Rəsul
Mirhəşimli
- Təbrizə getməyi ötən ildən planlaşdırırdım. Mənimlə bu səfərə yoldaşlıq etməyə heç kim razı olmurdu. Alternativ təkliflər Tiflisə getmək olurdu. Nəhayət, Qarabağ savaşında mənimlə eyni batalyonda olan dostum İslam Mahmudov bu yolçuluqda yoldaşlıq etməyə razılaşdı. Martın 20-də səhər Bakıdan çıxdıq. Təbrizə yalnız Təbrizi görməyə gedirdim. Bu səfər barədə yazdıqlarım isə ancaq gördüklərim barədə təəssüratlar olacaq.
Biləsuvar gömrük-buraxılış məntəqəsində
o taya keçənlərin sayı az idi. Bayram günü kim idi yola çıxan. Yoxlanış zamanı
bizdən əvvəl keçən bir nəfər əvvəlcə bizim sərhədçilərə qısa bir tərif söylədi.
Elə ki, adam o biri ölkənin buraxılış məntəqəsinə çatdı, bu dəfə onlara tərif
yağdırmağa başladı. Bizdən əvvəl növbəyə dayanan naxçıvanlı kişi adamın əlli
metrlik məsafədə hər iki tərəfə yaltaqlanmağına dözməyib, qeyri-ixtiyari
deyindi: “G...girən”.
O taya keçən kimi taksi sürücüləri
yaxınlaşdı bizə. Təbrizə gedəcəyimizi dedik. Qiymət münasib olmasa da
razılaşdıq.
Germidən keçəndə il təhvil oldu. Sürücü
bizə Əmirkənd yolu ilə gedəcəyini deyib, gədikdən keçərkən maraqlı mənzərə ilə
rastlaşacağımızı söz verdi. Maraqlı mənzərə bir yana, ən maraqlısı o idi ki,
taksi sürücüsü ancaq türk musiqilərini oxudurdu. Yol boyu söhbət etməsən mənzil
başına yetişmək çətin olar, sürücümüz də söhbətcil biri idi. Qəribəsi o idi ki,
həm Biləsuvarda danışdığımız taksi sürücüsünün, həm də Təbrizdə bizi şəhəri
gəzdirən sürücünün çox nakam sevgi macərası olub. Gədikdən keçəndə sürücümüz
Germidən bir qızı sevdiyini, onu görmək həsrəti ilə hər gün Biləsuvar-Germi
yolunu getdiyini, qızı ona vermədiklərini danışdı. Sürücümüzə təsəlli olaraq
dedim ki, qardaş, hər kəs istədiyini ala bilsəydi, bilirsən, insanlar nə qədər
çox şey istəyərdi?
Beş saatlıq yolçuluqdan sonra Təbrizə
yetişdik. Təbrizdə 9 il əvvəl olmuşdum. Biz şəhərə yetişəndə artıq qaranlıq
çökürdü. Otelə yerləşdik. Qaldığımız otel tarixi Gülüstan bağının lap
yaxınlığında idi. Bizi gətirən sürücü bir taksi sürücüsü ilə danışıb bizi hər
gün şəhəri gəzdirməklə bağlı razılıq aldı. Gününə 15 manat ödəyəcəkdik taksiyə.
Burdakı qiymətlərlə müqayisədə sərfəli məbləğ idi.
Gəzintimiz Şah
gölündən başladı
Bayram günlərində Təbrizdə açıq olan
dükan, yeməkxana tapmaq çətindi. Bizim də məqsədimiz Təbrizi gəzmək olduğu üçün
əlimizə düşən fürsətdən maksimum yararlanmaq istədik. Şah gölünün ətrafı
insanlarla dolu olur. Bura ən çox başqa yerlərdən gələn turistlər gəlir.
Təbrizlilər üçün də bu ərazi yaxşı istirahət yeridi.
Şah gölündə gəzintimizi bitirib
muzeylərə baş çəkdik. Tarix muzeyində qədim dövr eksponatları yer alıb. Yeri
gəlmişkən, qeyd edim ki, Azərbaycan tarixi ilə bağlı eksponatları araşdırmaq
bizim tarixçilərimizə əlavə material verə bilər. Muzeydə divarda asılmış
xəritədə Xəzər dənizi sözünü oxuyanda bu dənizin adı ilə bağlı ədalətin bərpa
olunmasında sevindim. Amma uzun çəkməyən sevincimin ardından “Dəryayi
Mazandaran” sözünü oxuyanda bizə bələdçilik edən sürücüyə dedim ki, iki tərəfin
də könlünü almaq istəmisiz?
Təbrizin məşhur yerlərindən biri Saat
Qabağıdır. Seyid Cəfər Pişəvəri hökumətinin parlamenti bu binada yerləşib. İndi
binada şəhərin bələdiyyəsi fəaliyyət göstərir. Binanın bir hissəsi isə
muzeydir. Muzeydə daha çox müasir dövrün eksponatları, idmançıların qazandığı
kubok və mükafatlar, kino avadanlıqları, kohnə foto-aparatlar və videokameralar
yer alıb.
Ustad Azərbaycan şairi Məhəmmədhüseyn
Şəhriyarın məzarını ziyarət etmək üçün Məqbərətüş-Şüaraya yollandıq. Məqbərinin
ətrafında aparılan arxeoloji qazıntılar ərazini dağıdıb. Doqquz il əvvəl
görüdüyüm mənzərədən əsər-əlamət qalmayıb bu yerdə. Ərazidəki Azərbaycan
şairlərinin abidələri bayırdan yığışdırılıb. Bütün abidələr məqbərinin
içərisinə yerləşdirilib. Bu mənzərəni görəndə ustad şairin bir beytini
xatırladım:
Mustəbid sultani saldıx ki, ola
xalqımız azad,
Sonra baxdıq ki, azadlıqda o
sultanilə getdi.
Şəhriyarın məqbərəsindən içəri girəndə
ancaq ustad şair danışır. Muzey işlədiyi müddət ərzində ancaq şairin öz səsi
ilə şerləri səsləndirilir. Məqbərinin içində Xaqani Şirvani, Saib Təbrizi,
Qövsi Təbrizi, Nizami Gəncəvi, Mücirəddin Beyləqani, Hümam Təbrizi və başqa
Azərbaycan şairlərinin büst və heykəlləri düzülüb.
“Azərbaycanda
qazanıb, Təbrizdə xərcləyəsən”
Azərbaycandakı vəziyyət təbrizli
sürücü-bələdçimizə ideal görünür. Deyir ki, siz kefdəsiz, konsertə gedirsiz,
knoya baxırsız, burdakı mollalrın işi miləti ağlatmaqdı. Əhmədinejaddan dad
çəkir. Deyir, onun elədiklərini heç 10 il bundan sonra da düzəltmək mümkün
olmayacaq: “Sizdə yaxşı maaş alırlar, bizdə uzağı 110-120 manat maaş verirlər.
O da işıq, qaz puluna yetmir. İmkan ola gedəsən siz tərəfdə işləyəsən, Təbrizdə
xərcləyəsən”.
Nə işdisə, bu sürücümüzün də ilk eşqi
daşa dəyib. Danışığından indiki vəziyyətindən məmnun görünmürdü. Söhbətini
zarafata salıb, birtəhər mövzudan uzaqlaşdıq.
Yolumuzu Göy Məsciddən saldıq. Məscid
demək olar ki, baxımsız vəziyyətdədir. Cahan şah dövrünün ən görkəmli abidəvi
tikintisi 1467–ci ildə tamamlanıb. Müzəffəriyyə memarlıq kompleksi adlanır.
Onun tərkibinə cümə məscidi, xanəgah, kitabxana, mədrəsə, türbə və digər
tikililər daxil olub. Kompleksin qərb hissəsində isə Cahan şah hamamı yerləşib.
Bu nəhəng memarlıq kompleksindən dövrümüzə yalnız kompleksin baş tikilisi –
memarlıq tarixinə Göy məscid adı ilə daxil olmuş əzəmətli cümə məscidi qalıb.
Cahan şah Həqiqinin tikdirdiyi məscidi bir ara bərpa etmək istəsələr də, işlər
yarımçıq qalıb. Eyni mənzərə ilə Ərk qalasında da rastlaşdıq. Qalanın ətrafı
qazılıb. Sürücümüz dedi ki, bir ara qalanı sökməyə başladılar. Sonradan
gördülər ki, narazılıq çoxalır, söküntünü dayandırdılar, indi isə nə edirlər,
heç özləri də bilmir.
Təbrizli bələdçimizin çox şirin
söhbətləri olurdu. Təbriz haqqında bildiklərimi danışanda həmsöhbətimiz bir
qədər də həvəslənirdi. O şirin Təbriz əhvalatlarından birini biz şəhərin
dükanlarında siqaret axtaranda danışdı:
“Təbrizlinin xanımı bir gün ərinə deyir
ki, siqaret aldıqca onun pulu qədər də mənə pul ver. Kişi razılaşır. Bu münval
ilə xanım bir il hər gün ərindən min tümən alır və yığır. Bir il tamam olanda
arvad evin ortasına bir teşt qoyur, pulları tökür içinə. Nefti də tökür üstünə.
Yandırmaq istəyəndə əri çığırır:
-Xanım, nə edirsən? O qədər pulu niyə
yandırırsan? Arvad cavab verir:
-Sən pulu elə yandırırsan, mən də
belə...”
Təbrizin ilk tramvayı dəmiryolunun
üzərində iki atın dartdığı araba olub. Təbrizlilər həmin tramvaya da abidə
qoyub. Gülüstan bağının yaxınlığında qoyulan bu arabada heykəlləşmiş adamlarla
birgə mənzil başına gedəcək sərnişin sayırsan özünü. Tramvayın ardınca qaçan
daşlaşmış sərnişin də görəcəksən, pul vermək istəməyən, tramvayın arxasından
xəlvətcə asılanı da.
Təbrizin mətbəxi çox zəngindir. Gələn
turistlərə bu zənginliyi əyani şəkildə nümayiş etdirmək üçün Təbrizdə
Şəhriyarın məqbərəsinin arxasında bir muzey fəaliyyət göstərir. İlk baxışda eksponatların
doğurdan da yemək olduğuna inanırsan. Reallıq isə budur ki, bu eksponatları
ayrı-ayrı materiallardan ustad Behtuni adlı şəxs hazırlayıb. Ustad hər zaman
muzeydədir. Muzeyə gələn turistlərə məmnuniyyətlə avtoqraf verir, nümunələr
barədə danışır.
Bizə ən xoş gələn o idi ki, bütün
muzeylərdə Azərbaycan musiqisi səslənir. Getdiyimiz muzeylərdən biri də Sənciş
adlanır. Bu muzey vaxtilə tacir Hacı Məhəmməd Səlmasinin evi olub. Adam şəxsi
mülkünün bir hissəsini dövlətə bağışlayıb, bununla da kifayətlənməyib, qiymətli
saatlarından böyük bir qismini muzeyə hədiyyə edib. Muzeydə daha çox Qacarlar
dövrünə aid olan saatlara rast gəlmək mümkündür. Almaniya, Fransa, İsveçrə
istehsalı olan saatlar eksponatlar arasında üstünlük təşkil edir. Saatlardan
əlavə müxtəlif dövrə aid olan və müxtəlif təyinatlı tərəzilər də muzeydə yer
alıb.
Sənciş muzeyinin yaxınlığında yerləşən
Heydərzadə muzeyinə də baş çəkdik. Muzey eksponatlarla o qədər də zəngin olan
yer deyil. Müxtəlif çertyoj cihazları, ilk kalkulyatorlar və bu kimi
eksponatlar nümayiş olunur. Muzeydə diqqəti çəkən əsas cəhətə çox zövqlə
seçilmiş Azərbaycan musiqinin turistlərə təqdim edilməsidir.
Təbrizdəki Məşrutə evindən nə varsa, ötən
əsrin əvvəlində başlamış Səttarxan hərəkatı ilə bağlıdır. Binanın önündə
Səttarxan və Bağırxanın heykəlləri qoyulub. Muzeydə Səttarxanın naqanı,
qılıncı, xənçəri, o dövrə aid qəzetlər, “Molla Nəsrəddin” jurnalının bəzi
nüsxələri və s. eksponatlar qorunur.
Axşam gəzintimizi Qartal bağından
saldıq. Bələdçimiz dedi ki, Təbrizin bu hissəsində şəhərin varlı ailələri
yaşayır. Qartal bağı Gülüstandan təmizliyinə və abadlığına görə seçilir. Bu
yerdə oturub çay içməyin bir ayrı ləzzəti var. Yenicə əyləşmişdik ki,
yaxınlıqdakı ağaca bir dəstə qarğa şığıdı. Bağın adı ilə qarğaların qarıltısı
arasındakı paradoksa əvvəlcə güldük, amma bu yerin indiki halı ilə həmahəngliyi
bu gülüşü yarıdaca kəsdi.
Səfərimizin üçüncü günü bələdçimiz
Kəndovana getməyimizi təklif etdi. Mən Kəndovanda 2004-cü ildə olmuşdum. Oranı
yenidən görmək istəyi, həm də səfər yoldaşım İslam bəyin də marağını nəzərə
alıb yola düşdük.
Kəndovan Təbrizdən 40 km . aralı qədim yaşayış
məskənidir. Bu yer qayalarda oyulub düzəldilən evləri ilə məşhurdur. Kəndovanın
mindən çox yaşı var. Səhənd dağının lap yaxınlığındadır. Səhəndin zirvəsində və
ətəklərində qar yağdığı kimi də qalırdı.
Kəndovanı iki yerə bölən dağ çayının bir sahilində qar sahilə qədər əriməmiş
qalır, yaşayış evləri olan tərəf isə güney olduğundan qar əriyib getmişdi.
Təbrizin istisindən çıxıb bu soyuq və küləkli yerdə qalmaq hünər istəyir.
Kəndovanın içində maşını saxlamaq üçün güclə yer tapdıq. Çünki cəmi bir küçəsi
olan bu yer turistlərin gəldiyi avtomobillə dolu idi. Bu möcüzəli yerdə kəllə
qənd formasında dördmərtəbəli evə də rast gəlmək olar. Soyuq və külək bizi Kəndovandan bir qədər tez ayrılmağa məcbur etdi.
Təbrizə döndük. Artıq Bakıya dönmək
üçün hazırlaşmağın vaxtı idi. Təbrizdə hansı dükana girib nəsə alsan, hansı
yeməkxanada yemək yesən, hesabı istəyəndə şirin Təbriz ləhcəsində “qonaq ol”,
ya da “qo qalsın” deyəcəklər. Hətta təkidlə deyənlər də olacaq. Bir dəfə bir
təbrizlidən soruşdum ki, bu sözdən sonra adam pulu vermədən, çıxıb getsə, nə
edəcəksən, soruşanda adam eyni şirinliklə cavab verdi: “Mən dedim-dedim, baba,
adamın qanacağı harda qaldı bəs?”
Bazar günü səhər tezdən bizi o tay
Biləsuvardan Təbrizə gətirən sürücü oteldən götürdü. Təbrizdən ayrılmaq vaxtı
gəldi. Şəhriyar xiyabanından keçib, al qırmızı rəngə boyanmış Eynalı dağının
yanından ötüb geri dönürük. Özümüzlə həsrət dolu bir şirin xatirə ilə
dolanbadolan yollarla Əhəri, Meşkini, Germini seyr edə-edə qayıdırıq. Savalan
dağına, onun zirvəsində hər zaman qalan qara baxa-baxa yolboyu demək olar ki,
heç nə danışmırıq. Geridə bir Təbriz qaldı. Bizim olub, indi bizim olmayan
Təbrizi Allaha əmanət edirik. Bu da bizim tarixi paytaxtımıza qısa səfərin qısa
təəssüratları. Təbrizdən çıxarkən Hökumə Büllurinin Təbriz haqqındakı şeirini
elə bil kimsə pıçıldayır:
Qollarım dolana boynuna bir gün,
Yenə baş qoyaram dizinə, Təbriz.
Həsrətdən, hicrandan cana doymuşam,
Doyunca baxaram gözünə, Təbriz...