четверг, 7 июля 2022 г.

Bakıdakı "Tar Festivalı"nda Elman harayı: İstedadlı tarzənin ifası tamaşaçıları ayağa qaldırdı – VİDEO

 


Aprelin 4-də Azərbaycan Milli Konservatoriyasında (AMK) ölkəmizdə ilk dəfə olaraq keçirilən “Tar Festivalı”na start verilib.

Avropa.info xəbər verir ki, festival “Şuşa ili” çərçivəsində, peşəkar tar ifaçılarının iştirakı ilə keçirilir.

Dörd gün keçirləcək festivalın ilk günündə Azərbaycanın görkəmli tarzənləri ifa ediblər.

Festivalı giriş nitqi ilə rektor, Xalq artisti  Siyavuş Kərimi açıq elan edib. O, son illərdə tar ifaçılığına marağın daha da artması, xüsusilə peşekar müəllimlərin gənclərdə bu musiqi alətinə olan diqqəti artırmasını müsbət qiymətləndirdiyini bildirib. İllər ərzində gənc ifaçılarının yetişməsində Milli Konservatoriyanın rolunun böyük olduğunu söyləyib. “Bu gün, çox fərqli yanaşmalarla Azərbaycan tarının dünyada təbliğatını uğurla həyata keçirən, onu sevdirən böyük ifaçılarla bərabər gənc tarzənlər də var. Hesab edirəm ki, bu ən böyük uğurlarımızdan biridir. Bu, konservatoriyada bütün milli musiqi alətlərimz üçün əsas vəzifə, qarşıya qoyulan öndə məqsədlərdən biridir”,- deyə rektor qeyd edib.

Qeyd edək ki, festivalın bədii rəhbəri rektor Siyavuş Kərimidir.

Aprelin 6-da festivalda çıxış edən ifaçılar arasında istedadlı tarzən Elman Sadıqov da olub. Elman Sadıqov festivalda "Çahargah" muğamını ifa edib. Elman Sadıqovun ifası  tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb. Elman Sadıqov "Çahargah" muğamından sonra "Sarı bülbül" xalq mahnısını ifa edib. Elman Sadıqov ifasının sonunda "Yanıq Kərəmi" havasının tarda səsləndirməsi ilə tamaşaçıları heyrətləndirib.

Qeyd edim ki, Elman Sadıqov sinif yoldaşım, uşaqlıq dostumdur. O illərdən qalan o qədər şirin xatirələrimiz var ki...

Musiqi anlayışı olan insanlar Elmanın ifalarını dinləyəndə, təkcə istedadlı sənətkarın varlığına əmin olmur, eyni zamanda, bilir ki, bu ifalar çox mürəkkəb keçidlər tələb edir. Bu cür ifanı da hər musiqiçi bacara bilmir. Elmanın tar ifaçılığında ən böyük uğuru musiqini dinləyicinin qəlbinə toxundura bilməsidir.

Musiqi ifaçılığı o zaman dinləyiciyə yaxın, əziz olur ki, onu ifa edən həmin duyğuları qəlbən yaşaya bilsin. Söz də belədir. İnsan yaşamadıqlarını anladanda qarşısındakının qəlbinə toxuna bilməz. Elmanın ifaçılığı "Segah"da yanmaq, "Çahargah"da fədakarlıq və qəhrəmanlığı yaşamaq, "Şur"da duyğulanmaqdır. Muğamın 7 məqamında 7 mərtəbənin hər birindən qəlbi ilə baxdığı üçündür Elmanın ifaçılığını bu qədər sevdirən.

Elman bir də ona görə bəxtəvər ifaçıdır, onun çalğısını eşidən an "bu, Elmanın ifasıdır" əminliyi yaranır. Hər kəsə özünəməxsus ifaçılıq tərzi nəsib olan deyil. Nə qədər təvazökar olsa da, Elman bir də bu cəhəti ilə başqalarından seçilir.

Onu da qeyd edim ki, Elman sənəti ölkəmizdə layiqincə qiymətləndirilməyən sənətkardır.Elmanın əlində tutduğu qanadı qırılmış, pərdəsi azaldılmış tar deyil. Onun ifa etdiyi tar min illəri aşıb gələn savaşda qəhrəmanlıq türküləri səsləndirib cəngə səsləyən, həsrət anında bir sevginin nisgili ilə ən məsum duyğuları pıçıldayan qoca Qopuzun xələfidir. Elmanın tarı Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Məşədi Məmməd Fərzəliyevin, Xan Şuşinskinin, Ağabala Abdullayevin səsinin harayına qatılıb, onların ardınca gedən qədim musiqi alətimizin keçmişdən bu günə daşıdığı tarixi və mənəvi dəyərimizdir.

Ümid edək ki, özünəməxsus ifaçılığı ilə çoxlarından fərqlənən Elman Sadıqov layiq olduğu qiyməti alacaq. 

07 aprel 2022


Комментариев нет:

Отправить комментарий

Real həyatdakı gerçəklər və virtual məkanda baş verənlər

  Cəmiyyətdə hadisələr iki xətt üzrə davam edir. Biri insanların real həyatda yaşadıqları, o biri virtual məkanda baş verənlər. Bir çox hall...