25 Mart 2020 Çarşamba

O "Sabah" bunu bir gün edəcəkdi.. – İstedadlı rejissor Şərif Qurbanəliyevə vəzifə verildi

Kiminsə hansısa vəzifəyə təyin olunmasına sıradan bir xəbər kimi baxıb keçirəm. Amma bu xəbər baxıb keçə biləcəyim xəbər deyildi. Uzun illər ədalətsiz qərarla televiziya ekranlarından kənarda qalan çox istedadlı rejissorun layiq olduğu yerə gətirilməsidir.
İstedadlı rejissor Şərif Qurbanəliyev AzTV-nin “Sabah” Yaradıcılıq Birliyinin rəhbəri təyin edilib.
Şərif Qurbanəliyevin Azərbaycan tamaşaçılarına təqdim etdiklərinə baxaq.
Şərifin senari müəllifi və rejissoru olduğu “Ac həriflər”, “Yarımştat”, “Bala – Başa bəla”, “Bəylik dərsi” teletamaşaları televiziyanın “qızıl fondunda” saxlanılır. “Ac Həriflər” tamaşası “Humay” mükafatına layiq görülüb. İstedadlı rejissor Ş. Qurbanəliyev Akademik Milli Dram Teatrında yazıçı-dramaturq Rəhman Əlizadənin “Laləli düzən” adlı ikihissəli məzhəkəsi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru olub.
Ş. Qurbanəliyev “Akademik Heydər Hüseynov”, “Kişiləri qoruyun”, “Şəki teatrında”, “Qaragülün nağılı”, “Tanrıverdinin nağılı”, “Bir ovuc torpaq”, “Bədəlbəylilər” kimi bədii və sənədli filmlərin rejissorudur.
Televiziya ekranlarını zəbt eləmiş boz-bulanıq, adına sənət deyilsə, sənətə təhqir sayılacaq səviyyəsiz sayıqlamalar tamaşaçını aşağı səviyyəli insanlar həddinə düşürdükcə istedadlı sənət adamlarının yeri görünür. Təkcə buna görə Şərifin haqqının özünə qaytarılmasına sevinmək haqqı bizə də düşər. Bir deyim var: “Ədalət topaldır, ağır-ağır gedər, lakin gedəcəyi yeri bulur”. Televiziya anlayışı olmayan bir vəzifə sahibinin hikkəsi ilə televeziyadan uzaqlaşdırılan Şərif Qurbanəliyevin yenidən ən çox sevdiyi işə, ən yaxşı bacardığı sənətə qayıtması tamaşaçıda da bir ümid yaradır – Gözəl tamaşalar olacaq.
Hz.Mövlanə buyurur: “Bir insanın necə güldüyündən tərbiyəsini, nəyə güldüyündən zəkasını anla”. Şərifin quruluş verdiyi tamaşalardan gəldiyim ən sadə qənaət belədir: Bu əsərlər tamaşaçını güldürür və uzun müddət onun yaddaşından silinmr. İstənilən müqayisə qüsurlu olsa da, qeyd edim, ekranları başına götürmüş gülüş adına düşüklük olan bir çox “əsərlər”ə baxan tamaşaçıdan həmin veriliş bitən kimi, soruşun: “Yadınıda qalan nə oldu?” Əminəm ki, susqun halda üzünə baxacaq. Çünki şəmi-şöşülərdən tamaşaçı yaddaşına hopacaq heç nə tapmaq mümkün deyil. Bu bayağı işlər tamaşaçının dünagörüşünə ciddi ziyan vurur. Çarə bu tamaşa adına göstərilənlərə baxmamaq deyil, daha səviyyəli ekran əsərləri hazırlamaqdır. Şərif Qurbanəliyevin də təyinatı gözləri ekranda maraqlı tamaşaları həsrətlə gözləyənlərə çox gözəl tamaşalar müjdəsi veriləcəyinin xəbərçisi olub.
Mədəniyyətin qayəsi siyasəti elmə tabe etdirməkdir. Bu da dahiyanə söylənmiş fikirdir. Çünki mədəniyyət ən yaxşı siyasətdir. Şərif Qurbanəliyevin tamaşalarına baxan insanlar mədəniyyətli olmağa borcludur, yaxud mədəniyyəti olanlardır. Tamaşa insanı güldürürsə, yadda qalandır. Ekrana çıxıb sənətçi olmağa iddia edənləri çoxu tamaşaçını güldürmür. Çox kobud da səslənsə, ekranlı başına götürmüş bayağılıqların mübtəlası olanlar hırıldayır. Sizcə, hırıldayan insandan cəmiyyət hansı mədəniyyəti görər, bu insanlar cəmyyətə nə verə bilər?
Şərifi illərdir tanıyıram. İfrat təvazökar olduğunu da bilirəm. Bu yazını yazmağımdan xəbəri olsaydı, qəti şəkildə etiraz edəcəkdi, yazmamağımı israrla istəyəcəkdi. Çox sevdiyimiz bir insanın çox gözəl bir sözü var: “Təvazönü əsir etməyin!” İstedadlı insanlar ifrat təvazökarlıq göstərdikcə istedadı olmayanlar meydan sulayacaq. Buna da əminəm.
Şərifin xəbəri olmadan bu yazını yazdım. Qoy bu da mənim istedadlı rejissorumuza ərkim olsun. Bir az gileylənər, istəsə bir az da danlayar, amma yazılanları poza bilməyəcək ki… Yazımızı yazan hər zaman həyatımıza gözəl olanları yazsın. Şərifə də, onun quruluş verdiyi əsərlərə ürəkdən gülən tamaşaçılara da…
Xatırladaq ki, Azərbaycan televiziyasının “Sabah” Yaradıcılıq Birliyi 15 fevral 1993-cü ildə fəaliyyətə başlayıb. Birlik əsas etibarilə televiziya tamaşaları, film-tamaşalar, bədii və sənədli televiziya filmləri, konsert və şou-proqramlar hazırlayır. İlk 10 ildə 26 televiziya tamaşası hazırlanıb.
Rəsul Mirhəşimli
Avropa.info
02 aprel 2019

Səmadan “Hicaz”a endirilənlər – Novruz Novruzlu tamaşaçıları bir araya topladı

Bu müjdəni duyanlar qəlblərində sevinclə axışırdı aldıqları xəbərin ardınca.
NOVRUZ GƏLİR!
Baharın gəlişini bu dəfə Novruz Novruzlunun səsi ilə dinləycəkdilər. Dinləyəcəkdilər ki, könüllərində çiçəklər açsın, baxdıqları hər yeri al rəngli lalələr bürüsün. Bir dağ şəlaləsi kimi çağlayan səsin təntənəsində bütün mənzərə yamyaşıl yarpaqlar, əlvan çiçəklər, təbiətin ahənginə uyan quşların nəğmə səsi bəzənsin.
Opera və Balet Teatrına insanları toplayan da bu səsin təntənəsi idi.
Martın 18-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında müğənni, aktyor Novruz Novruzlunun “Hicaz” qrupu ilə birgə “UZUN İNCƏ BİR YOLDAYAM”adlı solo konserti keçirildi.
Bir dəqiqə miqdarınca olan uzun, incə yola girmədən öncə Novruz Novruzlu Hz.Mövlanədən bir çağırış səsləndirdi:
Gəl, gəl, nə olursan ol, yenə gəl,
İstər kafir, istər məcusi,
İstə bütə tapınan ol, yenə gəl,
Bizim dərgahımız ümidsizlik dərgahı deyil.
Bu məkanın ümidsizlik dərgahı olmadığını səhnədə dönən mevləvi dərviş Haqdan aldığını xalqa sunmaqla Novruz bəyin ifasının təsirində müşayiət edirdi.
Bu konsertə yığılanlar əylənmək üçün gələnlər deyildi. Novruz Novruzlu tamaşaçılarına qulluğu xatırladırdı. Səhnədən salona yayılan səs Məhbubun nazil etdiyi, ürəklərə sakitlik və rahatlıq bəxş edən ilahi lütfün hər zərrəsini müğənninin tamaşaçıları ilə bölüşməsi idi. Bu lütfün hər zərrəsi könüllərə düşdükcə onu cilalayırdı. Hz.Mövlanə deyirdi ki, könüllərini cilalamış olanlar rəngdən və qoxudan qurtulmuş olarlar. Hər nəfəsdə asanca bir gözəllik görərlər.
Bu gözəlliyi bəxş edən bu dəfə Novruz Novruzlu idi. Səs bir lütf kimi salona yayıldıqca nəfəsini içinə çəkib, heyrətlə bu ifaları dinləyənlər könüllərdə bir gizli duanın uca dərgaha yüksəlməsini müşahidə edirdilər. Bu yüksəliş ad, sifət və fellərdən doğan təcəlli nişanələrini arif olanlara göstərmək idi.
“Künti kənz”in ayəti vəsfində olmuşdur nüzul,
Varlığına kün fəkan iqraredən pərvərdigar.
Gizli xəzinənin açılması sirrini “Ol dedi, oldu” hikməti ilə müşahidə edənlərin nəşəsi könüllərə bir bahar rüzgarı kimi feyz ilə dolurdu musiqinin ahəngində. Bu səsin təsirindən nə yer qalırdı, nə məkan. Substansiyadan alınan nəfəs ətrafa yayıldıqca onu dinləyənləri bir boşluqdan ilahi aləmə atırdı.
Novruzun ifa etdiyi musiqilər dərin sirlərlə dolu bir kitabədir. Bu nəğmələr insan ruhunun sözlə çəkilmiş rəsmidir. Dinlədikcə insana Rəbbinin qulu olduğunun sevincini yaşadar. Ondan başqasına möhtac olmamağın feyzini verər. “Hər kölə azad edildikdə sevinir. İlahi, mən Sənə qul-kölə olduğum üçün sevinirəm…” Tamaşaçıların bu musiqilərə aludə olmağın bir sirri də budur.
Novruz Novruzlu Azərbaycanda mistik musiqi qrupunun professional səviyyədə ilk qurucusudur. Onun ifa etdiyi musiqi insanın ruhuna ilk başlanğıc məkana mənsubluğunu təlqin edən nəğmələrdir. Bu musiqinin yol açdığı cığıra düşən tamaşaçı dünyanın faniliyini unudur, özünü Bəqadan gələnlərin ağuşunda bulur. “Allahdan gəldik, Allaha dönəcəyik” – Novruzun oxuduqlarında insana verilən ilahi mesajın mahiyyətində bu hikmət dayanır.
Novruz Novruzlunun solo konserti Çanaqqala zəfərinin 103-cü ildönümü ilə eyni gündə baş tutdu. Səmadan Hicaza endirilən hikmət bir türkünün niskili ilə dilə gəlir, Çanaqqalada şəhid olan türk əsgərlərini rəhmətlə yad edirdi.
Çanaqqala içində aynalı çarşı,
Ana, mən gedirəm düşmənə qarşı…
Novruz oxuduğu vətənpərvərlik və türkçülük nəğmələri ilə səsdən və sözdən bir Vətən xəritəsi çəkir. Bu səs oğullarımızı Vətəni sevməyə, yurdu azad etməyə səsləyir: “Vətəninə göz dikəni əz, oğlum!” Bu musiqi Azərbaycan əsgərinin ayaq səslərinə dönüb, milləti torpaqlarımızın azadlığına çağırır.
Novruz Novruzlu bu konserti ilə sübuta yetirdi ki, o, təkcə ilahi musiqilərin və türkülərin mahir ifaçısı deyil. Müğənninin hind, italyan və rus mahılarından ibarət kompoziyası da salona toplaşanların alqışları ilə qarşılandı.
Bir zövqün təntənəsində bu rahatlığı yaşamaq istəyənlər bu tamaşada yer aldı. O konsertə toplaşanlar özünü Eşqin səfasında qonaq hiss etmədi. Hamı bu Eşqin yolunda bir bütündür. Bu yola bələdçiliyi isə Novruz Novruzlu etdi.
Musiqinin, sənətinin bayağılaşdığı zaman kəsimində Novruz Novruzlu sübut etdi ki, ciddi musiqi tamaşaçılara daha böyük zövq verir. Bu konsertdə bir araya gələnlər uzun müddət bu zövqün müzakirəsini edəcəklər. Səbrsilziklə yeni konsertləri gözləyərək….
Rəsul MirhəşimliAvropa.info
19 mart 2018

17 Mart 2020 Salı

Təsəvvüf simvolları: Nöqtə nəyə işarədir?

Təsəvvüf simvolu olaraq, nöqtə vəhdətə işarə edir.
Bütün varlıqlar bir nöqtədən – vəhdətdən başlayır. Vəhdət isə həm əhədiyyət, həm də vəhdəti özündə əhatə edir. Nöqtədən ayrı düşmək zərrəyə dönüşərək, cüzü, nöqtəyə dönmək isə Küllə qovuşmağı ehtiva edir.
Hz.Mövlanə deyir:
Üç nöqtə Eşqdir...
Hər nöqtə gizli bir ahdır.
“Sevirəm” deyib, hayqıra bilməməkdir...
Boğazda düyünlənən bir cüt sözdür.
Dilin lal, könlün məlal olduğu andır.
Gözlərindən süzülməyən iki damla yaşdır...
Hiss edilən, lakin heç cür yazıla bilməyəndir.
Kəlmələrin yetərsiz qaldığı andır.
Üç nöqtə bitməyəndir, bitə bilməyəndir...

Gedənlərin ardınca qalan SƏSSİZLİK

Məktəbdə dərslər bitən kimi tətilin başlayacağı günləri həyəcanla sayar, kəndimizə gedəcəyim vaxtı səbirsizliklə gözləyərdim. Qubadlı rayonu...