Rəsul Mirhəşimli
- İslam dini səmavi dinlərin sonuncusu və ən mükəmməlidir. Bu dinin əsas məqsədi Allahın ən üstün yaratmış olduğu insanı dünya və axirət səadətinə qovuşdurmaqdır. İslamiyyət insanın bu xoşbəxtliyi qazanması üçün lazım olan hər şeyi əmr etmiş, onu bu xoşbəxtlikdən məhrum edəcəkləri də qadağan edib, haram buyurmuşdur. Zina da bu qadağalardan biridir. Allah bu barədə Qurani-Kərimdə buyurur: “Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!” (İsra surəsi, ayə 32). Həzrət Peyğəmbərimizin (s) bir hədisində belə deyilir: “Möminləri Allah-Təaladan daha çox pisliklərdən qoruyan başqa kimsə yoxdur. Bunun üçün Rəbbimiz zinanı haram buyurmuşdur”. Zina haram buyurulan əməl olmaqla yanaşı, onun əxlaqi, ictimai və hüquqi baxımdan da zərəri vardır. Dinimizin bu əməli haram buyurmasında əsas məqsədi insanları ailə qurmağa təşviq etmək, qurulmuş ailəni bütün icazə verilmiş qaydalar üzrə idarə etməkdir. Ailə cəmiyyətin əsas modelini təşkil edir. O yerdə dövlət ağır problemlər yaşayır ki, orda ailə modeli dağılmağa başlayır. Dinimizə görə ailə ana, ata və övladlardan təşkil olunan müqəddəs bir yuvadır. Bir-birilərinə sevgi və hörmətlə bağlı olan, eyni düşüncə və duyğuları bölüşən, üzərlərinə düşən vəzifəni yetirən üzvlərdən olan ailələr xoşbəxt olurlar. Qurani-Kərimdə “Allah sizin üçün özünüzdən (Adəm və Həvvadan, yaxud öz cinsinizdən) zövcələr yaratdı, zövcələrinizdən də sizin üçün oğullar, nəvələr əmələ gətirdi, pak (halal) nemətlərindən sizə ruzi verdi” (Nəhl surəsi, ayə 72) buyurulur.
İslam dini ailəyə böyük əhəmiyyət verir. Çünki ailə həm insanın rahatlıq
tapdığı bir müəssisə, həm nəslin davamı üçün vəsilə, həm də insanı dinə görə
günah sayılan müxtəlif pisliklərdən qoruyan bir qurumdur. Bu barədə Allahın
Qurani-Kərimdə buyurduğu ayə belədir: “Sizin
üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi,
aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət
əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün
ibrətlər vardır!” (Rum surəsi, ayə
21) Cəmiyyətin əsasını və təməlini ailə təşkil edir. Bəşər
sivilizasiyasında inkişaf etmiş nə qədər millət varsa, ailə ocağında gözəl
tərbiyə görmüş fərdlərdən meydana gəlmişdir. Çünki millətlər bir çox ailənin birləşməsi
ilə formalaşır. Dinimiz ailələrə və ailə üzvləri, qohumlarla münasibət və
əlaqələrə böyük önəm verir. Ailə evlilik və nikahla formalaşır. İslam dini
bundan kənar olan qadın-kişi münasibətlərini pisləyir.
Ailə münasibətlərindən kənar qanuna və şəriətə zidd olan münasibətlər
cəmiyyətin inkişafına ciddi zərbələr vurur. Bu cür əlaqə əxlaqın aşınmasına
gətirib çıxarır. Əxalqı aşınmış cəmiyyətdə bir çox hisslərin aradan qalxması o
dövlət üçün arzuolunmaz problemlərə yol açır. İlk növbədə əxlaqı deqradasiya
olunmuş fərdlərdə vətənəpərvərlik hissləri aradan qalxır. İctimai yerlərdə, ən
çox da nəqliyyatda danışığını bilməyən bəzi gənclərə hamımız rast gəlirik. Bu
gənclərin yersiz və şit söhbətləri hər kəsi narahat edir. İnsanların
davranışında və əxlaqında bu cür neqativ halların üzə çıxması həmin gənclərin
ailədə düzgün tərbiyə olunmaması, cəmiyyətə faydalı şəxs kimi yetişdirilməməsi
ilə əlaqədardır. Bu cür gənclərin yad əxlaq və təbiyə üzərində xarakterinin üzə
çıxmasının başqa bir tərəfi də televiziyaların üzərinə düşür.
İrad tutmaq olar ki, əgər söhbət ailədən gedirsə, onda televiziya
verilişləri niyə müzakirə mövzusuna çevrilir? Danılmaz həqiqət budur ki,
televiziyarın birbaşa evlərimizə yol açmasından artıq neçə illər keçir. Məcazi
baxımdan belə demək mümkündür ki, televiziya təkcə “ailə üzvü”nə çevrilməyib, həmçinin
davranış və etika qaydalarını formalaşdıran vasitəyə dönüb. Bu gün
telekanallarda göstərilən verilişlərə diqqət etdikdə isə onların əksəriyyətində
əxlaqı aşındıran məqamlara rast gəlmək mümkündür. Müğənnilərin şəxsi həyatı
bütün bu verilişlərin prioritet dəyərlərinə çevrilib. Hansısa alimin
araşdırmalarından yüksək təmtəraqla təqdim olunan müğənni gənc nəsil üçün
“ideal” şəxsə çevrilir. Cəmiyyətə müstəqil vəsiqə almaq ərəfəsində yaşayan
gənclər müğənni olub asan qazanc əldə etməyin, tez bir zamanda tanınınıb məşhur
olmağın təntənəsinə aldanıb, bu yolu seçməyi elm dalınca getməkdən daha
əlverişili sayırlar.
Telekanallarda musiqi yarışmaları, ucuz şoular, hətta qonaq getməyin
ədəbinə vurulan zərbələr sonda cəmiyyətdə xoşagəlməz əxlaq və davranışa malik
bir nəslin yetişmısinə səbəb olur. Gənclərin dünyagörüşündə mənfi iz buraxan bu
təsirlər neqativlərə yol açır. Yeni nəslin bilmək istədiyi müğənnilərin şəxsi
həyatı və yersiz dedi-qodular və ucuz intriqalar gənclərin əxlaqını aşındırır.
Bu vəziyyət ailədə formalaşan gənclərin psixikasında təsirsiz ötüşmür.
Beləliklə, gələcək ailənin təməlləri indididən sarsılır. Ailənin qorunması üçün
bütün imkanların istifadə edilməsi gərəkli anlarda, ucuz şou-biznes
qalmaqallarından yaranan mənfi emosiyalar onun dağılmasına aparır. Ailənin
önəminin azalması cəmiyyətdə mövcud olan bütün bağların qırılmasına yol açır.
Bu neqativlərdən əziyyət çəkən ilk növbədə dövlət olur. Bütün dövlətlər ailənin
rolunun artırılması istiqamətində imkanlarını sərf edirlər. Simvolik olaraq, ailə
modeli dövlət struktruna daha çox bənzəyir. Bu idarəetmə prinsiplərində başçı,
üzvlər, qərarların qəbulunda məsləhətləşmələr əsas rol oynayır. Dövlət
idarəçiliyində də bu prinsipləri müşahidə etmək mümkündür.
Ailə üzvlərinin bir-birinə dayaq durması ailədə problemlərin həllində
stimul rolunu oynayır. Ailənin nizamlı, rahat və xoşbəxt yaşaması üçün üzvlərin
bir-birlərinə qarşı sevgi hissi duyması, sayğı göstərmələri, kömək etmələri və
anlaşa bilmələri əsas şərtdir. Bu hisslər ailədə üzə çıxdıqca cəmiyyətə də
sirayət edir. Bununla da həmin hisslər millətin fərdlərində formalaşmağa yol
açır. Qəm-kədər bizi yaxalayanda və sevindyimiz anlarda bu duyğuları bölüşə
biləcəyimiz dostlar axtarırıq. Bu hissləri bölüşüdüyümüz insanların birincisi
ailə üzvlərdir. İnsan elə yaradılıb ki, hər zaman nəyəsə və yaxud kiməsə
möhtacdır. Bu möhtaclıq hissi sevgi ilə tamamlananda insanın çətinliklərdən
keçə bilməsi asanlaşır.
Ata və analar ailələri və övladları üçün çalışırlar. Ailənin
ehtiyaclarını halal yolla təmin etmək üçün fəaliyyət göstərələr. Övladlarının
gələcəyi üçün çox böyük maddi və mənəvi fədakarlıqlar edirlər. Övladlarına
milli və mənəvi dəyərləri tanıdırlar. Onların gözəl əxlaqla böyümələri üçün hər
cür çətinliyə sinə gərirlər. Ata-analarını sevən uşaqlar daxildən gələn
duyğularla onlara bağlanarlar. Bu sevgi ailə içində rahatlığı təmin etməyə
yardımçı olar. Özlərindən yaşda böyük olan ailə üzvləri böyüklərə hörməti,
yaşda kiçik olanlardan isə sevgini əsirgəməməlidir. Ailə hər insanın doğulub
böyüdüyü müqəddəs bir ocaqdır. İnsanların yaşadığı yer ev adlanır. Maraqlıdır
ki, ailənin bir yerdə yaşadığı məkanın adı yuvadır. Bir canlının yuvada
yetişməsi nə qədər məhrəm duyğuları özündə əks etdirirsə, insanın da ailə
adlanan yuvada formalaşması baş verir. Ev maddi anlam kəsb edirsə, yuva özündə
mənəvi dəyərləri daşıyır. İçində yaşadığımız binaların quruluşuna ev deyilirsə,
içində yaşadığımız mənəvi mühitə də ailə yuvası və ya ailə ocağı deyilir. Hər
birimiz ailənin təməlini sarsıdan, şərəf və heysiyyatını zədələyəcək söz və
davranışlardan çəkinməliyik. Böyüklərimizə hörmət etməli, kiçiklərə də hər
yöndə kömək göstərməliyik. Bu prinsiplərin mövcudluğu cəmiyyətdə xeyirxahlığın
yaranmasına gətirir. Beləliklə, ailənin möhkəmləndirilməsi bütövlükdə dövlətin
də dayaqlarının gücləndirilməsinə gətirir. Ailə möhkəm olduqca, dövlət də güclü
olur.
Hiç yorum yok:
Yorum Gönder