7 Temmuz 2026 Salı

Gedənlərin ardınca qalan SƏSSİZLİK


Məktəbdə dərslər bitən kimi tətilin başlayacağı günləri həyəcanla sayar, kəndimizə gedəcəyim vaxtı səbirsizliklə gözləyərdim. Qubadlı rayonunun ən sakit guşəsində, dörd tərəfi meşələrlə əhatə olunmuş doğulduğum Göyərabas kəndində keçirdiyim yay tətilini dünyanın heç bir gözəlliyinə dəyişmərəm.

Axşam hava qaralardı, kənd camaatı işlərini bitirib hər gün qonşulardan birinin həyətində toplaşardı. O evdə heç kim özünü qonaq hesab etməzdi. Kimi çay dəmləyərdi, kimi meyvə yuyub süfrəyə qoyardı. Mən isə daha çox, o dövrlərin ən məşhur mahnılarını dinləməyə gedərdim. İndi mənə çox bəsit görünən o musiqilər bəlkə də kəndimizin mənzərəsi fonunda gözəlmiş, insanların səmimiyyəti və istiqanlılığı ilə dəyərli imiş.

Bəzən nənəmlə evdə tək qalanda, onun pıçıltı ilə zümzümə etdiklərinə qulaq asardım. Uşaqkən elə düşünürdüm ki, nənəm axşamlar qonşuda dinlədiyimiz mahnıları oxuyur. Sonralar başa düşdüm ki, o, 17 yaşında dünyasını dəyişən oğluna (mən doğulmamışdan illər əvvəl vəfat etmiş əmimə), gənc yaşında haqq dünyasına qovuşmuş qızına (bibimə) ağı deyirmiş…

Həyatım boyunca nənəmin ağılarındakı qədər kədərli bir səs eşitməmişəm. O kədərli səslə sanki dünyada hər şey hərəkətsiz qalırdı. Sanki o səs dünyanı yasa boğurdu…

İllər ötdü… Nənəm də 1996-cı ildə, doğulub boya-başa çatdığı yurda həsrətlə haqqın rəhmətinə qovuşdu. Onun səsi, adımı sevgi ilə çağırması, üzündəki utancaqlıq və zəriflik yaddaşıma əbədi həkk olunub. İndi o saf təbəssümü ilə məzar daşındakı şəklində mənə baxır. O kənd həyətlərindəki şən axşamlar çoxdan susub. Uzun illər Ermənistanın işğalı altında qalıb vəhşicəsinə viran edilən kəndimizin evlərinə yenidən istilik dönəcəyi günləri görəcəyəmmi, bilmirəm. Şəkillərə baxdıqca, sevdiklərimin bir-bir əskildiyini görürəm.

Bəzən o şəkillərə baxarkən nəfəsim boğazımda düyünlənir. Gözlərim yaşarır, çünki o baxışlar, o təbəssümlər bir daha qayıtmayacaq… Yaxınlarımın bir-bir bu dünyadan köçməsi içimdə izaholunmaz bir boşluq buraxıb. İnsan zaman keçdikcə kədərini içində daşımağı öyrənir, amma əsla unutmağı bacarmır.

Zaman illəri qovdu və o şəkillərdə valideynlərimdən, dostlarımdan yalnız xatirələr qaldı. Ölüm payız kimi ətrafımdakıları soldurub içimdə dərin bir boşluq yaratdı. Xatırladığın insanları rəhmətlə anmaq, sadəcə onların ruhlarına dua etmək deyil, zamanla yalnızlaşdığını dərk etməkdən doğan bir ağrıdır.

Uşaqlığımda, gəncliyimdə sevdiyim insanların bir-bir bu həyatdan köçməsi ilə sanki mən də tədricən bir az azalır, bir az soluram. Hər kəsin getdiyi bu yolun sonu eyni olsa da, ayrılıqların buraxdığı iz eyni olmur. Kiminsə yoxluğu bir gecədə dağ kimi çökür, kiminsə itkisi illərlə içində gizlicə sızlayır…

İndi həyatda daha çox keçmişə boylanıram. Geri dönəndə, bir zamanlar dolu-dolu yaşanmış günlərin qalıqları arasında özümü çox zaman yalnız hiss edirəm. Sanki o günlərdə hər şeyin bir ruhu var idi. Otların, ağacların, hətta yay axşamlarının sükutunun belə özünəməxsus nəfəsi olurdu. İndi o nəfəs sönüb. Bu dünya çox fanidir… İnsan ömrü elə bir gündəlikdir ki, səhifələr çevrildikcə sevdiklərin bir-bir silinirmiş.

Bəzən sükuta dalır, səssizcə Allaha dua edirəm:

“Allahım, bu dünyada əlimizdən tutub bizi sevənləri Cənnətdə bizimlə yenidən qovuşdur”.

Bu duada bir həsrət var, bir də ümid… Çünki insan yaşa dolduqca anlayır ki, bu həyatın ən böyük neməti sevdiklərinlə birgə yaşadığın gözəl anlarmış.

Onlar getdikcə həyat da yavaş-yavaş rəngini itirir…

İctimai diqqətin manipulyasiyası: Qalmaqallı “jurnalist” fenomeni və unudulan problemlər


Neçə gündür cəmiyyətdə ən geniş müzakirələrə səbəb olmuş problemlə bağlı öz baxışlarımı yazmaq məcburiyyətində qaldım. Ad çəkmədən də bu problemin kimin əli ilə yaradıldığını bilmək mümkündür. Nə qədər problemi kiminsə üzərinə yönəldib, fərdiləşdirməyin tərəfdarı olmasam da, müzakirələrdən doğan səbəblər bunu qaçılmaz edir. Peşəkarların meydandan sıxışdırılıb çıxarılması cəmiyyətdə başqa bir dərin problemin yaranmasına səbəb olur.

Bu işin "texnoloqları" da bilməlidir ki, bu münasibət cəmiyyətə müsbət heç nə qazandırmır.
Cəmiyyətdə sosial, iqtisadi və siyasi problemlər dərinləşdikcə bu məsələlərin açıq şəkildə müzakirəyə çıxması qaçılmaz olur. İnsanların gündəlik həyatına təsir edən çətinliklər ictimai narazılığı artırır və təbii olaraq həll yolları barədə kütləvi debatlara səbəb olur. Lakin məhz bu mərhələdə maraqlı bir tendensiya ortaya çıxır, əsas problemlərdən diqqəti yayındıran, cəmiyyətin həssas təbəqələrini hədəfə alan, etik və peşə standartlarını pozmaqdan çəkinməyən “jurnalist” fiquru qəfil gündəmə gətirilir.
Bu təsadüfi hadisə deyil. Zamanlama xüsusi diqqət çəkir, çünki problemlər haqqında müzakirələr intensivləşəndə emosional reaksiya doğura biləcək bir şəxs mediada və sosial platformalarda ön plana çıxır. Onun çıxışları adətən cəmiyyəti təhqir edən, müəyyən sosial qrupları aşağılamağa hesablanmış və qıcıq yaradan məzmun üzərində qurulur. Nəticədə ictimai diqqətin istiqaməti dəyişir. İnsanlar artıq həyatlarına təsir edən real problemləri deyil, həmin şəxsin dediklərini, onun kimə və niyə toxunduğunu müzakirə etməyə başlayır.
Beləliklə, gündəmin mərkəzi dəyişir. Əsas məsələlər arxa plana keçir, emosional polemika isə ön plana çıxır.
Bu proses informasiya manipulyasiyasının klassik texnologiyalarından biridir. Məqsəd problemin həllini sürətləndirmək yox, ictimai enerjini başqa istiqamətə yönəltməkdir. Cəmiyyətin narahatlığı konkret problemlər ətrafında birləşmək əvəzinə, süni şəkildə yaradılmış qarşıdurmalara parçalanır. Sosial şəbəkələrdə mübahisələr sərtləşir, insanlar tərəflərə bölünür, aqressiya artır. Bir qrup həmin şəxsi sərt tənqid edir, başqa bir qrup isə onu “fərqli fikir sahibi” kimi müdafiə etməyə başlayır. Nəticədə problem yox, qalmaqal əsas mövzuya çevrilir.
Burada başqa bir məqam da var, bu da peşəkar jurnalistikanın kənarda saxlanılmasıdır. Çünki peşəkar jurnalist fakt üzərində işləyir, sistemli araşdırma aparır, ictimai marağı qorumağa çalışır. Qalmaqal üzərindən önə çıxarılan fiqurlar isə tam əksinə, emosional partlayış yaradır və diqqəti struktur problemlərdən uzaqlaşdırır. Bu, təkcə jurnalistikanın keyfiyyətinin aşağı düşməsi deyil, həm də ictimai debatın mahiyyətinin dəyişdirilməsidir.
Məhz buna görə belə fiqurlar tez-tez eyni xüsusiyyətlərlə seçilir. Onlar etik normaları pozmaqdan çəkinmir, cəmiyyətin ağrılı nöqtələrinə toxunur, təhqir və qarşıdurmanı kommunikasiya üsuluna çevirirlər. Onların yaratdığı informasiya səs-küyü real problemləri görünməz edir. Cəmiyyət həll tələb edən məsələlər ətrafında birləşmək əvəzinə, süni gündəmin içində enerjisini itirir.
Bu texnologiyanın ən təhlükəli tərəfi də budur, insanlar özlərini ictimai prosesin mərkəzində hiss etsələr də, əslində diqqətləri əsas mövzudan uzaqlaşdırılır. Reaksiya verirlər, müzakirə aparırlar, paylaşırlar, amma nəticədə həll olunmalı məsələlər yenə də açıq qalır.
Sağlam ictimai müzakirə üçün emosional manipulyasiya ilə real tənqidi jurnalistikanı ayırd etmək vacibdir. Cəmiyyət diqqətini onu qıcıqlandıran fiqurun kimliyinə yox, həmin fiqurun hansı gündəmdə və nə üçün ortaya çıxarıldığına yönəldəndə informasiya manipulyasiyasının təsiri azalır. Əks halda, hər yeni problem dalğasında eyni ssenari təkrarlanır, əvvəl narazılıq böyüyür, sonra qalmaqal yaradılır, ardınca isə əsas məsələ yenidən kölgədə qalır.
Bu, sadəcə informasiya xaosu deyil. Bu, ictimai diqqətin idarə olunması texnologiyasıdır. Və onu tanımaq cəmiyyətin öz gündəmini qorumasının ilk şərtidir.
P.S. Bütün baş verənlərə dərindən diqqət edəndə hansı "jurnalist" "Nə dedi? Niyə dedi?" prizmasından uzaqlaşıb, bu mövzunun nədən ortaya atıldığına və kimlərin idarə etdiyinə baxmaq lazımdır. Necə deyərlər, alət dəyişib, amma adət dəyişməyib...

Beşiklə məzar arasında səslənən NƏĞMƏ


Nənələrimiz körpələrin beşiyi başında laylayı "Baş Sarıtel" havası üstündə oxuyardılar, bu dünyadan köçən insanları da həmin hava ilə ağlayardılar.

Sanki bu hava insan ömrünün görünməz çevrəsini tamamlayan bir sirr daşıyırdı. Körpə ilk dəfə gözlərini dünyaya açanda laylanın qanadına sığınıb həyatın eşiyindən içəri girərdi, ömrünü başa vurub gedən insan isə eyni nəğmənin kölgəsində dünyanın qapısından çıxardı. Birində sevinc, fərəh vardı, o birində həsrət. Amma hər ikisinin fonunda eyni səs, eyni ahəng, eyni tale danışardı.
"Baş Sarıtel" adi bir musiqi deyil. O, zamanın sirlərini insan dili ilə anladan vüsal, övladın boyuna sevinmək nəğməsi, dünyanın faniliyinə inam, ayrılıgın kədərinə qəlbi parçalayan qəmli oxşamadır. İnsan ruhunun yaddaşında doğuluşdan əvvəl də var olan, ölümdən sonra da davam edən bir pıçıltı kimidir. Elə bil bu hava bizə xatırladır ki, gəlişlə gediş bir-birinə zidd deyil, eyni yolun iki fərqli dayanacağıdır. Beşiklə məzar arasında uzanan ömür isə həmin nəğmənin içindəki qısa bir nəfəslikdir.
Kənd axşamlarında uzaqdan gələn "Baş Sarıtel" səsi eşidiləndə adamın qəlbində qəribə bir hiss oyanır. Sanki unudulmuş bir xatirə qapını döyür. İnsan anlayır ki, ruh bu dünyaya yad deyil, amma bu dünyaya aid də deyil. O, haradansa gəlib, harayasa qayıdır. "Baş Sarıtel" də elə həmin dönüş yolunun nəğməsidir.
Bəlkə buna görə nənələrimiz körpəni yatıranda da, ölüsünü yola salanda da eyni havaya üz tuturdular. Onlar sözlə deyə bilmədiklərini musiqi ilə anlatmağı bacarırdılar. Bilirdilər ki, insanın ilk yuxusu ilə son yuxusu arasında görünməz bir körpü var. O körpünün üstündən keçən hər kəsin ayaq səsləri isə "Baş Sarıtel"in kövrək notlarında əks-səda verir.
Bu hava bizə pıçıldayır ki, həyat əslində bir qonağın yad mənzildə (bu dünyada) bir neçə günlük qalmasıdır. Körpənin beşiyi yanında layla kimi başlayan nəğmə insanın dünya həyatındakı son nəfəsində ağıya çevrilir. Amma nəğmə bitmir. Çünki gedənlər torpağın yaddaşına, qalanlar isə xatirələrin qoynuna qarışır. "Baş Sarıtel" isə hər iki aləmin arasında dayanıb, min illərdir eyni həqiqəti söyləyir: İnsan gəldiyi yerə qayıdır, ruh isə heç vaxt sahibindən ayrılmır. O, bir laylanın içində doğulur, bir ağıda qanad açıb sonsuzluğa uçur.

"Yanıq Kərəmi" çalınanda...

Bəzi havalar var ki, onları dinləmirlər, yaşayırlar. Bəzi havalar var ki, qulaqdan süzülüb ürəyə yetişmir, birbaşa qəlbin ən kövrək yerinə enir. "Yanıq Kərəmi" də elə havalardandır.

Bu hava Əslinin həsrəti ilə alışıb-yanan Kərəmin dərdindən doğulub. Sazımızın sinəsində əsrlərdir Kərəmin naləsi yaşayır. "Yanıq Kərəmi" təkcə Əsliyə qovuşa bilməyən Kərəmin dərdi deyil. Bu hava hər kəsin içində gizlətdiyi ayrılıqların, itkilərin, geri dönməyən zamanların ağısıdır.
"Yanıq Kərəmi" çalınanda adamın yadına bir sevgili düşmür təkcə. Dünyadan köçmüş ata düşür, ana düşür. Bir vaxtlar səsini eşitdiyin, əlini tutduğun, amma indi məzar daşına sarıldığın doğmalar düşür yadına. Onda anlayırsan ki, insanın içində sağalmayan yaralar var. Zaman onların üstünü örtür, amma sağaltmır.
Bu hava çalınanda uşaqlığımız da dirilir.
Palçıqlı küçələrdə oynadığımız günlər, qapı ağzında bizi gözləyən analarımız, axşamüstü evə qayıdanda uzaqdan görünən ata kölgəsi... Bu xatirələrin hamısı sazın simlərindən süzülüb gəlir. Bir vaxtlar içində yaşadığımız günlər indi xatirəyə çevrilib.
Bəlkə də "Yanıq Kərəmi"nin yanğısı elə bundadır.
İnsan anlayır ki, ömrün ən gözəl günləri geridə qalıb, əslində. Uşaqlığımızı da, gəncliyimizi də itirdiyimizi bir saz havasının içində hiss edirik. Qocalan üzümüzdən çox qocalan xatirələrimiz bizi ağrıdır.
Bu havanı dinləyəndə sazın təzanəsi sazın siminə toxunmur, qəlbimizin sarı siminə dəyib içimizi göynədir. Simə dəyən hər zərbə yaddaşımızın bir köşəsini açır. Birində anamızın səsi eşidilir, birində atamızın baxışı görünür, birində artıq yerində olmayan dostların gülüşü.
Elə buna görə də "Yanıq Kərəmi" oynamaq üçün deyil. Bu havada Gəncədən Təbrizə uzanan həsrət var.
Bu havanı oyun havasına çevirənlər də var, Kərəmin yanğısına qol götürüb oynayanlar da. Bu havanı oyun havası sananlar onun içindəki fəryadı eşidə bilirlərmi?
Əsli həsrətindən yanıb külə dönən Kərəmin dərdi ilə oynamaq olarmı?
Ata məzarı üstündə ağlayan bir övladın göz yaşına rəqs etmək olarmı?
Gəncliyini torpağa gömən bir insanın nisgili ilə oynamaq olarmı?
"Yanıq Kərəmi" oynamaq üçün deyil. Bu hava kədərdi başdan-başa, Kərəmin atəşində qovrulmaq, Əslinin naləsinə yanmaqdı. Bir göz qırpımında keçib gedən, qüruba yaxınlaşan ömrünlə üzləşməkdi. İnsan itirdiklərini xatırlamaq üçündü bu hava.
Rəhmətlik Aşıq Ədalətin sazında "Yanıq Kərəmi" tamam başqa rəng alırdı. O zaman saz danışmırdı, sızlayırdı. Elə bil "Yeddi oğul istərəm" filmində güllələnən Cəlalın son yalvarışları sazın tellərinə köçürdü. O nalələr ürəyimizi nişan alırdı. Bu həyat bizi "ağrıdır axı" deyib nalə çəkirdik. Bəlkə bu səbəbdəndi ki, ürəyimizi nişan alır "Yanıq Kərəmi".
Bu gün də haradasa gecənin bir aləmində "Yanıq Kərəmi" səslənəndə insan özünü yalnız hiss etmir. Bilir ki, bu havada onun da dərdi var. Anasının yoxluğu var. Atasının həsrəti var. Geri dönməyən uşaqlığı var. Yarımçıq qalan arzuları var.
Elə buna görə "Yanıq Kərəmi" saz havası deyil sadəcə.
O, insan ömrünün musiqiyə çevrilmiş həsrətidir.
Kərəmin yanğısından başlayıb, hər birimizin qəlbində bitən sonsuz bir nisgildir...

Kərbəla faciəsi və Aşura: Haqla batilin əbədi qarşıdurmasının simvolu


Baxdı çün Əkbərinin nizədə Leyla üzünə, Gördi zülfü tökülüb, çün şəbi yelda üzünə.

Mirzə Ələkbər Sabir

İslam tarixində elə hadisələr var ki, onlar yalnız müəyyən bir dövrün siyasi hadisəsi kimi qalmayıb, əsrlər boyu bəşəriyyətin vicdanına, mənəviyyatına və ədalət anlayışına təsir göstərib. Kərbəla faciəsi belə hadisələrdən biridir. Hicri 61-ci ilin Məhərrəm ayının onuncu günü – Aşura günündə baş verən bu hadisə təkcə İslam tarixinin deyil, ümumilikdə insanlıq tarixinin ən faciəli və eyni zamanda ən şərəfli səhifələrindən hesab edilir. Kərbəla bir tərəfdən amansız zülmün, hakimiyyət hərisliyinin və insanlıqdan uzaq davranışların təcəssümü idisə, digər tərəfdən haqqın, ədalətin, mənəvi dəyərlərin və Allah yolunda fədakarlığın zirvəsi oldu.
Peyğəmbərimiz Hz.Məhəmmədin (s) dünyadan köçməsindən sonra müsəlman cəmiyyətində siyasi hakimiyyət uğrunda mübarizə getdikcə dərinləşdi. Xüsusilə Əməvi sülaləsinin hakimiyyətə gəlməsi ilə xilafət öz mahiyyətindən uzaqlaşmağa başladı. İslamın ilk dövrlərində xilafət dini və ictimai məsuliyyət daşıyan bir idarəçilik forması kimi qəbul olunurdusa, Əməvilər dövründə bu institut tədricən irsi monarxiyaya çevrildi.
Muaviyə ibn Əbu Süfyan hakimiyyətinin son illərində oğlu Yezidi özündən sonra varis elan etdi. Bu addım müsəlman cəmiyyətinin böyük hissəsi tərəfindən narazılıqla qarşılandı. Çünki xilafətin irsi hakimiyyətə çevrilməsi İslamın idarəçilik prinsiplərinə zidd hesab olunurdu. Yezid siyasi güc və təzyiq vasitəsilə müsəlmanlardan beyət almağa çalışırdı. Halbuki onun həyat tərzi və davranışları dini mənbələrdə, tarixi qaynaqlarda ciddi tənqid olunur. Bir çox tarixçilər Yezidin açıq şəkildə dini dəyərlərə laqeyd yanaşdığını, əxlaqi pozğunluqlara yol verdiyini, hakimiyyəti qorumaq naminə zorakılıqdan istifadə etdiyini qeyd edirlər.
Əməvi hakimiyyətinin əsas xüsusiyyətlərindən biri bu sülalənin əleyhinə olanlara qarşı sərt repressiyalar həyata keçirməsi idi. Dövlət idarəçiliyində qohumbazlıq geniş yayılmışdı, hakimiyyətin qorunması üçün təzyiq və zor tətbiq olunurdu. İslamın ədalət, bərabərlik və mənəvi məsuliyyət prinsipləri getdikcə arxa plana keçirilirdi. Bu səbəbdən Peyğəmbərin (s) nəvəsi, imamət məktəbinin üçüncü imamı Həzrət Hüseyn (ə) Yezidə beyət etməyi qəbul etmədi. O, Yezidin hakimiyyətini yalnız siyasi baxımdan deyil, həm də dini və mənəvi baxımdan qeyri-legitim hesab edirdi.
Həzrət Hüseynin (ə) mövqeyi hakimiyyət uğrunda mübarizə deyildi. O, öz çıxışlarında dəfələrlə bildirirdi ki, məqsədi hakimiyyəti ələ keçirmək yox, İslam ümmətini islah etmək, savab işləməyə çağırmaq və günahlardan çəkindirməkdir. Onun Yezidə beyət etməməsi əslində haqq ilə batilin qarşıdurmasının açıq təzahürü idi.
Bu dövrdə Kufə şəhərinin minlərlə sakini Həzrət Hüseynə (ə) məktublar göndərərək onu İraqa dəvət etdi. Kufəlilər bildirirdilər ki, onlar Əməvi zülmündən beziblər və Həzrət Hüseyni (ə) öz rəhbərləri kimi görmək istəyirlər. Məktubların sayı o qədər çox idi ki, imam vəziyyəti araşdırmaq üçün əmisi oğlu Müslim ibn Əqili Kufəyə göndərdi. İlk vaxtlar Kufə əhalisinin böyük hissəsi Müslimə beyət etdi və imamın gəlişinə hazır olduğunu bildirdi.
Lakin Yezid vəziyyətin təhlükəli istiqamət aldığını gördükdə Kufəyə sərt və qəddar valilərdən biri olan Ubeydullah ibn Ziyadı göndərdi. Təhdidlər, həbslər, edamlar və qorxu siyasəti nəticəsində Kufə əhalisinin böyük hissəsi geri çəkildi. Bir vaxtlar Həzrət Hüseyni (ə) dəvət edən insanlar sonradan onu tək qoydular. Müslim ibn Əqil şəhid edildi və Kufə əhalisinin böyük hissəsi verdiyi sözə əməl etmədi. Bu hadisə tarixdə xəyanətin və qorxaqlığın ən acı nümunələrindən biri kimi yadda qaldı.
Həzrət Hüseyn (ə) ailəsi və tərəfdarları ilə birlikdə Kərbəla çölünə çatdıqda artıq geri dönüş yolu bağlanmışdı. Qarşı tərəfdə minlərlə silahlı döyüşçüdən ibarət ordu dayanırdı. İmamın yanında isə sayı yetmişdən bir qədər çox olan yaxınları və əqidədaşları vardı. Bu, hərbi baxımdan qeyri-bərabər bir qarşıdurma idi.
Yezidin qoşunu Həzrət Hüseynin (ə) dəstəsinə qarşı təkcə hərbi üstünlükdən istifadə etmədi. Tarixi mənbələrdə qeyd olunur ki, imamın düşərgəsinə su yolu bağlandı və günlərlə qadınlar, uşaqlar və döyüşçülər susuzluqla sınağa çəkildi. Fərat çayının sahilində yerləşmələrinə baxmayaraq, onların su əldə etmələrinə imkan verilmədi. Bu, hətta müharibə qaydaları baxımından belə, insanlıqdan kənar və qəbuledilməz addım idi. Yezidin əmri ilə onun qoşununa başçılıq edənlər bütün insanlıq qaydalarını ayaqları altına saldılar və vəhşiyinin ən murdar nümunəsini tarixə yazdılar.
Aşura günü Həzrət Hüseynin (ə) silahdaşları bir-bir şəhid oldular. Peyğəmbərin (s) ailəsinin üzvləri, yaxın qohumları və sədaqətli dostları misilsiz şücaət nümayiş etdirdilər. Nəhayət, imam özü də şəhid edildi. Tarixi qaynaqlarda onun cəsədinə qarşı həm döyüş meydanında, həm də Əməvi sarayında Yezid tərəfindən hörmətsizlik göstərildiyi, şəhidlərin nəşlərinin tapdalandığı qeyd olunur. Bu hadisələr İslam tarixinin ən ağrılı səhifələrindən biridir.
Faciə Həzrət Hüseynin (ə) şəhadəti ilə bitmədi. Onun ailə üzvləri, qadınlar və uşaqlar əsir götürüldü. Peyğəmbər nəvələrinin və ailəsinin şəhər-şəhər gəzdirilməsi, onların ictimai şəkildə təhqir olunması insanlıq tarixində qara ləkə kimi qaldı. Həzrət Zeynəb (ə) və İmam Zeynülabidin (ə) əsirlik dövründə göstərdikləri əzmkarlıq və söylədikləri tarixi xütbələrlə Yezid rejiminin mahiyyətini ifşa etdilər.
Yezid hakimiyyəti hərbi baxımdan qələbə qazandığını düşünsə də, mənəvi və tarixi baxımdan məğlub oldu. Kərbəla hadisəsi göstərdi ki, güc və zorakılıq həmişə həqiqəti məğlub edə bilmir. Əksinə, bəzən qanla yazılan həqiqətlər əsrlər boyu yaşayır.
Kərbəla faciəsindən sonra İslam dünyasında şəhidlik məktəbi formalaşdı. Bu məktəbin əsas fəlsəfəsi haqq uğrunda mübarizə aparmaq, zülmə boyun əyməmək, ədaləti hər şeydən üstün tutmaq və bu dəyərlər uğrunda canından keçməkdir. Həzrət Hüseynin (ə) şəhadəti göstərdi ki, say çoxluğu və hərbi üstünlük həqiqətin meyarı deyil. Əsas olan insanın hansı mövqedə dayanmasıdır.
Kərbəla hadisəsinin hər il matəmlə yad edilməsinin səbəbi yalnız şəhidlərə ağlamaq deyil. İslam inancına görə, Allah yolunda şəhid olanların məkanı Cənnətdir. Lakin Kərbəla həm də bəşəriyyətə qarşı törədilmiş böyük bir cinayət və ictimai faciədir. Buna görə də müsəlmanlar hər il bu hadisəni xatırlayır, Kərbəla şəhidlərinə matəm saxlayır, onun dərslərini gələcək nəsillərə çatdırırlar.
Bu ənənə digər xalqların milli faciələri yad etməsinə də bənzəyir. Azərbaycan xalqı 20 Yanvar faciəsi və Xocalı soyqırımı qurbanlarının şəhid olduğuna inanır. Lakin həmin hadisələr xalqın tarixində qanlı və faciəli səhifələr olduğu üçün hər il ehtiramla yad edilir, matəm saxlanılır və şənliklərdən imtina olunur. Kərbəla matəmi də eyni məntiqə əsaslanır. Məqsəd şəhidlərin aqibətinə görə kədərlənməkdən daha çox, baş vermiş zülmü unutdurmamaq və ondan nəticə çıxarmaqdır.
Qurani-Kərimdə Peyğəmbərin (s) yaxınlarına məhəbbət göstərilməsi xüsusi əhəmiyyət daşıyır. “Şura” surəsinin 23-cü ayəsində Hz.Peyğəmbərin (s) risalət müqabilində müsəlmanlardan yaxınlarına sevgi göstərməsinin istəndiyi bildirilir. İslam alimlərinin böyük hissəsi bu ayənin Əhli-Beytə (ə) sevgi və ehtiramın vacibliyinə işarə etdiyini qeyd edib. Əhli-Beytə (ə) sevgi təkcə emosional münasibət deyil, onların təmsil etdiyi ədalət, mənəviyyat və haqq yoluna bağlılıq deməkdir.
Peyğəmbərimiz Hz.Məhəmmədin (s) hədislərində də Kərbəla hadisəsinə işarələr var. Müxtəlif hədis mənbələrində Peyğəmbərimizin (s) Həzrət Hüseynin (ə) gələcəkdə şəhid ediləcəyini xəbər verdiyi nəql olunur. Rəvayətlərdə mələklərin ona Hüseynin (ə) şəhadət torpağını göstərməsi, onun faciəli aqibətindən danışması və Hz.Hüseynə (ə) olan dərin sevgisini ifadə etməsi qeyd edilir. “Hüseyn məndəndir, mən də Hüseyndənəm” hədisi müsəlman dünyasında ən məşhur rəvayətlərdən biri hesab olunur və imamın İslam tarixindəki müstəsna yerini göstərir.
Kərbəla müsəlmanlara çox mühüm ibrət dərsləri verir. Bu hadisə göstərir ki, haqqın yanında olmaq bəzən ağır bədəllər tələb edir. Zülm qarşısında susmaq onu gücləndirir. Verilən vədlərə sadiq qalmaq böyük mənəvi məsuliyyətdir. Hakimiyyət və dünya mənafeyi insanları haqq yoldan uzaqlaşdıra bilər. Ən əsası isə Kərbəla öyrədir ki, həqiqi qələbə hər zaman üstünlük deyil, bəzən şəhadət özü tarixin ən böyük zəfərinə çevrilir.
Aradan on dörd əsrdən artıq vaxt keçməsinə baxmayaraq, Kərbəla hələ də milyonlarla insanın vicdanında yaşayır. Çünki bu hadisə yalnız keçmişin tarixi deyil. O, hər dövrdə insanları ədalət və zülm, haqq və batil, sədaqət və xəyanət arasında seçim etməyə çağıran əbədi bir məktəbdir. Həzrət Hüseynin (ə) Kərbəladakı mövqeyi insanlığa göstərdi ki, şərait nə qədər ağır olsa da, haqq uğrunda mübarizədən geri çəkilmək olmaz. Məhz buna görə Kərbəla tarixdə bir faciə olmaqla yanaşı, həm də azadlığın, ləyaqətin və mənəvi müqavimətin əbədi simvolu kimi yaşayır.

Türkün ruhu niyə sazda danışır? - "Hicran Kərəmi"dəki sirlər və həqiqətlər

 Saz insan ruhunun gəldiyi yerdən, gedəcəyi yerə qədər bütün sirlərini aça bilən nadir alətlərdəndir. Hər xalqın ruhu bir musiqi alətinə bağlıdır. Hər musiqi aləti bir xalqın dilini bilər, hər xalq da bir musiqi alətinin. Türkün ruhu saza bağlıdır. Elə bu səbəbdəndir ki, Koroğlu Çənlibelə dəli seçəndə Aşıq Cünun saz çalar, özü də həmin igidin nəbzini tutardı. Sazın çalğısı ürək ritmini yüksəltməyəni Çənlibelə almazdı Koroğlu.

Sazımız sirlərimizi qoruyan, onu naməhrəmə açmayan can yoldaşımızdır. "Mənsuri" havası Adəmin Ələstdən keçib, torpaqdan yaradılışı, ilahi ruhun ona üfürülməsinə qədər hər şeyi anladır. Bu sirləri anlayan simlərin, pərdələrin, təzanənin hansı simvollarla gizləndiyi, yaxud ifadə olunduğunu bilir.
Hər kəsin ruhu bir havaya köklənib. Halına görə insan fərqli saz havasını həvəslə dinləyər, lakin ruhun havası dəyişməzdir.
Mənim ruhumun havası "Hicran Kərəmi" havasıdır. Bu havaya bizdə "Quba Kərəmi" də deyirlər. "Hicran Kərəmi"də keçmişin nisgili var. Vüsala ümidlənən Aşiqin qovuşacağı gözləntiləri gizlənib onun hər pərdəsində. Ruhun atını dördnala çapdığı vüsal ümidi keçmişdə yaşanmış səadətin ilğımından uzağa getməz. Sönməyən bircə ümid var o havada: "Hər kəs sevdiyi ilə bərabərdir". Bu bərabərlik cismin birlikdə olması deyil, könlünü Sevgilinin ayaqları altına sərməkdir...
Sazın hər havası bir tale kitabıdır. O kitabı hər adam oxuya bilməz. Çünki sazı dinləmək başqa, onu eşitmək başqadır. Dinləyən qulaq səsi qəbul edər, eşidən könül isə hikməti. Elə buna görə də qədim aşıqlar deyərdilər ki, saz çalınanda danışmaq ədəbsizlikdir. Çünki həmin anda söz yox, həqiqət danışır. Həqiqətin səsini isə yalnız susmağı bacaran insan eşidə bilər.
Bizim ulu babalar sazı məclis bəzəyi kimi yox, hikmət məclisinin sahibi kimi qəbul ediblər. O, döyüşə gedən igidin qoluna qüvvət, yurdundan didərgin düşənin gözünə yaş, övlad itirən anaya təsəlli olub. Elə buna görə saz heç vaxt təkcə musiqi aləti olmayıb. O, xalqın yaddaşıdır. Kitabların yandırıldığı, salnamələrin itib-batdığı zamanlarda millətin tarixini saz qoruyub. Bir dastanın unudulmaması üçün bir aşığın yaddaşı kifayət edib. O yaddaşın açarı isə sazın sinəsində gizlənib.
Təəssüf ki, bu gün sazı dinləyən çoxdur, amma onu tanıyan azdır. Simlərin sayını bilənlər çoxalıb, simlərin sirrini bilənlər azalıb. Pərdələrin yerini əzbərləyənlər tapılır, amma hər pərdənin hansı mənəvi məqama işarə etdiyini anlayanlar barmaqla sayılacaq qədərdir. Halbuki sazın dili zahirin dili deyil. Onun əlifbası könüllə oxunur. Könlü qapalı olan üçün sazın səsi də adi melodiyadan başqa bir şey deyil.
"Hicran Kərəmi" də belə havalardandır. Onun ilk sədaları eşidilən kimi insan anlayır ki, bu ayrılıq ümidsizlikdən doğmayıb. Burada hicranın özü də vüsala xidmət edir. Çünki həqiqi Aşiq ayrılığı cəza yox, imtahan kimi qəbul edər. Hər ayrılıq sevgini bir qədər də saflaşdırar, hər həsrət könlü dünyadan bir qədər də ayırar. Elə buna görə bu havanı dinləyərkən insan qəribə bir hiss keçirir. "Hicran Kərəmi" havasında sanki ağrı da var, rahatlıq da, nisgil də var, təslimiyyət də. Bu da eşqin öz təbiətidir.
Türkün sazı niyə başqa xalqların musiqi alətlərinə bənzəmir? Çünki türk ruhunun yolçuluğu başqadır. Bu ruh həmişə köçdə olub. Dağdan aranadək, yaylaqdan qışlağadək, savaşdan sülhədək uzanan bir ömür yaşayıb. O yolçuluğun yorğunluğu da, sevinci də sazın sinəsinə köçüb. Elə buna görə sazın səsi eşidilən yerdə insan özünü qərib hiss etmir. Sanki çox qədimdən tanıdığı bir dost ona səssizcə "evinə xoş gəldin" deyir.
Bəlkə də buna görə ruhum "Hicran Kərəmi"ni seçib. Çünki insanın əsl Vətəni gəldiyi yerdir (Ələstdir), yaşadığı yer yox. Ruh isə gəldiyi yeri heç vaxt unutmaz. O, bu dünyada eşitdiyi bütün səslərin içindən yalnız özünə aid olan çağırışı tanıyır. O çağırışı mən "Hicran Kərəmi"də eşidirəm. Hər dəfə bu hava səslənəndə elə bilirəm ki, yaddaşım məndən əvvəl yaranmış bir həqiqəti xatırlayır. Bəlkə də insanın ömrü boyu axtardığı xoşbəxtlik elə unudulmuş həqiqəti yenidən xatırlamaqdır. Saz isə həmin yaddaşın ən sədaqətli keşikçisidir.

Eşqin qılıncı ilə öldürülən şəhiddir


Bu ifadəni rəhmətlik Hacı Şahinin söhbətlərinin birində dinləmişdim. Elə dinlədiyim anda bütün ruhumu yerindən oynatdı bu söz. İnsan düşünür, Eşqlə yaşayıb, eşqlə ölmək, onun qılıncının qurbanı olmaq necə hissdir?

Bəzən bir cümlə yüzlərlə kitabın deyə bilmədiyini deyir. Bəzən bir hikmət əsrlərin süzgəcindən keçərək insan qəlbinə çatır və orada özünə əbədi məskən salır. “Eşqin qılıncı ilə öldürülən şəhiddir” kəlamı da belə hikmətlərdəndir.
Bu söz ilk baxışda adi bir təşbeh kimi görünə bilər. Lakin onun dərin qatlarına endikcə insan başqa bir aləmlə qarşılaşır. O aləmdə ölüm son deyil, başlanğıcdır. Ayrılıq yoxluq deyil, qovuşmağa aparan yoldur. Eşq isə yalnız iki qəlb arasında qərar tutan hiss deyil, insanı özündən alıb daha böyük həqiqətə qovuşduran ilahi qüvvədir.
Şərq düşüncəsində eşq həmişə müqəddəs sayılıb. Çünki eşq insanı dəyişdirir. Onu olduğu kimi saxlamır. Nizaminin qəhrəmanları, Füzulinin aşiqi, Nəsiminin həqiqət yolçusu eşqə düşdükləri gün əvvəlki insanlar olmurlar. Eşq onların içindəki “mən”i öldürür, əvəzində daha saf, daha kamil bir varlıq doğulur.
Bəlkə də buna görə böyük mütəfəkkirlər eşqi qılınca bənzədiblər.
Qılınc kəsir.
Eşq də kəsir.
Qılınc bədəni yaralayır.
Eşq ruhu.
Qılınc insanı həyatdan ayırır.
Eşq isə insanı nəfsindən.
Ən çətin savaş da məhz budur. İnsan üçün öz nəfsinə qalib gəlmək min düşmənə qalib gəlməkdən daha ağırdır. Eşq həmin savaşın ən sarsılmaz silahıdır.
İnsan bəzən ömrü boyu sevir. Bəzən bir baxışa, bir təbəssümə, bir xatirəyə bağlanır. İllər keçir, zaman dəyişir, saçlara dən düşür, üzlər qırışır. Amma qəlbin bir guşəsində qorunan o sevgi dəyişmir. Sanki zaman ona toxuna bilmir.
Belə sevgilərdən danışanda insanın yadına köhnə saz havaları düşür. "Yanıq Kərəmi"nin nisgilli sədaları qulaqlarda səslənir. O havalarda təkcə məhəbbət yoxdur. O havalarda həsrət var, ayrılıq var, yol gözləmək var. O havalarda eşqin qılıncı ilə yaralanmış insanların min illik ahı yaşayır.
Bəzən insan öz sevgisinə qovuşmur.
Bəzən yollar yarımçıq qalır.
Bəzən məktublar ünvanına çatmır.
Bəzən son görüşün son görüş olduğunu heç kim bilmir.
Amma qəribəsi budur ki, qovuşa bilməyən sevgilər çox vaxt qovuşan sevgilərdən daha uzunömürlü olur. Çünki ayrılıq yaddaşı diri saxlayır. Həsrət sevginin üstünə zamanın tozunu qonmağa qoymur.
Dahi şairimiz Məhəmməd Füzuli yazır:
Var bir dərdim ki, çox dərmandan artıqdır mənə,
Qoy məni dərdimlə, dərman eyləmə, var, ey həkim!
Şairin demək istədiklərinə görə, eşq dərdi elə bir dərddir ki, ondan şəfa istəmək lazım deyil. Çünki aşiqin dərdi onun sərvətidir. Dərdi əlindən alınan aşiq sevgisini də itirmiş olar.
İrfan əhli də belə düşünürdü. Onlar üçün eşq əzab deyil, ucalmaqdır. Çəkilən hər ağrı bir pillə, tökülən hər göz yaşı bir təmizlənmədir. İnsan nə qədər yanırsa, o qədər saflaşır. Nə qədər özündən uzaqlaşırdısa, həqiqətə bir o qədər yaxınlaşır.
Bu mənada eşqin qılıncı ilə öldürülən insan məğlub deyil.
O, qalibdir.
Çünki öz nəfsini məğlub edib.
Öz mənliyini (təkəbbürünü) öldürüb.
Özünü sevginin yolunda fəda edib.
Şəhidlik də məhz budur.
Şəhid yalnız döyüş meydanında canından keçən deyil. Şəhid inandığı dəyər uğrunda özündən keçəndir. Aşiq də sevdiyi həqiqət uğrunda öz mənindən keçir. Ona görə də eşqin qılıncı ilə öldürülənə şəhid deyiblər.
Bu gün həyatdan köçmüş doğmalarımızı xatırlayanda, köhnə şəkillərə baxanda, bir vaxtlar bizim üçün dünya qədər böyük görünən insanların yoxluğunu hiss edəndə həmin həqiqəti daha dərindən anlayırıq. İnsan ömrü çox qısadır. Dünən bizimlə olanlar bu gün xatirələrdə yaşayırlar. Amma sevgi yaşayır. Çünki sevgi zamandan böyükdür.
Bəlkə də insanın bu dünyadakı yeganə təsəllisi budur.
Sevdikləri ilə yenidən görüşmək ümidi.
Bir gün bütün ayrılıqların bitəcəyinə inanmaq.
Bir gün bütün yarımçıq hekayələrin tamamlanacağına ümid etmək.
Çünki eşq ölümlə bitmirsə, deməli, ölüm son deyil.
Eşqin qılıncı ilə öldürülənlər buna görə şəhid adlanırlar. Onlar torpağa deyil, qəlblərə tapşırılırlar. Qəlblərdə yaşayanlar isə heç vaxt ölmürlər.



Yaylaqda ilişib qalan ruhun havası – "Dilqəmi"


Azərbaycan saz sənətinin elə havaları var ki, onlar təkcə musiqi deyil, bir xalqın yaddaşı, həyat tərzi və ruhudur. Bu havaların hər biri özündə müəyyən bir ovqat, yaşanmış bir tale, unudulmayan bir xatirə daşıyır. Onların arasında "Dilqəmi" saz havası xüsusi yer tutur. Bu hava təkcə dinlənilmir, yaşanılır. O, insanın daxilində gizlənən duyğuları oyadır, illərlə qəlbin dərinliyində susan xatirələri danışdırır, bəzən də sözün aciz qaldığı hissləri sazın simlərinə köçürür.

"Dilqəmi"ni dinləyərkən insan sanki öz ömrünün müxtəlif dayanacaqlarını bir-bir dolaşır. Hər pərdədə ötüb keçən illərin səsi, hər avazda uşaqlığın qoxusu, hər kövrək keçiddə ayrılığın sükutu duyulur. Bu hava insanı kədərləndirmir, əksinə, kədərin içində qəribə bir rahatlıq yaradır. Çünki insan anlayır ki, bu nisgil yalnız ona məxsus deyil, yurdunu sevən, köç yollarını tanıyan, uşaqlığını dağların qoynunda qoyub böyüyən hər kəsin nisgilidir.
"Dilqəmi" qəlbdəki kədəri dilə gətirməyin havası, yaxud dilə gətirilə bilməyib simlərə köçən haraydır. Bu havada bir köç nisgili var. Bu nisgil nədənsə uşaqlıq xatirələrinin köç yerindən ayrılığını ifadə edir. Sevinə-sevinə getdiyin yaylağın buz bulaqlarında qalan uşaqlığını yaşadır bu hava. Sən köçərsən, ardında ayrılmaq istəmədiyin dağ çayı, çəmənlərində çiçəklərin ləçəklərinə hopmuş zümzümələr qalar. Köç geri dönəndə hiss edərsən ki, uşaqlığından bir az da ayrılmısan, amma heç böyümək istəməzsən.
Bu duyğular təkcə keçmişin xatırlanması deyil. Burada insanın zamanla apardığı səssiz söhbət var. İllər ötür, yollar dəyişir, insanlar dəyişir, lakin yaddaşın ən saf guşəsində həmişə bir yaylaq qalır. Orada bulaqlar əvvəlki kimi çağlayır, yay fəslinin həzin mehi eyni sərinliyi gətirir, çiçəklər əvvəlki rəngində açır. Dəyişən yalnız insandır. Məhz buna görə "Dilqəmi" insanı kövrəldir. Çünki o, geri qaytarılması mümkün olmayan zamanın səsini səsləndirir.
Təzanə "Dilqəmi" havası üstə sazın simlərinə toxunduqca hər pərdədə bir həsrət dolaşar. Gələn il dönəcəyin yaylaqda bu il gördüklərini bir də görə biləcəksənmi? Sən gedərsən, könlün o yerlərdə qalar. Sən böyüyərsən, arzuların uşaq kimi çılğınlığını yaşayar. Bu çılğınlıq içində bir üzüyola uşaq boylanar.
Həmin uşaq heç vaxt böyümür. O, insanın yaddaşında daim yaylaq yolları ilə qaçır, dağ çaylarının səsində gülür, çiçək yığır, axşamlar evlərdən yayda da sökülüb çıxarılmayan sobada yanan odun qoxusuna qarışan söhbətləri dinləyir. Böyüyən yalnız bədəndir. Ruh isə hər dəfə "Dilqəmi" səslənəndə yenidən o uşaq olur. Elə buna görə də bu hava insanı həm sevindirir, həm də kövrəldir. Çünki o, itirilmiş uşaqlığın geri dönməyəcəyini xatırladır.
Yay axşamlarında kənddə hər gün bir evə toplaşan insanların keçmişdən danışdıqları duzlu-məzəli əhvalatlar yaylaq ahəngini bir xalı kimi ayaqlar altına salar. Hər ilməsində bir xatirə, hər çeşnisində gələcəyin necə olacağını düşünmədən keçmişə uzanan xəyallar toplanar. Bu xatirələri toplayıb yola düşərsən. Bilirsən ki, getdiyin yerdə bu xatirələrin şirinliyini, məhrəmliyini səndən başqa kimsə anlaya, ləzzətini duya bilməyəcək. "Dilqəmi"ni hər kəsin anlaya bilmədiyi kimi... Amma buna baxmayaraq, o şirin xatirələri yenə danışacaqsan.
Bu xatirələr insanın mənəvi sərvətidir. Onlar nə satılır, nə də unudulur. Hər dəfə danışıldıqca bir az da dirilir, bir az da canlanır. Elə "Dilqəmi"nin sirri də bundadır. O, keçmişi sadəcə yada salmır, onu yenidən yaşadır. Dinləyən insan sazın səsində öz ömrünün izlərini tapır. Bəzən uşaqlığını, bəzən ata ocağını, bəzən də çoxdan görüşmədiyi insanları xatırlayır.
"Dilqəmi" ruhu yaylaqda ilişib qalanların havasıdı. Üzərinə gah duman çökər, gah yay fəslinin bir neçə gün davam edəcək yağmurunu gətirən buludlar alar, gah da yağışdan sonra Günəş çıxıb ruhunu oxşayar. "Dilqəmi"nin ürəyin qəmi ilə könlünü oxşadığı kimi...
Bu hava təbiətin özü qədər canlıdır. O, gah duman kimi insanın ruhuna enir, gah yağış kimi gözlərdə damcılanır, gah da Günəş kimi könlü isidir. Onun hüznü ümidsizlik deyil, əksinə, insanı yaşadıqlarına daha möhkəm bağlayan, keçmişini daha dərindən sevdirməyi bacaran bir hüzndür. "Dilqəmi" insanı qəm içində boğmur, qəmin ahəngində insanı saflaşdırır.
Sazın səsi əsrlər boyu Azərbaycan insanının dərdinə, sevincinə, ayrılığına və qovuşmasına yoldaş olub. "Dilqəmi" isə bu havaların içində bəlkə də ən kövrək olanıdır. Çünki bu havanın hər pərdəsində bir köç yolu, hər avazında bir yaylaq, bir uşaqlıq xatirəsi yaşayır. O, insanın özünə qayıdış yoludur.
Bəlkə də buna görə "Dilqəmi"ni dinləyəndə insan heç nə danışmaq istəmir. Sadəcə susur. Çünki bəzi hisslər sözə çevriləndə kiçilir. "Dilqəmi" isə sözdən böyükdür. O, sazın dilində danışan xatirədir, yaddaşdır, köçdür, ayrılıqdır, uşaqlıqdır. Və ən əsası, insanın ömrü boyu içində yaşatdığı, lakin heç vaxt tam ifadə edə bilmədiyi nisgilin səsidir.

Gedənlərin ardınca qalan SƏSSİZLİK

Məktəbdə dərslər bitən kimi tətilin başlayacağı günləri həyəcanla sayar, kəndimizə gedəcəyim vaxtı səbirsizliklə gözləyərdim. Qubadlı rayonu...