понедельник, 28 января 2013 г.

Ərdoğanın göz yaşları


Rəsul Mirhəşimli

  • Hərdən oturub fikirləşirəm, tarixdə olan nəsnələr və hadisələr bu günümüzlə niyə belə səsləşir, görəsən? İnsan təkamül yolu keçib, idrakı genişlənib, təfəkkür artıb, dünyaya baxışlarında tərəqqi baş verib. Xəyalımdan bir zamanlar olmuşlar və o tarixin böyük simalarının söylədikləri keçir. Ağlıma təsəvvüf irsinin ilk simalarından olan Abdullah bin Mübarək gəlir.


Abdullah bin Mübarək həccə gedirmiş. Zəvvarlarla gəlib yolun bir yerinə çatırlar, artıq qaranlıq düşür. Ordaca gecələməli olurlar. Çadırlar qurulur. Qaranlıq ətrafa hakim kəsiləndə Abdullah bir az dolaşmağa qərar verir. Bir də baxır ki, uzaqdakı bir komadan bir qız uşağı sürətlə çıxdı, o yan, bu yana boylandı, sonra yerdən nəsə götürüb yenidən evə qayıtdı. Abdullah bu səhnəni təqib edir. Qızın ardınca evə girir. Baxır ki, evdə böyük olan bu uşağın hardasa on bir, on iki yaşı var. Evdə qızdan başqa ondan daha kiçik üç uşaq da var. Abdullah gördüyü bu səhnənin nə olduğunu qızdan soruşur. Qız yetimliklərindən söz açır, bu uşaqların da onun qardaş-bacısı olduğunu Abdullaha deyir. Evdə yeməyə heç nə tapmayan bu uşaq yolun kənarına düşmüş quş ölüsünü heç kim görməsin deyə, xəlvət evə gətirib, qardaş-bacısını ovutmaq üçün bişirdiyini bildirir.
Abdullah çadırına dönür. Geriyə qayıda biləcək yol xərcini hesabladır. Yerdə qalan bütün pulunu və azuqəsini həmin uşaqlara verib geri dönür.
Bu rəvayət bir yetimin könlünü ala bilmək qüdrətini özündə tapa bilməyən, var-dövlət hərislərinin menyüsünə olsun. Onsuz da oxusalar belə tükləri də tərpənməyəcək. Hələ qalsın, bir də onu yazım ki, yetim ağlayanda Allahın ərşi titrəyər...
Ağlıma Əmir Teymur gəlir. Fateh hökmdar nə qədər ərazini hakimiyyəti altına alsa belə, padşahlığına münasibət bir qədər duyğusal idi. Teymurun sözləri də bu günün gerçək sifətinə bir tərs şillə olsun. Hər sarayı olana padşah deyilməz, məntiqini qanmayan mənsəb sahiblərinə Əmir Teymurun sözlərini bir bəddua kimi yazıram. “Əgər mənim ölkəmdə çörəyə möhtac bir nəfər varsa, lənət bu taxt-taca da, bu səltənətə də!”
Peyğəmbərimizi (s) görmədən Həzrəti Məhəmmədə (s) dost olan övliya Veysəl Qarani gəldi ağlıma. Dünya malından əl çəkmiş, anasının qulluğunda duran bir övlad canlandı gözümün önündə. Bir övlad bir ömür ana borcunu qaytarmaq iddiasına düşə, onun yüzdə birini qaytara bilməycək qədər acizdir. Veysəlin anası isə oğlunun qarşısında borclu sayır özünü.
Əlinə düşən tikəni yetimlərə paylayan, çobanlıq etməsinin əvəzində ona əmək haqqı kimi verilən bir neçə axçanı da kasıblara paylayan Veysəlin bircə Peyğəmbəri (s) görə bilmək həsrətinə o günün iqtidar sahibləri gülür. Məsləhətləri də bu olur: “Boş yerə ağlını bu işlərə yorma, sən böyük bütdən yardım istə.” Öz təcrübələri, öz yaşam tərzidi bunlar. Başqalarına da bunu tövsiyyə edirlər. İnsan kimə qulluq edirsə, əvəzini də ondan istəyər. Qula qul olmağın dəyəri, bunlar üçün Allaha qul olmaqdan daha üstündü. Bu insanların çürük məntiqi belədi, nəğd dura-dura, “nisyə”nin dalınca niyə qaçalar ki...
Bir neçə həftə öncə Türkiyə televiziyaları bu ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın bir şeir oxumasını göstərirdi. Şeirdən duyğulanan baş nazir göz yaşlarını tuta bilmədi...Mənim Ərdoğanın şəxsiyyəti ilə işim yox. Onun necə hökumət başçısı olması da başqa söhbətin mövzusudu. Bu mövzuları başqa yerdə dartışmaq da mümkündü. Mənim də nə qədər desəz, Ərdoğana fərqli yanaşmalarım olacaq. Bu yerdə mətləb bir qədər ayrı cürdü.
Allahın insana verdiyi xüsusiyyətlərdən biri də qəmlənməkdir. Bu qəm o həddə qədər artar ki, insan göz yaşını tuta bilməz. O insanın gözündən yaş gələr ki, o kəsin qəlbində azacıq da olsa insan sevgisi olsun. Bu həyatın fani olduğu duyğusunu yaşasın. Bir gün mən də həyatdan köçəcəm, fikrinə hakim olsun.
Ərdoğanın bu göz yaşları ilə bizim iqtidar sahiblərinin həyata baxışlarını müqayisə etdim. Fikirləşdim ki, yəqin hakimiyyətdəkilər heç zaman ölməyəcəklərini düşünürlər. Nə qədər istədimsə, bizim iqtidar mənsublarından bir nəfəri belə bu ağlayacaq halda təsəvvür edə bilmədim. Qəlbində insana və millətə mərhəmət olmayan, sevgidən uzaq kəslərin duyğusal olacaqları ağlımdan belə keçməz. Bunlar viran edilmiş vətənin xarabalıqları üzərində ulayan bayuş səsinin aşiqləridir. Ölkə dağıldıqca bunların iştahları artır, həyatları gözəlləşir.
İnsanı sevmədən onu halına yanmaq, yollarda tıxaclarda saatlarla gözləməkdən usanmayan əsəb sarsınsıtsı nədir bilmək ağla sığan deyil. Yıxılmayan yıxılanın halını hardan anlasın ki, hələ bir gözündə yaş da gilələnsin.
Ərdoğana baxmayın. Sizin örnək alacaqlarınız var. Siz ağlamayın, çünki “ağladıqca kişi qeyrətsiz olur”...

25 sentyabr 2009-cu il

Комментариев нет:

Отправить комментарий

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...