пятница, 25 января 2013 г.

Nobel Mükafatı alan ilk müsəlman


Rəsul Mirhəşimli

Avropanın nüfuzlu elmi konfranslarının birində mühazirə edən alim qəfildən çıxışını saxlayır. Salondakılara müraciətlə, onlardan iyirmi dəqiqəliyə izacə istəyib, səccadəsini tribunanın yanına sərdi və namazını qılmağa başlayır. Namazı bitirib çıxışına davam edərkən alim bu sözləri söyləyir: “Mən Allaha ibadətdən bir dəqiqə də geri qalmaram.” Bu mövqeyin sahibi Nobel Mükafatını alan ilk müsəlman alim Əbdüs-Səlamdır.


Allahın buyurduğu kimi, iman əməllə etiqadın vəhdətidir. Bu böyük alim də həyatını bu hikmət üzərində qurmuş və əməli ilə İslam dininə necə xidmət etməyin yollarını göstərmişdir. Dinimiz “alimin mürəkkəbini şəhid qanından üstün” tutan İslamdır. Bu hədisin hikmətinə varsaq, onun dəyərini daha dərindən anlamış olarıq. Şəhid Vətəni, əqidəsi və ya dini yolunda canından keçən insandır. Bu insanların şəhidliyi ilə dövlətlər müstəqilliyinə qovuşur, ərazilər düşmən tapdağından qorunur, din basqılardan və hücumlardan azad olur. Bu azad olmuş məmləkətlərdə insanın elmi olmadıqca, onun vətəndaşlarının dəyəri də azalır. Dövlətə ən böyük kapital cəlb edəcək, onun inkişafını təmin edəcək vasitə elmdir. Əbdüs-Səlam da bu prinsiplərin müdafiəçisi olmuş, müsəlman ölkələrinin tərəqqisini müasir elmlərə yiyələnməkdə görürdü.


Əbüs-Səlamın aldığı mükafatların siyahısını yazası olsaq, onda gərək yazının böyük hissəsini buna həsr edək. Təkcə onu qeyd etmək mümkündür ki, alim beynəlxalq nüfuzu olan mükafatların əksəriyyətini alıb. Nəzəri fizika sahəsində inanılmaz nailiyyətlərə sahib çıxmış, zəif sahə nəzəriyyəsini kəşf etmiş və buna görə də Nobel Mükafatını alan alimin bir fikri çox maraqlıdır. Əbdüs-Səlam yazır ki, zərrəciklərin ən kiçiyinə doğru yaxınlaşdıqca, Allahın böyüklüyünü daha çox dərk edirdi. Bu da Allahın hikmətlərindədir. Çünki özündən razılıq, təkəbbür və bu kimi Allahın sevmədiyi xüsusiyyətlərə malik olan şəxslər Allahın böyüklüyünü dərk edə bilməzlər. Böyük alman filosofu, ekzistensialzm nəzəriyyəsinin ən böyük nümayəndələrindən biri Karl Yaspers yazır: “Yalnız azad insan Allahı dərk edə bilər.” Kiçik zərrəciklərə doğru gedən insan özünün də bu cür kiçik zərrələrdən təşkil olunduğunu dərk etdikcə, Yaradanın onu nə gözəl biçimdə yaratdığının hikmətini anlayır və o böyük qüdrət sahibinin varlığı önündə səcdəyə varır.


***


Əbdüs-Səlam 1926-cı ildə Britaniya Hindistanının Cəng adlı şəhərində (indiki Pakistan ərazisində) ziyalı və mömin ailəsində anadan olub.


14 yaşında o ən yüksək göstəricilərlə Pəncab universitetinin Hökumət kollecində oxumaq üçün təqaüd almış və 1946-cı ildə oranı bitirib.


Həmin ildə Əbdüs-Səlam Kembricdə, St. John’s Kollecinə daxil olub və 1949-cu ildə həm riyaziyyat, həm də fizika üzrə birinci olmaqla fərqlənmə diplomu ilə bakalavr dərəcəsi alıb. 1950-ci ildə fizika üzrə möhtəşəm tədqiqat işinə (pre-doctoral) görə o Kembric universiteti tərəfindən mötəbər Smit mükafatına layiq görülüb. 1951-ci ildə o, Kembrcdə kvant elektrodinamikası üzrə fundamental tədqiqatlara görə nəzəri fizika üzrə alimlik dərəcəsi alıb.


O, 1957-ci ildən Londondakı İmperial Kollecinin nəzəri fizika kafedarsının professoru və 1964-cü ildən eyni zamanda Triestdəki İCTP-nin direktoru vəzifəsində çalışıb. 40 ildən artıq dövrdə o, elemantar zərrəciklər fizikasının nəzəri problemləri üzrə intensiv tədqiqatlar aparıb. Əbdüs-Səlam bu sahələrdə ya ilk iş görmüş, ya da öz böyük ideyaları ilə bir çox əhəmiyyətli araşdırmaların inkişafı üçün münbit şərait yaradıb.


1960-cı illərin əvvəllərindən Əbdüs-Səlam Pakistanın Atom Tədqiqatları Agentliyinin – Atom Enerji Komissiyasının (PAEC) yaradılması uğrunda böyük işlər görüb. O, həmçinin Pakistan prezidenti Əyyub xanı inandıra bilmişdi ki, ölkədə milli aerokosmik agentlik yaratmaq lazımdır və 16 sentyabr 1961-ci il tarixli sərəncam ilə Kosmik və Yuxarı Atmosfer Tədqiqatlar Komissiyası (SUPARCO) yaradılıb. O bu Komissiyanın ilk sədri təyin edilib.


Əbdüs-Səlam Nobel Mükafatını 1979-cu ildə alır. Alim bu mükafatın öz payına düşən hissəsindən bir penni belə özünə və ya ailəsinə xərcləməmiş, bütün pulları inkişaf edən ölkələrdən olan fiziklərin ehtiyaclarının ödənilməsinə sərf edir.Əbdüs-Səlam 1996-cı ildə Oksford şəhərində vəfat edib.


Alimin yaxın dostu, 1972-1991-ci illərdə Pakistan AES-in sədri olmuş məşhur nüvə mühəndisi Münir Əhməd xan Əbdüs-Səlam haqqında belə yazır: “Hətta, biz pakistanlılar Dr.Səlama qarşı laqeyd olsaq belə, dünya onu daim yad edəcəkdir.”



***


Əbdüs-Səlam İslam dininə inanan, həm də onu həyatında tətbiq edən insan olduğunu özü qeyd edir. Alim Quranın ruhi-dəvətinə inanır. Alim “İdeallar və gerçəklər” adlı əsərində belə yazır: “Elm adamı kimi Quran mənimlə kainatdan, fizikadan, biologiyadan və təbiətdən çəkilən misallarla, təbiət qanunları üzərində ilahi möcüzələrin bütün insanlara xitab edən dəlillər olduğunu göstərərək danışır”. Alim bu fikrini Quran hikməti ilə əsaslandırır. Allah-Təala Qurani-Kərimdə buyurur: “Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində (bir-birinin ardınca gəlib-getməsində) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən açıq) dəlillər vardır” (Ali-İmran surəsi, ayə 190).


Quranın yeddi yüz əlli ayəsi-təxminən səkkizdə biri- inananları təbiəti araşdırmağa, həqiqət axtarışında ağıllarını ən yaxşı şəkildə istifadə etməyə, bilik əldə etməni və elmi düşüncəni ictimai həyatın bir parçası halına gətirməyə sövq edir. İslam Peyğəmbəri Həzrət Məhəmməd (s) bilik və elm axtarışının, hər bir müsəlmanın vəzifəsi olduğunu xüsusilə qeyd edir.


Əbdüs-Səlam elmə yiyələnmənin hələ Peyğəmbər (s) dövründən başladığını, mütərəqqi araşdırma institutları quraraq elm sahələrində müsəlmanların 350 il davam edən inkişafını xüsusu olaraq önə çəkir. Mədinədə qurulan Beytül-Hikmətlər insanlara elm öyrətmənin ilk məktəbləri olmuşdu.


Əbdüs-Səlam hesab edir ki, İslamda elmin qızıl dövrü orta əsr alimlərinin sonuncularından olan İbn Sinanın və onun müasiri, eyni zamanda yeni əsrin birincilərindən olan İbn Heysəm ilə əl-Biruninin dövründə yaşanıb.


Bu böyük alim sonralar İslam dünyasında elmin geriləməsinin səbəblərini də göstərir və müasir dövrümüzdə yeni elmi nailiyyətlərə sahib olmağın yollarını da göstərir. Buna misal olaraq, Yaponiyada Meiji inqilabında İmperatorun biliyin harda olursa-olsun, tapılıb əldə ediləcəyi barədə and içməsi ilə həyata keçirildiyini xatırladır. Bundan əlavə, alim 1945-ci ildə ağır müharibədən çıxıb, bütövlükdə iqtisadiyyatı çökmüş SSRİ-də Stalinin heç kimlə məsləhətləşmədən Elmlər Akademiyasında çalışan bütün elm adamlarının və texniki işçilərin maaşını 300% məbləğində artırmasını da misal olaraq göstərir.Əbdüs-Səlam İslam ölkələri arasında elmi əməkdaşlıq qurmağın gərəkli olduğunu deyir. Elmi fəaliyyətin beynəlmiləl elmdən təcrid olunduğunu gerilmənin səbəblərini kimi göstərən alim müsəlman ölkələrində araşdırma mərkəzlərinin vacibliyini bildirir.Əbdüs-Səlam niyə bu cür istək və həvəslə elmlə məşğul olmağımızın vacibliyini qeyd etdiyinin səbəblərini açıqlayarkən, bunun sadəcə, Allahın bizə öyrənmə ehtiyacını və haqqını verdiyi üçün əsaslandırmır, həmçinin günümüzün şərtləri daxilində bunun həyata keçirilməsinin gərəkli olduğunu vurğulayır. Quranın çağırışlarının çoxunun elmə təşviq üzərində qurulduğunu dərk edən Əbdüs-Səlam çox yaxşı bildiyini qeyd edir ki, Quran onun elmdə hər zaman hiss etdiyi əzəli hikmətdən danışır: “Əgər yer üzündəki bütün ağaclar qələm, dərya da arxasından yeddi dərya qatılaraq (mürəkkəb) olsaydı, yenə də Allahın sözləri (yazmaqla) tükənməzdi. Həqiqətən, Allah yenilməz qüdrət, hikmət sahibidir!” (Loğman surəsi, ayə 27) 

Комментариев нет:

Отправить комментарий

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...