понедельник, 10 августа 2015 г.

"Hesab soracaq yalnız Allahdır" - Rəsul Mirhəşimli

Tanınmış araşdırmaçı jurnalist Rəsul Mirhəşimli AZADİNFORM-un “Uğur sirri” layihəsinin qonağı olub. 

- Uğurun rəngi, dadı, qoxusu, səsi, görüntüsü necədir və ona toxunmaq nə zaman mümkündür?

- Uğurun rəngi yəqin ki, ən parlaq rənglərdir. Çünki insan uğura yetişəndə içi-dışı parlayır. Qoxusu uğurdan təsirlənən insanın ətrafa verdiyi müsbət emosiyalardan doğur. Səsi qəlbdən gələn fərəhin insan səsində, nitqində təzahürüdür. Görüntüsü uğurun bəxş etdiyi sevinc kimidir. Uğura toxunmaq o uğuru qazanmaqdır, ona yetişməkdir. Uğur qazanmış insanın ayaqlarının yerdən üzüldüyü hansı ənginliklərə qədərdisə, o şəkildə də görünür.

- Daha çox din üzrə araşdırmalar aparırsınız. Bəs İslamda uğurla bağlı nə deyilir? 

- Allah-Təala Quranda ayələrin birində buyurur: “Onlara dünyada da, axirətdə də müjdə vardır. Allahın sözləri (verdiyi vədlər) heç vaxt dəyişməz. Bu, böyük qurtuluşdur (uğurdur)!” (“Yunus” surəsi, ayə 64) Müsəlmanın savab əməllərinin əvəzində Allahdan gələn mükafat, dünya və axirət səadəti ən böyük uğurdur. İnsanın səbrli olmağı onun uğurudur. Çünki Allah səbrli olanlarladır. Səbr usanmadan bir işin sonunun mütləq müsbət olacağına inanmaqdır. 

- Dinə sahiblənənlərin daha çox uğur qazanddığı deyilə bilərmi? Belə bir statistika varmı? Yoxsa bu nisbi məsələdir?

- Yəqin ki, bunu ayrıca götürmək düzgün olmaz. Uğur qazanan insanlar var, qazanmayanlar, yaxud az qazananlar var. Sadəcə, dini inanclı insan bütün işlərini Allaha həvalə edir, Onu vəkil tuturlar. “Bütün yaxşılıqlar Allahdandır” hikmətinə uyurlar.

- Deyirlər, yanlışlar olmadan doğrular tapılmaz. Uğursuzluq yanlışlardanmı doğar, sızcə?

- Belə bir deyim var, ağıllı insan öz səhvlərindən öyrənər, dahilər özgələrinin. İnsan öz səhvlərini görməyi bacarırsa, başqasında qüsur axtarmaz. Çalışar öz qüsurlarını düzəltsin. Qüsurlarını düzəldə bilməyən insanın uğur qazanması da çətin olur. 

- Apardığınız mübarizədə uğursuzuqlarla üzləşəndə nə edirsiniz? 

- Pafosla danışmayacam. Bəzən uğursuzluqda çox bədbin bir vəziyyətə düşə bilərəm. Bu bədbinlikdən çıxmaq üçünsə inandığım bir adamın bircə təsəllisi yetər. 

- Hər insanda bir istedadın olduğunu söyləyərlər, bunu necə üzə çıxarmaq olar, sizcə?

- Bəzən insanın istedadının üzə çıxmasında mühit də əhəmiyyətli rol oynayır. Müşahidə etmişəm, biri çox istedadsız görünüb, amma başqa bir mühitdə çox uğurlar əldə edə bilib. 

- Bəzi gənclər bir işə başlayanda “Düşün, tətbiq et və nəticələndir” prinsipini unudurlar. Yəni, onlar düşündüklərini ya tətbiq etmir, ya da nəticələndirmirlər. Bu problemlə üzləşənlərə nə söyləmək istərdiniz?

- İstənilən işə başlayanda onun hansı nəticə verə biləcəyinə baxmaq lazımdır, məncə. Bəzən tələskənlik, səbrsiz başlanan işin də nəticəsi olmur. Ola bilər, nəticəni əvvəldən görmək çətin olsun, amma təxmin etmək olar, görülən işin faydalarını və ya uğursuzluğunu...

- Uğurlu insanlar bildirirlər ki, özünü əhəmiyyətli hiss etmək istəyi onları, o cümlədən də bir çox insanı gözəl işlər görməyə vadar edib. Qarşısındakına “əhəmiyyətlisən” mesajını verməkdə çətinlik çəkənlərə nə söyləmək istərdiniz?

- Bir insana hər zaman “sən bacarıqsızsan, əfəlsən” demək, onun qabiliyyətinin kor olmasına səbəb olur. Əgər birində qabiliyyətdən bir qığılıcım görünürsə, mütləq onun boy atmasına stimul verilməlidir. İnsan çox zaman kənardan ona nə deyərlər, prinsipi ilə yaşayır. Ətrafdakılar da onun müsbət cəhətinin inkişafına yardımçı olmalıdırlar. 

- Övladlarınızın gələcəkdə uğurlu ola bilməsi üçün nə edirsiz? Daha fərqli davrana bilirsiniz?

- Bir oğlum var. Əsgərdir. Çalışıram ki, qərarları özü versin, mən də istənilən halda istiqamət verə bilərəm. Valideyn övladlarını özünə uyğunlaşdırmağa çalışanda uğurlu nəticə alınmır. Çünki valideynin böyüdüyü zaman və şəraitlə övladın gördükləri tamam fərqli olur.

- Sizcə insanların ən güclü silahı nədir - ağıl, yoxsa ürək?

- Ağılsız ürək, qəlbsiz ağıl heç kimə lazım deyil. İnsanlara qəlbinlə yanaşıb, ağlınla tanıyacaqsan.

- Uğurun yaşı olur, yoxsa başı, nə düşünürsüz?

- Uğurun yaşı o zaman olur ki, qazandığına bir müddətdən sonra baxırsan. Buna deyirlər, keçmişə baxmaq. Fransızlarda bir məsəl var, deyirlər, tarix avtomobilin yan güzgüsünə bənzəyir, arxaya baxıb, irəli getməlisən. Bir uğurdan insanda özünə vurğunluq, təkəbbür yaransa, gələcək uğurlarına yetişmək çətin olacaq.

- Fərqliliyiniz və fərdliliyiniz haqında nə deyə bilərsiz? Nəyə görə siz sizsiniz?

- Mənim fərqli olduğumu mən yəqin ki, deyə bilmərəm. Fərqliyəm desəm, bu da təkəbbür olacaq. Yəqin ki, fərqli cəhətlərim var. Ümumiyyətlə, bir-birinə bənzəyən iki insan yoxdur xaraktercə. Nə qədər insan varsa, o qədər də xarakter var. 

- İnanmaq asandır, yoxsa inandırmaq? 

- Mənim üçün inanmaq asandır. İnsanlara inanmaq mənim üçün əsas şərtdir. Əgər insandırsa, inanmalısan. Elə olub ki, inandırmaq üçün çox əziyyət çəkmişəm. Heç kimə və heç nəyə inanmayanlarla bu, həddən artıq çətin olur.

- Həyatın enini və uzununu ölçdüzmü heç, yaşamı üzün edən nədir, sizcə? 

- Həyatda olmaq onun enini və uzununu ölçməkdir. Əli Şəriətidən soruşurlar: Siqaret niyə çəkirsiz? Siqaret insan ömrünün uzunluğunu azaldır. Cavab verir ki, məni ömrün eni düşündürür, uzunluğu yox!

- Əgər sizə dünyada yalnız bir şeyi dəyişdirmək imkanı verilsəydi, siz nəyi dəyişdirərdiz?

- Allah dostlarının birindən soruşurlar: Allah sənə nəyisə dəyişmək qüdrəti versəydi, nəyi dəyişərdin? Cavab verir ki, Allahın nizamında qüsur olmaz.

- Həyat toplananlar, çıxılanlar, vurulanlar və bölünənlərdən ibarətdir deyirlər, sizin payınıza ən çox hansı əməl düşüb? 

- Həyatda yaşım toplanır, ömrüm bu dünyadan çıxılandı, imanım vurulandı, çalışıram ki, hər gün bir az qüsurlarımı azaldım, imanım artsın, sevgim bölünəndir, Vətənim, əzizlərim, doğmalarım arasında bölünür, bölündükcə də çoxalır. 

- Bəs siz özünüz özünüzə dost ola bilsəydiniz, özünüzə sizin kimi bir dost istəyərmiydinizmi? 

- Mənim kimi dostu mən çəkə bilmərəm (gülür). O mənim dostlarımdır ki, bəzən hər kaprizimi çəkirlər.

- Əgər siz balaca uşağa bütün həyatı boyu ona gərəkli ola biləcək bir məsləhət versəydiniz nə deyərdiniz?

-Allahın buyurduğu kimi, yaşa, deyərdim. Böyüdükcə bu hikməti anlayacaq.

- Dəlinin doğru xəbəri nə olar sizcə? Dəliliyin gözəlliyi mümkünmü? 

- Bir elin dəlisi olarsa, Allah o yeri bəlalardan hifz edər. Bizlər dəliləri başımızdan eləmək üçün bir yerlərə qapatmışıq ki, bəlalar bizdən yan keçmir. Dəli sorğu-sualsız Cənəttə girəcək bəndədir. Cənnətə girməkdən gözəl nə olar ki?!

- Hesab - kitab dəftəriniz var?

- Elə şeylər var, hesabını yadda saxlayıram. Çox şey də var, hesabını Allaha həvalə edirəm. Hesab soracaq yalnız Allahdır. Biz uzağı nələrisə qeyd edə bilərik, ya yaddaşımızda, ya da dəftər-kitabımızda...

- Təbliğ etdiyiniz gercəklər hansılardı, necə düşünürsüz sevginin təbliğata ehtiyacı varmi? 

-Uzun müddətdi mətbuatda təsəvvüf dünyagörüşü ilə bağlı yazılarla çıxış edirəm. Məncə, həm özüm zövq alıram, həm də təbliğ edirəm. Sevgini təbliğ etmirlər, sevgi verilir.

- Yaşamaq və var olmaq arasında fərq nədir?

- Yaşamaq insan olmağın fəlsəfəsinə və hikmətinə uymaqdır. Var olmaq isə fiziki mövcudluqdur. Fiziki mövcud olan isə o qədər əşya var ki...

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...