11 Ocak 2024 Perşembe

Cəmiyyətdə fərqliliklər və təfəkkür: Hər kəs eyni cür düşünməlidir?

 “Biz insanı ən gözəl biçimdə yaratdıq!” (Tin surəsi, ayə 4). 

Allah insanı ən gözəl biçimdə yaradıb. Yaradılış qayəsinin hikmətində İNSAN olmağın formulu gizlidir. Ruhun gözəlliyi, yoxsa cismin cazibədar olması insanın dünyaya gəlişindən dartışılan mövzudur, bu dartışma dünyanın sonuna qədər də davam edəcək.

İnsan düşüncəsi, dünyagörüşü, həyata baxışları ilə İnsandır. Bu dünyagörüş və düşüncələr də fərqliliklərlə meydan çıxır. İnsanların ideyalarına, həyat tərzinə və dünyaya baxışlarına hörmət etmək sayğı hissindən irəli gəlir.

Yaradılışın mahiyyətini fəlsəfi düşüncələr müstəvisinə çəksən, insan kainatdan ayrı deyil. Başqa sözlə, kainat elə insanın özündədir. Ya insanların davranış və əməlləri kainata təsir edir, ya da kainatda baş verənlər insanı təsiri altına alır. Elə bu baxımdan İmadəddin Nəsimi yazırdı ki,

“Hər nə yerdə, göydə var Adəmdə var.
Hər nə ayda, ildə var Adəmdə var”.

Dünyanın hər yerində cəmiyyətlər fərqliliklərlə sahib olduqlarının hansi şəkildə sərgiləməsi ilə özünü göstərir. Fərqli düşüncələri, fərqli fikirləri olmayan cəmiyyətlər inkişaf edə bilməz. Vaxtilə söylənilən bir fikrə yenidən qayıtsaq, “hamının eyni cür düşündüyü yerdə, demək, heç kim düşünmür”.

Fərqli düşünmək yetkin davranışların cəmidir. Dialoq və diskussiyalarda hər insanın nə qədər fərqli düşündüyünü ortaya çıxarmaq, yaxud nümayiş etdirmək mümkündür. Yetər ki, insanlar bir-birini fikirlərinə görə mühakimə etmək həddinə düşməsin.

Hər bir fərd sayğıya layiq varlıqdır, ona görə də heç kim özündən fərqli olanlara xor baxmamalıdır və bu fərqliliklər üzərinə “əli qılınclı” yürüməli deyil.

Sayğı səthi, nəyinsə xatirinə göstərilən nəzakət norması deyil, həyata baxışı müəyyən edən fundamental yanaşmadır. İnsan səhv edə bilər, bu səhvlərin olması da qarşı tərəfə bu səhvlərə görə o adamı “baltalamaq” hüququ verilmir. Əksər problemin həlli etik, normal müzakirələrdən keçir. Bu müzakirələrin nəticəsində cəmiyyət inkişaf edə bilər.

Düşüncə hər bir insanın özünün sahib olduğu dəyərdir. Bu fikirlərlə təmasda olduğumuz zaman eyni təhlil, anlama və nəticə çıxarma prosesini yaşamırıq. Məsələn, kökündən nöqsanlı elmi yanaşmaya məruz qaldıqda, bunun nəzəri çatışmazlıqdan qaynaqlandığını dərhal anlaya bilərik və s. İnsanın səhv düşünə biləcəyini unutsaq, onu dəyərli olmaqdan çıxararıq. Başqa sözlə desək, ideyanı nəzərdən keçirərkən onu daxili ardıcıllıq, elmi əsas kimi meyarlar əsasında təhlil etməliyik.

Ruhumuzu qidalandıracaq dərinliyi, ardıcıllığı, mənəvi zənginlikləri olan fikirləri dəyərləndirir, təməli əskik olanları, qüsurlu olanları aradan qaldırırıq.

Hər kəs eynidir, hər kəs etik müstəvidə özünə sayğını sərgiləyən davranış göstərir, deyə bilmərik. Bu cür düşünsəydik, ictimai yerlərdə vulqar ifadələrin, bəzən hətta polemikaların söyüş səviyyəsində nümayişini nəzərə almamış olardıq.

Unutmayaq ki, hər birimizin bir vaxtlar bir çox məsələlər haqqında yanlış düşüncələrimiz olub.

Mənəvi dəyər göstəricilərində heç bir insanın o birindən üstünlüyü yoxdur. Yaradan üstünlük dərəcəsini təqva ilə olduğunu bəyan edir. Bir gerçəyi bilmək də təkəbbür nümayişinə səbəb olmalı deyil. Bilən kəs bilməyənləri öyrətməklə mükəlləfdir. Lakin bilgi sahibinə də sayğı ilə yanaşmağın da digər insanların vəzifəsinin olduğunu nəzərdən qaçırmaq olmaz. “Heç bilənlə bilməyən bir olarmı?” hikmətinə inanan kəslər bunu gözardı edə bilməz.

Heç kim gerçəyi bildiyi üçün üstün ola bildiyi və yanlış məlumatı olanların aşağılanmasının yolverilməzliyini qəbul etsək, fərdlər ortaya atdıqları düşüncənin keyfiyyətindən asılı olmayaraq, ekzistensial səbəblərə görə hörmətə layiqdirlər.

28 Eylül 2022 Çarşamba

Türkün qəhrəmanlıq dastanını və milli əzmi yaşadan Çanaqqala – FOTOLAR



Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəvəti və nazirlik nəzdində fəaliyyət göstərən Türkiyə Turizm Tanıtım və İnkişaf Agentliyinin təşkilatçılığı ilə bir qrup azərbaycanlı jurnalistin Türkiyəyə səfəri davam edir.

Avropa.info-nun Türkiyəyə səfər edən əməkdaşı Rəsul Mirhəşimli xəbər verir ki, azərbaycanlı jurnalistlərin səfər etdiyi etdiyi növbəti məkan Çanaqqala Şəhidliyi olub. Azərbaycandan gəlmiş jurnalistlərə Yeşim Çözeli bələdçilik edib.

Çanaqqala Türkiyənin qəhrəmanlıq dastanının yazıldığı tarixi məkandır. Bu tarix ölkənin tarixinə qızıl hərflərlə yazılıb.

Çanaqqala savaşı Azərbaycan xalqı üçün də mühüm əhəmiyyət kəsb edən tarixi hadisədir. Türkiyə türkləri ilə azərbaycanlıların çiyin-çiyinə savaşdığı bu əhəmiyyətli tarix eyni zamanda, xalqımız üçün də bir qürur yeridir.

Türk milləti Çanaqqala savaşında çox sayda şəhid verib. Bu savaş İstanbulu ələ keçirməyi qarşısına məqsəd qoyan düşmənin xəyallarını puça çıxarıb. Çanaqqala xalqın orduya çevrildiyi savaş meydanı olub. “Çanaqqala keçilməz” deyimi də xalqın orduya çevrilib, düşmən qarşısında əzmlə sipər yaratmaq baxımından tarixi həqiqətə dönüb.

Çanaqqla savaşının çətin şərtlərlə qazanılması ilə Türk milləti Balkan müharibəsinin məğlubiyyətinin verdiyi mənfi nəticələrdən də xilas olub. Bu zəfər bütün dünyaya dərs verəcək səviyyədə qazanılıb.

Çanaqqala zəfəri bir çox səbəblərdən Türkiyə və Azərbaycan üçün əhəmiyyətlidir. Bunların əsas əhəmiyyəti aşağıdakılardır:

Müttəfiq dövlətlərin donanmaları 18 mart 1915-ci ildə Osmanlı ordusu tərəfindən darmadağın edilib. Beləliklə, Çanaqqala savaşının dəniz savaşı bölümü sona çatıb.

Gelibolu yarımadasında Osmanlı ordusunun böyük səyi ilə təhlükə ortadan qaldırılıb. Müttəfiq qoşunlar 19-20-ci illərdə Anafartalar və Ariburnudan geri çəkilib və 9 yanvar 1916-cı ildə Seddülbahirdən böyük bir məğlubiyyət alıb.

Çanaqqala zəfəri Birinci Dünya müharibəsinin gedişatını dəyişib. Qərb ölkələrinin gözləntilərinə ziddinə dəyişikliklərə səbəb olub.

Çanaqqala zəfəri çar Rusiyasının tənəzzülünü sürətləndirib. Bu baxımdan Çanaqqala savaşı Azərbaycan tarixi üçün də mühüm əhəmiyyət kəsb edir. Çar Rusiyanın çöküşü müsəlman şərqində ilk cümhuriyyət olan Azərbaycanın dövlət müstəqliyyinə qovuşması ilə nəticələnib. Elə bu səbəbdəndir ki, azərbaycanlılar Çanaqqala zəfərini öz tarixlərinin ən dogma səhifəsi hesab edir.

Çanaqqala şəhidlərinin uyuduğu məzarılıqda bu zəfərin qazanılmasının növbəti ildönümü ilə bağlı keçiriləcək mühüm dövlət tədbirlərinə hazırlanır. Çanaqqala şəhidliyi yenidən sahmana salınır, ərazidə təmizlik işləri aparılır. 

Türkiyə Çanaqqala zəfərinin növbəti anım mərasiminə hazırlanır. Dünya durduqca xatırlanacaq bu tarix özündə hüznu və qəhrəmanlıq dastanını yaşadır. Güclü düşmənə qarşı qeyri-bərabər döyüşdə dastana dönmüş zəfərə imza atmış Türk xalqı bu zəfərin növbəti ildönümünü böyük təntənə ilə qeyd edəcək. Bu zəfərin miqyasının böyüklüyünü və əhəmiyyətini Akif Mehmet Ərsoyun Çanaqqala şəhidlərinə yazdığı şeirindəki bu misralar aydın şəkildə anladır: 

Ne büyüksün ki kanın kurtarıyor Tevhid’i…
Bedr’in arslanları ancak, bu kadar şanlı idi.
Sana dar gelmeyecek makberi kimler kazsın?
“Gömelim gel seni tarihe” desem, sığmazsın.

Rəsul Mirhəşimli
Avropa.info
Bakı-Çanaqqala

Qaziyə yaxşılıq elə, minnət qoyma!.. - Bəs reklam?


Teleaparıcı Azər İsmayılovun (Azər Zahid) Qarabağ qazisini təhqir eləməsi ciddi rezonans yaratdı. Az sonra o, özünə haqq qazandırmağa çalışaraq dedi ki, sözləri kontekstdən çıxarılıb. Ancaq çıxarılsa da, çıxarılmasa da, bütün hallarda gözü görməyən qaziyə ünvanlı bu ifadə (“sən onsuz da pulu saya bilməyəcəksən”) təhqiramiz deyilmi?

Heç qazi olmasın, istənilən insanın fiziki qüsurunu ona xatırlatmaq, üstəlik, ən azı, qeyri-etikdir. İkinci yandan, Azər Zahid deyir ki, üç qaziyə cibindən 1600 manat pul verib. Lap yaxşı. Daha bunu niyə reklam edirsən? Axı “sağ əlinin verdiyini sol əl bilməməlidir”. “Balığı at dəryaya, balıq bilməsə də, Xaliq bilir”. Harada qaldı bəs mənəvi-əxlaqi dəyərlərmiz?

Jurnalistin ünvanına qeyri-etik ifadə işlətdiyi qazi Amil Əliyev isə bildirib: “Qoy üzr istəsin və həmin videonu paylaşsın, camaat da görsün ki, səhvini düzəltdi”.

Düzdür, aparıcı üzrxahlıq etdi. Amma üzrü qəbahətindən betər oldu. Bu dəfə də sosial şəbəkədə insanlar onun üzr istməsəini müzakirəyə çıxardılar. “Üzrü elə istədi ki, min minnətlə” deyə aparıcını sərt tənqid etdilər.

Ümumiyyətlə, xeyirxahlığın reklam edilməsinə dinimiz, adətimiz necə baxır? Belə fikir də var ki, müəyyən mənada başqalarını da xeyirxah əməllərə təşviq etmək üçün reklam da lazımdır. Ancaq “dozasında”, ağını çıxarmadan, bunu özünü reklama çevirmədən, yaxşılıq edilən insanın heysiyatına toxunmadan...

Yeni ev, yeni bağ, yeni Qubadlı quracağıq” – Rəsul Mirhəşimli doğma  yurdundankı xatirələrindən danışır

Rəsul Mirhəşimli: “İslam əlillərə münasibətdə ədaləti və həssaslığı əmr edir”

İlahiyyat üzrə ekspert Rəsul Mirhəşimli mövzunu “Yeni Müsavat”a belə şərh etdi: “Allah insanı yaratdıqlarının içərisində ən şərəflisi olaraq xəlq edib və yeri üzünə xəlifə təyin edib. İnsanın fiziki qüsurlu olması Allah qatında şərəfli olmaq keyfiyyətini qətiyyən azaltmır. Əgər bir insan bədən əzalarının bir qismini Vətən uğrunda savaşda itiribsə, bu onun mənəvi dəyərini daha da artırır. Çünki Allah yolunda Vətən uğrunda savaşmaq İslamda dinin vacib əməllərindədir. Bu səbəbdən də fiziki qüsuru olan insanlara həssas davranmaq hər şeydən öncə etik mənəviyyat nümayişidir.

Vurğulamaq lazımdır ki, toplumlar və mədəniyyətlər baxımından fərdin əxlaq, ictimai həssaslıq və məsuliyyətinin ölçüsü yetimlərə, qocalara, əlillərə, ətraf mühitə münasibətdir. Bu mənada həyatın bütün sahələrində təqvanı yeganə dəyər kimi təyin edən ali dinimiz İslam da əlillərə münasibətdə ədaləti və həssaslığı əmr edir. Peyğəmbərimiz (s) əlillərə dəstək olanları tərif edib, əlilləri imkan və qabiliyyətlərinə uyğun vəzifələrdə işlədib, onlara dəyər verib, fiziki qüsurlu olduqları üçün səbirlə həyata bağlanmağa çalışanları Allah qatında mükafatlarla və Cənnətlə müjdələyib. İnsanlar fiziki qüsuru olanlara yardım edəndə bu işi xüsusi həssaslıqla yerinə yetirməlidir".

İlahiyyatçı onu da əlavə edib ki, dinimizə görə, bir insan etdiyi yaxşılığı unutmayınca Allah onu savaba yazmaz: “Bu hikmətə söykənsək, edilən yaxşılıqlar sosial şəbəkələrdə reklam obyektinə çevrilirsə, bu, yardımlaşmadan daha çox özünü göstərmə, təkəbbür sərgiləmək anlamına gəlir. Allah da təkəbbürlü olanı sevməz. Əgər insan yaxşılıq edib, bu yaxşılıq və yardımlaşmanın cəmiyyətin daha böyük kəsimini əhatə etmək istəyirsə, xeyirxahlıq üçün çağırışlar edə bilər. Yardıma möhtac insanları çəkib sosial şəbəkələrdə paylaşmaq ilk növbədə həmin insanların qürurunu əzir. Yardımlaşma isə kiminsə qüruruna toxunmadan onun ehtiyacını gözəl şəkildə ödəməkdir. İslam alimləri buyurur ki, Allah-Təalının sizinlə necə rəftar etməyini istəyirsinizsə, Onun bəndələrinə də elə rəftar edin”.

Gedənlərin ardınca qalan SƏSSİZLİK

Məktəbdə dərslər bitən kimi tətilin başlayacağı günləri həyəcanla sayar, kəndimizə gedəcəyim vaxtı səbirsizliklə gözləyərdim. Qubadlı rayonu...