пятница, 25 января 2013 г.

İnsan Yaradanın ən mükəmməl əsəridir

Din dərk edilmə bacarığından asılı olaraq, insanı insan olaraq yaşatmağın formuludur. İnsan hardan gəldiyini, hara gedəcəyini bilmədən çıxdığı yolda bütün cığırları itirir. İnsanın dini inanclar sistemi də bu yolu işıqlandırmaqda ona yardımçı olan dəyərlər toplusudur. 

Günümüzdə ən çox çox dartışılan məsələlərdən biri, bəlkə də ən çoxu qorxu və sevgi münasibətlərinin birinin digərindən üstün olması ilə bağlı aparılan polemikalarıdır. Yaradanı sevmək və ya Ondan qorxmaq insanların polemik dartışmalarında bir çox hallarda gərgin münasibətlər yaradır. Zənnimizcə, insan bütün ömrünü sevgi və qorxu hisslərinin yalnız birinə üstünlük verərək yaşamağı həyat modulu seçə bilməz. İslam dini insanlara orta ümmət olmağı tövsiyə edir. Yəni insan Allahın mərhəmətinə güvənməklə Ondan qorxmanın aralığındakı qızıl ortanı taparaq yaşamalıdır. Hər cür müqayisə qüsurludur, deyirlər. Bu mənada müqayisə qüsurlu olsa belə, bir analogiyanı misal gətirək. Valideyn bütün ömrü boyu övladını əzizləyərək yaşamır. Yeri gəlir, bu və ya başqa formada övlad valideyn tərəfindən cəzalandırılır. Ancaq bu cəza üsulları övladı valideyndən aralı tutmaq və yaxud bir nifrət duyğularından irəli gəldiyi üçün seçilmir. Övladının yolunda hər cür fədkarlığa hazır olmaq valideynin insanlıqdan pay aldığı dəyərdir. Valideyn övladının həyatda gerçək yerinin tutulmasında bu cür cəza üsullarından istifadə edir.

Əgər insan bütün məsuliyyətini bir kənara buraxıb, yalnız Allahın mərhəmətinə güvənib, yəni nə edir-etsin, günahları bağışlanacaq deyə, yaşayarsa, həyatını bərbad edər. Əksinə, onsuz da günahlar içindəyəm, deyə bundan sonra da günahlarını davam etdirib, belə ömür sürəcəksə, məsuliyyətdən uzaq, kiməsə faydası toxunmayacaq bir varlığa çevriləcək.

İnsan dərk etməlidir ki, onun yaradılışının bir səbəbi var. Allah insanı sevərək yaratdı, onu yer üzünün əşrəfi, yəni ən şərəflisi qərar verdi. İctimai və fərdi  davranışlarında mənəvi keyfiyyətlərini önə çəkən insan bu şərəfə layiq olduğunu sübuta yetirmiş şəxsiyyətdir. Deməli, insan varlığının yaranışında səbəblərdən biri məhəbbətdir. Məhəbbət də “hubb” kökündən olub, mahiyyətində qovuşmaq mənasını daşıyır. Yaranmışa Yaradana xatir məhəbbəti örnək seçmiş insan Haqqa qovuşmuş olacaq, bu mənada yaşamının əksər dönəmini Haqla keçirəcək, haqlı olmağın feyzini yaşayacaq.  İnsan yaradılışının hikməti böyük irfan sahiblərindən olan, Allah dostu Mövlana Cəlaləddin Ruminin “Məsnəvi”sinin şərhində gözəl şəkildə açıqlanır. “Kəlam sahibi olan Allah buludun qulağına bir sirr söylədi, buludun gözləri su tuluğu kimi yaş tökdü. Gülün qulağına bir sirr söylədi, onu rəng və rayihə səltənəti ilə gözəlləşdirdi. Daşa bir sirr söylədi, onu mədən içində əqiq etdi. İnsana bir sirr verdi və o sirri qoruyanları sonsuzluğa ucaltdı.”  Bu sətirlərdəki məna “Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan (qorxub) imtina etdilər. Lakin insan onu boynuna götürdü” (Əhzab surəsi, ayə 72) hikmətinə işarə edir.

İnsan bu əmanətin Allahın onu yaratmasında sevgi payının varlığına inanıb yaşasa, bu sevgi payını insanlara paylaşaraq həyatını davam edəcək. Allahın insana vermiş olduğu əmanət geniş mənada insan olmağın dəyərini anlaya bilmək formuludur. Əgər insan sevginin və qorxunun arasında ömür sürəcəksə, onda həyatımızda qorxunun yeri nədir? İslam alimlərindən birinin maraqlı bir fikri var: “Fəlakət sənin Allahı tanımamağında deyil, əsl fəlakət Allahın səni tanımamasıdır.”  İnsan varlığında qorxunun yeri Allahın ona lütfünün, mərhəmətinin, rəhmətinin qeyb olunması qorxusudur. Bir insan davranışlarında bunları itirməkdən qorxursa, demək, onun qəlbindəki gerçək Allah sevgisidir. İstədiyini yalnız Allahdan istəyir, çünki qulluğu da yalnız onadır. Qurani-Kərimin ilk surəsindəki ayənin mahiyyətinə tapınaraq, “Yalnız Sənə qulluq etdiyimiz üçün, yalnız səndən istəyirik” hikməti ilə ömrünü aydınladır.
Bir məsələ də dartışılan mövzular arasındadır. Allah Ondan istənilən hər şeyi insana verirmi? Allah, qapısını dua ilə döyməyi buyurur bəndələrinə. Dua ilə o qapıya gedəni naümid geri qaytarmaz Rəbbimiz. Duanın qəbul olunmasında isə çox zaman bir bəndə səbirsizliyi müşahidə edirik. Allah bəndəsinin duasını onun istədyi vaxtda deyil, insana xeyirli olan vaxtda qəbul edər. Hz. Peyğəmbərimizin (s) dualarının içərsində belə bir dua da var: “Ya Rəbbim! Haqqımızda xeyirli olan nədirsə, onu elə və bizi onunla barışdır!” Deməli, biz nəyin xeyirimizə, nəyin ziyanımıza olduğunu bilmirik. Ən doğrusunu bilən Allah, doğru zamanda da istədiyimizin hasil olmasına qərar verir. İnsan duanın qəbulunda bir hikmətə də diqqət etməlidir. Bu da insanın mənəvi baxımdan saflığı məsələsidir. Əllərini Haqqın dərgahına açan insanın simasındakı nur ovuclarının içini aydınladırsa, demək, o duaların qəbul olunması şəksizdir. İnsan qəlbini Yaradanın sevgisi ilə aydınlatdıqca, içindən gələn aydınlıq üzündə nur olaraq görünür. Xalqımızın deyimindəki “nurlu insan” deyimi də bu hikmətdən yol alır. “Könüllərini Allahın həqiqi eşqi ilə cilalamış olanlar oraya hər an başqa bir gözəlliyin işıq saçdığını görərlər. Hər an Allah-Təalanın sonsuz qüdrət axınından birinə şahid olarlar. Yəni özlərində gizli olan “Əhsənül-təqvim” həqiqətini kəşf edərlər. Çünki onlar üçün bizim gözəlliklərinə heyran olduğumuz məcazi rənglər və qorxular yoxdur. Onlar dünyəvi rəng və qorxuları aşmışlar. Çünki onlar mərifətullaha yetişmişlər. Dünya elmlərinin qabığındakı naxışı aşmışlar. Həqiqətə çataraq oradan ilahi sonsuzluğu seyr edərlər” (Osman Nuri Topbaş. Məhəbətdəki sirr. Bakı-2008). Mətndə adı keçən “əhsənül təqvim” Qurani-Kərimin “Tin” surəsindəki “Biz insanı ən gözəl biçimdə yaratdıq!” ayəsini nəzərdə tutur. Böyük Azərbaycan şairi İmadəddin Nəsimi də bu hikməti şeirinə gətirib, “Əhsənül təqvimə düşdü könlümüz” deyərək, qiymətli bir məna yaradır.  Yəni insan gözəl biçimdə yaradıldığının fəlsəfəsini dərk edərək yaşasa, Allahın sevimli bəndələrindən olar, inşəallah. Allahın sevdiklərini isə insanlar da sevər. Bu da varlığın və insanlığın əzəli düsturudur.

Комментариев нет:

Отправить комментарий

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...