuquna qovuşmayacağını bilən Aşiq sonunda qırılacaq ümidin eşqinə suya həsrət bir yolçunun ilğıma yürüməsi kimi qaçır. Hər dəfə əlini uzatdıqca o çeşmə aşiqdən gözə görünməyəcək məsafədə uzaqlaşır. Aşiq qəlbini cadar-cadar eləmiş sevgisini ələmə döndərib o eşqin sonsuzluğunda canına qəsd edir.
Ədalət qədər saza və özünə qəsd edən aşıq görmədim. Onu dinləyənlər aşığın barmaqları altında inləyən sazın halına yanırdı.

Təbrizin yollarına düşüb, Əslinin eşqilə canını yandıran Kərəm bir daha dinməyəcək. Aşıq Ədalət köçdü bu dünyadan.

Bir "Kərəm gözəlləməsi" "Hicran Kərəmi"yə dönüb "Ruhani"yə qovuşdu.

Pərdə-pərdə zilə yüksələn Sazımızın sonucu simi də qırıldı...

***

Bu qədər insanın sevgisini qazanmış Ədalətə bu böyüklükdə Bakıda vidalaşmaq üçün bir səhnə tapılmadı. Xəstəlikdən qurtulmaq ümidi ilə paytaxta üz tutan Aşığın sevənlərini pərişan hala salıb, Qazaxa göndərdilər.  İndi Ədalətin dəbi keçib axı, daha dünyanın da ədaləti yoxdu...

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...