вторник, 5 февраля 2019 г.

Tüstü

Rəsul Mirhəşimli



Onunla aramız dəyəli on yeddi ildi. O olan tərəfə baxmazdım da... Arada yuxularıma gəldiyini saymasaq, oyaq ikən yadıma da düşməzdi. Gördüyüm yerdə ondan gen gəzirdim. Fələk bizi yenə bir-birimizə ürcah elədi. Zalım da gələndə adamı yatağa salmadan əl çəkməz...

On yeddisində sevda gəlir bəzən. Bu da onun kimi gəldi. Buna da mənim ona yenidən “sevdalanmağım” deyək... 

Yenə ikisini birdən çəkirəm. Siqaretin tüstüsü boğazımdan keçib, ciyərlərimə dolub, damarımda özünə yol edib, ürəyimə sancılır. Dərd də ürəyimdən keçib, onu incidib boğazıma qədər gəlib, orda da ilişib qalıb. İkisinin də tüstüsü çıxır, amma birininki təpəmdən... Biri üzüyola uşaq kimidi, getdiyi yolla geri dönər. 

Onu əlimdə görənlər içimdəkilərdən xəbərsizlərdi. “O nədi çəkirsən?” deyənlər içimdə çəkdiyimi bilməzlər. Birindən çəkdiklərim ətrafdakıları da incidir, o birinin içimi qovurmaqdan başqa kimsəyə ziyanı yox. Birini uzaqdan görənlər, o birini içimdə olsalar da görməzlər. 

Dərd də eşq kimidi, axtarmaqla tapılan şey deyil, tapınca anlaşılandı. Dərd siqaret deyil, alovunu özündə gəzdirəsən. Közü də özündəndi, alovu da. Tüstünün qaraltdığı yer bilinməz, dərdin dəldiyi min tüstü ilə qapanmaz. 

Yaxşı qazanc sahibi oldum. İndi ikisini də yanımda gəzdirirəm. Tüstünü də, dərdi də... İkisinin də “qazancı” bol. Qazancın getdiyi yer bilinməz, gəldiyi yeri bilərsən bəzən... 

Bəzən qazanclar elə göydən düşür. Mənim “qazancım” gözdən düşmə oldu. İndi nəsibim baxılıb, amma görülməyən bir məkanda yaşamaqdı. Neçə illərdən sonra bu halda yaşamağın adı nədirsə, onu axtarıram. Axtardığım itirdiyimin içində deyil, ondandı yəqin tapacağım ümid də onunla yoxa çıxıb. Bu halda insanın bircə istəyi qalır - öz əslinə qayıtmaq. Əslində Əslin şəfqət və inayət sifətinin tapacağıma yəqinlik var. O əsl olanda mən olmayacağam. Hər şey bitdiyi yerdən yenidən başlayır. Bu başlanğıc çilik-çilik olmuşları toplamağın aqibətidir. 

Bu, çarəsəsizlik bədbinliyi deyil. Yəqin özümdən özümə vəsiyyətdi. Özümdən başqa kimsənin anlamağına gümanım yox. İnsanlar arasında insanı başa düşən yalnız həmin insanın özüdür... 

Dərdin əlacı çox zaman tapılmasa da, təsəllisi susqunluqda olur. “Susqunluq yaranın qanamasıdır... Susqunluq gününü öldürməyin yasıdır... Susqunluq “İnsanam” deyənlərin saxtalığına lal qalınmasıdır...”

Bu mərət qutusunda “sağlamlığınız üçün təhlükəlidir” yazısının inadına bir az da çəkir adamı. Qorunduğu yerə çəkir uşaq inadkarlığı kimi. 

Məsləhətim, siz çəkməyin! 

Sağlığa balta vurur, demək, kimisə çəkindirmədi. 

İçində gizlədə bilmədiyin şeyi aləmə car etsən, nə olacaq ki? 

Həm də dərdlə birgə yıxır insanı...

Комментариев нет:

Отправить комментарий

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...