воскресенье, 1 сентября 2013 г.

Mən sənə bəy deyim ki, bəylər hər an bəy olur!


Rəsul Mirhəşimli

  • İnsanların bir-birinə müraciət formasında hansı ifadənin seçilməsi hər zaman aktual və mübahisəli olub. Qadınlara ünvanlanan müraciətdə, demək olar ki, fikir ayrılığı yoxdur. Qadınlara hər kəs “xanım” deməyə tərəfdardır. Kişilərə bu müraciətin necə olunmasıdı mübahisələrə yol açan məqam.

1988-ci ildən başlayan milli-azadlıq hərəkatı milli-mənəvi dəyərlərimizə qayıdış baxımından “bəy” müraciətini bərpa etdi. Bu proses 1993-cü ilə qədər davam elədi. AXC hakimiyyəti dövründə bəy kəlməsi rəsmi qurumlar səviyyəsinə qədər qaldırıldı. Bir illik hakimiyyətdən sonra bu mənəvi dəyərimizə qarşı da bir hücum kampaniyası başladıldı. Azərbaycanın dəyərlərinə yad olan “cənab” kəlməsi ilə bu sözü əvəzləməyə çalışdılar. Əslində, bəy sözündən imtina demokratik qüvvələrə qarşı yönəlmiş kinin, nifrətin siyasi forması idi.
Bəy sözü özündə dərin mənəviyyat əks etdirən müraciət formasıdır. Xüsusi imtiyazlı şəxs mahiyyəti daşımadığından kişilərə edilən müraciətdir. Sözün dərin mənəvi cəhəti kişilik kriteriyasını özündə əks etdirməsidir. Əgər kimsə bu kriteriyaları özünə sığışdırıb ona “bəy” deyilməsini istəmirsə, məncə, boşuna zaman sərf etmək lazım da deyil. Sözün çəkisinə heyf olar onda...
Kimsə mənəvi dəyərə sahib olub bəy adını daşımaq istəmirsə, onu zorla bəy etmək də gərəkli deyil. Bu nə o adama xoş gələr, nə də başqalarına.
Bəylik vəzifə və titul deyil. Bəylik özündə dərin mənəviyyatı, əxlaqı və s. mənəvi dəyərləri daşıyan kişilik normasıdır!
Azərbaycanın mənəvi xəzinəsində bəy sözünə bütün tarix boyu rast gəlmək mümkündür. Ən qədim yazılı kitabımız olan “Kitabi-Dədə Qorqud”da bəy adı bir çox yerlərdə çəkilir. Sonrakı dövr tarixində və ədəbiyyatında da bəy adına rast gəlmək mümkündür. “Koroğlu” dastanında Giziroğlu Mustafa bəy, İsmayıl bəy Qutqaşınlının əsəri olan “Rəşid bəy və Səadət xanım” və başqa bu kimi nümunələr göstərir ki, bəy sözü müraciət olaraq xalqa ən doğma olan ünvanlar sırasındadır.
Bəylik titulunun ən yüksək zirvəyə qalxdığı zaman 1918-20-ci illər Azərbaycan Xalq Cümhuriyyəti dönəmidir. Azərbaycana rəhbərlik edən hər kəs demək olar ki, bu titulun daşıyıcısı idi. O dövrdə ölkəyə rəhbərlik edənlərin ad və soyadlarına baxmaq yetərlidir ki, buna əmin olasan. O dövr üçün bəylərin hakimiyyətdə olması ilk növbədə ölkəni arealçı düşüncə tərzindən xilas etdi. Azərbaycanın bütün bölgələri bərabər səviyyədə idarəetmədə təmsil olunurdu. Bu da bəylik şərəfinin xalqa verdiyi ən böyük qürur hissi idi.
Bəy adına ilk hücumlar bolşeviklərin hakimiyyəti zorla ələ keçirməsindən sonra başlaıldı. 1993-cü ildən sonra bolşeviklərdən qalma ənənə yenidən bərpa olundu. Əslində, bu ənənə genetik məsələdir. Bolşeviklərə ideoloji və genetik baxımdan bağlı olan adamlar bəylik adını özünə sığışdırmazdılar, bir də bu ad onlara yaraşan da deyil. Çünki bəyliyin əks tərəfində dayanan ideoloji cərəyan köləlikdi. Mayası bu ideoloji ilə yoğrulmuşlar necə bəy ola bilərlər ki? Bəy adına indiki hakimiyyətin münasibəti bir dalana sığışdırlmış İstiqlal abidəsi ilə aydın olur.
Bəy adına alternativ kimi bəzən müraciət forması kimi “müəllim” sözünə də yer verilir. Müəllim deyə hər kəsə müraciət edilməsi yersiz səslənir. Bu sözün mənası elm öyrədən deməkdi. Elmimi ondan almadığım birinə niyə "müəllim" deməliyəm ki?!
"Yoldaş" adı isə bolşeviklərdən qalma müraciətdi. İndi daha çox mənasız görünür bu müraciət. Yoldaşlıq etmədiyin birinə niyə "yoldaş" deyəsən?!

Məncə, ən qürurverici müraciət elə BƏY sözünə sığınmaqdı!

четверг, 28 марта 2013 г.

“Yol vermə yada, Təbriz, El gedər bada Təbriz”


Rəsul Mirhəşimli

  • Təbrizə getməyi ötən ildən planlaşdırırdım. Mənimlə bu səfərə yoldaşlıq etməyə heç kim razı olmurdu. Alternativ təkliflər Tiflisə getmək olurdu. Nəhayət, Qarabağ savaşında mənimlə eyni batalyonda olan dostum İslam Mahmudov bu yolçuluqda yoldaşlıq etməyə razılaşdı. Martın 20-də səhər Bakıdan çıxdıq. Təbrizə yalnız Təbrizi görməyə gedirdim. Bu səfər barədə yazdıqlarım isə ancaq gördüklərim barədə təəssüratlar olacaq. 

Biləsuvar gömrük-buraxılış məntəqəsində o taya keçənlərin sayı az idi. Bayram günü kim idi yola çıxan. Yoxlanış zamanı bizdən əvvəl keçən bir nəfər əvvəlcə bizim sərhədçilərə qısa bir tərif söylədi. Elə ki, adam o biri ölkənin buraxılış məntəqəsinə çatdı, bu dəfə onlara tərif yağdırmağa başladı. Bizdən əvvəl növbəyə dayanan naxçıvanlı kişi adamın əlli metrlik məsafədə hər iki tərəfə yaltaqlanmağına dözməyib, qeyri-ixtiyari deyindi: “G...girən”.

O taya keçən kimi taksi sürücüləri yaxınlaşdı bizə. Təbrizə gedəcəyimizi dedik. Qiymət münasib olmasa da razılaşdıq.

Germidən keçəndə il təhvil oldu. Sürücü bizə Əmirkənd yolu ilə gedəcəyini deyib, gədikdən keçərkən maraqlı mənzərə ilə rastlaşacağımızı söz verdi. Maraqlı mənzərə bir yana, ən maraqlısı o idi ki, taksi sürücüsü ancaq türk musiqilərini oxudurdu. Yol boyu söhbət etməsən mənzil başına yetişmək çətin olar, sürücümüz də söhbətcil biri idi. Qəribəsi o idi ki, həm Biləsuvarda danışdığımız taksi sürücüsünün, həm də Təbrizdə bizi şəhəri gəzdirən sürücünün çox nakam sevgi macərası olub. Gədikdən keçəndə sürücümüz Germidən bir qızı sevdiyini, onu görmək həsrəti ilə hər gün Biləsuvar-Germi yolunu getdiyini, qızı ona vermədiklərini danışdı. Sürücümüzə təsəlli olaraq dedim ki, qardaş, hər kəs istədiyini ala bilsəydi, bilirsən, insanlar nə qədər çox şey istəyərdi?
Sürücümüzün musiqi xəzinəsi türk musiqisi ilə məhdudlaşmırdı. Arada bizim ara müğənnilərini də oxudurdu. Adını bilmədiyim bu müğənnilər o qədər bayağı oxuyurdu ki, adamın əti tökülürdü. Deyəsən, bu musiqi sürücümüzü şövqə gətirirdi. Bir ara bizdən soruşdu ki, Üzeyiri üzbəüz görmüsüz heç? Dillənmədim, amma üzüldüm ki, bizi Üzeyir Hacıbəyovun yerlisi kimi deyil, hansısa bayağı mahnılar ifaçısının yerliləri kimi tanıyırlar.
Beş saatlıq yolçuluqdan sonra Təbrizə yetişdik. Təbrizdə 9 il əvvəl olmuşdum. Biz şəhərə yetişəndə artıq qaranlıq çökürdü. Otelə yerləşdik. Qaldığımız otel tarixi Gülüstan bağının lap yaxınlığında idi. Bizi gətirən sürücü bir taksi sürücüsü ilə danışıb bizi hər gün şəhəri gəzdirməklə bağlı razılıq aldı. Gününə 15 manat ödəyəcəkdik taksiyə. Burdakı qiymətlərlə müqayisədə sərfəli məbləğ idi.

Gəzintimiz Şah gölündən başladı

Martın 21-də danışdığımız vaxtda sürücü bizi oteldən götürdü. Əvvəlcə hara gedəcəyimizi soruşdu. İlk olaraq şəhərdə hara gedəcəyimizi sürücünün seçiminə buraxdıq. Dedi, Şah gölünə gedək. İnqilabdan sonra El gölü adlandırılan yeri niyə Şah gölü dediyinin səbəbini soruşunda, sürücünün cavabı qısa oldu: “Baba, Şah gölüdü da... Mollalar El gölü deməklədi?”

Bayram günlərində Təbrizdə açıq olan dükan, yeməkxana tapmaq çətindi. Bizim də məqsədimiz Təbrizi gəzmək olduğu üçün əlimizə düşən fürsətdən maksimum yararlanmaq istədik. Şah gölünün ətrafı insanlarla dolu olur. Bura ən çox başqa yerlərdən gələn turistlər gəlir. Təbrizlilər üçün də bu ərazi yaxşı istirahət yeridi.
Şah gölündə gəzintimizi bitirib muzeylərə baş çəkdik. Tarix muzeyində qədim dövr eksponatları yer alıb. Yeri gəlmişkən, qeyd edim ki, Azərbaycan tarixi ilə bağlı eksponatları araşdırmaq bizim tarixçilərimizə əlavə material verə bilər. Muzeydə divarda asılmış xəritədə Xəzər dənizi sözünü oxuyanda bu dənizin adı ilə bağlı ədalətin bərpa olunmasında sevindim. Amma uzun çəkməyən sevincimin ardından “Dəryayi Mazandaran” sözünü oxuyanda bizə bələdçilik edən sürücüyə dedim ki, iki tərəfin də könlünü almaq istəmisiz?
Təbrizin məşhur yerlərindən biri Saat Qabağıdır. Seyid Cəfər Pişəvəri hökumətinin parlamenti bu binada yerləşib. İndi binada şəhərin bələdiyyəsi fəaliyyət göstərir. Binanın bir hissəsi isə muzeydir. Muzeydə daha çox müasir dövrün eksponatları, idmançıların qazandığı kubok və mükafatlar, kino avadanlıqları, kohnə foto-aparatlar və videokameralar yer alıb.

Ustad Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın məzarını ziyarət etmək üçün Məqbərətüş-Şüaraya yollandıq. Məqbərinin ətrafında aparılan arxeoloji qazıntılar ərazini dağıdıb. Doqquz il əvvəl görüdüyüm mənzərədən əsər-əlamət qalmayıb bu yerdə. Ərazidəki Azərbaycan şairlərinin abidələri bayırdan yığışdırılıb. Bütün abidələr məqbərinin içərisinə yerləşdirilib. Bu mənzərəni görəndə ustad şairin bir beytini xatırladım:
Mustəbid sultani saldıx ki, ola xalqımız azad,
Sonra baxdıq ki, azadlıqda o sultanilə getdi.

Şəhriyarın məqbərəsindən içəri girəndə ancaq ustad şair danışır. Muzey işlədiyi müddət ərzində ancaq şairin öz səsi ilə şerləri səsləndirilir. Məqbərinin içində Xaqani Şirvani, Saib Təbrizi, Qövsi Təbrizi, Nizami Gəncəvi, Mücirəddin Beyləqani, Hümam Təbrizi və başqa Azərbaycan şairlərinin büst və heykəlləri düzülüb.

“Azərbaycanda qazanıb, Təbrizdə xərcləyəsən”

Azərbaycandakı vəziyyət təbrizli sürücü-bələdçimizə ideal görünür. Deyir ki, siz kefdəsiz, konsertə gedirsiz, knoya baxırsız, burdakı mollalrın işi miləti ağlatmaqdı. Əhmədinejaddan dad çəkir. Deyir, onun elədiklərini heç 10 il bundan sonra da düzəltmək mümkün olmayacaq: “Sizdə yaxşı maaş alırlar, bizdə uzağı 110-120 manat maaş verirlər. O da işıq, qaz puluna yetmir. İmkan ola gedəsən siz tərəfdə işləyəsən, Təbrizdə xərcləyəsən”.
Nə işdisə, bu sürücümüzün də ilk eşqi daşa dəyib. Danışığından indiki vəziyyətindən məmnun görünmürdü. Söhbətini zarafata salıb, birtəhər mövzudan uzaqlaşdıq.
Yolumuzu Göy Məsciddən saldıq. Məscid demək olar ki, baxımsız vəziyyətdədir. Cahan şah dövrünün ən görkəmli abidəvi tikintisi 1467–ci ildə tamamlanıb. Müzəffəriyyə memarlıq kompleksi adlanır. Onun tərkibinə cümə məscidi, xanəgah, kitabxana, mədrəsə, türbə və digər tikililər daxil olub. Kompleksin qərb hissəsində isə Cahan şah hamamı yerləşib. Bu nəhəng memarlıq kompleksindən dövrümüzə yalnız kompleksin baş tikilisi – memarlıq tarixinə Göy məscid adı ilə daxil olmuş əzəmətli cümə məscidi qalıb. Cahan şah Həqiqinin tikdirdiyi məscidi bir ara bərpa etmək istəsələr də, işlər yarımçıq qalıb. Eyni mənzərə ilə Ərk qalasında da rastlaşdıq. Qalanın ətrafı qazılıb. Sürücümüz dedi ki, bir ara qalanı sökməyə başladılar. Sonradan gördülər ki, narazılıq çoxalır, söküntünü dayandırdılar, indi isə nə edirlər, heç özləri də bilmir.

Təbrizli bələdçimizin çox şirin söhbətləri olurdu. Təbriz haqqında bildiklərimi danışanda həmsöhbətimiz bir qədər də həvəslənirdi. O şirin Təbriz əhvalatlarından birini biz şəhərin dükanlarında siqaret axtaranda danışdı:

“Təbrizlinin xanımı bir gün ərinə deyir ki, siqaret aldıqca onun pulu qədər də mənə pul ver. Kişi razılaşır. Bu münval ilə xanım bir il hər gün ərindən min tümən alır və yığır. Bir il tamam olanda arvad evin ortasına bir teşt qoyur, pulları tökür içinə. Nefti də tökür üstünə. Yandırmaq istəyəndə əri çığırır:
-Xanım, nə edirsən? O qədər pulu niyə yandırırsan? Arvad cavab verir:
-Sən pulu elə yandırırsan, mən də belə...”

Təbrizin ilk tramvayı dəmiryolunun üzərində iki atın dartdığı araba olub. Təbrizlilər həmin tramvaya da abidə qoyub. Gülüstan bağının yaxınlığında qoyulan bu arabada heykəlləşmiş adamlarla birgə mənzil başına gedəcək sərnişin sayırsan özünü. Tramvayın ardınca qaçan daşlaşmış sərnişin də görəcəksən, pul vermək istəməyən, tramvayın arxasından xəlvətcə asılanı da.

Təbrizin mətbəxi çox zəngindir. Gələn turistlərə bu zənginliyi əyani şəkildə nümayiş etdirmək üçün Təbrizdə Şəhriyarın məqbərəsinin arxasında bir muzey fəaliyyət göstərir. İlk baxışda eksponatların doğurdan da yemək olduğuna inanırsan. Reallıq isə budur ki, bu eksponatları ayrı-ayrı materiallardan ustad Behtuni adlı şəxs hazırlayıb. Ustad hər zaman muzeydədir. Muzeyə gələn turistlərə məmnuniyyətlə avtoqraf verir, nümunələr barədə danışır.

Bizə ən xoş gələn o idi ki, bütün muzeylərdə Azərbaycan musiqisi səslənir. Getdiyimiz muzeylərdən biri də Sənciş adlanır. Bu muzey vaxtilə tacir Hacı Məhəmməd Səlmasinin evi olub. Adam şəxsi mülkünün bir hissəsini dövlətə bağışlayıb, bununla da kifayətlənməyib, qiymətli saatlarından böyük bir qismini muzeyə hədiyyə edib. Muzeydə daha çox Qacarlar dövrünə aid olan saatlara rast gəlmək mümkündür. Almaniya, Fransa, İsveçrə istehsalı olan saatlar eksponatlar arasında üstünlük təşkil edir. Saatlardan əlavə müxtəlif dövrə aid olan və müxtəlif təyinatlı tərəzilər də muzeydə yer alıb.  

Sənciş muzeyinin yaxınlığında yerləşən Heydərzadə muzeyinə də baş çəkdik. Muzey eksponatlarla o qədər də zəngin olan yer deyil. Müxtəlif çertyoj cihazları, ilk kalkulyatorlar və bu kimi eksponatlar nümayiş olunur. Muzeydə diqqəti çəkən əsas cəhətə çox zövqlə seçilmiş Azərbaycan musiqinin turistlərə təqdim edilməsidir.

Təbrizdəki Məşrutə evindən nə varsa, ötən əsrin əvvəlində başlamış Səttarxan hərəkatı ilə bağlıdır. Binanın önündə Səttarxan və Bağırxanın heykəlləri qoyulub. Muzeydə Səttarxanın naqanı, qılıncı, xənçəri, o dövrə aid qəzetlər, “Molla Nəsrəddin” jurnalının bəzi nüsxələri və s. eksponatlar qorunur.
Axşam gəzintimizi Qartal bağından saldıq. Bələdçimiz dedi ki, Təbrizin bu hissəsində şəhərin varlı ailələri yaşayır. Qartal bağı Gülüstandan təmizliyinə və abadlığına görə seçilir. Bu yerdə oturub çay içməyin bir ayrı ləzzəti var. Yenicə əyləşmişdik ki, yaxınlıqdakı ağaca bir dəstə qarğa şığıdı. Bağın adı ilə qarğaların qarıltısı arasındakı paradoksa əvvəlcə güldük, amma bu yerin indiki halı ilə həmahəngliyi bu gülüşü yarıdaca kəsdi.

Səfərimizin üçüncü günü bələdçimiz Kəndovana getməyimizi təklif etdi. Mən Kəndovanda 2004-cü ildə olmuşdum. Oranı yenidən görmək istəyi, həm də səfər yoldaşım İslam bəyin də marağını nəzərə alıb yola düşdük.

Kəndovan Təbrizdən 40 km. aralı qədim yaşayış məskənidir. Bu yer qayalarda oyulub düzəldilən evləri ilə məşhurdur. Kəndovanın mindən çox yaşı var. Səhənd dağının lap yaxınlığındadır. Səhəndin zirvəsində və ətəklərində  qar yağdığı kimi də qalırdı. Kəndovanı iki yerə bölən dağ çayının bir sahilində qar sahilə qədər əriməmiş qalır, yaşayış evləri olan tərəf isə güney olduğundan qar əriyib getmişdi. 

Təbrizin istisindən çıxıb bu soyuq və küləkli yerdə qalmaq hünər istəyir. Kəndovanın içində maşını saxlamaq üçün güclə yer tapdıq. Çünki cəmi bir küçəsi olan bu yer turistlərin gəldiyi avtomobillə dolu idi. Bu möcüzəli yerdə kəllə qənd formasında dördmərtəbəli evə də rast gəlmək olar. Soyuq və külək bizi Kəndovandan bir qədər tez ayrılmağa məcbur etdi.

Təbrizə döndük. Artıq Bakıya dönmək üçün hazırlaşmağın vaxtı idi. Təbrizdə hansı dükana girib nəsə alsan, hansı yeməkxanada yemək yesən, hesabı istəyəndə şirin Təbriz ləhcəsində “qonaq ol”, ya da “qo qalsın” deyəcəklər. Hətta təkidlə deyənlər də olacaq. Bir dəfə bir təbrizlidən soruşdum ki, bu sözdən sonra adam pulu vermədən, çıxıb getsə, nə edəcəksən, soruşanda adam eyni şirinliklə cavab verdi: “Mən dedim-dedim, baba, adamın qanacağı harda qaldı bəs?”

Bazar günü səhər tezdən bizi o tay Biləsuvardan Təbrizə gətirən sürücü oteldən götürdü. Təbrizdən ayrılmaq vaxtı gəldi. Şəhriyar xiyabanından keçib, al qırmızı rəngə boyanmış Eynalı dağının yanından ötüb geri dönürük. Özümüzlə həsrət dolu bir şirin xatirə ilə dolanbadolan yollarla Əhəri, Meşkini, Germini seyr edə-edə qayıdırıq. Savalan dağına, onun zirvəsində hər zaman qalan qara baxa-baxa yolboyu demək olar ki, heç nə danışmırıq. Geridə bir Təbriz qaldı. Bizim olub, indi bizim olmayan Təbrizi Allaha əmanət edirik. Bu da bizim tarixi paytaxtımıza qısa səfərin qısa təəssüratları. Təbrizdən çıxarkən Hökumə Büllurinin Təbriz haqqındakı şeirini elə bil kimsə pıçıldayır:

Qollarım dolana boynuna bir gün,
Yenə baş qoyaram dizinə, Təbriz.
Həsrətdən, hicrandan cana doymuşam,
Doyunca baxaram gözünə, Təbriz...    

четверг, 14 марта 2013 г.

Cəmiyyətin təməlini ailə təşkil edir



Rəsul Mirhəşimli

  • İslam dini səmavi dinlərin sonuncusu və ən mükəmməlidir. Bu dinin əsas məqsədi Allahın ən üstün yaratmış olduğu insanı dünya və axirət səadətinə qovuşdurmaqdır. İslamiyyət insanın bu xoşbəxtliyi qazanması üçün lazım olan hər şeyi əmr etmiş, onu bu xoşbəxtlikdən məhrum edəcəkləri də qadağan edib, haram buyurmuşdur. Zina da bu qadağalardan biridir. Allah bu barədə Qurani-Kərimdə buyurur: “Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!” (İsra surəsi, ayə 32). Həzrət Peyğəmbərimizin (s) bir hədisində belə deyilir: “Möminləri Allah-Təaladan daha çox pisliklərdən qoruyan başqa kimsə yoxdur. Bunun üçün Rəbbimiz zinanı haram buyurmuşdur”. Zina haram buyurulan əməl olmaqla yanaşı, onun əxlaqi, ictimai və hüquqi baxımdan da zərəri vardır. Dinimizin bu əməli haram buyurmasında əsas məqsədi insanları ailə qurmağa təşviq etmək, qurulmuş ailəni bütün icazə verilmiş qaydalar üzrə idarə etməkdir. Ailə cəmiyyətin əsas modelini təşkil edir. O yerdə dövlət ağır problemlər yaşayır ki, orda ailə modeli dağılmağa başlayır. Dinimizə görə ailə ana, ata və övladlardan təşkil olunan müqəddəs bir yuvadır. Bir-birilərinə sevgi və hörmətlə bağlı olan, eyni düşüncə və duyğuları bölüşən, üzərlərinə düşən vəzifəni yetirən üzvlərdən olan ailələr xoşbəxt olurlar. Qurani-Kərimdə “Allah sizin üçün özünüzdən (Adəm və Həvvadan, yaxud öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr əmələ gətirdi, pak (halal) nemətlərindən sizə ruzi verdi” (Nəhl surəsi, ayə 72) buyurulur.

İslam dini ailəyə böyük əhəmiyyət verir. Çünki ailə həm insanın rahatlıq tapdığı bir müəssisə, həm nəslin davamı üçün vəsilə, həm də insanı dinə görə günah sayılan müxtəlif pisliklərdən qoruyan bir qurumdur. Bu barədə Allahın Qurani-Kərimdə buyurduğu ayə belədir: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!” (Rum surəsi, ayə 21) Cəmiyyətin əsasını və təməlini ailə təşkil edir. Bəşər sivilizasiyasında inkişaf etmiş nə qədər millət varsa, ailə ocağında gözəl tərbiyə görmüş fərdlərdən meydana gəlmişdir. Çünki millətlər bir çox ailənin birləşməsi ilə formalaşır. Dinimiz ailələrə və ailə üzvləri, qohumlarla münasibət və əlaqələrə böyük önəm verir. Ailə evlilik və nikahla formalaşır. İslam dini bundan kənar olan qadın-kişi münasibətlərini pisləyir.
Ailə münasibətlərindən kənar qanuna və şəriətə zidd olan münasibətlər cəmiyyətin inkişafına ciddi zərbələr vurur. Bu cür əlaqə əxlaqın aşınmasına gətirib çıxarır. Əxalqı aşınmış cəmiyyətdə bir çox hisslərin aradan qalxması o dövlət üçün arzuolunmaz problemlərə yol açır. İlk növbədə əxlaqı deqradasiya olunmuş fərdlərdə vətənəpərvərlik hissləri aradan qalxır. İctimai yerlərdə, ən çox da nəqliyyatda danışığını bilməyən bəzi gənclərə hamımız rast gəlirik. Bu gənclərin yersiz və şit söhbətləri hər kəsi narahat edir. İnsanların davranışında və əxlaqında bu cür neqativ halların üzə çıxması həmin gənclərin ailədə düzgün tərbiyə olunmaması, cəmiyyətə faydalı şəxs kimi yetişdirilməməsi ilə əlaqədardır. Bu cür gənclərin yad əxlaq və təbiyə üzərində xarakterinin üzə çıxmasının başqa bir tərəfi də televiziyaların üzərinə düşür.
İrad tutmaq olar ki, əgər söhbət ailədən gedirsə, onda televiziya verilişləri niyə müzakirə mövzusuna çevrilir? Danılmaz həqiqət budur ki, televiziyarın birbaşa evlərimizə yol açmasından artıq neçə illər keçir. Məcazi baxımdan belə demək mümkündür ki, televiziya təkcə “ailə üzvü”nə çevrilməyib, həmçinin davranış və etika qaydalarını formalaşdıran vasitəyə dönüb. Bu gün telekanallarda göstərilən verilişlərə diqqət etdikdə isə onların əksəriyyətində əxlaqı aşındıran məqamlara rast gəlmək mümkündür. Müğənnilərin şəxsi həyatı bütün bu verilişlərin prioritet dəyərlərinə çevrilib. Hansısa alimin araşdırmalarından yüksək təmtəraqla təqdim olunan müğənni gənc nəsil üçün “ideal” şəxsə çevrilir. Cəmiyyətə müstəqil vəsiqə almaq ərəfəsində yaşayan gənclər müğənni olub asan qazanc əldə etməyin, tez bir zamanda tanınınıb məşhur olmağın təntənəsinə aldanıb, bu yolu seçməyi elm dalınca getməkdən daha əlverişili sayırlar.
Telekanallarda musiqi yarışmaları, ucuz şoular, hətta qonaq getməyin ədəbinə vurulan zərbələr sonda cəmiyyətdə xoşagəlməz əxlaq və davranışa malik bir nəslin yetişmısinə səbəb olur. Gənclərin dünyagörüşündə mənfi iz buraxan bu təsirlər neqativlərə yol açır. Yeni nəslin bilmək istədiyi müğənnilərin şəxsi həyatı və yersiz dedi-qodular və ucuz intriqalar gənclərin əxlaqını aşındırır. Bu vəziyyət ailədə formalaşan gənclərin psixikasında təsirsiz ötüşmür. Beləliklə, gələcək ailənin təməlləri indididən sarsılır. Ailənin qorunması üçün bütün imkanların istifadə edilməsi gərəkli anlarda, ucuz şou-biznes qalmaqallarından yaranan mənfi emosiyalar onun dağılmasına aparır. Ailənin önəminin azalması cəmiyyətdə mövcud olan bütün bağların qırılmasına yol açır. Bu neqativlərdən əziyyət çəkən ilk növbədə dövlət olur. Bütün dövlətlər ailənin rolunun artırılması istiqamətində imkanlarını sərf edirlər. Simvolik olaraq, ailə modeli dövlət struktruna daha çox bənzəyir. Bu idarəetmə prinsiplərində başçı, üzvlər, qərarların qəbulunda məsləhətləşmələr əsas rol oynayır. Dövlət idarəçiliyində də bu prinsipləri müşahidə etmək mümkündür.
Ailə üzvlərinin bir-birinə dayaq durması ailədə problemlərin həllində stimul rolunu oynayır. Ailənin nizamlı, rahat və xoşbəxt yaşaması üçün üzvlərin bir-birlərinə qarşı sevgi hissi duyması, sayğı göstərmələri, kömək etmələri və anlaşa bilmələri əsas şərtdir. Bu hisslər ailədə üzə çıxdıqca cəmiyyətə də sirayət edir. Bununla da həmin hisslər millətin fərdlərində formalaşmağa yol açır. Qəm-kədər bizi yaxalayanda və sevindyimiz anlarda bu duyğuları bölüşə biləcəyimiz dostlar axtarırıq. Bu hissləri bölüşüdüyümüz insanların birincisi ailə üzvlərdir. İnsan elə yaradılıb ki, hər zaman nəyəsə və yaxud kiməsə möhtacdır. Bu möhtaclıq hissi sevgi ilə tamamlananda insanın çətinliklərdən keçə bilməsi asanlaşır.
Ata və analar ailələri və övladları üçün çalışırlar. Ailənin ehtiyaclarını halal yolla təmin etmək üçün fəaliyyət göstərələr. Övladlarının gələcəyi üçün çox böyük maddi və mənəvi fədakarlıqlar edirlər. Övladlarına milli və mənəvi dəyərləri tanıdırlar. Onların gözəl əxlaqla böyümələri üçün hər cür çətinliyə sinə gərirlər. Ata-analarını sevən uşaqlar daxildən gələn duyğularla onlara bağlanarlar. Bu sevgi ailə içində rahatlığı təmin etməyə yardımçı olar. Özlərindən yaşda böyük olan ailə üzvləri böyüklərə hörməti, yaşda kiçik olanlardan isə sevgini əsirgəməməlidir. Ailə hər insanın doğulub böyüdüyü müqəddəs bir ocaqdır. İnsanların yaşadığı yer ev adlanır. Maraqlıdır ki, ailənin bir yerdə yaşadığı məkanın adı yuvadır. Bir canlının yuvada yetişməsi nə qədər məhrəm duyğuları özündə əks etdirirsə, insanın da ailə adlanan yuvada formalaşması baş verir. Ev maddi anlam kəsb edirsə, yuva özündə mənəvi dəyərləri daşıyır. İçində yaşadığımız binaların quruluşuna ev deyilirsə, içində yaşadığımız mənəvi mühitə də ailə yuvası və ya ailə ocağı deyilir. Hər birimiz ailənin təməlini sarsıdan, şərəf və heysiyyatını zədələyəcək söz və davranışlardan çəkinməliyik. Böyüklərimizə hörmət etməli, kiçiklərə də hər yöndə kömək göstərməliyik. Bu prinsiplərin mövcudluğu cəmiyyətdə xeyirxahlığın yaranmasına gətirir. Beləliklə, ailənin möhkəmləndirilməsi bütövlükdə dövlətin də dayaqlarının gücləndirilməsinə gətirir. Ailə möhkəm olduqca, dövlət də güclü olur.

воскресенье, 17 февраля 2013 г.

Qubadlıdan üzü qırxa gedən Yollar

Rəsul Mirhəşimli

Dərdi-hicran çarəsin hərçənd bildim səbr imiş,
Neyləyim, billah, bu dəryanın kənarı yoxdu, yox!
(Seyid Əbülqasim Nəbati)



  • Mövlana Cəlaləddin Ruminin «Məsnəvi»sində bir hekayə var. "Bir sufi Şeyxi varmış. Bu şeyx comərdliyi ilə tanınırmış. Amma bu comərdliyi onu xeyli borca salmışdı. Şeyx illər boyu yığdığını paylayır və buna görə də borcları artdıqca artır, dörd yüz dinara yetişir. 
  • Bir gün Şeyx xəstələnib ölüm yatağına düşür. Onun öləcəyini anlayan borcluları başına torlaşır, hərəsi bir yandan Şeyxə pis-pis baxır, onu yamanlayırlar. 
Bu zaman küçədən halva satan uşaq keçir. Şeyx xidmətçisinə tapşırır ki, bu uşağın bütün halvalarını al qonaqlara payla, qoy yeyib başlarını qatsınlar. Xidmətçi uşaqdan halvanın hamısını alır və qonaqlara paylayır. Borclular halvanı yeyib qurtarır. Bu zaman halvaçı uşaq içəri girib pulunu istəyir. Ölüm yatağında olan Şeyx deyir:
- Oğul, məndə pul nə gəzir? Ölümlə əlləşirəm. Bunu eşidən uşaq necə qiyyə çəkirsə, dam-daş titrəyir. Birdən xidmətçi əlində bir tabaq içəri girir və onu Şeyxə uzadır. Şeyx işarə ilə tabağın örtüyünü qaldırdır. Tabaqda dörd yüz dinar və uşaqdan alınan halvanın dəyərində pul… İçəridəkilər təəccüblənir. Şeyx ağır nəfəs alıb, bu hikməti içəridəkilərə belə izah edir:
- Ey insanlar, tabağın sirri budur. Mən bunu Allahdan istədim, O da mənə doğru yolu göstərdi. Bu pulun gəlməsi uşağın ağlamasına bağlıydı. Uşaq ağlamasaydı, rəhmət dənizi coşmazdı."


***

On beş ildir torpaq itkisi ilə yarası köz-köz olmuş atanın naləsi oğluna borcunu qaytara bilməmək çarəsizliyindən ərşi dəlik-dəlik edir. O nalə göylərə yüksəlir ki, bəlkə mərhəmət qapısı açıla. Rəhmət dənizi çoşa ki, mənim kimi neçə atanı oğlu qarşısındakı xəcalətdən qurtara. O yükü oğulların çiyinlərinə yük eləmək qorxusundan böyük dərd ola bilməz bizlər üçün.

Gedənləri anda verib, yolundan
Saxlayıram, yatmıram ki gecələr.
Düz altmış min köz-köz olan yaramı
Bağlayıram, yatmıram ki gecələr!


***

Qubadlıya neçə ildi nə gedən var, nə gələn. O qərib Yolçunun həsrətini son zamanlar daha çox çəkməyə başlamışam. Çünki son vaxtlar Vətənsiz, Yurdsuz yaşayan atam gözlərinin nurunu da itirib. O Yolçudan bir xışma torpaq iltimas eləyəcəyəm ki, atamın işığı öləzimiş gözlərinə məlhəm edəm. Bəlkə o torpağın kəraməti atamın gözlərinin nurunu qaytara. O yerlərə uçan quşların dırnağında yurdumuzdan bir zərrə də olsa, torpaq bulaşırmı, görəsən? Görsəydim üzümü sürtərdim o toza. Üzümüzə üz bağlayıb gözləməkdənsə, bir quşun dırnağına bulaşmış Vətən torpağının qoxusunu almaq ondan daha mərhəməli olar. Yoxsa, təkcə ölmü gözləmək qalır bizlərə, o yerlərə qayıtmaq yox. Ölümün o üzündən boylanan, sədası Allahdan gələn Qəhr də gözəldir, Lütf də. Yoxsa insanların zülmü altında inləməkdən qəlbimiz dəlik-dəlik olub.

Yurd-yuvamız viran olub, talanıb,
Sinəm üstə dərdim dərdə calanıb.
O dağları, o düzləri dolanıb
Yoxlayıram, yatmıram ki gecələr!


***


Qubadlı işğal olunanda anam evdəki Qurani-Kərimi götürməyib, deyir “evdən çıxanda onu açıq qoydum ki, Kitab Sahibi ermənilərə qənim olsun”!’’ İndi anamın yanında Qurani-Kərimi açanda o söz yadıma düşür, ürəyim titrəyir. Ya Rəbb! Bizi o torpaqlara qovuşdur! Ayağımız altda torpaq olmadıqca, anamın üzünə baxmağa da utanıram.

***

Uşaqlıqda yuxumuz qaçanda, böyüklər bizə belə deyərdilər “fikrinizdə uzun, lap uzun bir yol getdiyinizi düşünün, yuxunuz gələcək”. İndi də yuxum ərşə çəkiləndə yolları düşünürəm. Uşaqlıq illяrinin şirin xatirəsini yaşadan məktəb yollarını, tətildə məni yaylağa aparan kəndimizin dağ-meşə yollarını… Xatirlər o yolların kənarındakı daşlara qədər yaddaшыmda. Qubadlı təsəllisi ilə yuxumu da aldadıram. Bəlkə yuxularım məndən öndə getmək istəyir o yerlərə, gedir də. Yuxularıma həsəd aparıram. Yuxularım məndən bəxtəvərmiş. Uşaqlıqda dolaşdığım bütün yerləri dolaşa bilir, bizsə o qədər acizik ki… Mən bu xəyallar məngənəsində qırxımı çıxarmışam. Qırxda ruh qəfəsdən çıxar deyirlər. Yalvarıram o Ruha, bu miskin bədəni biçənəklərində yüyürdüyüm, dağlarında, meşələrində dolaşdığım Qubadlıya götürsün. Bu dünyada mənim üçün ən böyük ləzzət dizlərimi yerə qoyub bumbuz bulaqların gözündən su içməkdi. Gözdən öpmək ayrılıq gətirir deyirlər. Bəlkə o bulaqların gözündən öpdükcə hicranımızı yaxınlaşdırırmışıq.

***

Mənim beş yaşım olanda kənddən Qubadlının mərkəzinə köçdük. Əlbəttə, dağ kəndinin havası ilə Bərgüşad çayının iki böldüyü rayonun havası bir olmaz. Bu yerlərə uyğunlaşa bilməyən nənəm oturub-durub rayonun havasından gilyelənirdi. «Bu Bərşadın (ahıllıar Bərgüşad çayına belə deyərdilər-R.M.) silyanı bizi qıracaq!» Sonra da Allaha dua edərdi ki, onun ölümünü bu yerə qismət eləməsin. Nənəm dua elədikcə, ölərkən dəfn olunmaq istədiyi yer kimi kəndimizin yaxınlığındakı İmamzadənin qəbirstanlığını nəzərdə tuturdu. Allah insanın duasını necə bədduaya çevirərmiş bəzən. İşğaldan üç il sonra nənəmin cənazəsi Sumqayıt qəbirstanlığına qismət olanda bunu anladım.

Taleyimiz dərdimizi qudurdub,
Vətən dərdi Sücaəti oturdub,
Balaları gülə-gülə yatırdıb
Ağlayıram, yatmıram ki gecələr!


***


Qubadlını bir əmanət kimi Şəhid ruhlarına tapşırmışıq. Onlar bizdən sədaqətlidi. Şəhidlər ölməz, deyir Allahımız. O ruhlar bizdən etibarlı sahib çıxır o yerlərə. O yerlərdə Göydə Tanrı, yerdə biz, dəliqanlı Türklərik, deyib döyüşlərə atılan Əlyarın, Mehmanın, Həsənin, Səfanın, Balakişinin, Gülağanın və yüzlərlə igidin ruhu keşik çəkir. Ey mübarək ruhlar, bizləri də səsləyin o yerlərə! Hələ ki, bizim əlimizdən əllərimizi göyə qaldırıb dua eləmək gəlir.

Ya Rəbbim! Səni and verirəm Allahlığını yalnız Səndə axtardığımız Allahlığın xatirinə, Sənə açılan əllərimizi naümid qaytarma!

Torpaqlarımızın işğaldan azad olunmasını bizlərə nəsib et!

Bu millətə zülm edənləri zəlil elə, Allahım!

Şəhidlərimizi Kərbəla şəhidləri ilə məşhur elə!

Qarabağın azadlığını görmədən, günahlarımızı bağışlamadan canımızı alma, ya Rəbbim!

Bizləri Vətənini sevən imanlı kəslərdən qərar ver!

Məzarlarımızı babalarımızın məzarı yanında qazılmasını bizə nəsib et!

Övladlarımızın toy-busat edib vüsala qovuşmaq xoşbəxtliyini bundan sonra Qarabağımızda nəsib olmasını qismət elə!

Amin!

Azadlıq Elçisi


Rəsul Mirhəşimli

Sənə bir daş atar yerindən duran,
Səni sevdiklərin daş-qalaq eylər.
Bir əlində daş var, birində Quran,
Daş atan bilərmi nə günah eylər?
(Ramiz Rövşən)

  • Azərbaycanın tanınmış ziyalısı, görkəmli şairimiz Vaqif Bayatlı Odərlə yolçuluğumuzda bir gözəl söz dedi: “İnsanları sevmək hələ sevgi demək deyil. Bu, sevginin yarısıdı. Gərək insanları bir-birinə sevdirə biləsən”. Gözlərim önünə Əbülfəz Elçibəy gəldi. Tanıdıqlarım içərisində bu missiyanın daşıyıcısı olan tək insan Əbülfəz bəy idi. Bütün ömrünü insanları sevdirməyə həsr edən Bəy millət sevgisinin nuruna boyandı. Atılan daşlardan onu qoruyan da elə milyonların sevgisi idi.

Əbülfəz Elçibəyin dilindən Həzrət Peyğmbərimizin (s) bir kəlamı tez-tez səslənirdi: “Allahı o kəsləri sevir ki, onlar xalqını sevir. Allah o kəsləri sevir ki, onu xalq sevir”. İkisi də Əbülfəz bəy idi. Elçibəy haqqında söylənilən milli lider, böyük siyasətçi epitetlərindən savayı, görünməyən cəhəti də var idi. Ancaq o, görünməyən Elçibəyi az adam tanıyırdı. Ömrünün sonunadək o üzünü büruzə vermədi Elçibəy. O hiss Ruhla, halla zühur edirdi. Özün Elçibəyə “mürid” bilənlər ömrünün sonunadək anlaya bilməyəcək ki, Əbülfəz bəy “burda bir igid yatır”, “Dağlar dağı Savalan” deyəndə nəyi nəzərdə tuturdu. O sirri bilənlərə aydındır ki, Savalanı ziyarət etmək ideyası hardan doğub. Yoxsa, Azərbaycanın Güneyində o qədər dağ var ki, hamısı da müqəddəslik simvolu.
1992-ci ildə Azərbaycan Pespublikasının prezidenti Əbülfəz Elçibəy Türkiyə səfərində Anıt məzarısatnlığında Atatürkün qəbri üzərindəki xatirə dəftərində bu sözləri yazmışdı: “Deyəcəyimiz bir şey qalmadı, nə varsa, hamısını Sən dedin, sayın Atatürk!” Elə bizim də deyəcəyimiz bir şey yoxdu. Ona görə də sənin ölümünə bir yazı yazıb, dediklərimizə son veririk.
O həqiqətə yenidən tapınıram k, Tanrı sevdiyi bəndələrini dərgahına daha tez aparır. Bu da Tanrı sevgisidir, Tanrı düzəni.

***

Onda hələ orta məktəbdə oxuyurdum. Azərbaycan televiziyası Yunus Əmrə haqqında hazırladığı verilişə Əlyazmalar İnstitutunun elmi işçisini dəvət etmişdi. Ofelya Sənani ilə bu alimin söhbətinə elə aludə olmuşdum ki, o hiss məni uzun illər tərk etmədi. Hələ o zamanlar idi ki, milli-azadlıq hərəkatı deyəndə, göz önünə Fransa inqilabı, Paris Kommunası gəlirdi. Türkçülük barədə o qədər məlumatsız idik ki, pantürkçülüyün “qorxulu meylləri” beynimizi çuğlamışdı. Onda Yunus Əmərdən bəlağətlə danışan bu nurlu simanın türkçülük təbliğatına görə həbs edildiyindən və həbsxanadan yeni çıxmağından xəbərsiz idim. Əbülfəz bəyi milli-azadlıq hərəkatı başlayanda gördüyüm zaman həmin verilişdəki çıxışını yenidən xatırladım.
İllər keçdi. Millətinə, onun tarixinə, ədəbiyyatına qəlbən bağlı olan, “Haqdan gələn şərbəti” Allah deyə-deyə içən bu insan “Məndə bir mən var, məndən içəri” məntiqini əməllərilə sübuta yetirdi.
Əbülfəz Elçibəyin ölümündən sonra onun haqqında yazılanlar içərisində bir tarixi gerçəkliyə əmin oldum. “Səttarxandan başlayan XX əsr Elçibəylə başa çatdı!” Ən gerçək olan tarixi pozub tarixə düşməyin yolu bu dünyadan köçməkdisə, həqiqəti dəyişməyə Tanrı da yol vermədi.
Ölüm içimizdəki çox çatışmazlıqları aşkar elədi. Elçibəyə “sevgi” yarışı başladı.
Doğrudanmı, biz Səni bu qədər sevirdik? Biz Elçibəyi prezident olduğu üçün, olacağı üçün sevirdik. Ancaq Sən bizləri təmənnasız sevirdin. Millətin övladları olduğumuz üçün sevirdin. Sənin sevgin təkcə Səni sevənlərə deyildi. Küll halında bütün Millətə idi. “Bircə tilsimin” “sevgi tilsimi” olan Sənin millətə sevgində fərdlərə heç bir fərq qoymurdu.
Biz Səndən fərqli insanlarıq. Sən millətin azadlığını istəyirdin, biz azad olmuş qulun qul sahibi olmaq arzusu kimi hakimiyyətə can atırdıq. Hakimiyyətin hakimlik iddiası olduğunun fərqində deyildik.
Biz fərqli insanlarıq. Sənin qismətin “yoxuşlarda susamaq”, bizsə düzənlərdə bir-birimizə badalaq vurmuş kəslərik. Avqustun 22-dən bizi illər ayırır. Səni bizdən ayıran hər gün Sənin ölümsüzlüyünə haqq qazandırır. Qalib ruh kimi Sən bizləri Dəmirqapı Dərbənddə, Təbrizdə gözləyrisən. Bizim işimiz bu dəfə də Səni aldatmaqdır. Əmin olma, gələn deyilik. Bizim başımız bir-birimizlə qovğalara qarışıb. Bizlər hakimiyyət davasında, hakimlik iddiasındayıq. Millətin dərdindən bixəbərlər millət vəkili olmaq savaşındadır. Sənin haqq savaşın milləti bütöv görmək, bizimki isə bu... Azərbaycanı bütöv görmək istəyirdin, nə yazıqlar ki, heç millət də bötüöv deyil. Bəlkə də heç bunları yazmağa hacət yoxdur. O Ruh bütün olmuşları bizdən yaxşı görür. Günahlarından tövbə etmək istəyində olan bəndə bunları yazmaqda günah etdiyinin fərqindədir.
“Biz qalxıb ayaqlanan Türk elləri, qalxıb ayaqlanan Azərbaycan yurdunun övladları çox uzaq və çətin səfərə çıxmışıq. Bu səfər Vətənin bütövləşməsində qurtaracaq.” Sən bu səfərin yolçusuydun. Bizim səfərimiz isə yalnız hakimiyyətə gedən yoldur.
Fani dünyada yaşayan hər kəs günahkardır Tanrı yanında. BİZ HƏM DƏ SƏNİN YANINDA GÜNAHKARIQ. BU SUÇ ŞAH XƏTAİNİN HÜRRÜN QƏBRİNİ AÇMASI QƏDƏRİNDƏ DEYİL, DAHA BÖYÜKDÜR!
Allahın sevimli bəndəsi, Sən yəqin müqəddəs ruhların əhatəsindəsən. Biz isə fani dünyada, günahlarımız boğazına çıxacaq qədər. Bu müddət ərzində nə yazmaq istəsəm də, əlimdən qələm düşüb. İndi günahlarımızı bağışlanmaq iltiması ilə yazdım. Yazdım ki, bəlkə Allah bağışlayar bizləri!
Axı Allahın mərhəməti bizim günahlarımızdan böyükdür!
Bağışlayacaq bizləri, inşəallah!

30 sentyabr, 2000-ci il

вторник, 12 февраля 2013 г.

Mikrobu kim kəşf edib?




Rəsul Mirhəşimli

  • Son zamanlar İslam dininə hücumların miqyası bir qədər də genişlənib. Bu hal ölkəmizdə din haqqında səthi və dayaz təsəvvürü olan adamların vasitəsilə baş verir. Yersiz ittihamlar İslamın guya elmə qarşı və ya elmdən uzaq olmasıyla bağlıdır. Xurafatı dinlə dəyişik salanlar “qılıncını sıyırıb” meydan sulayırlar. Bu yazıya yazılacaq olan şərhlərin mahiyyətini göz önünə alıb, bircə xahiş edirəm həmin insanlardan. Sizin inancsızlığınzla heç bir dindarın işi yoxdur. Sizlər də dini dünyagörüşün daşıyıcılarını hədəfə alıb, mənəvi dəyərlərimizə qarşı yersiz itihamlara son qoyun. 1400 ildir bu hücumlar nə qədər faydasız olub, elə Qiyamət gününə də belə davam edəcək, inşəallah!


                                                         ***

Elm tarixində insan orqanizmində müxtəlif xəstəliklərə səbəb ola biləcək mikrobun kəşfi XIX əsrdə yaşamış fransız alimi Pasterin adı ilə bağlanır. Əslində isə mikrobun kəşfi XV əsrə qədər gedib çıxır. Bu kəşf də böyük islam alimi və həkimi Ağ Şəmsəddinə aiddir.
Əsl adı Məhəmməd ibn Şeyx Həmzə olan Ağ Şəmsəddin əslən Azərbaycanın qədim şəhəri Şamaxıdandır. Türkiyədə bu alim haqqında söz açan mənbələrin demək olar ki, hamısı onun Şamda anadan olduğunu iddia edir. Bəlkə də Türkiyə dilçilik elminin fonetikasında “x” səsi
nin olmadığı üçün bu cür yanlışlıqlar baş verib. Ağ Şəmsəddini böyük Azərbaycan mütəfəkkiri, işraqilik fəlsəfəsinin banisi Şihabəddin Sührəverdinin nəslindən olduğunu yazan müəlliflər də var. Ağ Şəmsəddini tarix həmçinin 1453-cü ildə gerçəkləşən İstanbulun fəthinin mənəvi memarı kimi də tanıyır.
Ağ Şəmsəddin dini elmlərdə olduğu kimi
, tibb elmində də böyük biliklərə sahib idi. Xəstəliklərin diaqnozunu heç bir səhv etmədən təyin edər, hətta xəstəliklərin müalicəsi ilə bağlı dərmanları da özü hazırlayardı.
Ağ Şəmsəddin o illərdə minlərlə insanın ölümünə səbəb olan yolxucu xəstəliklərlə də yaxından maraqlanmış və bir çox infeksion xəstəliklərin müalicəsi üzərində çalışmışdı. Bu böyük alim Həzrəti Peyğəmbərimizin (s) buyurduğu “Ölümdən başqa hər dərdin dərmanı var” sözlərini öz fəaliyyətində rəhbər seçmişdi. Xəstəliklərin müalicəsi, şübhəsiz, hansı yollarla yoluxub yayılmasının təsbitinə bağlıdır. Ağ Şəmsəddin bu sahədə uzun müddət araşdırma apardıqdan sonra “Maddətul həyat” adlı əsərində belə bir nəticəyə gəldi: “Xəstəliklərin insanlarda tək-tək ortaya çıxdığını hesab etmək qüsurludur. Xəstəlik insandan insana yoluxma yolu ilə keçər. Bu yoluxma gözlə görülməyəcək qədər kiçik, lakin canlı toxumlar vasitəsilə olur.”
Bu ifadələrlə Ağ Şəmsəddin mikrobun tərifini vermiş, hər cür xəstəliyin gözlə görünməyəcək qədər kiçik canlıların meydana gətirdiyi fikrini dünyada ilk dəfə olaraq irəli sürmüş oldu. Mikroskopun XVII əsrin yarısından sonra kəşf edilməsinə diqqət yetirsək, Ağ Şəmsəddinin bu fikirlərinin dəyəri daha yaxşı anlaşılar. İsmail Xami Daneşmənd “Tarixi həqiqətlər” adlı əsərində bu barədə belə yazır: “Ağ Şəmsəddinin mikroblar haqqındakı izahatı bir nəzəriyyə deyil, təcrübəyə dayanan bir kəşf mahiyyətindədir. “Maddətul həyat” adlı tibbi əsərində xəstəliklərin orqanizmə daxil olan bir qrup gözlə görünməyən toxumlardan hasil olduğunu, yəni bədənə daxil olan bu canlılardan törəyən xəstəliklərin meydana çıxmasını izah edərək bakteriyalogiya elminin əsasını qoymuşdur. Nəticə etibarilə Ağ Şəmsəddin dünya tibb tarixində çox böyük və nurlu şəxsiyyət olmuşdur.”
Ağ Şəmsəddindən 400 il sonra fransız kimyaçısı və biologiya alimi L
.Paster (1822-1895) laboratoriya şəraitində apardığı təcrubələrlə eyni nəticəyə gələrək, mikrobun bir çox xəstəliklərə səbəb olduğunu elm aləminə qəbul etdirə bilmişdi. Pasterin ən mühüm tapıntısı, şübhəsiz, quduzluğa qarşı dərmandır. Paster bu dərmanı quduzluq tutmuş dovşanın onurğa beynindən almış və 1884-cü ildə ilk dəfə olaraq itlər üzərində sınaqdan keçirərək uğur əldə etmişdir. Alimin quduzluq vaksininin insanlar üzərində sınaması 1885-ci ildə baş tutdu. Əsrlərdir müalicəsi olmayan bir xəstəlik kimi quduzluğa qarşı qorunma dərmanının tapılması həqiqətən elmdə böyük bir hadisə idi.
Müsəlman dövləti olan Osmanlı sultanlığı tiblə əlaqədar olan irəliləyişləri yerindəcə dəyərləndirmiş, hər cür yenilikləri gecikdirmədən ölkəsinə gətirilməsinə nail olmuşdur. Bu məsələdə Sultan II Əbdülhəmid daha çox xidmət göstərmişdir. Əbdülhəmid xan Pasterin quduzluq əleyhinə vaksinin insan üzərində təcrübəsindən dərhal sonra tibb məktəbinin müəllimlərindən 3 nəfərini dərhal Parisə göndərmişdi.
Dünya hər nə qədər mikrobun kəşfini fransız aliminin adı ilə bağlayırsa, həqiqət bundan ibarətdir ki, bu ixtira əslən azərbaycanlı olan həmyerlimiz Məhəmməd ibn Şeyx Həmzənin adı ilə əlaqədardır. İslam dünyasından olan böyük elm sahiblərinin dünya tərəfindən tanınmamasının səbəbləri ya qısqanclıq olub, ya da ki, bizim öz elm adamlarımızı yetərincə dünyaya tanıtdıra bilməməyimiz.

İlahi sevgi


                                                                    
  • Mühyiddin  ibn  Ərəbinin İslam fəlsəfəsi tarixində   müstəsna yeri var.  Avropanı İslam fəlsəfəsi ilə heyrətə sala bilən insan olaraq tanınır. İbn Ərəbinin tam adı belədir- Mühyiddin Əbu Abdullah Məhəmməd ibn Əli ibn Məhəmməd ibn Əli ibn Ərəbi əl-Xatəmi əl-Tai əl-Əndəlüsi. Avropada doğulub. Mühyiddin ibn Ərəbi, Şeyxi-əkbər (Böyük Şeyx), Sultanul-arifin (Ariflər sultanı), Xatəmul-övliya (Allah dostlarının sonuncusu), Qütbi-humam (Himmət sahibi olan Qütbi) deyə tanınır. Əndəlüsda İbn Saraka adı ilə məşhurdur. 

Hicri 543-cü ildə vəfat edən tanınmış alim Əbubəkir ibnul-Ərəbi ilə səhv salmamaq üçün adı İbn Ərəbi kimi tarixə düşüb. İbn Ərəbi 560 (1165)-cı ildə Əndəlüsdə (ərəblər İspaniyanı ələ keçirdikdən sonra bu ölkə belə adlandırılmağa başlayıb-R.M.) anadan olub. Səkkiz yaşında təhsilə başlayıb. İyirmi yaşında təsəvvüf  yoluna qədəm qoyub.
İbn Ərəbi uzun illər ömrünü Şərqdə səyahətdə keçirib. Şimali Afrika, Tunis, Misirdə səfərdə olub, oradan Məkkəyə gedib, oradan da Bağdad və Mosula səyahət edib.  Daha sonra Şama gedib və 638 (1240)-ci ildə burada vəfat edib.

“Füsusul-hikəm” və 37 cildlik “Əl-Fütuhatul-Məkkiyə” kimi əsərləri İbn Ərəbinin necə böyük alim olduğuna ən yaxşı sübutdur. Sayı beş yüzə yetişən əsərinin bir çoxu təsəvvüfə dairdir.  İbn Ərəbinin əsərləri haqqında ən mükəmməl məlumatları Osman Yəhyanın fransızca hazırladığı iki cildlik “L’ Hictoire et la classification de L’oeuvre d' Ibn Arabi”  adlı əsərindən almaq mümkündür.  İbn Ərəbinin əsərlərinin bir qismi Qərb dillərinə tərcümə edilib.
Mühyiddin İbn Ərəbi “Füsusul-hikəm”, “Əl-fütuhatul-Məkkiyə”, “Hərflərin elmi”, “İlahi eşq”, “Mərifət və hikmət”, “Həqiqət və təfəkkür”, “Fəna risaləsi”, “Arzuların tərcümanı”, “Nurlar xəzinəsi”, “Tədbirati-ilahiyyə”, “Səcərətul-kəvn”, “Əndəlüs sufiləri”, “Əhədiyyət risaləsi”, “Məvaqiun-nücum”, “Vəsiyyətlər” və bu kimi yüzlərlə başqa əsərləri ilə tanınır. Oxuculara təqdim etdiyimiz bu məqalə İbn Ərəbinin “Əl-fütuhatul-Məkkiyə” (Məkkənin fəthi) adlı əsərindəndir.


                  



İlahi sevgidə Allah bizi həm bizim üçün, həm də Özü üçün sevər. Tanrının Özü üçün bizə duyduğu sevgi bu hədisi-qüdsidə ifadə edilməkdədir. “Mən bir gizli xəzinə idim, tanınmaq istədim və məxluqatı yaratdım. Sonra onlara Özümü tanıtdım, onlar da Məni tanıdılar.”  Deməli, Allah bizi Onu tanıyaq deyə, Özü üçün yaratmışdır. Bu ayə həmin səbəbi çox gözəl ifadə edir: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım (əz-Zariyat surəsi, 56). Nəticədə Allah bizi Özü üçün yaratmışdır.
Allahın bizim üçün bizə duyduğu sevgiyə gəlincə, bizim yaradılış qayəmizə və təbiətimizin əsasına uyğun gəlməyən əməllərdən xilasımızı təmin edəcək və bizi səadətə yetirəcək əməlləri bizə tanıtmaqla, bu sevgi ifadəsini tapmaqdadır.
Sübhan olan Allah, xəlq etdikləri Onu təsbih etsinlər deyə yaratmışdır. Məxluqa Onu təsbih, Ona həmdü səna və Ona səcdə etmələrini söyləmişdir. Ancaq bu şəkildə Onu tanıya bilərik. Bu mövzuda belə buyurulur: “Yeddi (qat) göy, yer və onlarda olan hər kəs (bütün məxluqat) Allahı təqdis edər. Elə bir şey yoxdur ki, Allaha tərif deyib Ona şükr etməsin, lakin siz onların (dilini bilmədiyimiz üçün) təqdisini anlamazsınız” (əl-İsra surəsi, 44). Yəni O necədirsə, o hal üzərə və Ondan olan hər şeylə, Ona həmd və səna ilə Onu təsbih etməyən heç bir şey yoxdur. Eyni şeyin bu ayədə də buyurulduğunu görürük: “(Ya Rəsulum!) Məgər göylərdə və yerdə olanların (mələklərin, insanların, cinlərin), qanadlarını açıb (qatar-qatar) uçan quşların Allahı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi? Allah onların  hər birinin duasını, şükr-sənasını (yaxud onların hər biri öz duasını, şükr-sənasını) bilir.” (ən-Nur surəsi, 41) Hər bir varlıq öz duasına əhəmiyyət verməkdə, onda qərarlı və davamlı olmaqdadır.
Bu ayə ilə Allah-təala Həzrəti Peyğəmbərə (s) xitab etdi. Onu kainatın (külli) təsbihinə şahid elədi. Çünki o, bu təsbihi görmüşdü. Peyğəmbərə (s) “Görmədinmi..?” dedi və bizə “Görmədinizmi?” demədi. Bunun səbəbi belədir. Çünki biz kainatın (külli) təsbihini görmədik, ona, sadəcə, inandıq. Məhəmməd Mustafa (s) isə onu açıq-aşkar görmüşdü. Eyni şəkildə Allah, Peyğəmbərimizi (s) hər şeyin səcdə halında olduğuna şahid etdi və ona belə buyurdu: “Məgər göylərdə və yerdə olanların, Günəşin, Ayın və ulduzların, dağların, ağacların və heyvanların, insanların bir çoxunun (möminlərin) Allaha səcdə etdiyini görmürsənmi?” (əl-Həcc surəsi, 18). Diqqət edilərsə, Allah heç bir varlığı kənarda saxlamamış, göylərdəki və yerdəki varlıqların hamısını- ülvi aləmi də, sufi aləmini də zikr etmişdir. Hər bir varlığın, sadəcə, Allaha səcdə etdiyinə Peyğəmbəri (s) şahid tutmuşdur. Bunun üçün bu səcdə işinə Allahın şahid elədiyi və bu səcdə işini görən hər kəs bu xitabın həmsöhbəti durumundadır. Bu, fitri və zatı bir təsbihdir ki, o yalnız şahidlərdə təcəlli edər. Bax, o zaman Allahı sevərlər. Onu təsbih edər,  Ona həmd və sənada olarlar. Bunları heç bir məcburiyyət olmadan, zatı bir zərurət olaraq edərlər. Bu, zatı bir ibadətdir ki, Allah o şəxsləri Özünə aid olan haqq qazandırmaq hökmüylə o ibadətin içində yerləşdirmişdir.
Kəşf əhli haqqında da eyni şeyi söyləmişdir. İnsanların çoxu, yəni ağıl sahibi olan hər insan buna həmsöhbətdir. “Məgər onlar Allahın yaratdığı hər hansı bir şeyə baxıb görmürlərmi ki, kölgələri Allaha acizanə surətdə səcdə edərək sağa-sola əyilir?!” (ən-Nur surəsi, 48). Bax, gözlə görünə bilən ən gözəl nemət budur. Sonra kölgələrin də bu şəkildə sağa və sola uzanmasının da Onun Cəlalı qarşısında bir sayğı və kiçiklik işarəsi olaraq Allaha səcdə halı olduğunu, yenə Allah xəbər verməkdədir bizə. Bu səbəbdən, “onlar əsla təkəbbür göstərməzlər və daim Ona boyun əyərlər”, demişdir. Beləcə, boyun əyərək Allaha səcdə etsinlər deyə, Allah onları ağılla xarakterizə etmişdir. Bu ayənin davamındakı ayə isə bu ayənin tamamlayıcısı şəklindədir: “Göylərdə və yerdə olan bütün canlılar və mələklər Allaha səcdə edərlər” (ən-Nur surəsi, 49).
Canlılar, yəni yer üzündə yaşayan, yeriyən və sürünən varlıqlar və göy əhli, bundan başqa nə yerdə, nə də göydə olan mələklərdən söz açılır. Sonra ayə bu şəkildə bitir: “Onlar əsla təkəbbür göstərməzlər” (ən-Nəhl surəsi, 49). Sonra Allah onları xarakterizə edir: “Onlar öz (başlarının) üstündə olan Rəbbindən qorxar və özlərinə buyurulanları edərlər!” (ən-Nəhl surəsi, 50). Allah onlara “qorxmaq” keyfiyyətini yükləməkdədir. Beləliklə, onların kimə səcdə etdiklərini bizə göstərmək üçün istəmişdir. Daha sonra Allah yenə onları “Ona itaət etmiş” və “onlara əmr edilənləri edənlər” şəklində tərif edər. Sonra da “Allahın onlara buyurduğuna qarşı çıxmazlar və əmr edildikləri şeyi edərlər” (ət-Təhrim surəsi, 6) buyurulur. Bir başqa ayədə isə belə buyurulur: “...Rəbbinin dərgahında olanlar (mələklər) gecə-gündüz usanmadan Onu təqdis edib, şəninə təriflər deyərlər” (Fussilət surəsi, 38), yəni heç zaman bezikməzlər.
Bütün bunlar göstərir ki, bütövlükdə kainat şühud və ibadət məqamındadır. Ancaq düşüncə qabiliyyəti olan varlıqların vəziyyəti fərqlidir. Bu varlıqlar danışmaq qabiliyyətinə malik olan insanlar və cinlərdir. Bunların vücud durumları baxımından deyil, ruhi vəziyyətləri ilə bağlı özünəməxsusluqları var. Çünki bunların şəkilləri də Allahı təsbih etmə və Ona səcdə etmədə, kainatdakı o biri varlıqların şəkilləri kimidir. Bədənin bütün əzaları Onun təsbihini dilə gətirir... Görmürsənmi, nəfslərinə məğlub olmuş kəslər qiyamət günündə dəriləri, əlləri, ayaqları, dilləri, qulaqları, gözləri və o biri dünyadakı əzalarıyla şahidlik edəcəklər. “... Hökm isə uca, böyük olan Allahındır!” (əl-Mumin surəsi” 12).
Deməli, bütün bunlar Allahın özü üçün bizə göstərdiyi sevginin hökmüdür. Elə isə kim Ona sədaqətli olarsa, Allah o kəsləri mükafatlandırar. Kimsə sədaqətsizlik etsə, onu cəzalandırar. Bu baxımdan Allah Özünü sevər, Özünün ucaldılmasını və Özünə həmdü səna edilməsini sevər.
Allahın bizim üçün duyduğu sevgiyə gəlincə, şübhəsiz, Allah onu bizə həm bu dünyadakı, həm də axirətdəki yaxşılığımız üçün tanıtmışdır. Özünü tanıyıb bilməyimiz və Ondan bixəbər qalmamağımız üçün Özünü tanıtdıracaq dəlilləri bizə göstərmişdir. Xüsusilə, Onu tanıdıqdan sonra və içində gəzdiyimiz, sahib olduğumuz hər nemətin ancaq Onun neməti olduğu və ancaq Ona məxsus olması barədə əlimizdə dəlillər var ikən, ifrata varmamağımıza rəğmən, O bizə ruzi verməkdə və bizi nemətlərə qərq etməkdədir. Bundan əlavə, o nemətlər içərisində yaşayaq, daim rahatlıq içərisində olaq deyə, ancaq bizim üçün yaradılmışdır. Bu tükənməz nemətə görə şükr etmədik. Lakin ağıl nemət verənə şükr etməyi gərəkli sayır. Həmçinin bilirik ki, Allahdan başqa ehsan edəcək başqası yoxdur.

Çevirəni, Rəsul Mirhəşimli

понедельник, 28 января 2013 г.

Ürəyin təmiz olması nədir?


Rəsul Mirhəşimli

  • Tez-tez bu sözləri eşidirik. “İbadət etmədiyinə baxmayın, ürəyi təmizidir.” Bu məsələdə bir qədər də ifrata gedənlər var. Hətta, içməyinə baxmayın, ürəyi təmizdir, deyənlər də olur. Doğurdanmı, ürəyin təmizliyi ibadətdən aralı durmaq üçün yetərlidir? Bunu araşdırmadan öncə ürək, onun təmizliyi və funksiyası barədə məsələyə diqqət yetirək.

Ürək - ürək əzələsi olaraq bilinən xüsusi bir tip cizgili əzələdən meydana gəlmiş özbaşına sıxılma xüsusiyyətinə sahib qüvvətli bir nasosdur.
Maddələr mübadiləsi fəaliyyətləri nəticəsində ibarət olan artıq məhsulların da bədəndən uzaqlaşdırılması, bədən istiliyinin təşkil edilməsi, turşu-əsas tarazlığının qorunması, hormonlar və fermentlərin bədənin lazımlı bölgələrinə daşınması lazımdır. Bütün bu əməliyyatları ürək və damarlardan ibarət olan qan dövranı sistemi yerinə yetirir.
Ürək və qəlb fərqli anlayışlardır
Məlumatlardan da göründüyü kimi, ürək daha çox orqanizmi qanla təmin edən bədən üzvü kimi fəaliyyət göstərir. Bir məsələyə də diqqət çəkmək gərəklidir ki, qan məsələsinə İslam dininin hökmü birmənalıdır. Allah-Təala Qurani-Kərimdə buyurur: “O (Allah) sizə ölmüş heyvanı, qanı, donuz ətini və Allahdan başqasının adı ilə (bütlərin və s. adı ilə) kəsilənləri (yeməyi) qəti haram etmişdir” (Bəqərə surəsi, ayə 173). Deməli, haram olan bir maddə ilə təchiz olunmuş orqanın dayandığı yerdə təmiz olması mümkün deyil.
Gerçək olan “təmizlik” anlayışı ürəyə deyil, qəlbə aid edilir. Qəlb ürəkdə olan bir güc, qüvvətdir. Ürək heyvanda da olur, qəlb isə yalnız insana məxsusdur. Bədəndəki bütün əzalar qəlbin əmrindədir. İnanmaq, sevmək, qorxmaq qəlbə aid xüsusiyyyətlərdir.
Yalnız ibadət yetərli deyil
İndi keçək əsas məsələyə. Yəni ibadətsiz qəlb təmiz ola bilərmi? Onu qeyd etmək yerinə düşər ki, yalnız ibadət etmək mömin üçün yetərli anlayış deyil. Quranda möminlik anlayışı iki cür anlaşılır. Biri özünü mömin sayanlar- buna möminlik iddiasında olanlar da deyilir. O biri isə Allahın mömin olaraq qərar verdiklərirdir. Allah-Təalanın mömin saydığı anlayış çox mürəkkəb və çətindir. “İman əməllə etiqadın vəhdəti, islamı qəbul etmək isə yalnız zahihi əməl deməkdir.” Quranın Hucurat surəsinin 14-cü ayəsində buyurulan bu hökm üzrə mömin olmaq çox çətindir. Möminlik ibadəti kamil, əməli saleh insanlarda aşkara çıxır. Allahın görmək istədiyi möminlik kateqoriyası bu anlayışlar üzrə meydana gəlir. Yalnız ibadət edib, yaxşı əməli arxa plana keçirənlər isə sadəcə, abid- ibadət edəndir.
Bir daha qayıdaq qəlb təmiz olarsa, ibadətə ehtiyac yoxdur, deyənlərin iddiasına. Allah ibadəti müsəlmanlara əmr olaraq buyurub. İman isə Allahdan gələnlərin tərəddüdsüz qəbul edilməsidir. Əgər bir müsəlman “qəlbim təmizdir, ibadətə ehtiyac görmürəm” iddiasına düşərsə, təkəbbür göstərmiş olur. İslam dininin hökmünə görə, bu iddia təkəbbür göstərmək anlamına gəlir. Təkəbbürlü olanları isə Allah sevməz. Qəlbin təmiz olmasında məqsəd Allahın sevgisini qazanmaqdırsa, təkəbbür və sevgi bir araya sığmır. Allahın da müsəlmanlara əmr etdiyi ibadət müəyyən yaş dövrünə bağlı olaraq ortaya çıxır. Yəni ibadət etmək, yetkinlik yaşına çatan hər bir müsəlmanın borcudur.
Allahın əmrləri mütləq yerinə yetirilməlidir
Allah-Təalanın əmrlərini yerinə yetirməmək qəlbin korlanmış olmasındandır. Qəlbin korlanması isə dinə tam inanmamaqdır. İslamın beş şərti, yəni müsəlman olmağın qaydalarını şərtləndirən amillər Allaha və Peyğəmbərinə (s) inanmağın göstəricisi ilə ortaya çıxır, namaz, oruc, zəkat və həcc kimi ibadətlərlə təsnif olunur. Bu ibadətlərin arasında zəkat vermək və həccə getmək müsəlmanın maddi imkanlarına bağlı əməldir. Namaz qılmaq və oruc tutmaq kimi ibadətlər isə sağlam və ağlı başında olan hər bir müsəlmana vacibdir. Allahın verdiyi əmrlər isə sorğu-suala çəkilməz. Əgər kimsə bu cür yersiz iddiaya düşərsə, Allaha üsyan etmiş olar. Allaha üsyan etmənin isə cəzasını Allah göstərməsin!
İmanın əlaməti dinin əmrlərini sevə-sevə yerinə yetirməkdir. Namaz qılmayıb günah edən, mənim qəlbim təmizdir, sən qəlbə fikri ver, ibadət deyil, deməsi cahillik əlamətidir. Sevgi olmayan qəlb isə ölüdür. Qəlbdə yer alan sevgilər də fərqlidir. İnsan qəlbi dünya sevgisinə də aludə ola bilər, Allah sevgisi ilə də dolar. Allahı anaraq ibadət eləməklə, qəlbdən dünya sevgisini çıxaranda qəlb təmiz olar. Çünki dünya və onun nemətləri keçici şeydir. Böyük irfan şairi Yunus Əmrənin də yazdığı kimi, “dünya dedikləri bir kölgəlikdir.” İnsan bu kölgəlik adlanan dünyaya bir anlıq yaşamaq üçün gəlir, “axirətin tarlası” sayılan dünyada Qiyamət günü hesabı soruşulacaq əməlləri işlətmək üçün müvəqqəti yaşayır.
İbadətdə vaxt anlayışı
İbadət etməklə bağlı irəli sürülən bəhanələrdən biri isə vaxtın olmaması ilə bağlı olur. İnsan bir sutkanın içində müəyyən olunan vaxtda 5 dəfə namaz qılmağa vaxt tapa bilmirsə, bu deyilənlər bəhanədən başqa bir şey deyil. Əgər insan günün hər hansı hissəsində, ən azından 3 dəfə yemək yeməyə vaxt tapa bilirsə, demək ibadət üçün də vaxt ayırmaq mümkün olar. Qida bədənin ehtiyaclarını ödəmək üçün yararlıdırsa, namaz və digər ibadətlər də ruhun ehtiyacları üçündür. Ruhun ehtiyaclarını ödəmək istəməyən insan ilk növbədə nəfsinə uymuş olur. Ruhsuz bədənin varlığı isə nə həmin insana, nə də başqalarına fayda verər.
İbadətə vaxt ayırmanın hikməti barədə Hz. Peyğəmbər (s) dövründə yaşanmış bir hadisə, zənnimizcə, ibrətli olar. Bədr zavaşı zamanı namazın vaxtı başlamış, lakin namaz qılmaq üçün heç bir imkan yox idi. Namaz qılmağa məşğul olacaqlarsa, düşmən tərəf bundan istifadə edib hücuma keçəcəkdi. Müşrik ordusuna məğlub olmamaq, eləcə də namazı da keçirməmək üçün Məhəmməd Peyğəmbər (s) belə bir üsuldan istifadə etdi. Qoşunu iki hissəyə böldü, bir hissə onun imamlığı ilə namaz qıldı, o biri qism isə müdafiə olundu. Sonra namaz qılan hissə müdafiə tərəfi ilə yerini dəyişdi. Beləliklə, bütün islam qoşunu həm ibadətini yerinə yetirdi, həm də döyüşdən qələbə ilə çıxdı.
Deməli, ibadət Allahın əmri olmaqla yanaşı, həm də nəfs üzərində mübarizədir. Nəfsə məğlub olmayan insanın qəlbi də təmiz olur. Nəfsinə qalib gələn insanın mükafatını isə Allah-Təala sevə-sevə verər, inşəallah!

O şeirlər qəlbimizin qar təravəti...


Rəsul Mirhəşimli

  • Bu yazını bəlkə də çoxdan yazmalıydım. Deyək, Vaqif bəyin 50 illik yubileyində, ad günündə və ya elə ötən illərin birində. Açığı, bu barədə çox götür-qoy eləyib, sonda hər şeyi kənara buraxmalı olmuşam. Tənbəllikdən deyil, bambaşqa olub səbəb. Vaqif Bayatlı Odər bir millətin Ruhunun şairidi. Biz onun şeirlərində duyğularımızın pöhrələrini cücərtmişik. Fikirləşmişəm, bu şeirlər barədə nə yazsam, onlardan aldığım feyzin milyonda birini də ifadə edə bilməyəcəm. İndi yazdığım yazıda təkcə mənim duyğularım deyil, bu yazının yazılmasını bəlkə məndən daha çox istəyən dostlarımın arzuları da var. Beləliklə…


  •                                                          

  •                                                             ***

«Məhəmməd Mustafa zamanında Bayat elində» Vaqif Bayatlı Odər «derlər bir ər qopdu.» O qopanda bizlər yoxduq. Altaylardan dördnala çapan Türk atları vardı. O atların bağrını yağır edən Türk igidləri vardı kəhər atların belində. Vaqif Bayatlı nuru Odər ruhuna doğru atını səyridirdi. Çapırdı ki, təntimiş atların yəhəri belindən alınmamış, bizə Peyğəmbərin (s) bu müjdəsini çatdırsın: «Türkləri sevin, onların hakimiyyəti uzun sürəcək.» Bu müjdə öncə Kaşğarlı Mahmudun qulağına pıçıldandı Vaqif Baytlının nurundan. O pıçıltı yazıya köçdü, Türk dilinin Divanını yaratdı. Türkü bəyənməyən millətlərə əzəmətli dil dərsi verildi. Bu dərs verilə-verilə bu günümüzə qədər gəlib çatdı.
Sonra iman üzərinə açılan savaşa sinəsini sipər edən Məmlük hökmdarı Bəybarsın qılıncına təpər oldu. Yorğun düşmüş istila savaşçılarını susuz səhrada qarşılayıb canına vəlvələ salan şair ruhundan enən şücaətdi. Bu şücaət yenidən Yer üzünü yaşıla boyadı. Türk ruhuna yamyaşıl bir ahəng qatdı.

Özündən əvvəl işığını Allaha əmanət edən Yıldırım Bəyazidin gözlərində nura döndü. Bu böyük Sultan şair ruhundan süzülüb gələn işıqla qəlbini nurlandırdı. Bəyazid dünyaya qəlbinin gözü ilə baxdı.
Odər nuru Yavuz Sultan Səlimlə birgə Məkkənin ikinci fəthinə doğru yürüdü. O nur öpdü müqəddəs torpaqları, o torpaqlar da Peyğəmbər (s) ayağını öpürmüş kimi oxşadı bu fəthi gerçəkləşdirən igidləri.
Bir zərbə ilə topu ikiyə bölən Şah İsmayıl qılıncına qüvvət oldu. Qılınca uzandıqca o əllər ərazimiz genişləndi. Düşmən bağrını yaran əzəmətli Azərbaycan dövləti quruldu.

O nurun təcəllası əsrlərdən-əsrlərə haqqı bayraq edən kəslərə yoldaş oldu.
                                                    ***

Vaqif Bayatlı Ruhdan düşmüş şairdi. Vaqif bəy Adəmin ruhundan düşüb. Allah Adəmi yaradanda Öz ruhundan ona üfürdüyü kimi, Vaqif bəyin də qəlbinə üfürülüb bu ruhdan. Adəmin yer üzünə göndərilməsi ilə o ruhun bir parçası da Vaqif bəyin qismətinə yazılıb. Bəlkə bu iki təsvir birgə çəkilib. O Nəqqaş bu iki gözəl təsviri çəkəndən sonra «Səni yaradan Xaliqə əhsən» deyib və qələmi sındırıb bir kənara atıb. Çünki bundan kamil təsvir yaratmaq istəməzdi.
Gün gəlib Vaqif Bayatlı Odər ruhu bir mələk qiyafəsində Peyğəmbərin (s) meracına tamaşa edib. «Allah və mələkləri dua et»dikcə, qoşulub o ahəngə şair də dua edib.

Bu dağları bir zamanlar
göy üzünün son qatından
aşağıya çəkdiyintək
Tanrım, o Ruhunuru,
o İlahinur elçisin
bir daha görmək üçün
bu göyü də aşağı çək.

Bu rüh bir qasidə dönüb insanlara müjdə gətirib öz duası ilə. Nə yaxşı ki, Sən varsan, nə yaxşı ki, bu ilahi müjdələri bizə yetirən şeirlər var. Yoxsa, dünyanın bir ləzzəti qalmazdı. Elə fani olduğu kimi də qalardı bu dünya.

                                                               ***

Həzrəti Əli (ə) buyurur ki, «Siz məndən yerlərin deyil, göylərin yollarını soruşun. Çünki mən göylərin yolunu yerlərdən daha yaxşı bilirəm.» Vaqif bəy də göylərin şairdi. O göy üzünü ibadət yeri sayır. Bu ibadət yerinə «göy üzündə diz çöküb alın qoymağa Möhürdaşıtək Yerüzünü» yaratmış Tanrını vəsf edir. Bu tərif sətirlərdə o qədər gözəl ahəngə bürünüb ki, ilahi kitabların necə endirildiyini, göy üzündə dayanıb yerə səcdəyə gedənlərin dilindən çıxan təkbir səslərini elə bil gözünlə görür, qulağınla eşidirsən. Amma bizdən fərqli olaraq Vaqif bəy bütün bunları qəlbinin gözü ilə görür.
                                                  ***

Vaqif Bayatlı Odər şeirlərinin özəlliyi ondadı ki, bu sətirlərdə dərd yoxdu, ümid var. Hara baxsan, yenə o ilahi məntiqin işığının bu sətirlərə hopduğunu görəcəksən. «Allahdan ümid kəsilməz!» Bu Qarabağdan yazılan şeirlərdə daha güclüdü. Ümidin nuruna bürünmüş şeirlər gələcəyə inamı təlqin edir. Bu şeirlər milləti şəhidliyə səsləyir. Şəhidlər ölmür, Allah qatında diridirlər onlar. Bu hikməti diri olanlar anlayar. Yoxsa, ölülər hardan bilsin, şəhid olub diri qalmağın təntənəsi nədir? Vaqif Bayatlı Odər millətin şəhidliyini süsləyən, bəzəyən Nurdu. O Nurun bizlərə təlqin etdiyi nəvaziş budu: Allah varsa, demək ölüm yoxdu, ölümsüzlük var. Ölümsüzlüyün dərki, insanın haldan hala, şəkildən şəkilə dəyişməyinin məntiqini bu şeirlər aydınlaşdırır bizə. Qarabağ dərdimizə bu şeirlərin aynasında baxanda alışan ruhumuza səpilən bir qətrə suya bənzəmir onlar. Bəlkə bir az alovlandıran torpaq sevgisinə dönür. Ruhumuzun atəşi bütün Vətən torpağını sarmadıqca o yerlərdən bizə haray yoxdu. Ruhumuzun atəşi o yerləri isidə bilsə, içimizdən gələn nəfəsimiz də isidəcək o yerləri. O zaman, Şuşaya, Qarabağa «gəlirik» deyə biləcyəik. Bu gəlişə də Vaqif bəyin şeirləri bələdçi olacaq.
Qanadlan, qalx, gəlirəm,
göyün bağlı, göy oluram,
sənə canımdan qəmi kəm,
yarı dəniz, yarı şüşə
güllə gəlirəm,
göy dərirəm, zalım Şuşa.

                                                       ***

Ergenekon divarlarının o üzündən bir Boz Qurd ulartısı Türkü nə qədər xilasa səsləyirsə, Vaqif bəyin şeirləri də bizi o qədər xilasa səsləyir. Dərdlərimzdən xilas olmağa, köləlikdən, nəfsimizdən, bu dünyadan xilas olmağa çağırır. Şair bizləri göy üzünə çağırır. Türkün ilk olaraq üzünü ucalıqlara tutub dua etdiyi yerdi göy üzü. Tərtəmiz göy üzündə dualarımızın naxışları ilməni ilməyə calayır. Vaqif bəyin şeirləri də tərtəmizdi - Göy üzütək. Göy üzünü Türkün duaları təmizlədikcə, o şeirləri də şairin qəlbi təmizləyib.
Şair saçına hopan o bəyazlara baxdıqca şeirlərinin birində o saçları ağardan ahları yadıma düşür. Amma hərdən mən o saçlarda bəyaz qar hərarəti duyuram. Yəqin şaxta vurmuş insan üzünü qarla ovub necə hərarət verdiynin çoxları bilir. Vaqif bəy bizim şaxtadan sırsıra bağlamış qəlbimizə hərarət gətirən qar təravətidi.


                                                           ***
Ədəbiyyat sözünə alimlərin çoxu müxtəlif cür təriflər verib. Həyat həqiqətlərini bədii təsvir vasitəsilə qələmə almaq və s. Amma bu sözün həqiqi üzündə ədəb sözünün cəm şəkli dayanır. Əgər bir kimsənin ədəbi yoxdursa, demək, ədəbiyyata dəxli də yoxdur onun. Bunu son dövrlərin yazılarına pərçim edilmiş nalayiq, çirkin, ədəbsiz insanların cızmaqaraları daha da korlayır. Vaqif Bayatlı Odər şəxsiyyəti və yaradıcılığıgöz önünə gələndə ilk növbədə ədəbli insan obrazı canlanır insan təsəvvüründə. Bu,Vaqif bəyin gerçək ədəbiyyat adamı olduğunun ən gözəl nümunəsidi.
                                                              ***

Bir neçə ilə qabaq Vaqif bəyi Fəvvarələr Bağında skamyada əyləşmiş gördüm. Yaxınlaşıb salam vermək istədim. Amma gördüm ki, Vaqif bəy elə ordaca qəlbindən süzülüb gələn hansısa şeirini kağıza köçürür. Fikrimdən daşındım. Vaqif bəyə salam verib, onunla bir neçə kəlmə kəsib ovqatımı şad elədikcə, şairin o zaman dilə gələn həmin şeirini korlamış olacaqdım. Üzümü çevirib getdim ki, Vaqif bəyə mane olmayım. Hər dəfə Vaqif bəylə görüşəndə hər görüşün öz salamını vermişəm ona. Amma həmin günün salamı o şeirə qurban verildiyi üçün qalır hələ. Bunun üçün isə ayrıca görüşə bəlkə də ehtiyac yoxmuş. O zaman yanından keçdiyim Vaqif bəyə indi deyirəm: Salamunəleykum!
"Azadlıq" qəzeti, 3 iyul, 2008

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...