пятница, 25 января 2013 г.

İqtidar kimlərə əmanətdir?

Güc və iqtidar əmanətdir. İqtidar əmanətinə sahib olmağın bədəlini ödəməyə gəlincə, o əmanət əllərindən alınanda bunun gerçək səbəblərini yaxşı düşünmək durumundadırlar. Elm və etibar əmanətdir. Özünə etibar verilib, bunun məsuliyyətini yerinə yetirmək istəməyənlər, etibarsız qalanda bunun suçunu başqalarına yükləməsinlər".

Bu yazı Türkiyədə yaşayan tanınmış alim, Qurani-Kərimin təfsirçisi Mustafa İslamoğlunun "Əmanətə sədaqət" adlı məqaləsindədir. Bizlər əmanəti fərqli düşünürük. Bizim əmanət etdiklərimiz necə qorunur, bizə əmanət olunmuşlarla necə davranırıq, bu mənada düşüncələrimiz də fərqlidir. İqtidarı o kəslər əmanət sayır ki, onlar hakimiyyəti xaqlın səsləri hesabına, halallıqla qazanıblar. Qul haqqına girib, səsləri oğurlamaq, misli görünməmiş saxtakarlıqlar yolu ilə hakimiyyəti qəsb edənlər haradan biləcək ki, əmanət nədir? Əmanətə etibar nümayiş etdirmək mərifət göstəricisidir. Fikir versək, görərik ki, insanlar hər yerdə bir şeyə əmin olmaq istəyirlər, bu, etibar və sədaqətdir. Bunlar olan yerdə heç kim narazı olmur, çünki bu xüsusiyyətlər ədalət adlanan bir vacibliyin bərqərar olmasına rəvac verir. Bu dünyada hec nə əbədi deyil. Hər şey, hətta insana verilmiş can da əmanətdir. Bunu bilə-bilə dünya malından, vəzifədən dörd əlli yapışanları başa düsmək çox çətin məsələdir: "Əmanəti ona verilmiş dəyərlərin həqiqi sahibini unudan kimsə, yalnız o dəyərlərin sahibinə deyil, o dəyərlərə də xəyanət etməkdən qalmaz. Xəyanət edilən əmanətlər, gec-tez aqil olmayanların əlindən alınar. Bunun səbəb və bəhanələri isə saysız-hesabsızdır."

İctimai vəsaitlərin dağıdılması da əmanətə xəyanət sayılır. Kimsəyə o haqq verilməyib ki, fantastik qiymətlərə yol çəksin, körpü tiksin, bu yol da heç bir il keçmədən dağılsın, körpü təmirə dayandırılsın. İslamda əmanətə sadiqlik kateqoriyası mücərrəd anlayış deyil, ətrafa diqqətlə baxan olsa, bu normanın pozulmasının həyatda sübutunu görmək mümkündür:  "Əl-Məlik və əl-Malik Allahın Quranda adı keçən sifətlərindəndir. “Varlığın yegənə və həqiqi sahibi, onun üzərində mütləq qənaət səlahiyyətini bulundurandır” deməkdir."


Əmanət anlayışı haqqında danışarkən insanların ağlına ilk gələn fikir sovet dövrü əhalinin banka qoyduğu əmanətləridir. Vətəndaş əlində olanı xərcləmədən pula çevirib, dövlətə əmanət edib. Kimisi oğluna toy eləmək, qızına cehiz almaq həvəsi ilə, kimisi də daha qlobal düşünərək. Vətəndaş əli ilə verdiyi əmanəti, dövlətə təslim etdiyini indi heç cür geri ala bilmir. Postsovet ölkələrində, məncə, təkcə Azərbaycan əhalisinin əmanətləri geri qaytarılmayıb. Bunun üçün 800 milyon manat vəsait tələb olunur. Metro tikintisinin 1 km-ə 100 milyon manat ayıran hökumətin bu addımı atacağı inandırıcı deyil. Müqayisə üçün qeyd edim ki, ABŞ-da metro tikintisinin 1 km-i 40 milyon dollara başa gəlir. Bir gün bizə verilmiş əmanətlərin həqiqi Sahibi o əmanətlə necə davrandığımızı mütləq soruşacaq. O zaman cavab vermək çox çətin olacaq. Amma gərək insanlar əmanətin nə olduğunu bilsinlər, sonra onu qorumaq haqqında düşünsünlər. Çünki "mömin, sahib olduğu hər bir dəyərin ona təslim edilmiş bir əmanət olduğunu bilən insandır. Ya əmanətə sədaqət göstərən sadiqlərdən, ya da ona xəyanət edən xainlərdən olacaqdır."

Комментариев нет:

Отправить комментарий

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...