среда, 28 сентября 2022 г.

Türkün qəhrəmanlıq dastanını və milli əzmi yaşadan Çanaqqala – FOTOLAR



Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalistin Türkiyəyə səfəri davam edir.

Avropa.info-nun Türkiyəyə səfər edən əməkdaşı Rəsul Mirhəşimli xəbər verir ki, azərbaycanlı jurnalistlərin səfər etdiyi etdiyi növbəti məkan Çanaqqala Şəhidliyi olub. Azərbaycandan gəlmiş jurnalistlərə Yeşim Çözeli bələdçilik edib.

Çanaqqala Türkiyənin qəhrəmanlıq dastanının yazıldığı tarixi məkandır. Bu tarix ölkənin tarixinə qızıl hərflərlə yazılıb.

Çanaqqala savaşı Azərbaycan xalqı üçün də mühüm əhəmiyyət kəsb edən tarixi hadisədir. Türkiyə türkləri ilə azərbaycanlıların çiyin-çiyinə savaşdığı bu əhəmiyyətli tarix eyni zamanda, xalqımız üçün də bir qürur yeridir.

Türk milləti Çanaqqala savaşında çox sayda şəhid verib. Bu savaş İstanbulu ələ keçirməyi qarşısına məqsəd qoyan düşmənin xəyallarını puça çıxarıb. Çanaqqala xalqın orduya çevrildiyi savaş meydanı olub. “Çanaqqala keçilməz” deyimi də xalqın orduya çevrilib, düşmən qarşısında əzmlə sipər yaratmaq baxımından tarixi həqiqətə dönüb.

Çanaqqla savaşının çətin şərtlərlə qazanılması ilə Türk milləti Balkan müharibəsinin məğlubiyyətinin verdiyi mənfi nəticələrdən də xilas olub. Bu zəfər bütün dünyaya dərs verəcək səviyyədə qazanılıb.

Çanaqqala zəfəri bir çox səbəblərdən Türkiyə və Azərbaycan üçün əhəmiyyətlidir. Bunların əsas əhəmiyyəti aşağıdakılardır:

Müttəfiq dövlətlərin donanmaları 18 mart 1915-ci ildə Osmanlı ordusu tərəfindən darmadağın edilib. Beləliklə, Çanaqqala savaşının dəniz savaşı bölümü sona çatıb.

Gelibolu yarımadasında Osmanlı ordusunun böyük səyi ilə təhlükə ortadan qaldırılıb. Müttəfiq qoşunlar 19-20-ci illərdə Anafartalar və Ariburnudan geri çəkilib və 9 yanvar 1916-cı ildə Seddülbahirdən böyük bir məğlubiyyət alıb.

Çanaqqala zəfəri Birinci Dünya müharibəsinin gedişatını dəyişib. Qərb ölkələrinin gözləntilərinə ziddinə dəyişikliklərə səbəb olub.

Çanaqqala zəfəri çar Rusiyasının tənəzzülünü sürətləndirib. Bu baxımdan Çanaqqala savaşı Azərbaycan tarixi üçün də mühüm əhəmiyyət kəsb edir. Çar Rusiyanın çöküşü müsəlman şərqində ilk cümhuriyyət olan Azərbaycanın dövlət müstəqliyyinə qovuşması ilə nəticələnib. Elə bu səbəbdəndir ki, azərbaycanlılar Çanaqqala zəfərini öz tarixlərinin ən dogma səhifəsi hesab edir.

Çanaqqala şəhidlərinin uyuduğu məzarılıqda bu zəfərin qazanılmasının növbəti ildönümü ilə bağlı keçiriləcək mühüm dövlət tədbirlərinə hazırlanır. Çanaqqala şəhidliyi yenidən sahmana salınır, ərazidə təmizlik işləri aparılır. 

Türkiyə Çanaqqala zəfərinin növbəti anım mərasiminə hazırlanır. Dünya durduqca xatırlanacaq bu tarix özündə hüznu və qəhrəmanlıq dastanını yaşadır. Güclü düşmənə qarşı qeyri-bərabər döyüşdə dastana dönmüş zəfərə imza atmış Türk xalqı bu zəfərin növbəti ildönümünü böyük təntənə ilə qeyd edəcək. Bu zəfərin miqyasının böyüklüyünü və əhəmiyyətini Akif Mehmet Ərsoyun Çanaqqala şəhidlərinə yazdığı şeirindəki bu misralar aydın şəkildə anladır: 

Ne büyüksün ki kanın kurtarıyor Tevhid’i…
Bedr’in arslanları ancak, bu kadar şanlı idi.
Sana dar gelmeyecek makberi kimler kazsın?
“Gömelim gel seni tarihe” desem, sığmazsın.

Rəsul Mirhəşimli
Avropa.info
Bakı-Çanaqqala

Комментариев нет:

Отправить комментарий

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...