понедельник, 28 января 2013 г.

Bir günün bərəkətinə min şükür

Rəsul Mirhəşimli


  • Allahım məni bu dünyaya üzü mübarək günə gedən bir zamanda gətirdi. 1968-ci ilin 30 mayı günlərdən cümə axşamı olub. Üzü mübarək cüməyə gedən gündə kəndimizin adamları camaat namazına hazırlıq görmürdü. Amma qəlbində Allaha sevgisi, dilində Allaha şükrü üzü qibləyə baxan Almalıq yaylağı, adına Salavat deyilən məkanla İmamzadə ziyarətgahının arasında bağlı-bağatlı, bərəkətli, əsrarəngiz təbiəti olan bir kəndin insanları idi.

Hər kəs babamı muştuluğa qoşub və ərməğanını da bol-bol alıb. Mən evinə heç zaman haram girməyən, süfrəsinə haramın qonmağına izn verilməyən bir ailədə böyüdüm. Allahın məni ətə, sümüyə bürüyüb, ruh verib dünyaya gətirdiyi lütfü duyub şükür etdikcə, bir şükrüm də cəddi Hz.Peyğəmbər (s) olan bir nəsil silsiləsini daşımaq məsuliyyətini hər an mənə xatırladan ailəmə olub.

Rəhmətlik atam heç zaman haqlını buraxıb, haqsızın sözünü deməyib. Vətənə, millətə sevgi ilə yanaşmaq hissini də atamdan öyrənmişəm. Hər kəsin məişət problemləri ilə baş girlədiyi vaxtlarda atam ov tüfəngini çiyninə salıb, gənclərlə yanaşı torpaqlarımızın müdafiəsində olub. Bəlkə də Milli Ordu sıralarına könüllü yazılmağım atamda gördüyüm Vətən torpaqlarına bağlılıq hissi idi. 

Ağlım kəsəndən haqqı nahaqqa verməyənlərin əhatəsində olmaq istəmişəm. Zalıma boyun əyməyənlər, zülma qarşı vuruşanlar, millətin azadlığı uğrunda mücadilə verənlər əqidə dostlarım olub. Hesab etmişəm ki, insanlığın formulu bu əqidə ilə yaşamaq, bu insanlarla bir yerdə olmaqdır. Qənaətimdə yanılmadığımı dəqiq bilirəm.

Həyatda yaşamaq şərəfini və ləyaqətini qoruyaraq var olmaqdan keçir. Bu baxımdan ağırdır həyat. Günümüzdə hər kəs şərəfi və ləyaqəti ilə yaşamağı bacarmır. Bu həyatı yaşamına kredo seçənlərlə eyni düşərgədə olmaq mənə də qürur verən haldı. Şərəfini və ləyaqətini itirib mövcud olanların durumu yaşamaq deyil, nəfəsi və hərəkəti olan ruhsuz ölü kimi gəzməkdir. Allah bizləri bu cür olmaqdan hifz edib, bu da Rəbbimizin mənə başqa bir lütfüdür. Buna da çox şükürlər olsun! Eyni düşərgədə olduğum insanlar, əqidə dostlarım millətə sevginin, şərəfin və ləyaqətin elə mərtəbəsindədirlər ki, başqa cür yaşamaq mümkün də deyil bu cür insanların arasında.

Bu gün ərzində aldığım ən gözəl hədiyyə əqidə dostlarımın mənə yazdıqları səmimi və ürəkdən gələn doğum günü təbrikləridir. İnsanın bu qədər əqidəli və mübariz dostları olduğu yerdə, heç bir maddi zənginliyə gərək də yoxdu, məncə.

Qəlbinini, ruhunu ifadə edib gözəl sözlərlə  günümü  ən gözəl anlara qərq edən bütün insanlara səmimi təşəkkürümü bildirirəm!

Allah sizləri əhatəmdən, dostluqdan əskik eləməsin!

Allah Millətimizi qorusun!

Комментариев нет:

Отправить комментарий

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...