понедельник, 28 января 2013 г.

Doğru sözü zarafatda deyənlər


 Rəsul Mirhəşimli

  • Folklorumuzun mühüm hissəsini təşkil edən lətifələr təkcə insanlara gülüş bəxş etmək mahiyyəti daşımır. Belə şifahi xalq nümunələri güldürməklə yanaşı, ciddi şəkildə deyiləsi mümkün olmayanları yumor və satiranın dili ilə çatdırmaq vəzifəsini özündə əsk etdirir. Bəlkə bu fakta görədir ki, xalqımız müdrikcəsinə, “doğru sözü zarafatla deyərlər”, məsəlini ortaya qoyub. 

Azərbaycan xalqının özünəxas lətifə qəhrəmanları olub. Türk xalqları içərisində müxtəlif leksik şəkillərdə ifadə olunan bu qəhrəman bizdə Molla Nəsrəddin adı ilə tanınır. İnsanlar arasındakı mübahisələri ədalətlə həll edən, şah saraylarında hökmdarın eyiblərini üzünə şax deyə bilən, qürurunu heç kəsin qarşısında sındırmadan kasıb (fəqirlik) həyatını yaşayan bu müdrik qoca ən çətin vəziyyətlərdən asanlıqla çıxa bilən insandır. 

Bu yazıda sizlərə Molla Nəsrəddin lətifələrindən söz açmaq fikrim yoxdu. Bu lətifə qəhrəmanı xalqımıza çox yaxşı tanışdı. Folklorşünaslığımız isə onun lətifələrini yetərincə araşdırıb. Onsuz da xalqımızın nümayəndələri Molla Nəsrəddin lətifələrini əzbərdən bilir. Oxuculara çatdırmaq istədiyim lətifə nümunələri dərvişlərdən gəlir. Haqqı zikr edən, səhrala üz tutub həqiqət axtaran bu mərifət yolçuları güldürməyi də bacarırlar. Bizlərə Bəhlul Danəndənin də lətifələri də yaxşı tanışdır. Bu lətifələrdə sonsuz müdriklik dayanır. İlk eşidən kimi insanın dodağı qaçsa belə, sonra bir müddət əli üzündə, dolayısı ilə, bəzən də birbaşa çox sərt şəkildə deyilən sözlərin hikmətinə dalırsan. 

Şərq xalqların çoxunda lətifə qəhrəmanları hər zaman mövcud olub. Ərəblərdə Cuha adı ilə məşhur olan hazırcavab şəxs bütün ərəb dünyasının tanıdığı lətifə qəhrəmanıdır. Maraqlı burasıdır ki, bu şəxs Şərqdə o qədər geniş şöhrətə malikdir ki, on üçüncü əsrin böyük Azərbaycan mütəfəkkiri Şəmsəddin Təbrizi də məşhur “Məqalat” əsərinin bəzi yerlərində Cuhadan bəhs edir. 

Dərviş gülməcələri daha çox onlara həqarətlə yanaşan bəzi nadanlara dərs vermək mahiyyətini əks etdirir özündə. Lakin onu da xüsusilə qeyd etmək maraqlı olardı ki, bu gülməcələrdə bəzən yalançı dərvişlik də satira atəşinə məruz qalır. Özünü haqq yolçusu adlandıran belələri ibadətdən uzaq düşmüş, şərab düşkünü kimi sarkazmla qamçılanırlar. Bizdə oxucular bu cür nümunələrlə az tanış olsalar da bu gülməcələr müsəlman dünyasında daha geniş yayılıb. Oxucu marağını nəzərə alıb onlardan birini diqqətinizə çatdırım. 

“İçkinin qadağan olunduğu vaxtlarda bir bektaşi dərvişini yaxalayırlar. 
Bektaşi: 
- Buraxın məni! Niyə məni həbs etmək istəyirsiniz? 
- Şərab içmisən, səni suç aləti (şərab şüşəsi) ilə yaxaladıq. 
Bektaşi: 
- Məndə zina aləti də var!!!” 

Bu dərviş gülməcəsində lətifə qəhrəmanı Bektaşilik təriqətinə mənsub olan dərvişdir. Hazırcavablıq, vəziyyətdən asanlıqla çıxa bilmək bacarığı bu gülməcələrdə üstünlük təşkil edir. Baş verən həqiqəti yumorun dili ilə pərdələmək, gizlətmək qabiliyyəti bu gülməcələri daha yaddaqalan edir. Ancaq oxucular gərək bu gülməcələri yumor və satira tərkibini özündə əks etdirən folklor nümunələri kimi anlasınlar. 

Bir şeyi qeyd etmək yerinə düşər ki, nə qədər gülüş bəxş edən nümunələr yaratmış olsalar da dərviş duaları da özünəməxsusluğu ilə başqalarından seçilir. Bunlardakı təsir gücü daha heyrətamizdir. Dünya malı xatirinə əllərini duaya qaldırmaq bu irfan sahiblərinə yaddır. 

“Var-dövlət verdiyin zaman səadətimi, 
Güc-qüvvət verdiyin zaman ağlımı, 
İqtidar verdiyin zaman bəsirətimi, 
Bəla verdiyin zaman imanımı, 
Nemət verdiyin zaman mərdliyimi, 
Gözəlliyi verdiyin zaman iffətimi, 
Çətinlik verdiyin zaman səbrimi, 
Məndən alma, Ya Rəbbim!” 

İrfan fəlsəfəsinin əsasını yaratmış həqiqət yolçuları olan dərvişlərin bir gülməcə yönü də var. Lakin həmin gülməcələrdə də dərviş hikməti öz sözünü deyir. Yumor və hikmət qarşığı olan bu nümunələr özünəməxsus şəkildə zehnə həkk olunur. Bu da həmin gülməcələrin şirinliyindən irəli gəlir.

Комментариев нет:

Отправить комментарий

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...