среда, 25 марта 2020 г.

Səmadan “Hicaz”a endirilənlər – Novruz Novruzlu tamaşaçıları bir araya topladı

Bu müjdəni duyanlar qəlblərində sevinclə axışırdı aldıqları xəbərin ardınca.
NOVRUZ GƏLİR!
Baharın gəlişini bu dəfə Novruz Novruzlunun səsi ilə dinləycəkdilər. Dinləyəcəkdilər ki, könüllərində çiçəklər açsın, baxdıqları hər yeri al rəngli lalələr bürüsün. Bir dağ şəlaləsi kimi çağlayan səsin təntənəsində bütün mənzərə yamyaşıl yarpaqlar, əlvan çiçəklər, təbiətin ahənginə uyan quşların nəğmə səsi bəzənsin.
Opera və Balet Teatrına insanları toplayan da bu səsin təntənəsi idi.
Martın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında müğənni, aktyor Novruz Novruzlunun “Hicaz” qrupu ilə birgə “UZUN İNCƏ BİR YOLDAYAM”adlı solo konserti keçirildi.
Bir dəqiqə miqdarınca olan uzun, incə yola girmədən öncə Novruz Novruzlu Hz.Mövlanədən bir çağırış səsləndirdi:
Gəl, gəl, nə olursan ol, yenə gəl,
İstər kafir, istər məcusi,
İstə bütə tapınan ol, yenə gəl,
Bizim dərgahımız ümidsizlik dərgahı deyil.
Bu məkanın ümidsizlik dərgahı olmadığını səhnədə dönən mevləvi dərviş Haqdan aldığını xalqa sunmaqla Novruz bəyin ifasının təsirində müşayiət edirdi.
Bu konsertə yığılanlar əylənmək üçün gələnlər deyildi. Novruz Novruzlu tamaşaçılarına qulluğu xatırladırdı. Səhnədən salona yayılan səs Məhbubun nazil etdiyi, ürəklərə sakitlik və rahatlıq bəxş edən ilahi lütfün hər zərrəsini müğənninin tamaşaçıları ilə bölüşməsi idi. Bu lütfün hər zərrəsi könüllərə düşdükcə onu cilalayırdı. Hz.Mövlanə deyirdi ki, könüllərini cilalamış olanlar rəngdən və qoxudan qurtulmuş olarlar. Hər nəfəsdə asanca bir gözəllik görərlər.
Bu gözəlliyi bəxş edən bu dəfə Novruz Novruzlu idi. Səs bir lütf kimi salona yayıldıqca nəfəsini içinə çəkib, heyrətlə bu ifaları dinləyənlər könüllərdə bir gizli duanın uca dərgaha yüksəlməsini müşahidə edirdilər. Bu yüksəliş ad, sifət və fellərdən doğan təcəlli nişanələrini arif olanlara göstərmək idi.
“Künti kənz”in ayəti vəsfində olmuşdur nüzul,
Varlığına kün fəkan iqraredən pərvərdigar.
Gizli xəzinənin açılması sirrini “Ol dedi, oldu” hikməti ilə müşahidə edənlərin nəşəsi könüllərə bir bahar rüzgarı kimi feyz ilə dolurdu musiqinin ahəngində. Bu səsin təsirindən nə yer qalırdı, nə məkan. Substansiyadan alınan nəfəs ətrafa yayıldıqca onu dinləyənləri bir boşluqdan ilahi aləmə atırdı.
Novruzun ifa etdiyi musiqilər dərin sirlərlə dolu bir kitabədir. Bu nəğmələr insan ruhunun sözlə çəkilmiş rəsmidir. Dinlədikcə insana Rəbbinin qulu olduğunun sevincini yaşadar. Ondan başqasına möhtac olmamağın feyzini verər. “Hər kölə azad edildikdə sevinir. İlahi, mən Sənə qul-kölə olduğum üçün sevinirəm…” Tamaşaçıların bu musiqilərə aludə olmağın bir sirri də budur.
Novruz Novruzlu Azərbaycanda mistik musiqi qrupunun professional səviyyədə ilk qurucusudur. Onun ifa etdiyi musiqi insanın ruhuna ilk başlanğıc məkana mənsubluğunu təlqin edən nəğmələrdir. Bu musiqinin yol açdığı cığıra düşən tamaşaçı dünyanın faniliyini unudur, özünü Bəqadan gələnlərin ağuşunda bulur. “Allahdan gəldik, Allaha dönəcəyik” – Novruzun oxuduqlarında insana verilən ilahi mesajın mahiyyətində bu hikmət dayanır.
Novruz Novruzlunun solo konserti Çanaqqala zəfərinin 103-cü ildönümü ilə eyni gündə baş tutdu. Səmadan Hicaza endirilən hikmət bir türkünün niskili ilə dilə gəlir, Çanaqqalada şəhid olan türk əsgərlərini rəhmətlə yad edirdi.
Çanaqqala içində aynalı çarşı,
Ana, mən gedirəm düşmənə qarşı…
Novruz oxuduğu vətənpərvərlik və türkçülük nəğmələri ilə səsdən və sözdən bir Vətən xəritəsi çəkir. Bu səs oğullarımızı Vətəni sevməyə, yurdu azad etməyə səsləyir: “Vətəninə göz dikəni əz, oğlum!” Bu musiqi Azərbaycan əsgərinin ayaq səslərinə dönüb, milləti torpaqlarımızın azadlığına çağırır.
Novruz Novruzlu bu konserti ilə sübuta yetirdi ki, o, təkcə ilahi musiqilərin və türkülərin mahir ifaçısı deyil. Müğənninin hind, italyan və rus mahılarından ibarət kompoziyası da salona toplaşanların alqışları ilə qarşılandı.
Bir zövqün təntənəsində bu rahatlığı yaşamaq istəyənlər bu tamaşada yer aldı. O konsertə toplaşanlar özünü Eşqin səfasında qonaq hiss etmədi. Hamı bu Eşqin yolunda bir bütündür. Bu yola bələdçiliyi isə Novruz Novruzlu etdi.
Musiqinin, sənətinin bayağılaşdığı zaman kəsimində Novruz Novruzlu sübut etdi ki, ciddi musiqi tamaşaçılara daha böyük zövq verir. Bu konsertdə bir araya gələnlər uzun müddət bu zövqün müzakirəsini edəcəklər. Səbrsilziklə yeni konsertləri gözləyərək….
Rəsul MirhəşimliAvropa.info
19 mart 2018

Комментариев нет:

Отправить комментарий

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...