24 Eylül 2024 Salı

Yazılmadan oxunan başlıq: “Ölüm var!” - Həmkarımız Səbuhi Məmmədlinin xatirəsinə


Bir jurnalistin də ölüm xəbərini yaşatdı bu dünya bizə. Həmkarımız Səbuhi Məmmədli köçdü bu dünyadan. Dünyamızı dəyişə bilmədən bu dünyadan bir-bir köçürük. Deyəsən, jurnalistlərin ölüm xəbərinə də alışırıq artıq.

Səbuhini tanıyan hər kəs gecədən bəri onun necə istedalı jurnalist olmasından, son zamanlar səhhəti ilə bağlı çəkdiyi ağrılardan yazır. Bir insanın gözünün önündə yavaş-yavaş öldüyünü izləmək acıların ən ağrılısı imiş. Sonuncu dəfə xəstəxanaya aparılarkən bəlkə də çoxumuzun qəlbindən keçirib, dilinə gətirə bilmədiyi bu ömrün çox yaxında başa çatacağı idi. Gerçək bu. İnsan dərk etdiyinə bəzən özünün də inanmasını istəmir. Amma ömür belədi, bir gün mütləq dünya həyatına son verir.

Sosial şəbəkələr xatırladanda çox zaman dünyasını dəyişmiş dostlarımızın yazdığı rəylər çıxır qarşıma. Yazılanlar içərisində bir-birilərinə irad, bəzən incə yumor, hadisələrə verdiyi reaksiyalar dünyanın o başından əl edir sanki. Adamın onları silməyə də əli gəlmir. Dünyasını dəyişmiş dostlarımızın telefon nömrələrini yaddaş kitabçasından silməyə əlim gəlmədiyi kimi…

Dünyanın tək gerçəyidir ölüm. O gələndə ölümdən başqa həqiqət qalmaz. İnsanın bu gerçəyi qəbul etməsi də həqiqətlər içində ən çətini.

***

Səhifəni açmışam, gözümü dikmişəm ona. Sonra qalxıb otaqda var-gəl edib, nəyi, necə yazacağımın hesabını aparıram. Bu hesablar arasında düşüncələrimi didib-dağıdan bir fikir imkan vermir uzun müddət yazını tamamlamağa. Tanıdığım, dost olduğum, dəyər verdiyim insanların ölümünün ardından onların barəsində yazmaqdan utandım mən. Bəlkə də elə özümüzə elegiya yazırıq…

***

Jurnalistika ağır sahədi. Baş verənləri araşdırmaq, hadisələrin içində əsəb gərginliyi keçirmədən yaşamaq asan iş deyil. Bir də unudulmaq qorxusu, yaddan çıxmaq reallığı var bu peşənin çətinlikləri arasında. O gün qarşıma çıxdı, tanınmış bir jurnalist haqqında sosial şəbəkədə paylaşıma yazılan rəylərin arasında adamın üzünə tərs şillə kimi dəyən bir ifadə gördüm: “Bu kimdi ki, mən tanımıram”.

Mətbuatın bir də belə unutqan üzü varmış. Bu unutqanlıq cəmiyyətin fərdlərinin problemi deyil. İstedadlı jurnalistlərin bir tikə çörək üçün iddiası istedadından böyük olanların tabeliyində əzab çəkməkdi. Vəzifəli adamlarla poz verib, “mükafat”lar yağmuruna tutulanları gördükcə hər istedad hər gün bir az da ölür. İçindəki həyata bağlanmaq eşqi bitir.

Dünya ərəbcədən dilimizə gələn sözdü. Mənasında bir “alçaq” anlamı var. Dünya mahiyyətində özünə yaxın olanların dəyərini onu gözardı edənlərin dəyərindən üstün tutur. “Hər quş öz cinsi ilə uçar: qartallar qartalla, qarğalar qarğalarla” misalı kimi…

***

Səbuhi jurnalist idi. Onun üçün bu peşənin çətinliyi yoxdu. Reportajları hər jurnalistin qibtə edə biləcəyi biçimdə, üslübu fərqli. Onu xatırlayan həmkarlarımızdan biri Səbuhi barəsində “hətta getmədiyi yerlərdən gözəl reportajlar hazırlayırdı” yazmışdı. Bu gün həmkarlarının Səbuhinin getdiyi yerə əminliyi hər kəsi daha çox üzdü. Dünyanın o üzündən “Ölüm var!” başlığı yazılmadan oxundu. Ölümün bizə bir qədər də yaxınlaşdığını anlatdı.

Qəlbini mətbuata, bədəninin bir parçasını özündən əvvəl torpağa verən, qardaş, ruhun şad olsun!

Allah rəhmət eləsin!  

  • 17 Yanvar 2024 

Cəmiyyətdə fərqliliklər və təfəkkür: Hər kəs eyni cür düşünməlidir?

 


“Biz insanı ən gözəl biçimdə yaratdıq!” (Tin surəsi, ayə 4). 

Allah insanı ən gözəl biçimdə yaradıb. Yaradılış qayəsinin hikmətində İNSAN olmağın formulu gizlidir. Ruhun gözəlliyi, yoxsa cismin cazibədar olması insanın dünyaya gəlişindən dartışılan mövzudur, bu dartışma dünyanın sonuna qədər də davam edəcək.

İnsan düşüncəsi, dünyagörüşü, həyata baxışları ilə İnsandır. Bu dünyagörüş və düşüncələr də fərqliliklərlə meydan çıxır. İnsanların ideyalarına, həyat tərzinə və dünyaya baxışlarına hörmət etmək sayğı hissindən irəli gəlir.

Yaradılışın mahiyyətini fəlsəfi düşüncələr müstəvisinə çəksən, insan kainatdan ayrı deyil. Başqa sözlə, kainat elə insanın özündədir. Ya insanların davranış və əməlləri kainata təsir edir, ya da kainatda baş verənlər insanı təsiri altına alır. Elə bu baxımdan İmadəddin Nəsimi yazırdı ki,

“Hər nə yerdə, göydə var Adəmdə var.
Hər nə ayda, ildə var Adəmdə var”.

Dünyanın hər yerində cəmiyyətlər fərqliliklərlə sahib olduqlarının hansi şəkildə sərgiləməsi ilə özünü göstərir. Fərqli düşüncələri, fərqli fikirləri olmayan cəmiyyətlər inkişaf edə bilməz. Vaxtilə söylənilən bir fikrə yenidən qayıtsaq, “hamının eyni cür düşündüyü yerdə, demək, heç kim düşünmür”.

Fərqli düşünmək yetkin davranışların cəmidir. Dialoq və diskussiyalarda hər insanın nə qədər fərqli düşündüyünü ortaya çıxarmaq, yaxud nümayiş etdirmək mümkündür. Yetər ki, insanlar bir-birini fikirlərinə görə mühakimə etmək həddinə düşməsin.

Hər bir fərd sayğıya layiq varlıqdır, ona görə də heç kim özündən fərqli olanlara xor baxmamalıdır və bu fərqliliklər üzərinə “əli qılınclı” yürüməli deyil.

Sayğı səthi, nəyinsə xatirinə göstərilən nəzakət norması deyil, həyata baxışı müəyyən edən fundamental yanaşmadır. İnsan səhv edə bilər, bu səhvlərin olması da qarşı tərəfə bu səhvlərə görə o adamı “baltalamaq” hüququ verilmir. Əksər problemin həlli etik, normal müzakirələrdən keçir. Bu müzakirələrin nəticəsində cəmiyyət inkişaf edə bilər.

Düşüncə hər bir insanın özünün sahib olduğu dəyərdir. Bu fikirlərlə təmasda olduğumuz zaman eyni təhlil, anlama və nəticə çıxarma prosesini yaşamırıq. Məsələn, kökündən nöqsanlı elmi yanaşmaya məruz qaldıqda, bunun nəzəri çatışmazlıqdan qaynaqlandığını dərhal anlaya bilərik və s. İnsanın səhv düşünə biləcəyini unutsaq, onu dəyərli olmaqdan çıxararıq. Başqa sözlə desək, ideyanı nəzərdən keçirərkən onu daxili ardıcıllıq, elmi əsas kimi meyarlar əsasında təhlil etməliyik.

Ruhumuzu qidalandıracaq dərinliyi, ardıcıllığı, mənəvi zənginlikləri olan fikirləri dəyərləndirir, təməli əskik olanları, qüsurlu olanları aradan qaldırırıq.

Hər kəs eynidir, hər kəs etik müstəvidə özünə sayğını sərgiləyən davranış göstərir, deyə bilmərik. Bu cür düşünsəydik, ictimai yerlərdə vulqar ifadələrin, bəzən hətta polemikaların söyüş səviyyəsində nümayişini nəzərə almamış olardıq.

Unutmayaq ki, hər birimizin bir vaxtlar bir çox məsələlər haqqında yanlış düşüncələrimiz olub.

Mənəvi dəyər göstəricilərində heç bir insanın o birindən üstünlüyü yoxdur. Yaradan üstünlük dərəcəsini təqva ilə olduğunu bəyan edir. Bir gerçəyi bilmək də təkəbbür nümayişinə səbəb olmalı deyil. Bilən kəs bilməyənləri öyrətməklə mükəlləfdir. Lakin bilgi sahibinə də sayğı ilə yanaşmağın da digər insanların vəzifəsinin olduğunu nəzərdən qaçırmaq olmaz. “Heç bilənlə bilməyən bir olarmı?” hikmətinə inanan kəslər bunu gözardı edə bilməz.

Heç kim gerçəyi bildiyi üçün üstün ola bildiyi və yanlış məlumatı olanların aşağılanmasının yolverilməzliyini qəbul etsək, fərdlər ortaya atdıqları düşüncənin keyfiyyətindən asılı olmayaraq, ekzistensial səbəblərə görə hörmətə layiqdirlər.


Tələbəsindən müəlliminə vida MƏKTUBU: Kamil Vəli Nərimanoğlu Haqqa yürüdü…


Əziz və dəyərli müəllimim Kamil Vəli Nərimanoğlu dünyasını dəyişib. Allahdan Kamil müəllimə rəhmət, ailəsinə səbr diləyirəm.

Kamil müəllimin mənim üzərimdə haqqı böyükdür. İlk kitabıma ön söz yazıb. Onun yazdıqlarını müəllimimin mənə yol göstərməsi, nəsihətləri kimi qəbul etmişəm. Kamil müəllim mənim Türkiyəyə ilk səfərimin, qardaş ölkə ilə əlaqələrimin qurulmasının təşkilatçısı, yardımçısı olub.

60 illik yubileyində Kamil müəllimlə qəzetdən müsahibə götürməyi mənə tapşırmışdılar. Şəhərin mərkəzində görüşdük. Sualları yazdığım vərəqi çıxaranda, Kamil müəllim düşündü ki, onunla söhbətimizi vərəqlərə yazmaq istəyirəm, soruşdu, “Rəsul, diktofonun yoxdur?” Diktofonu göstərib, cavab verdim: “Sualları yazmışam, Kamil müəllim. Mən müəlliminin qarşısına hazırlaşmadan çıxmaram!”

***

Həyat bu, doğum var, ölüm var. Bu dünyanın boşuna kölgəlik yeri adlandırmayıblar. Dünyanın kölgəsində qısa zaman keçirmək üçün gəldik, bir gün ona vida edib, əbədi həyata köçəcəyik. Hansısa filmdəndi bu sözlər: “İnsan dünyaya gələndə azanı oxunar, namazı qılınmaz. Dünyadan köçəndə isə namazı qılınar, azan oxunmaz”. Dünyaya gələrkən qulağımıza oxunan azan dünyadan köçəcəyimizə mesajdır.

*** 

Müəllimlərimin ölümünü sıradan bir hadisə kimi qarşılaya bilmirəm. Türkologiya elminə əvəzsiz xidmətlər göstərmiş alimlər, eləcə də mənim müəllimlərim olmuş Cəfər Cəfərov, Şaməddin Xəlilov, Tofiq Hacıyev, Ağa Laçınlı, Məmmədəli Qıpçaq, Xalid Əlimirzəyev, Tofiq Hüseynoğlu, Kamil Vəli Nərimanoğlunun ölümü Azərbaycan elmi üçün, xalqın ziyalı təbəqəsi üçün böyük itkidir. Bu insanların yeri heç vaxt doldurula bilinməyəcək.

***

Əzizlərini itirənlərə təsəlli üçün söylənilən bir ifadə var: “Başın sağ olsun!” Bu deyimin etimologiyası “Yaran sağalsın, yaxşılaşsın” mənasındadı qədim türklərə görə. Kamil müəllimin sevənlərinə bu təsəllini “Başımız sağ olsun” ( Yaramız sağalsın”) kimi desək də, hər dəfə bu dəyərli ziyalımızı xatırladıqca o yaramız sızlayacaq. Bu təsəllimiz dua yerinə keçsin ki, əziz ziyalımızın məqamı Haqq dərgahında uca olsun, inşəallah!

***

İnsan bu dünyadan heç bir şey apara bilmir, köçər, gedər, geriyə əməlləri qalar. Allahın hüzuruna da əməlləri ilə çıxar. Bizim dövrümüzdə, bizdən əvvəl Bakı Dövlət Universitetinin Filologiya fakültəsində oxumuş hansı insandan Kamil müəllimi soruşası olsaq, ən dəyərli insan, əvəzsiz müəllim kimi xatırlayacaq.  Kamil müəllimin elmi araşdırmalarında hansı zəhmətlərə qatlaşdığını da çox adam bilir. Türkiyə, Qazaxıstan arxivlərində elə dərin məlumatlar tapıb ortaya çıxarmışdı ki, bu işləri görə biləcək az insan tapmaq olar. Bir də ona təəssüflənirik ki, bu qədər dərin təfəkkür sahibinin, elm adamının dəyəri öz ölkəsində bilinmədi. Hər halda, yaşının bu çağında Azərbaycandan kənarda işləmək Kamil müəllimin arzusu ola bilməzdi. Dəyərini almamaq Kamil müəllimi Türkiyəni sığınacaq seçməyə məcbur eləmişdi. Kamil müəllimin ölümü bizi bu təəssüfə də qərq elədi. “Alim öldü, aləm öldü”, deyimi ilə bu cəmiyyət bir az da kiçildi…

***

Kamil müəllim dünyaya gəlişi ilə gedişi arasında boşluq buraxmadı. Zəngin elmi irs yaratdı, xalqının azadlığ uğrunda mücadilə etdi, Azərbaycanı, Xalqını, dostlarını, tələbələrini sevdi, özündən sonra xeyirli övladlar qoyub getdi. Elə insanlıq da bu həyatda boşluqlar üzərində yaşamamaqdır. Mənəvi dəyərlərin sahibi olduğu üçün bu qədər sevilir, ölümü ilə bağlı yazılanlar, bölüşülən xatirələr də bunu sübut edir.

Kamil müəllim sevdiyi Rəbbinin hüzuruna Azərbaycan xalqının azadlığı uğrunda mücadiləsi, Azərbaycan elminə əvəzsiz xidmətləri ilə çıxır. İnşəallah, Yaradan bu dəyərli alimin əməllərinin əvəzini elminin mükafatı ilə verər. Axı Allah dərgahında alimin bir qətrə mürəkkəbinin dəyəri şəhid qanından üstün tutulur…

Məqamın uca, məkanın Cənnət olsun, əziz Müəllimim!

Ruhuna sayğılarla, tələbən
Rəsul Mirhəşimli

  • 16 Dekabr 2023


Gedənlərin ardınca qalan SƏSSİZLİK

Məktəbdə dərslər bitən kimi tətilin başlayacağı günləri həyəcanla sayar, kəndimizə gedəcəyim vaxtı səbirsizliklə gözləyərdim. Qubadlı rayonu...