27 Eylül 2024 Cuma

Nə tıxaclardan qaça bilirik, nə də Bakıdan – Problemləri həyat normasına çevirənlər


Bakının sakinləri hər səhər və axşam tıxacların yaratdığı məhdudiyyətlər və şəhərin ictimai nəqliyyat problemləri ilə üzləşir. Bu problemlər çoxları üçün işgəncə kimi görünə bilər, amma elə bil ki, bəzi qurumlar bu işgəncəni vətəndaşların həyatının ayrılmaz bir hissəsinə çevirməyə qərarlıdır. İnsanların işə vaxtında çatmaq arzusu, tıxacların və nizamsız nəqliyyat şəraitinin altında əzilir.

Bakıdakı tıxaclar artıq şəhərin “əlamətdar” problemlərindən birinə çevrilib. Əksər sakinlər tıxacları gündəlik həyatın qaçınılmaz bir parçası kimi qəbul etməyə məcbur olublar. Yollarda saatlarla gözləmək, həyəcanla irəliləyən hər bir metr üçün sürücülərlə dalaşmaq, ictimai nəqliyyatda insanlar arasında boğulmaq əksəriyyət üçün adi haldır. Lakin əksəriyyət üçün məntiqli bir sual yaranır: Bu tıxaclar niyə hələ də davam edir?
Bakıda nəqliyyat problemlərinin həlli üçün müxtəlif layihələr elan edilsə də, nəticələr gözlənilən deyil. Yeni avtobus marşrutları və metroların inşası kimi sözlər gözəl səslənsə də, reallıqda bu dəyişikliklərin hiss edildiyi çox azdır. Avtobuslar gecikir, sıxlıq həddindən artıq çox olur və sərnişinlər üçün şərait tez-tez dözülməz hala gəlir. Çoxları saatlarla yol qət etməyə çalışır, amma bu zaman heç bir yaxşılaşdırma müşahidə edilmir. İctimai nəqliyyatda həm sıxlıq, həm də avtobus çatışmazlığı, metroda basabas problemləri insanları həddən artıq gərgin vəziyyətə salır.
Bakıda ictimai nəqliyyat problemindən qaçmaq istəyənlər taksilərə üz tuturlar. Lakin taksi qiymətlərinin son vaxtlar sürətlə artması da vəziyyəti daha da çətinləşdirib. “Taksilərin modernləşdirilməsi” adı altında tətbiq edilən “yeniliklər” insanların əksəriyyətini bu xidmətdən istifadədən məhrum edib. Taksi xidmətlərinin qiymətlərindəki bu artım çoxlarının alternativ nəqliyyat variantlarına müraciət etməsinə səbəb olur, amma təəssüf ki, avtobus və metro kimi alternativlər də vəziyyəti yüngülləşdirmir. Taksilərin qiymətlərinin kəskin artması nəticəsində bu xidmətlər əhalinin əksəriyyəti üçün əlçatmaz olub. Sanki hökumətin içində kimlərsə məqsədli şəkildə cəmiyyətdə narazılıq yaratmağa qərarlıdır. Görünən budur ki, problemlər həll edilmək əvəzinə, həlli daha da qəlizləşdirilir.
Bu vəziyyətin ən pis tərəfi isə bu problemlərin illərdir həll edilməməsi və vətəndaşların həyatını daha da çətinləşdirməsidir. Elə bil ki, aidiyyəti qurumlar bu tıxac və nəqliyyat çətinliklərindən, qiymət artımından zövq alır, çünki bu problemlərdən şikayət edən vətəndaşların narazılığıl havadan asılı qalır. Bu, elə bir işgəncədir ki, həm fiziki, həm də emosional olaraq insanları yükləyir.
Bakının tıxac və nəqliyyat məsələlərinin həlli üçün daha ciddi, müasir yanaşmalara ehtiyac var. İctimai nəqliyyatın keyfiyyəti artırılmalı, vətəndaşların rahatlığı üçün taksi xidmətlərinin qiymətləri əlverişli saxlanmalı, şəhərdən çıxışda şəxsi avtomobillərin sərnişin daşımasına imkan verilməlidir. Bu zaman ictimai nəqliyyatın yükü də azalmış olacaq. Əgər bu məsələlər həll edilməzsə, insanlar hər gün bir “işgəncə zənciri” ilə qarşı-qarşıya qalacaq və şəhərin həyat keyfiyyəti getdikcə pisləşəcək.
Sonda isə bir sual yaranır: Bu işgəncəni nə vaxt bitirəcəklər? Yoxsa şəhərin gündəlik problemlərini görməzdən gəlməkdən zövq alanlar bu vəziyyətin əbədi olması üçün durmadan çalışırlar?
P.S. Fikir vermisinizsə, hər il Bakının eyni yolları təmirə dayanır. Bu yollarda təmir aparılanda bütün yollar iflic olur. Bu yolların seçilməsi məqsədlidir. "İşləyirik" görüntüsü yaratmaq üçün düşünülüb.

Hiç yorum yok:

Yorum Gönder

İnsanı dəyərli edən amillər - İstedad öndə gəlir, yoxsa tərbiyə?

“Cəvahir toz-torpaqa batsa da, yenə qiymətini itirməz, toz-torpaq göyə qalxsa da, yenə qiymətə minməz. Tərbiyəsiz istedad heyfdir, istedadsı...