понедельник, 28 января 2013 г.

Dinimiz demokratik dəyərləri təqdir edir


Rəsul Mirhəşimli

  • Bir neçə gün əvvəl ölkə mətbuatında bir yazıya rast gəldim. Müəllif diletantcasına sübuta yetirmək istəyirdi ki, din və demokratiya münasibətləri fərqli anlayışlardır. Mətbuat orqanının və müəllifin adını yazıb reklam etmək fikrindən uzaq olduğum üçün məsələyə münasibətimi bildirmək istədim. Onu da başa düşmək olar ki, bütün problemlərin izahı polemika və diskussiyaları gərəkli edir. Bircə şərtlə, bu polemik tərəflər problem haqqında kifayət qədər məlumatlı olsalar. Əks halda bu cür müzakirələr cəhldən uzağa getmir. Dinimiz isə cahilliyi qəti şəkildə pisləyir... Bu günümüzdə mübahisə elementləri arasında İslam və demokratiya mövzusunun müxtəlif platformada önə çıxdığı müşahidə edilməkdədir. Əgər açıq demək lazım gəlirsə, İslam və demokratiya müqayisəsinin sağlam fikirlərlə ortaya atıldığından danışmaq olduqca çətindir.

Belə bir mövzunun əsasında onu qeyd etmək mümkündür ki, İslam insanların dünya və axirət səadətini hədəf götürən ilahi qaynaqlı bir din, demokratiaynın isə insanların öz ağlı, iradəsi və elmi biliklərinə dayanaraq ortaya çıxardıqları idarəetmə sistemi olduğunu vurğulamaq gərəkdir.
Vurğunu bu mövzu üzərinə salmağın əsas məqsədi bu iki dünyagörüşün bir-birinin ziddinə, ya da alternativ olmasının və yaxud tamamilə bir-birinə uyğun gələn ünsürlər kimi təqdim etmə səylərinin doğru olmadığını göstərməkdir. Buna görə İslamı bir din olaraq öz mahiyyətinə, demokratiyanı isə mənsub olduğu sistemin əsaslarına uyğun dəyərləndirmək lazımdır. Bu nəzəri fikirləri irəli sürərkən sadəcə, bir insanın dünyagörüşünə qapılıb qalmadan bu fikirlərin məzmununu obyektiv olaraq dəyərləndirmədən doğru yolu göstərmək mümkün deyil.
İslam ilahiyatçılarının böyük bir qisminin qəbul etdiyi ən önəmli xüsusiyyət budur - Quranda açıq-aşkar şəkildə əmr edilən hər hansı idarəetmə sisteminin mövcud olması barədə heç nə yoxdur. Ancaq Quranda və Həzrət Məhəmmədin (s) buyurduqlarında idarə edən və idarə edilənlərin üzərinə məsuliyyət qoyan ümumi prinsiplər var.
Dünyanın hər hansı bir bölgəsində zəmanənin ilahiyyatçılarına, insanların mədəni səviyyəsinə, yetkin siyasi tələblərə, zamanın və coğrafiyanın gətirdiyi imkan və şərtlərə görə idarəetmə modeli yaradıla bilər. Bir sözlə, insanlar necə idarə etmək və idarə olunmaq prinsiplərini özləri müəyyənləşdirir. Hər hansı bir dövlətin siyasi sisteminin demokratik, monarxiya və yaxud kostitutsiyalı monarxiya şəklində ortaya çıxmasını o ərazidə yaşayan vətəndaşların müəyyən etdiyi prinsiplər əsasında formalaşdığını görmək olar. Bu prinsiplərin təzahürlərinin həm Şərqdə, həm də Qərbdə görmək mümkündür. Başqa sözlə qeyd etsək, demokratiya insanların özlərinin seçdiyi, hərfi mənası “xalq hakimiyyəti” olan bəşəri dünyagörüşün təzahürü, dinin mahiyyəti isə ilahi hökmlərə iman edərək onların tərəddüdsüz yerinə yetirilməsi deməkdir. Onu vurğulamaq yerinə düşər ki, insan ilahi hökmləri yerinə yetirərkən korkoranə olaraq bir yerdə ətalətlə dayanmamalı, bu hökmlərə uymanın hansı üstünlüklərə yol açdığını ağlının gücü ilə dərk etməlidir.
Demokratiya mövzusuna gəldikdə bir də onu bildirmək lazımdır ki, bu sistem inanclı insanların mübarizəsi ilə həyata vəsiqə alıb. Yaradana iman gətirməyən insanların bir-birinə etibarından danışmaq yersizdir. Allaha tapınmağın hikməti ilə insanların güvəndə yaşaması və bir-birinə sayğı duymanın həqiqi mahiyyəti də ortaya çıxır. Orta əsrlərin böyük şairlərindən olan Yunus Əmrənin söyədiyi kimi, “Yaranmışı xoş gördük, Yaradandan ötürü”. Bu misra qarşılıqlı anlaşma şəraitində yaşamağın modelini göstərməklə bərabər, tolerantlığın təcəssümünü də özündə əks etdirir. Çünki tolerantlığın başqa bir adı elə xoş görmək deməkdir.
Demokratiyanın ən aşkar və danılmaz cəhətlərindən biri xalqın idarəetmədə iştirak etməsi və öz iradəsi ilə idarə edənləri seçməsidir. Dərindən araşdırılsa, İslam idarəetməsində tətbiq edilən beyət anlayışının ortaya çıxdığı görünər. Beyət sözünün mənası qəbul etmək, razı olmaq anlamına gəlir. Başqa sözlə, idarə edilənin idarə edəndən razı olması deməkdir. Həmçinin, beyət qadın və kişinin idarə edənənin vəzifə və məsuliyyətini qəbul etdiyini müəyyən edən müqavilə kimi də tərif edilir. Həzrət Peyğəmbərin (s) ilk dəfə tətbiq etdiyi beyət modeli bəzi dəyişikliklərlə Şərq ölkələrinin bir çoxunda həyata keçirilib.
İslam dinini demokratiyadan kənar təsəvvür olunması da yanlış yanaşma tərzidir. Ancaq onu demək mümkündür ki, heç bir din, eləcə də İslam dini demokratiyadan kənar və yaxud demokratik prinsiplərin aşılandığı bir dünyagörüş deyil. Dinlərin, həmçinin İslam dininin insalara verdiyi ilahi mesaj budr: “Adam ol!” İlahi hikmətin müəyyən etdiyi insanlıq modelinə tam uya bilməyən və ya uymaq istəməyənlərin bəhanəsi dinlərin guya demokratik prinsiplərə qarşı çıxmasını sübut etməkdir. Allahın görmək istədiyi insanlıq modelinə uyğun yaşaya bilməyən insalar bir şeyi bilmirlər və ya bilmək istəmirlər ki, bu şərtlər altında yaşamaq həmin adamların öz naqisliklərinin göstəricisidir. Yəni insan kimi yaşamaq şərtlərini müəyyənləşdirə bilməyənlər təbii olaraq dinlərin ortaya qoyduğu prinsiplərdə qüsur axtarmaqla məşğul olacaqlar.
Başqa bir tərəfdən baxdıqda hakimiyyətin formalaşmasında İslamın müəyyən etdiyi model bugünkü demokratik seçim qaydalarının tətbiq edilməsi ilə əhəmiyyətli paralellik təşkil etdiyi görünür. Bu oxşarlıq hər fərdin öz münasibətini azad iradə ilə ortaya qoyması ilə mövcuddur. İslam dininin insana verdiyi dəyərlər sırasında “faili-muxtarlıq”, yəni hərfi mənada ixtiyarının insanın öz əlində olması, hərəkət sərbəstliyi, bir sözlə azadlıq anlayışı özünü qabarıq şəkildə göstərir. Cəmiyyətin narahatlığına səbəb olacaq, zorakılığa və haqsızlığa dayanan hər cür idarəetməni rədd etmək İslam dininin insanlar üzərində müəyyən etdiyi məsuliyyətin bir hissəsidir. İslam dininin müəyyən etdiyi ən önəmli dəyərlər arasında bərabərliyin, ədalətin və fərdi hüquq toxunulmazlığının qorunmasıdır. Təbii olaraq, demokratiya cəmiyyəti yönləndirən bir sestem deyil, insanların fundamental hüquq və azadlıqlarını təmin edən və xalqın tələbini əsas götürən bir idarə formasıdırsa, bu baxımdan da İslam və demokratiya arasında hər hansı bir problemdən danışmaq mənasızdır. Çünki bu haqların qorunması baxımından İslam və demokratiya arasında ziddiyyət mübahisə mövzusu ola bilməz.
Demokratik idarəçilik baxımından mövcud olan ölkələrdə xalq tərəfindən seçilən və cəmiyyətin inkişafı və rifahı üçün qərar və qanunlar qəbul edən palament forması ən üstün idarəetmə modellərindən biridir. Bu müəssisənin İslam terminalogiyasında analogiyası Şuradır. Görülməsi lazım olan işlərin kollektiv rəy və qərarlar nəticəsində müəyyən olunması lazım olan məsələləri Qurani-Kərim bu ayələrdə açıqlayır: “...Sən onları əfv et, onlar üçün (Allahdan) bağışlanmaq dilə, işdə onlarla məsləhətləş, qəti qərara gəldikdə isə Allaha təvəkkül et! Həqiqətən Allah (Ona) təvəkkül edənləri sevər!” (Ali-İmran surəsi, ayə 159), “O kəslər üçün ki, Rəbbinin dəvətini qəbul edər (iman gətirər), namaz qılar, işlərini öz aralarında məsləhət-məşvərətlə görər, onlara verdiyimiz ruzidən (Allah yolunda) sərf edərlər” (Şura surəsi, ayə 38).
Demokratiyanın xüsusiyyətləri arasında toplumun rəyini əsas götürülməsi prinsipləri Qurani-Kərimdə bu ayələrlə formula edilmişdir. Ayədə buyurulan “işdə onlarla məsləhətləş” hökmü, İslam alimlərinə görə, bir tövsiyə xarakteri daşımır, yerinə yetirilmısi vacib olan əmrdir.
Nəticə etibarilə İslam prinsiplərinin demokratiya ilə tamamilə uyğunlaşmadığı fikrini iddia etmək olmaz. Ancaq əgər dindən kənar düşünsək, idarəçilik formaları içərisində İslam dininin əsas hökmləriylə ən asan uyğunlaşa bilən idarəçilik metodu yenə demokratiyadır.
Dünyadan bir-birindən fərqli bir çox demokratik dünyagörüş və idarəçilik modelləri var. İslam dünyası bu durum qarşısında bir yandan İslamı düzgün dərk etmək və düzgün izah etmək, digər tərəfdən isə demokratiyanı bu izah içərisində tanıtmaq məcburiyyətindədir. Belə bir yol İslam və demokratiyanın bir yerdə olduğu ortaq nöqtənin tapılmasına yardım edə bilər.
17 sentyabr 2010-cu il

Комментариев нет:

Отправить комментарий

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...