пятница, 25 января 2013 г.

Susuram, sözüm böyüyür


Rəsul Mirhəşimli

  • Bu yazı böyük şairimiz Ramiz Rövşənin 60 illik yubileyi münasibətilə beş il bundan əvvəl yazılıb. İndi Ramiz bəyin 65 illik yubileyi yaxınlaşır. Mənim də Ramiz Rövşən şəxsiyyətinə, yaradıcılığına sayğım dəyişməz qaldığı üçün 5 il əvvəlki yazını burda bölüşdüm. Dəyərli ziyalımızı, görkəmli şairimizi yubileyi münasibətilə təbrik edirəm!

Dünyanın harasındasa bir şair var. Deyir, bizdə şairə çox böyük qiymət verirlər. O qədər çox qiymət verirlər ki, hətta şairi öldürürlər də. Dünyanın harasındasa bir məmləkət var. Orda şairə qiymət verən yoxdu. Orda şairi saraylara çəkirlər, bir ömür bahasına məddaha çevirirlər, mükafatlar verirlər… Bir az da çılğınlıq edib onlardan qaçanlara bir müxalifətçi damğası yapışdırıb onlardan qaçarlar. Adın çəkməzlər, yada salmazlar. Bir sözlə, öldüməzlər də… Neynəyək, bizdə şairə qiymət yoxdu axı. Çünki öldürmürlər şairləri. Bura «Nəsiminin dərisi soyulan Hələb» deyil. Bura insanlığın dəyəri verilməyən Azərbaycandı. Burda istedadlı şair anlayaşı yoxdu. Burda «mənim maraqlarımı müdafiə elə» nidası var. O nida hər cür poeziyadan da, istedaddan da yüksəkdə dayanan anlayışdı. Burda «mənimkilər, özgələr» prinsipi var. O, özgələrin – bütöv mənasında xalqın olan bir ŞAİRİMİZİN yubileyidi bu gün. Bizim Ramiz Rövşəninin 60 yaşı tamam olur.

 ***

Bu gün Ramiz Rövşən yeni çapdan çıxmış kitabını da təqdim edir. «Nəfəs» şairin kitaba ad məsələsində düzgün seçimidir. Biri var şeir yazasan, biri də var nəfəs verəsən. Füzuli nəfəsindən Azərbaycan neçə yüz ildi nəfəs alır. Ramiz Rövşəninin verdiyi nəfəslə də hələ neçə yüz il yaşayacaq.
İsa (ə) peyğəmbər ölülərə nəfəs verirdi. Bu bir peyğəmbərlik görəvi idi. Allahın öz elçisinə ərməğan etdiyi lütfün kəramətindən ortaya çıxan hikmət misalı kimi. Ramiz Rövşən də nəfəs verir. Artıq peyğəmbərlik dövrü çoxdan keçib. Allah İsasını (ə) qeybə çəkib Öz yanında saxlayır. Qiyamətədək gözləyəcəyik onu. Ramiz Rövşən ruhumuza nəfəs verir. Öləzimiş, ölmüş ruhumuzu dirildir. Bu da Allahın lütfüdür sevdiyi şairinə ərməğan edib.

***

Tale elə gətirib ki, Ramiz Rövşəninin 60 yaşının astanasında onunla bir yolçuluğumuz olub. «Qardaşını yoldaşlıqda sına» kəlamına həyatda bir daha inanınb, bu böyük şairin necə sadə yol yoldaşı olduğunun şahidi olmuşam. Səhərdən bir yerdə oturub axşamacan danışmışıq. Kənardakıları təəccübləndirmişik. Azərbaycandan gəlib, burda da aralı qalmadığımıza təəccübləniblər. Biz məgər Azərbaycanda bir-birimizi görürük ki? Türkiyənin düşmənə sinə gərmiş, qəhrəman Harput qalasının həndəvərində idik bir gün. Bizdən yuxarıda bir Türk bayrağı vardı, bir də Allah. O bayrağa baxa-baxa qəlbimdən bir istək keçirdi. Görəsən, Azərbaycanda elə bir yer varmı ki, orda bayraqdan uca təkcə Allah olsun. Sığınaq o bayrağın kölgəsinə, öləndə kəfənimiz olsun, qalanda biz ona qürur olaq, o bizə. Kiminsə millətin başına keçdiyi anda əyilib öpüb, sonra milləti əyib-sındırıb, ona divan tutmasın. Baxaq bayrağa çəkindirək, baxsın bayrağa utansın. Hələ ümidimiz bu yöndə közərməyib. İnsanlığın qəlbindən göylərə ucalmış bayrağın qədrini, var olmaqdan insan olmamağın küncünə endirilmiş insan bayraq qədrini, millət təəssübünü hardan biləcəkmiş ki?
Türkiyədə Ramiz Rövşənin necə coşqu ilə alqışlandığının şahidi olmuşam. Hər şeirindən sonra cuşa gələn publika şairi təzədən tribunaya qaytarıb, hər şeirini ayaq üstə alqışlayıb. Bir də «Allah» şeirinin sədası altında Ramiz Rövşəni sözün ənginliklərində görmüşəm. O səs, o söz o həddə qədər yüksəlib ki, Allah da şairini salamlayıb. Ətrafdakı məscidin minarəsindən yüksələn azan səsi ilə.

 ***

O kəslərin ki, işi ədəbiyyatçılıqdı onların yaradıcı insanlara münasibətində seçimi yoxdu. Bir ölkənin mədəni irsində yer tutan hər kəsi sevməyə borcludu. Mən də bu barədə seçimsiz qalanlardanam. Hər halda, ədəbiyyatı bilirəm iddiasıandan uzaq olub, təvazökarsızlığın mədəniyyətimə yaxın düşməsinə imkan vermədən.
 Səni fərzanələr atdı
 Qapıb divanələr tutdu
 Satan aldı, alan satdı
 Satan dünya, alan dünya.

 Niskilində sızıldayan Şəhriyar da əzizdi.

Bir də görürsən ki, açılan solur
Düşünən bir beyin bir torpaq olur
Bir yandan boşalır, bir yandan dolur
Verməyir sirrini sirdaşa dünya.
Dünaynın sirrini aça bilməyən Səməd Vurğun da seçim edə bilmədən sevdiyklərimizdəndi. Bu sıraya Bəxtiyar Vahabzadə, Mikayıl Müşfiq, Nizami, Füzuli, Xətai… sadalaya bilmədiyim onlarca, yüzlərcə şairin adını qatıb sonzulğa daşımaq istədiyimiz isimlər yer alır.
Bəzən bu sıralanmanı bir kənara qoyub fikirləşirəm, görəsən Ramiz Rövşənə olan münasibətimin adı nədi? Mənə elə gəlir ki, Ramiz Rövşən mənim ruhumun şairidi. Bu sırada mənim kimi milyonlar var, bunu bilirəm.

***

Ramiz Rövşən poeziyası səhrada uzun, yorğun yolçuluğumuzun susuzluq həsrətində rastımıza çıxan gur çeşməyə bənzəyir. Amma bu çeşmədən içdikcə susayırsan, susadıqca içirsən, bu hal səni sonsuzluğa qədər çəkib apara bilir. Ramiz Rövşən şeirinin tilsimi nədi görəsən? Cavab yenə şairin şeirliərində. «Bircə tilsimin var, sevgi tilsimi.» Əminlik də bu şeirlərin misralarında ləl kimi asılı. Allah özü qırmasa, «Kim qırar Tanrıya bağlı bir simi.»

***

Bir gün Süleyman peyğəmbər yolda belində torpaq daşıyan bir qarışqaya rast gəlir. Torpağı hara daşıdığını soruşur qarışqadan. Qarışqa cavab verir: «Mən birinin eşqinə tutulmuşam. O da mənə deyir ki, əgər sevgin doğru isə onda bu təpəninin torpağını qarşıdakı təpəyə daşı». Süleyman gülür: «Axı sənin ömrün yetməz bir təpənin torpağını o birinə daşıyasan. Təpəni yerindən eləməyə bir qarışqa ömrü bəs eləməz». Qarışqa cavab verir: «Bilirəm, ömrüm yetməz. Amma onu da bilirəm ki, ömrüm bir eşqin xidmətində keçəcək».
Ramiz Rövşənin 60 yaşı da belə böyük eşqin xidmətində keçir, Tanrıya, millətinə, sözə olan sevgisində. Hələ neçə on il də bu sevgi yaşadacaq şairimizi. İlahidən gələn bu ilahi sevgiyə min şükür!.
 ***
Cəlaləddin Ruminin «Məsnəvi»sində qoca aşığın dilindən səslənmiş bir dua var. Qapılardan qovulub, qocaldığı üçün məclislərə buraxılmayan ozan bir az Allaha niyaz etdiyi havanı sazda çalandan sonra qəbirstanlıqda yatmaqdan Həzrəti Ömərin sarayına aparılmağının ardında etdiyi duadı bu. «Ya Rəbbim, yetmiş il bu xalqa saz çaldım, nəsibim qəbirstanlıqda yatmaq oldu, beş dəqiqə Sənə saz çaldım, məni Xəlifə Ömərə (r.a) bərabər etdin.»
Bizdə xalqa ruhunu bağışlamağın damğası daha ağırdı. Bizdən deyilsən, atılmağın, hər yerdən uzaq tutulmağın kimi. Bizim təsəllimiz daha böyükdü. Nə yaxşı ölkədə az da olsa, elə mənəviyyat sahiblərimiz qalıb ki, «onlardan» olmağın çirkabına bulaşmayıb. Bu xalqı aşınmağa qoymayan o kəslərin paklığıdı. Allahın onlara əmanət etdiyi Ruhu heç bir çirkaba batmağa qoymayan, gəldiyi paklığında Yaradanımza təslim etməyə saxlayan Ramiz Rövşənimiz var hələ. Əmanətə xəyanət eləmək bu kəslərin adəti deyil. Bizləri də yaşadan bu təklərdi. Bir də ki, bir müsbət yüklü ionun ətrafında, sonsuz sayda mənfi yüklü elektronlar var. O mənfi yüklərin missiyası həmin müsbət yüklü ionu yaşatmaq üçündü. Lap elə xalq misalında deyildiyi kimi: Pislər olmazsa, yaxşıların qədri bilinməz. Məncə, o pislər olmasa belə, yaxşıların öz yeri var bu xalqın yaddaş dəftərində. Milyon pislərin siyahısında, görün, tarixdə kimlər qalıb. Günümüzə ancaq yaxşılar gəlib çatıb, Nizami, Füzuli, Nəsimi, Xətai… kimi. Bu günümüzdən də uzaq tarixə həmin o yaxşıların xatiri daşınacaq- Ramiz Rövşən kimi.

***

Aç qollarını birin göyə qaldır, birini yerə tuşla, fırlan. Bu fırlanmaq elə fırlanmaqdan başqa bir şey olmaycaq. Qəlbinə Ramiz Rövşən şeirin dadızdır. Yenə sağ əlini aç göyə bir piyalə şəklində, əlində badə dolu mey tuturmuşsan kimi, o biri əlini yerə uzat. Torpaqdan yarandığına özgələrinə də inandırmq istəyinin doğulduğu üçün. İndi o şeirlərdəki eşqin təsiri ilə dön. Bax, bu dönmənin adı Səmadı. Ramiz Rövşən şeirlərinin çoşqusu altında fırlan. Ölümsüzlüyə inan, dünyanın fani olduğunu çıxarma yadından. İlahi eşqin vüsalına yetişmək üçün çıxdığın yolun dəyərini anla. Niyə indiyədək tanımadığın bu yolun həsrətindən qəlbində bir az da olsa qübar çıx yola.

Biz ki, yol nədi bilməzdik
Biz ki, öl nədi bilməzdik
Bilsək, dünyaya gəlməzdik
Analar aldatdı bizi.

 ***

Hardan biləydik ki, «göy üzü daş saxlamaz». Bir gün məzar daşımıza dönəcək o daşları göylərə tuşlamazdıq yoxsa. Göy üzünü daşlaya-daşlaya aldığımız hava qatının da bağrını dəlik-deşik etdik. Ondandı bəlkə dünyamız min bir əziyyət çəkir. Bu əzabı qəlbinə yük eləmiş Ramiz Rövşənimiz var. 60 yaşında dünyanın dərdini daşıyımız, bizim yükümüzü azaldır. Ramiz Rövşən çiyinləri hələ möhkəmdi, bu dərdi hələ yüz il də daşıyacaq, inşəllah!
 "Azadlıq" qəzeti, 15 dekabr, 2006

Комментариев нет:

Отправить комментарий

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...