пятница, 22 января 2021 г.

“Yeni ev, yeni bağ, yeni Qubadlı quracağıq” – Rəsul Mirhəşimli doğma yurdundankı xatirələrindən danışır


Rəsul Mirhəşimli: "O ərazilərin hər bir məntəqəsi, hər bir yüksəkliyi mənim yaddaşımda tamam başqa cür qalıb”

"Müharibədə qalib gəlməyin 3 mühüm faktoru var: ordunun zəfər qazanmaq əzmi, orduya və dövlətə başçılıq edən liderin qətiyyəti və xalqın bu qələbəyə inamı. Digər iki faktorla yanaşı, xalqın inamı da böyük amildir. Torpaqları işğal olunan heç kim bu qələbəyə inamını itirməmişdi. Bunu onlarla söhbət edən hər kəs etiraf edə bilər. Həmin ərazilərdən məcburi köçkün olmuş əhalinin, demək olar ki, hamısı özü ilə evlərinin açarlarını gətirmişdilər və 30 ildir ki, saxlayırdılar. Bunun özü böyük inamın göstəricisi idi. Yəni o 3 faktor bizdə cəmləşdiyi üçün bu gün torpaqlarımızı işğaldan azad etməyə nail oluruq” – bu sözləri bizimlə söhbətində doğma torpağı Qubadlı işğaldan azad olunan "Avropa.info” saytının baş redaktoru Rəsul Mirhəşimli söylədi.

25 ilin hər anı Qubadlı ilə bağlıdır

Qubadlı işğal olunanda, o, 25 yaşında idi. Bəzən deyirlər ki, vətəndən, torpaqdan uzaq düşmək yaşlı adamlar üçün çətindir, gənclər vətən həsrətini yaşlılar qədər iztirablı keçirmirlər. R.Mirhəşimli hesab edir ki, vətənə bağlılığın yaşla əlaqəsi yoxdur: "Bütün varlığı ilə yaşadığı yurd yerinə bağlı olan hər kəs bu ağrını bir cür keçirir. Qubadlı işğal olunandan bir neçə il sonra məndən yaşca kiçik olanlar mənə "əmi-dayı” deyə müraciət edəndə, bir az qəribə gəlirdi. Sonradan anladım ki, həyatımın 25 yaşıma qədərki hissəsindən sonra bir qırılma baş verib.

Mən Qubadlıya bağlı adamlardan olmuşam. Uşaqlıq illəri bir cür yadımdadır, gənclik dövrü bir başqa. Qubadlının ucqar kəndində doğulmuşam, 5 yaşıma qədər orda yaşamışam. O kəndə o qədər bağlılığım var idi ki. Ancaq məktəb məsələsinə görə, sonradan rayonun mərkəzinə köçməli olduq. Dərs olmayanda, tətil günlərində kəndə gedirdik. Kəndimiz də Qubadlının ən gözəl kəndlərindən biri idi. 4 tərəfdən meşə ilə əhatə olunmuşdu. Hər yerində bulaqlar, gözəl təbiəti. Tətildə kəndə gedəndə, rayonun mərkəzinə dönmək istəmirdim. 

Gənclik illərim də elə. 25 yaşıma qədər rayondan kənarda, uzaqbaşı, bir ay yaşamışam və bütün 25 ilin hər anı Qubadlı ilə bağlıdır. Təhsillə əlaqəli bir aylıq Sumqayıta gəlirdim. O bir ayın tamam olması üçün günləri sayırdım ki, bitsin, rayona qayıdım.

Ona görə, mənə çox çətin oldu. İşğal mənə şiddətli sarsıntı kimi təsir etmişdi. Qubadlı haqqında yazdığım yazılar yaşımın müxtəlif dövrlərinə düşüb. Hər yazıda da o nisgil, o həsrət çox dərin şəkildə özünü göstərib”.

İşğal gününə qədər rayondan çıxmamışdıq

Müsahibimiz həm də orduda doğma torpağının müdafiəsində iştirak edib: "Azərbaycana Ermənistanın təcavüzü başlayan ilk illərdə könüllü müdafiə dəstələrində iştirak edirdim. Azərbaycan dövlətinin müstəqilliyinin bərpasından sonra, 1991-ci ildə Azərbaycan Silahlı Qüvvələri yaranmağa başlayanda, mənim 23 yaşım var idi. Könüllü şəkildə orduda xidmət etməyə başladım. Qubadlının müdafiəsində, Laçının azad edilməsi uğrunda gedən döyüşlərdə iştirakçı olmuşam. Qarabağ müharibəsinin iştirakçısıyam. Qubadlı təkcə mənim yaşadığım yurd yeri deyildi, həm də müdafiəsində durduğum vətən torpağı idi. O ərazilərin hər bir məntəqəsi, hər bir yüksəkliyi mənim yaddaşımda tamam başqa cür qalıb. Çünki mən Qubadlının o ərazilərini hər kənd, hər yüksəklik və hər strateji nöqtə baxımından daha yaxşı tanıyıram”.

R.Mirhəşimli bildirdi ki, Qubadlı işğal olunan günə qədər ailəsi rayonu tərk etməyib: "1993-cü il avqustun 31-i Qubadlı işğal olunan günə qədər, rayonunun ərazisinin heç bir qarışı işğala məruz qalmamışdı. Qubadlı mürəkkəb coğrafi şəraitdə yerləşirdi, sərhədinin Ermənistanla uzunluğuna görə seçilirdi. 120 kilometrlik Ermənistanla dövlət sərhədi var idi. Laçın 1992-ci ildə işğal olunmuşdu. Cəbhə xətti eyni zamanda Laçından da keçirdi. Qubadlı bir tərəfdən Laçının Ermənistanın işğalı altında olan kəndləri ilə sərhəddə yerləşirdi. Eyni zamanda, Qubadlı keçmiş Dağlıq Qarabağda Hadrut ilə sərhəddə idi və mühüm strateji yüksəkliklərin bir çoxu o istiqamətdə yerləşirdi. Demək olar ki, Qubadlı əhalisi yarımmühasirə şəraitində yaşayırdı. 1993-cü ilin yayında Ermənistan Qarabağın işğal planını genişləndirdi və təcavüzün miqyası Qubadlı ərazisini də əhatə etdi. Əvvəl Laçın istiqamətində Ermənistanın hücum cəhdləri oldu. Cəbrayıl və Füzuli rayonları işğal olunandan sonra artıq Qubadlı rayonu yarımmühasirə şəraitinə düşdü, çünki Cəbrayıl işğal olunandan sonra Qubadlıya verilən elektrik enerjisinin təminatı dayanmışdı. Avqust ayında Ermənistan təcavüzkarlarının qoşun bölmələri Cəbrayıl, Laçın və Ermənistan ərazisindən Qubadlıya hücuma keçdilər və mühasirə şəraitində Qubadlı işğal olundu. Və biz ailə olaraq, avqustun 31-nə qədər, işğal gününə qədər rayondan çıxmamışdıq. Ermənistan artıq Qubadlını işğal etdikdən sonra bütün insanlar kimi çarəsizlikdən biz də rayonu tərk etdik”.

Uşaq bağçası, qohum evi, yataqxana, kirayə...

R.Mirhəşimlinin sözlərinə görə, heç kəs Qubadlını qoyub gəlmək istəmirdi, hətta Ermənistanla sərhəd kəndlərdə yaşayanlar belə: "Bütün dövrlər üçün orda yaşayan əhalidə heç vaxt əraziləri tərk etmək fikri olmayıb. Məsələn, Qubadlının rayon mərkəzi, o vaxt Ermənistanla sərhəd məntəqələrindən nisbətən kənarda yerləşirdi. Kənarda deyəndə, böyük bir məsafəni nəzərdə tutmuram, çünki rayon mərkəzindən Ermənistan sərhədinə qədər olan ərazi cəmi 5 kilometr idi. Amma həmin sərhəd məntəqələrində birbaşa Ermənistanın ərazisinə yaxın kəndlər var idi, 1993-cü il avqustun 31-ə qədər hətta o kəndlərdən də kimsə öz evini tərk etməmişdi. İnsan qurduğu, yaşadığı evi heç vaxt boşuna tərk edib çıxıb getməz. Bəzən belə yanlış düşüncə olur ki, torpaqlarını, evlərini atıb gəliblər və s. O, dayaz düşüncəli insanların irəli sürdüyü fikirlərdəndir. Mən deyirəm ki, kimsə isti ocağını qoyub, evin tərk edib gəlib kiminsə himayəsinə sığınmaz, heç bir şəraiti olmayan evlərdə yaşamaz. Ən azından, 1993-cü ildən sonra o əhali hansı məhrumiyyətlər yaşayıb, bunu görürdük. Sonrakı dövrlərdə onlar üçün yaşayış kompleksləri tikildi, müasir şərait yaradıldı. Amma o insanlar uzun müddət çadır şəhərciyində, vaqonlarda yaşadılar. Günün istisində, qışın soyuğunda, şəraitsizlikdə yaşamaq asan deyil”.

R.Mirhəşimli 10 ildən çox ailəsi ilə birlikdə yataqxanada yaşayıb: "Qubadlı rayonunun məcburi köçkün düşən əhalisinin əksəriyyəti Sumqayıtda məskunlaşdı. Çünki əvvəldən Sumqayıtda bizim rayonun sakinləri çox idi. Ona görə, Qubadlıdan gələnlərin böyük hissəsi Sumqayıta qohum-əqrəbasının, tanışının evinə pənah gətirdi, ya da yataqxanalarda yaşadı. Biz ilk dəfə gələndə qohumlardan birinin evində yaşadıq, amma bir ailənin içində başqa bir ailənin, hətta iki ailənin yaşaması məqsədəuyğun deyildi və biz o adamların yerini dar etməmək üçün qohumların evini tərk etdik. Uşaq bağçasında kiçik bir otaqda məskunlaşmışdıq. Təsəvvür edin, 7 nəfərlik ailə üzvü 9 kvadrat metrlik bir ərazidə yaşayırdı. Müqayisə üçün sizə deyim ki, bizim rayon mərkəzindəki evimizin yaşayış sahəsi 232 kvadrat metrdən çox idi. Biz tez-tez yer dəyişmişik. Bir müddət uşaq bağçasında qaldıq, sonra qohum evi, yataqxana, kirayə dəyişirdik. Sonra atamgil Sumqayıtda qaldı və orda yaşamağa davam etdilər. Bakıda dostlarımızdan biri öz evini müvəqqəti bizə verdi, hardasa 9 ay orda yaşadıq. Sonra yenidən 2006-cı ilə qədər yataqxanada yaşamışıq. 3 nəfər 18 kvadrat metrlik yerdə”.

27 illik həsrət sona çatdı

O çətinlikləri, üzüntülü dolu anları ancaq qələbə, işğaldan azad olunma xəbəri unutdura bilərdi ki, bu xəbər də 25 oktyabrda gəldi. R. Mirhəşimli bildirdi ki, 27 sentyabrda Azərbaycanın işğal altında olan 7 kəndinin azad olunması xəbəri elan ediləndə, sevindiyindən ağlayıb. Amma Qubadlı xəbəri gələndə, sanki şoka düşüb, ağlaya bilməyib: "Sanki başa düşmürdüm ki, Qubadlı artıq azad olunub. O duyğunun nə olduğunu sözlə ifadə etmək olmur. Çoxlu zəng gəldi, gecəyə qədər telefonum susmadı, hamı təbrik edirdi. 27 illik həsrətdən sonra Qubadlının işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edirəm. Bu sevinci bizə yaşadan Başda Ali Baş Komandan İlham Əliyev olmaqla Azərbaycan Ordusunun bütün şəxsi heyətinə təşəkkür edirəm”.

Qubadlıdakı evləri artıq yoxdur, düşmən uçurdub, dağıdıb. R.Mirhəşimli deyir ki, əsas odur ki, torpaqlarımız alınıb, qalan hər bir şeyi yenidən quracaqlar: "Peyk vasitəsilə işğal altında olan torpaqların görüntülərinə baxa bilirdik. Uzun illər buna risk etmirdim. Amma 2008, ya 2009-cu il idi, öz rayonumuzun, evimizin peyk görüntülərinə baxdım. Rayon mərkəzində bizim məhəllənin evlərinin arasında heç bir ev yox idi. Hazırda işğaldan azad olunan ərazilərə infrastrukturun qurulması işləri ilə bağlı gedən adamlardan da soruşuram. Dəqiq bilirəm ki, bizim məhəllədə dağıdılmayan ev yoxdur. Tamamilə dağıdıblar. Rayon mərkəzindən bəzi görüntülər var, ağaclar qalıb, amma baxımsız olduğundan çox şaxələnib və meyvə ağacları keyfiyyətini itirib. Çünki ağac qulluq və sevgi tələb edir. Düşmən tapdağında təbii ki, bundan da məhrum olub. Ancaq əsas odur ki, torpaqlarımız işğaldan azad olundu. Yeni ev, yeni bağ, yeni Qubadlı quracağıq”.

Aygün Asimqızı
Kaspi.az

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...