понедельник, 28 января 2013 г.

“Bu nə məzhəbdir, dindən içəri”


Rəsul Mirhəşimli

Ölüm adlı əmri hər canlı dadacaqsa, dirilərin ölülərdən istədiyi nədir onda?
Ölümü bütün yaradılmışlar dadacaq. Bu əmrdən çıxa biləcək, kimsə yoxdur bu dünyada. Hər birimizin şahid olduğumuz yas mərasimlərində dünyadan köçəni hüznlə yad etdiyimiz kimi, yas sahibinin də halına acıyırıq. Dünyadan köçən insanın yuyulmasından tutmuş, dəfn mərasimi və sonra davam edən məclislər insanları iqtisadi sıxıntılara salır. Bu məsələnin yaratdığı problemləri sadalamazdan öncə, müsəlman ölkələrində yas mərasimlərin necə keçiriləmsinə diqqət edək.

Müsəlman ölkələrində yas mərasimləri
Qardaş Türkiyədə yas mərasimləri bizdən köklü surətdə fərqlənir. Qəbirstanlıqda dünyadan köçmüş insanın dəfn edilməsi üçün yer təklif olunur. Bunun üçün isə heç bir maddi vəsait tələb olunmur. Əgər rəhmətə gedənin yaxınları təklif olunan qəbir yeri ilə razılaşmasalar, onda əlavə olaraq rüsum ödəməklə, başqa yer təklif edilir. Bu da qəbir yerinin yola bir qədər yaxın olan istiqamətləri üçün ödənlilir.
Türkiyədə dəfndən sonra xüsusi mərasimlər həyatdan getmiş insanın yaxınlarının evində təşkil olunur. Bu da bizdəki ehsan anlayışından xüsusilə fərqlənir. Başsağlığı verməyə gələn qonaqlara çay və halva təklif olunur. Məclisdə Quran-Kərim oxunur. Türkiyədə bu cür süfrələri açmaqda heç kəs sıxıntı çəkmir.
2007-ci ildə İrana səfərim zamanı bu ölkədə yas mərasimlərinin forması barədə maraqlanmışdım. Qəbir yerləri ilə bağlı məsələ demək olar ki, Türkiyədəki kimidir. Anası rəhmətə gedən bir nəfər mənimlə söhbətində bildirdi ki, onlara Tehranın “Behişti-Zəhra” qəbirstanlığındakı yer xeyli aralı olduğu üçün əlavə 100 dollar ödəməklə başqa qəbir yeri verilib. Bu vəsait kassaya ödənilir və çek verilir.
İranda yas mərsimləri məsciddə keçirilir. Bu mərasimlərin keçirilməsi üçün müvafiq vaxt təxminən zöhr namazından sonraya salınır və axşam namazına qədər davam edə bilər. Məclisdə Allah kəlamı oxunur, dini söhbətlər edilir, qonaqlara çay və xurma verilir. Bir qədər imkanlı adamlar məscidin qapısı ağzında xüsusu qablarda qoz da qoyurlar. Amma bu hal israfçılıq kimi tənqid olunur.
Səiudiyyə Ərəbistanında meyit qəbiristanlıqda dəfn olunduqdan sonra mərhumun yaxınlarına ordaca başsağlığı verilir və dağılışırlar. Sonradan heç vaxt mərhuma görə məclislər qurulmur.


Ölənlə ölmək olmaz, amma ölüb-dirilmək olar
Göründüyü kimi, Azərbaycanda olan yas mərasimləri və bu mərazimlərlə bağlı isarfçılıq və əyintilər heç bir müsəlman ölkəsində yoxdur.
Yas mərsimlərində insanların ilk üzləşdiyi problem ölünün yuyulmasındakı qiymətlə üzə çıxır. Bir neçə il əvvəl Bakıdakı məscidlərindən birində az qala mağazalardakı endirim kampaniyalarına oxşar bir şüara rast gəlmişdim. “Ölünün yuyulmasında ən aşağı qiymət!” Meyitin yuyulması Bakı şəhərində 40-50 manat arasında dəyişir. Əgər meyitin məscidə məxsus olan xüsusi avtomabildə daşınması da araya girərsə, onda qiymətlər bir qədər də artacaq.
Bizdə yas mərasimlərində ilk əyintilər qəbir yerlərindəki qiymətlərlə başlayır. Yas mərasimlərinin təşkili Bakı şəhəri ilə rayonlar arasında bir qədər fərq yaradır. Rayonların yersiz qiymət qaydalarından qaça biləcəyi bircə yer var - qəbir yerləri. Müsbət olan bircə cəhət budur ki, rayonlarda qəbir yerlərinə görə demək olar ki, pul ödəmək tələb olunmur. Ancaq əhali bu problemlə Bakıda daha ağır şəkildə rastlaşır. Qəbir yerlərinin verilməsi müvafiq icra hakimiyyətləri vasitəsilə həyata keçirilir. Bakının müxtəlif ərazilərindəki qəbirstanlıqlarında qiymət bir-birindən fərqlənir. Bakı qəbirstanlıqlarında bir yerin qiyməti təxminən 500 manatdan başlayır, bir çox yerlərdə qiymətlər 7-15 min manat arasında dəyişir. Hətta 30 min manata təklif olunan qəbir yerlərinə də rast gəlmək mümkündür.
Sumqayıt şəhərində bu qiymətlər nisbətən ucuzdur. Bu yaxınlarda qohumu rəhmətə gedən bir nəfərdən qəbirstanlıqdakı yerə görə nə qədər xərci çıxdığını soruşdum. Məlum oldu ki, rəhmətə getmiş bir yaxınların yanında yer olduğu üçün qəbir qazılması və digər xərclərə görə 180 manat pul ödəyib.


Qəbir daşları, yoxsa muzey eksponatı?
Qəbirstanlıqda yer almaqla problem həll olunmur. Qəbirüstü abidələrin qurulması da ayrıca xərclər siyahısına daxildir. Burda minimum qiymətlər 2 min manatdan başlayır, qəbirüstü abidlərin materialı və forması hər bir insanın zövqünə uyğun şəkildə dəyişdikcə qiymət də artır. Onu qeyd edtmək lazımdır ki, qəbirüstü abidələr məsələsində vətəndaşların özləri birbaşa günahkardırlar. Çünki dəbdəbəli qəbir daşları ilə dünyadan köçən insana hansısa yardım etmək mümkün deyil. Bundan əlavə, başdaşlarındakı şəkillər birbaşa İslam dininin ehkamları ilə ziddiyyət təşkil edir.
Ehsan sözü ərəbcədən gəlmə söz olaraq, gözəllik və yaxşılıq mənasını verir. Bu ad altında mal və pul israfı hər cür gözəllik və yaxşılıqlardan kənardı. Qəbir yerləri ilə birtəhər problemi həll edən vətəndaş ehsan süfrəsi adı ilə məişətimizə daxil olan növbəti israfçılıqla qarşılaşır. Yuxarıda müsəlman ölkələrindəki bu qaydalarla tanış olmuşduq. Azərbaycanda isə bu məsələ xüsusilə acınacaqlıdır. Naxçıvanda inzibati metodlarla bu məsələnin qarşısı qismən alınıb. Məncə, məsələnin həlli inzibati metodlarla deyil, təbliğatla olsa daha yaxşı olar.
 Vətəndaşlara ən çox ziyan vuran tərəfi də məhz bu cür ehsan süfrələridir. Bakıda mərasim çadırlarının icarəyə verilməsi az qala monopoliyaya alınmış bir işdir. Çadırın tutumu və keyfiyyətinə görə qiymətlər 600 manatdan başlayır və bahalaşmağa doğru davam edir. Bundan əlavə, Qafqaz Müsəlmanları İdarəsinin nəzdində 6 mərasim zalı yas yerlərində süfrələrin açılması üçün nəzərdə tutulub. Bu zalların hər birində 300-350 nəfər iştirak edə bilər. Adambaşına qiymətlər 12-13 manat nəzərdə tutulub. Əgər bir məclisdə 300-350 nəfər iştirak edəcəksə, deməli, yas sahibi bununüçün 4 min manatdan artıq vəsait ödəməyə məcbur olacaq. Bu problemin həllini vətəndaşların öz öhdəsinə buraxmaq heç bir ciddi nəticə verməyəcək. Problemin həlli üçün işlərin çoxu QMİ-nin üzərinə düşür. Necə ki, Ramazan ayları üçün bu mərasim zallarında iftara qədər ehsan süfrələri açılmaq qadağan olunur və buna bir ay müddətində sərt şəkildə əməl olunurdusa, onda yas mərsimləri üçün təkcə çay süfrələri açılmaqla bağlı qərar olmalıdır. Bu işi vətəndaşın öz istəyinin öhdəsiə buraxmaqla, onların israfçılıq və ən ağır xərclərlə üz-üzə qalmasına şərait yaradılıb.


İsraf edənlər şeytanla qardaşdırlar
Yas mərasimlərində ən az xərc sərf edilən hissə mollaya verilən vəsaitdir. Lakin nədənsə insanların daha çox tənqid etdikləri də məhz mollalar olur. Bakıda hər mərasim üçün mollaya verilən pul təxminən 50 manatdır. Bu qiyməti də dəfn, yeddi və qırx mərasimlərinə hesablasaq, təxminən 150 manat edəcək. Ehsan süfrələrini yas çadırlarında təşkil edənlərin ən azı 3000-3500 manat xərci çıxır.
Yas mərasimlərinin vətəndşalara necə baha gəldiyini qismən izah etdikdən sonra İslam dininin israfçılığa necə yanaşmasına da diqqət edək.
Gərəksiz, məqsədsiz və yararsız yerə mal, zaman və buna bənzər xərcləmələr edilməsinə israf deyilir. İsraf Allahın Quranda qadağan etdiyi çirkin bir davranışdır. Lakin Quran əxlaqından uzaq yaşayan bir çox insan üçün sərhəd tanımaz şəkildə mal-pul xərcləyib, sonra bununla öyünmək üzdə bir prestij mənbəyidir. Bu insanların mahiyyəti Quranda bu şəkildə bildirilmişdir. “O deyir: “Mən çoxlu var-dövlət sərf etmişəm! Məgər o heç kəsin onu görmədiyini güman edir?!” (Bələd surəsi, ayə 6-7)
 Allah-Təala insana bu dünyada istifadə etmək üçün bütün nemətləri bəxş edib. Bu nemətlərdən faydalanamq üçün də bütün yolları hikmətlə göstərib. Lakin bircə bunu tövsiyə edib bizlərə Uca Rəbbimiz: “Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, (Allah) israf edənləri sevmir” (Əraf surəsi, ayə 31). Ayədən göründüyü kimi, Alah-Təala israf edən insanları sevmir. Yas mərasimlərində “ehsan edirik” deyə savab əmələ cəhd edirmiş kimi bir hərəkət sərgiləyən insan özü də bilərəkdən və ya bilmərəyəkdən Allahın sevmədiyi əməli ortaya qoymuş olur.
 Başqa bir ayədə israf barədə hökm daha sərt şəkildə bəyan edilir: “Həqiqətən, (malını əbəs yerə) sağa-sola səpələyənlər şeytanların qardaşlarıdır. Şeytan isə Rəbbinə qarşı nankordur!” (İsra surəsi, ayə 27). Allah-Təala israfçılıq edən bəndəni şeytana qardaş olmaq kimi təqdim edir. Ayədən göründüyü kimi, savab əməllər edib, dünyadan köçən insanın ruhuna dualar qazanmaq istəyi əslində bəyənilməyən bir əməl kimi hesab dəftərinə düşür. Bir neçə il əvvəl anası dünyadan köçmüş bir nəfər ehsan edəcəyi malını qonaqlara yemək-içmək şəklində sərf etməkdən vaz keçmiş, bir məclisdə istifadə olunan qədər yemək bişirtdirib və bunu kimsəsiz uşaqların tərbiyə aldığı müəssisəyə hədiyyə etmişdi. Bütün savab və yaxşılıqları ilə bundan gözəl ehsan ola biməz.
Yas mərasimləri üçün əyintilrin və israfın qarşısını almaq üçün nələri etmək gərəklidir? Zənnimizcə, ilk növbədə hədsiz israfa yola açan ehsan süfrələrinin mahiyəti sadələşməlidir. Bu süfrələri çay verməyə qədər məhdudlaşdırmaq olar. Qəbirstanlıqlarda məzar daşlarının bu şəkildə təmtəarqlı olması yaxın gələcəkdə Bakı şəhərində qəbir yerlərinin çatışmaması kimi ciddi problemin yaranmasına səbəb olacaq. Bunun yaranmaması üçün bizə yaxın olan Türkiyə modelindən istifadə etmək mümkündür. Kiçik bir məzar daşı, üzərində mərhumun adı, olum və ölüm tarixi, eləcə də “ruhuna fatihə” kimi kiçik bir yazı ilə Türkiyədə qəbir yerləri diqqəti cəlb edir. Bu modeli ölkədə tətbiq etməklə yersiz israfdan da uzaqlaşmış olarıq. Əks halda, qəbirstanlıqlar bir məzarın ətrafında geniş hasarlarla getdikcə daralır. Bu işin daha tez və keyfiyyətli həlli üçün bütün səviyyələrdə maarifləndirici işlər aparılmalıdır. Yoxsa, bu dünyada israf etdiyimizə görə günahın cəzasını çəkmək kimi sıxıntılara düçar olacağıq.
"Bizim yol "  qəzeti
31 mart 2011-ci il

Комментариев нет:

Отправить комментарий

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...