понедельник, 28 января 2013 г.

Həcc Məkkədə başlayır və ömür boyu davam edir


Rəsul Mirhəşimli
  • İnsan həyatında elə anlar olur ki, onun xatirəsini uzun zaman unutmursan. Həm də o xatirələr ki, onu heç unutmaq da istəməyəsən. Bu xatirələr ilahi yolçuluğa aparan yoldakı duyğular olanda bir ömür onun feyzi insanı tərk eləmir. İnsan gözəl bilir ki, uşaqlıq yaddaşı heç zaman pozulmayan yaddaşdı. Həcc də bunun kimidi. Bəlkə hikmət orasındandır ki, insan bu ilahi ziyafətdən sonra yenidən doğulmuş kimi olur sanki...

Həcdə dörd il bundan əvvəl olmuşam. Allah evini ziyarətdə olan həcc yoldaşlarım Səudiyyə Ərəbisitanında olduğumuz zaman, qayıdandan sonra burdakı dostlarımız davamlı olaraq məndən həmin xatirələri yazmağımı istəyirdi. Bütün təklifləri təkidlə geri çevirirdim. Ancaq illər o anlardan uzaqlaşdıqca onları qeyd eləmək istəyi də insanda baş qaldırır. O yerlərdən başlanan dostluq sonralar ailə dostluğuna qədər genişlənə bilir.
Ziyarətdən döndükdən sonra həcc barədə soruşulan hər suala bütün olanları, ayinlərin icrasına qədər, başdan anladır, bunları danışdıqca özüm də zövq alırdım. Bir qədər keçdikdən sonra bir şeyi anladım ki, hamı bu xatirələrə eyni şövqlə qulaq asmırmış. Amma bunu görəndə belə onları anlatmaqdan usanmırdım.
Mənim bu yolçuluğa münasibətim belədir. (Din alimi olmadığım üçün onun şəriət izahını yetərincə verə bilmərəm də. Onun üçün də bu ziyarətin məndə yaratdığı təəssüratları qeyd edirəm.) Həcc Məkkədə bitmir, mənə görə. Məkkədən başlayır və insanın ömrü boyu davam edir. Kimlər ki, həcdən döndükdən sonra həyatını o qaydalara uyğun yaşayırsa, o, hacı, yaşaya bilmir və ya qəsdən bu həyat tərzini tərk edirsə, onda həmin şəxs səyyah, tacir və ya turistdi.
2007-ci ildə həccə gedəcəyimi ağlıma da gətirməzdim. Həmin ilin yayında bu niyyətin bir anda ortaya çıxması, üzünü qibləyə çevirib, ona toxunacaq qədər yaxınlaşmaq Allahın insana əta etdiyi lütfün təcəllası idi. Allahdan gələn nə varsa, hamısına çox şükür. Bu niyyət həmin il həccə gedən milyonlarla zəvvarın sırasına məni də qatdı...
Həcc tərk etməklə başlayır. İnsan əvvəlcə evini, ailəsini tərk edir. Tərk etdiklərini Allaha əmanət edir. Sonra Vətəni tərk edirsən. Miqat yerinə çatan zəvvar malını, geyimini tərk edir, qalır iki parçadan ibarət ehramın içərisində. Bax, elə burdaca kiçik Qiyamət deyilən yaşamın təzahürləri meydana çıxır. Əmri yalnız Alladan alan insan, Təlbiyə adlanan duanı oxuyaraq, “Buyur, Allahım, buyur!” nidası ilə üzünü Məkkəyə tutaraq Yaradanın evinə doğru yol alır.
İnsanı son nəfəsində üzünü qibləyə doğru çevirilər. Son nəfəsini üzü qibləyə doğru verən insan, təsəvvür edin ki, o yerə əl toxunacaq qədər yaxınlaşa bilir. İlk dəfə Kəbə evini görəndə onun əzəmətindən özümü itirdim. Allah evini görəndə ilk olaraq zəvvarlar Allaha dua edirlər. Allah-Təala sidq ürəkdən edilən duaları geri çevirməz, inşəallah.
Kəbənin ətrafında təvaf başlayır. Ərşdə mələklərin dövrə vurduğu Allah evinin ətrafında dönən insan mələk xislətində olur. Günahları əriyib tökülür insan bədənindən. Təvafı bitirib onun namazını qıldıqdan sonra Səfa və Mərvə dağları arasında gedib-gəldikcə İsmayıla (ə) su gəzən Hacəri xatırlayırsan. Bu əməli də bitirib təqsir etdikdən sonra kiçik həcc deyilən ayin bitir və böyük həcci gözləməyə başlayırsan.
Həcc başlayır. Məkkəni tərk edirsən. Ərəfatda, Müzdəlifədə qalıb üzünü Minaya tərəf çevirirsən. Minaya yetişən zəvvar şeytanı daşlamaq üçün yola çıxır. Əslində, bu simvola dönmüş ayinin ehtiva elədiyi hikmət başqadı. Zəvvar nəyi daşladığını bilməlidi. Geridə buraxdığı və bir daha ona doğru dönməyəcəyi günahlarınımı, nəfsinimi, pulu, var-dövlətimi? İnsan bunları dərk etmədikcə yığdığı daşları beton divara çırpmaq adlı bir fiziki işi icra edir.
Növbə Minada qurban kəsməyə yetişir. Həcc zamanı bu ayini yerinə yetirəndə Həzrət İbrahimin (ə) oğlu İsmayılı (ə) qurban kəsmək üçün apardığını xatırlayırsan. Sən Allahın adını an, niyyətini et, qurbanını kəsmək üçün bıçağı ona yaxınlaşdır. O bıçaq kəsəcək, ya kəsməyəcək, bu artıq Allahın təqdiridir. Allahın təqdiri qarşısında insanın boyun əyməkdən başqa çarəsi olmaz. Hər kəsin bir İsmayılı (ə) var. Hər kəs ürəyindən keçirdiyi nələrisə xəyalında canlandırır. Qurban kəsən zəvvar nəyi qurban verdiyinin fərqində olmalıdır. Əslində, bu qurbanlar içərisində ən çətin keçilə bilən nəfsdi ki, insan da gərək onu qurban verə bilsin. Nəfsindən xilas olmaq insanı mələk xislətli edir.
Minada üç gün qalıb, burdakı bütün əməlləri yerinə yetirdikdən sonra yenidən Məkkəyə qayıdırıq. Həccin qalan əməlləri də Məscidül-hərəmdə yerinə yetirəndən sonra insanın gözü Mədinə yoluna dikilir. Həzrət Peyğəmbərimizi (s) ziyarət etmək üçün. Mədinəyə aparan avtomobil yolu tarixi hicrət yoluna paralel salınıb. Yol boyu hicrət yolunda olduğunu insanlara xatırlatmaq üçün düşünülüb bəlkə də. Mədinəyə yetişəndə ətrafı gözəl bir ətir qoxusu bürüyür. Hələ Azərbaycanda olarkən bu sözü eşidəndə təəccüblənmişdim, inanmağımda bir xeyli də tərəddüd var idi. Lakin bu qoxu ciyərlərimə hopduqca sevgili Peyğəmbərimizin (s) ətrinin bütün şəhərə yayıldığının hikmətinə inandım.
İlk olaraq Həzrət Məhəmmədi (s) ziyarət etdik. Sabahı Mədinədə olan bütün tarixi yerləri ziyarətə yollandıq. Quba məscidində olduq. Peyğəmbərimizin (s) bu şəhərə hicrətindən sonra ilk inşa olunan məsciddə bir qədər ibadət edib, iki qibləli məscidə getdik. Uhudda Həzrət Həmzəni (ə) və bu döyüşdə şəhid olanları ziyarət etdik. Xəndək savaşının canlı xatirəsini yaşadan yerə yollandıq. Namazımızı Fəth məscidində qılıb dinimizin hikmətindən bir daha qürur keçirdik. Bəqi qəbirstanlığında Əhli-Beyti və digər şəhidləri ziyarət etdik.
Mədinə ziyarəti bitdikdən sonra bizi aparan təyyarə bizi Vətənə qaytardı. Amma həcdən döndükdən sonra nəyisə unudub oralarda qaldığını düşünürəm hər zaman. Həccə gedən zəvvarın xəyalı, ruhu hər zaman o yerlərdə qalır...
Allah-Təala həcdə olan zəvvarların ibadətlərini qəbul eləsin!
Millətimiz və dövlətimiz üçün edilən dualar Yaradanın dərgahında müstəcəb olan dualar sırasına yazılsın!
Amin!

Комментариев нет:

Отправить комментарий

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...