понедельник, 28 января 2013 г.

Küfrü-zülfün salalı rəxnələr imanimizə...”


Rəsul Mirhəşimli
  • Klassik ədəbiyyatda simvol və rəmzlər mövzusu hər zaman aktual olub. Bü günümüzdə də həmin poetik nümunələrin hansı anlam verməsi araşdırılan məsələlər sırasındadır. Bu problemin izahına yönəlmiş cəhdlərin sıralanmasından öncə bir şeyi qeyd etməyi zəruri bilirik. Klassik ədəbiyyatdakı simvol və rəmzləri anlamaq üçün ilk növbədə bu şeirlərdəki gerçək mənanı başa düşmək lazımdır. Həqiqi mənanı bilmədən o nümunələrdə məcazi məna axtarmaq insanı yanlış yollara düşməyə məcbur edə bilər.
    Dahi şairimiz Məhəmməd Füzulinin “Su” qəsidəsi ilə Allah Rəsulunu (s) mədh edib. Əsrlər keçir, lakin bu şeirdəki gözəlliklər öz təravətini olduğu kimi qoruyub, saxlayır. Bir misraya diqqət edək:
    Ya həbibullah! Ya xeyrül-bəşər! Müştaqinəm,
    Öylə kim ləbtəşnələr yanıb dilər həmvarə su.
    Bu beytdə Rəsulullahın (s) eşqindən təşnə olan qəlbin bir udum suya həsrət qalmış insanın çəkdiyi iztirabları ilə müqayisə olunması aşkar görünür:
    Mən ləbin müştaqiyəm, zöhhad Kövsər talibi,
    Netəkim məstə mey içmək xoş gələr, huşyarə su.
    Burda ləb, zöhhad (zahid), mey, məst ifadələri həqiqi mənada işlənən kəlmələr deyil, məcaz təşkil edir. Sözün bir şeirdə simvola çevrilməsi mövcud olan başqa bir hikmətin açarı rolunu oynayır. Bu misralardakı ləbin (dodağın) aşiqi kimi görünüb aşiq olduğun obyektə mənsubluğun yalnış istiqamətə yönəlməsinin şahidi olarıq. Fikrimizi əsaslandırmaq üçün yuxarıda adılarını çəkdiyimiz kəlmələrin rəmz və simvol olaraq anlamlarını araşdırmağa çalışaq. Ləb farsca dodaq mənasındadır. Bu sözün lüğəvi izahıdır. Həmin kəlməni təsəvvüf ədəbiyyatındakı simvol və ya rəmz olaraq izah etsək, onda başqa məna ortaya çıxacaq. Bu yerdə ləb mələk vasitəsilə Peyğəmbərə (s), qəlb tövsiyəsi ilə vəlilərə enib gələn söz mənasını verir. İdrak edilməsi və hiss edilməsi şərtiylə vasitəçisiz gələn söz, sevgilinin dedikləri mənası ilə başa düşülməlidir. Zöhd anlayışı isə pəhrizkarlıq, dinin qadağan etdiyi şeylərdən çəkinmə, vaxtını ibadətdə keçirmə, tərki-dünyalıq anlamındadır. Sonda sözü keçən tərki-dünyalıq anlayışı dünyadan çıxmaq mənasını vermir. Sözü bu mənada anlamaq Qurani-Kərim hikməti ilə ziddiyət təşkil edər. Allah-Təala Qurani-Kərimdə belə buyurur: “Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın.” (ər-Rəhman surəsi, ayə 33)
    Qurani-Kərimin bu ayəsinə işarə edən Seyid Əbülqasim Nəbati şeirlərinin birində belə yazır:
    Dərdi-hicran çarəsin hərçənd bildim, səbr imiş,
    Neyləyim, billah, bu dəryanın kənarı yoxdu, yox.
    Allah-Təala zöhd barəsində buyurur: (Kafirlərin) bəzi zümrələrini sınamaq üçün onlara dünya həyatının zinəti olaraq verdiyimiz mal-dövlətə rəğbət gözü ilə baxmaRəbbinin ruzisi (bərəkəti) həm daha xeyirli, həm də daha baqidir (Taha surəsi, ayə 131).
    Zahid o kəsdir ki, dünyaya aid olan işlərə – yeməli, içməli, geyməli, mülk, şəhvət, ləzzət, mal-dövlət, vəzifə, dövlət başçılarına yaxınlaşmaq və bir sözlə, ölüm vasitəsilə insanın əlindən çıxacaq heç bir şeyə – rəğbəti olmasın. Əlbəttə, bu rəğbətsizlik imkansızlıq və yoxsulluq və ya cahillik və nadanlıq, ya qərəz və ya bu işin müqabilində hansısa əvəz qəsdi ilə olmamalıdır. Hər kəs bu deyilənlərə dünyəvi olduqları üçün etinasız olsa, zahid adlanır. Amma “Həqiqi zahid” o kəsdir ki, yuxarıda deyilənlərdən əlavə, hətta onun cəhənnəm əzabından nicat tapmaq və Cənnət savabına çatmağa da tamahı olmasın. Onun zahidliyi ancaq vücudunda həmişəlik yer alacaq fayda və bərəkət xatirinə olmalı, dünyəvi və axirəvi tamahlara, ümidlərə və ya qərəzlərə aludə olmamalıdır.
    Dünyada cəhənnəm atəşindən nicat tapmaq və ya behişt savabına çatmaq xatirinə zahidlik edən kəs, o kəsə oxşayır ki, həddən artıq ac olmasına baxmayaraq, qonaq gedəcək deyə heç bir şey yemir ki, qonaqlığa gedəndə daha çox yeyə bilsin! Və ya o kəsə oxşayır ki, daha artıq fayda götürmək üçün alış-verişə məşğul olub ticarət edir. Halbuki həqiqət yolunda (seyri-sülukda) insan (onu məqsəddən yayındıracaq) məşğələləri kənara qoymaqla zahidlik etməlidir ki, başı başqa şeyə qarışmasın və hədəfdən yayınmasın.
    Ədəbiyyatdakı simvol və rəmzləri düzgün başa düşmək üçün təsəvvüf ədəbiyyatı barədə bilgilərə sahib olmaq gərəkdir. İslam dininin təsirləri insan həyatının bütün sahələrinə sirayət etidiyi kimi, ədəbiyyata da təsirini göstərmişdir. Təsəvvüf metafizik həqiqətləri, insanı, insanlığı və kainatı əhatə edən bir düşüncə tərzi, bir din fəlsəfəsidir. Qəlbi dünyanın keçəri zövqlərindən ayıraraq, Allah sevgisiylə doldurmağı məqsəd seçən təsəvvüf bir düşüncə və inanc sistemidir. İlahi sevgi anlayışı mövzusunda saysız əsərlər mövcuddur. Hər kəs bu mövzunun özünün bilikləri çərçivəsində yanaşmış və dərk etməyə çalışmışdır. Bu əsərlər içərisində on ikinci əsrdə yaşamış böyük alim və Allah dostlarından sayılan Muhiyyidin ibn Ərəbinin “Məkkənin fəthi”ndə yazdıqları da diqqəti çəkir. Allahın sevgisinə ibn Ərəbinin münasibəti maraqlıdır: “İlahi sevgidə Allah bizi həm bizim üçün, həm də Özü üçün sevər. Tanrının Özü üçün bizə duyduğu sevgi bu hədisi-qüdsidə ifadə edilməkdədir. “Mən bir gizli xəzinə idim, tanınmaq istədim və məxluqatı yaratdım. Sonra onlara Özümü tanıtdım, onlar da Məni tanıdılar.” Deməli, Allah bizi Onu tanıyaq deyə, Özü üçün yaratmışdır. Bu ayə həmin səbəbi çox gözəl ifadə edir: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım” (əz-Zariyat surəsi, 56). Nəticədə Allah bizi Özü üçün yaratmışdır.”
    Təsəvvüfə görə, hər şeyin qaynağı Allahdır. Kainatın varlığı Allahın gözəlliyinin təcəllasıdır. Allah tək gözəllikdir və tək varlıqdır. İnsanın bu dünyaya göndərilməsi qürbətə gəlişidir. Qürbətdə olan kimsə vətənə qovuşmağın həsrətini çəkdiyi kimi də kamil insan da Allaha qovuşmağın həsrətini çəkər. Ona qovuşmaq üçün cəhd edənlərə və Onun mütləq və tayı-bərabəri olan gözəlliyinə heyran olanlara Aşiq deyilir. Təsəvvüf ədəbiyyatı daha çox Aşiqin öz Sevgilisinə duyduğu halları simvol və rəmzlərin dili ilə tərənnüm edir. Eşq bəzən Aşiqi o həddə qədər sarır ki, özünü də unudur. Belə nümunələrdən biri Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsərindədir:
    Öylə sərməstəm, idrak etməzəm dünya nədir?
    Mən kiməm, aşiq olan kimdir, meyi-səhpa nədir?
    Aşiqin bir eşqin yolunda özünü tanıya bilməməsi artıq bu eşqin kulminasiya səviyyəsidir. Burda şairin təqdim etdiyi aşiq nəfsi varlıq və həvəslərindən azad olmuş insandır. İslam fəlsəfi fikrinə görə, ürəyin genişlənib sevincə qərq olması, yəni ilahi eşqlə dolmağı və öz cismani varlığından qurtuluşuna məstlik deyilir. Lahici bu anlamı Haqqın camalının müşahidəsindən salikin qəlbinə çökən heyrət və heyranlıq kimi izah edir. “Məhbubun məhəbbətinə qərq olaraq, öz varlığını unudan aşiqlər isə siyah-məst adlanır. Füzulinin qəhrəmanı burda həmin haldadır. Mey isə Haqqı xatırlamaqla arifin qəlbində yaranan və onu məst edən zövqdür. Mey eşqin rəmzidir və Haqqın müxtəlif təcəlləsinə işarədir. Mey eşqin coşqunluq dərəcəsinə deyilir” (Nəsib Göyüşov, Təsəvvüf anlamları və dərvişlik rəmzləri. Bakı-2001).
    Mey sözünün simvol və rəmz olaraq anlaşılması üçün bəzi araşdırıcılar əbcəd hesabını da təklif edirlər. “Mim” və “Yə” hərflərindən yaranan mey sözünün əbcəd hesabı on dörddür. On dörd məsum və ya kimsənə nəzərdə tutulur. Bunu dərk edən kəs sevgidən məst olur. Yəni, mey sözü ilə bağlı müxtəlif məqamların ortaya çıxdığını müşahidə etmək mümkündür.
    Ümumiyyətlə, klassik ədəbiyyatda işlənən eşq anlayışı məcaz şəklində izah edilir. Sevgi, istək, məhəbbət və s. bu kimi anlayışlar eşq anlamı ilə yaxın ola bilər, amma eynilikdən uzaqdır. Məhəbbət birləşdirir, eşq ayırır, deyirlər. Eşqin əzabı aşiqə xoş gəlir. Əzab sözü ifadə olaraq “əzb” başlanğıcından yaranıb. Bu ifadənin bir anlamı da ləzzət mənasını verir. Eşqin əzabını çəkmək əslində aşiqə iztirab yox, ləzzət verir.
    Başqa bir misalı M.Ə.Sabirin yaradıcılığında göstərmək mümkündür. İyirminci əsrin böyük satirik şairi olan Sabirin bir neçə qəzəli də var. Bu da şairin Seyid Əzim Şirvani məktəbindən təsirlənməsi ilə bağlıdır. Misal olaraq göstərəcəyimiz şeir Məhəmməd Füzulinin qəzəllərindən birinə nəzirədir:
    İstərsən könlüm kimi zülfün pərişan olmasın,
    Ol qədər cövr et mənə, ah etmək imkan olmasın.
    Bu beytdəki mənaları izah etməzdən əvvəl Məhəmməd Füzulinin yazmış olduğu qəzəllə Sabirin şeirindəki məna yükünün yaxınlığını müqayisə edək, təsirini göstərək. Füzuli yazırdı:
    Eşq dərdi ilə xoşam, əl çək əlacımdan, təbib,
    Etmə dərman kim, həlakim zəhri-dərmanındadır.
    Sabir bu şeirə nəzirə yazarkən, ordakı məna yükünü daha da sərtləşdirib, bir az da radikal təsir elementləri yaradıb. Həmin məna Sabirin şeirində bu cür ifadə olunub:
    Mübtəlayi-dərdi-eşqəm, əl götür məndən, təbib,
    Eylə tədbir kim, həm bu dərdə dərman olmasın.
    İndi birinci beytdəki mənaları izah edək. Birinci misrada adı çəkilən zülf kəlməsi simvol olaraq Haqqın cəlal və izzətini qoruyan pərdə kimi anlaşılır. Üz haqqın mahiyyətinə işarədir və zülf onu qoruyan hicabdır. Cürcani “Ət-Tərifat” əsərində yazır ki, zülf dağınıq (pərişan) və qara rəngdə olmağı kəsrətin, üz isə vəhdətin rəmzidir. Üz iman, saç isə küfrlə müqayisə edilir. Üz-camal, saç isə cəlal sifətinə işarədir. Saçın əlamətləri də rəmzi məna daşıyır. Zülf Məşuqun sirlərinin açılmasına mane olan pərdədir. Şairin demək istədiyi məna budur ki, ah çəkməklə zülf dağılmasın deyə, Məşuq öz Aşiqinə gərək o qədər əzab verə, artıq ah çəkmək üçün bütün imkanlar əldən verilmiş ola. Əks halda, zülf dağılacaq və Məşuqun bütün sirləri aşkar olacaq və camal sifəti görünəcək. Bu mənada zülf kafərdi, yəni o camalı örtəndi. Kafər sözünün bir anlamı da məhz örtən deməkdi.
    Bir yazıda ədəbiyyatdakı simvol və rəmzlərin bütövlükdə izahına nail olmaq, əlbəttə, mümkün deyil. Biz də yuxarıdakı nümunələrlə bəzi simvolların izahına çalışdıq. Daha çox istədik ki, problemlərə aydınlıq gətirərkən elmi dəlilləri əsas götürək.
    Doğrusunu isə Allah bilir!

Комментариев нет:

Отправить комментарий

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...