28 Eylül 2022 Çarşamba

Qaziyə yaxşılıq elə, minnət qoyma!.. - Bəs reklam?


Teleaparıcı Azər İsmayılovun (Azər Zahid) Qarabağ qazisini təhqir eləməsi ciddi rezonans yaratdı. Az sonra o, özünə haqq qazandırmağa çalışaraq dedi ki, sözləri kontekstdən çıxarılıb. Ancaq çıxarılsa da, çıxarılmasa da, bütün hallarda gözü görməyən qaziyə ünvanlı bu ifadə (“sən onsuz da pulu saya bilməyəcəksən”) təhqiramiz deyilmi?

Heç qazi olmasın, istənilən insanın fiziki qüsurunu ona xatırlatmaq, üstəlik, ən azı, qeyri-etikdir. İkinci yandan, Azər Zahid deyir ki, üç qaziyə cibindən 1600 manat pul verib. Lap yaxşı. Daha bunu niyə reklam edirsən? Axı “sağ əlinin verdiyini sol əl bilməməlidir”. “Balığı at dəryaya, balıq bilməsə də, Xaliq bilir”. Harada qaldı bəs mənəvi-əxlaqi dəyərlərmiz?

Jurnalistin ünvanına qeyri-etik ifadə işlətdiyi qazi Amil Əliyev isə bildirib: “Qoy üzr istəsin və həmin videonu paylaşsın, camaat da görsün ki, səhvini düzəltdi”.

Düzdür, aparıcı üzrxahlıq etdi. Amma üzrü qəbahətindən betər oldu. Bu dəfə də sosial şəbəkədə insanlar onun üzr istməsəini müzakirəyə çıxardılar. “Üzrü elə istədi ki, min minnətlə” deyə aparıcını sərt tənqid etdilər.

Ümumiyyətlə, xeyirxahlığın reklam edilməsinə dinimiz, adətimiz necə baxır? Belə fikir də var ki, müəyyən mənada başqalarını da xeyirxah əməllərə təşviq etmək üçün reklam da lazımdır. Ancaq “dozasında”, ağını çıxarmadan, bunu özünü reklama çevirmədən, yaxşılıq edilən insanın heysiyatına toxunmadan...

Yeni ev, yeni bağ, yeni Qubadlı quracağıq” – Rəsul Mirhəşimli doğma  yurdundankı xatirələrindən danışır

Rəsul Mirhəşimli: “İslam əlillərə münasibətdə ədaləti və həssaslığı əmr edir”

İlahiyyat üzrə ekspert Rəsul Mirhəşimli mövzunu “Yeni Müsavat”a belə şərh etdi: “Allah insanı yaratdıqlarının içərisində ən şərəflisi olaraq xəlq edib və yeri üzünə xəlifə təyin edib. İnsanın fiziki qüsurlu olması Allah qatında şərəfli olmaq keyfiyyətini qətiyyən azaltmır. Əgər bir insan bədən əzalarının bir qismini Vətən uğrunda savaşda itiribsə, bu onun mənəvi dəyərini daha da artırır. Çünki Allah yolunda Vətən uğrunda savaşmaq İslamda dinin vacib əməllərindədir. Bu səbəbdən də fiziki qüsuru olan insanlara həssas davranmaq hər şeydən öncə etik mənəviyyat nümayişidir.

Vurğulamaq lazımdır ki, toplumlar və mədəniyyətlər baxımından fərdin əxlaq, ictimai həssaslıq və məsuliyyətinin ölçüsü yetimlərə, qocalara, əlillərə, ətraf mühitə münasibətdir. Bu mənada həyatın bütün sahələrində təqvanı yeganə dəyər kimi təyin edən ali dinimiz İslam da əlillərə münasibətdə ədaləti və həssaslığı əmr edir. Peyğəmbərimiz (s) əlillərə dəstək olanları tərif edib, əlilləri imkan və qabiliyyətlərinə uyğun vəzifələrdə işlədib, onlara dəyər verib, fiziki qüsurlu olduqları üçün səbirlə həyata bağlanmağa çalışanları Allah qatında mükafatlarla və Cənnətlə müjdələyib. İnsanlar fiziki qüsuru olanlara yardım edəndə bu işi xüsusi həssaslıqla yerinə yetirməlidir".

İlahiyyatçı onu da əlavə edib ki, dinimizə görə, bir insan etdiyi yaxşılığı unutmayınca Allah onu savaba yazmaz: “Bu hikmətə söykənsək, edilən yaxşılıqlar sosial şəbəkələrdə reklam obyektinə çevrilirsə, bu, yardımlaşmadan daha çox özünü göstərmə, təkəbbür sərgiləmək anlamına gəlir. Allah da təkəbbürlü olanı sevməz. Əgər insan yaxşılıq edib, bu yaxşılıq və yardımlaşmanın cəmiyyətin daha böyük kəsimini əhatə etmək istəyirsə, xeyirxahlıq üçün çağırışlar edə bilər. Yardıma möhtac insanları çəkib sosial şəbəkələrdə paylaşmaq ilk növbədə həmin insanların qürurunu əzir. Yardımlaşma isə kiminsə qüruruna toxunmadan onun ehtiyacını gözəl şəkildə ödəməkdir. İslam alimləri buyurur ki, Allah-Təalının sizinlə necə rəftar etməyini istəyirsinizsə, Onun bəndələrinə də elə rəftar edin”.

7 Temmuz 2022 Perşembe

Bakıdakı "Tar Festivalı"nda Elman harayı: İstedadlı tarzənin ifası tamaşaçıları ayağa qaldırdı – VİDEO

 


Aprelin 4-də Azərbaycan Milli Konservatoriyasında (AMK) ölkəmizdə ilk dəfə olaraq keçirilən “Tar Festivalı”na start verilib.

Avropa.info xəbər verir ki, festival “Şuşa ili” çərçivəsində, peşəkar tar ifaçılarının iştirakı ilə keçirilir.

Dörd gün keçirləcək festivalın ilk günündə Azərbaycanın görkəmli tarzənləri ifa ediblər.

Festivalı giriş nitqi ilə rektor, Xalq artisti  Siyavuş Kərimi açıq elan edib. O, son illərdə tar ifaçılığına marağın daha da artması, xüsusilə peşekar müəllimlərin gənclərdə bu musiqi alətinə olan diqqəti artırmasını müsbət qiymətləndirdiyini bildirib. İllər ərzində gənc ifaçılarının yetişməsində Milli Konservatoriyanın rolunun böyük olduğunu söyləyib. “Bu gün, çox fərqli yanaşmalarla Azərbaycan tarının dünyada təbliğatını uğurla həyata keçirən, onu sevdirən böyük ifaçılarla bərabər gənc tarzənlər də var. Hesab edirəm ki, bu ən böyük uğurlarımızdan biridir. Bu, konservatoriyada bütün milli musiqi alətlərimz üçün əsas vəzifə, qarşıya qoyulan öndə məqsədlərdən biridir”,- deyə rektor qeyd edib.

Qeyd edək ki, festivalın bədii rəhbəri rektor Siyavuş Kərimidir.

Aprelin 6-da festivalda çıxış edən ifaçılar arasında istedadlı tarzən Elman Sadıqov da olub. Elman Sadıqov festivalda "Çahargah" muğamını ifa edib. Elman Sadıqovun ifası  tamaşaçıların gurultulu alqışları ilə qarşılanıb. Elman Sadıqov "Çahargah" muğamından sonra "Sarı bülbül" xalq mahnısını ifa edib. Elman Sadıqov ifasının sonunda "Yanıq Kərəmi" havasının tarda səsləndirməsi ilə tamaşaçıları heyrətləndirib.

Qeyd edim ki, Elman Sadıqov sinif yoldaşım, uşaqlıq dostumdur. O illərdən qalan o qədər şirin xatirələrimiz var ki...

Musiqi anlayışı olan insanlar Elmanın ifalarını dinləyəndə, təkcə istedadlı sənətkarın varlığına əmin olmur, eyni zamanda, bilir ki, bu ifalar çox mürəkkəb keçidlər tələb edir. Bu cür ifanı da hər musiqiçi bacara bilmir. Elmanın tar ifaçılığında ən böyük uğuru musiqini dinləyicinin qəlbinə toxundura bilməsidir.

Musiqi ifaçılığı o zaman dinləyiciyə yaxın, əziz olur ki, onu ifa edən həmin duyğuları qəlbən yaşaya bilsin. Söz də belədir. İnsan yaşamadıqlarını anladanda qarşısındakının qəlbinə toxuna bilməz. Elmanın ifaçılığı "Segah"da yanmaq, "Çahargah"da fədakarlıq və qəhrəmanlığı yaşamaq, "Şur"da duyğulanmaqdır. Muğamın 7 məqamında 7 mərtəbənin hər birindən qəlbi ilə baxdığı üçündür Elmanın ifaçılığını bu qədər sevdirən.

Elman bir də ona görə bəxtəvər ifaçıdır, onun çalğısını eşidən an "bu, Elmanın ifasıdır" əminliyi yaranır. Hər kəsə özünəməxsus ifaçılıq tərzi nəsib olan deyil. Nə qədər təvazökar olsa da, Elman bir də bu cəhəti ilə başqalarından seçilir.

Onu da qeyd edim ki, Elman sənəti ölkəmizdə layiqincə qiymətləndirilməyən sənətkardır.Elmanın əlində tutduğu qanadı qırılmış, pərdəsi azaldılmış tar deyil. Onun ifa etdiyi tar min illəri aşıb gələn savaşda qəhrəmanlıq türküləri səsləndirib cəngə səsləyən, həsrət anında bir sevginin nisgili ilə ən məsum duyğuları pıçıldayan qoca Qopuzun xələfidir. Elmanın tarı Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, Məşədi Məmməd Fərzəliyevin, Xan Şuşinskinin, Ağabala Abdullayevin səsinin harayına qatılıb, onların ardınca gedən qədim musiqi alətimizin keçmişdən bu günə daşıdığı tarixi və mənəvi dəyərimizdir.

Ümid edək ki, özünəməxsus ifaçılığı ilə çoxlarından fərqlənən Elman Sadıqov layiq olduğu qiyməti alacaq. 

07 aprel 2022


Şəhid atanın nankor qızı: Obyektivliyi və peşəkarlığı düşmən sevgisinə qurban verən “jurnalist”

 


“Həqiqətən, insan çox azğınlıq edir. Çünki o, özünün heç bir şeyə ehtiyacı olmadığını düşünür” (“Ələq” surəsi, ayə 6-7).

Belə bir deyim var: “Torpaq nankor bir insandan daha rəzil bir şey yetişdirməz". Bu rəzillik ən çox o zaman özünün ən aşağı səviyyəsinə qədər düşər ki, zülmə və təzavüzə uğrayan xalqına qarşı bədnam niyyətlərə qapılar. Sevinc Osmanqızı da məlum verilişində bu rəzilliyin ən pik nöqtəsində olduğunu nümayiş etdirdi. 

Sübut istəyənələr üçün Sevinc Osmanqızının öz dilindən səsləndirdiyi fikirlərdən nümunələr.

“Ermənilər ABŞ-da dinc aksiya keçirirdi”. 

İnsan özünü bu həddə qədər düşürüb, öz xalqının şərəfi ilə oynamağa çalışırsa, bunun başqa bir adı yoxdur, adam nankordur.

Alman şairi və mütəfəkkiri Höte belə deyir: “Nankorluq zəif insanların işidir, güclü insanların içində əsla nankora rast gəlmədim”.

ABŞ-da aksiyaların dinc şəkildə keçməsini polis təmin edirsə, Los Ancelesdə ermənilər azərbaycanlılara hücum edib, onlara xəsarət yetirəndə niyə bunu təmin etmədi? İnsan vicdanını hara qədər itirə, ölkəsinə nə qədər nifrət edə bilər ki, "ermənilər ABŞ-da dinc aksiya keçirirdi" deyə bilsin?

Sevinc Osmanqızı bunları deyir və efirdə açıq şəkildə erməni tərəfkeşliyini görən Vətən sevgisindən dəm vuran müxalifət fəalları onun verilişini bəyənir. 

Bu qədər alçaqlıqla yaşamaq sizin nəyinizə lazımdır?!

Bir insan gərək o həddə qədər nankorluq edə bilsin ki, “Bu qarşıdurmanı təşkil edən Azərbaycan tərəfidir”, deyə bilsin. 

“Mən yenə də davanın kim başlaması məsələsinə girməyəcəm. Bunu ayırd etmək çətin məsələdir və əhəmiyyətli məsələ də deyil”. Bu da Sevinc Osmanqızının söylədiklərindədir. 

Özünü jurnalist adlandıran şəxs ən azından münaqişənin kimin başlamasını araşdırmalı idi. Təəssübkeşlik və vətənpərliyi bir kənara qoysaq belə, ən azından peşəkarlıq və obyektivlik baxımından bunları araşdırmaq jurnalistin peşəsində şübhəli şəxslərdən asılılıq dərəcəsini nisbətən azaltmış olardı. 

İyulun 12-də Tovuzda hücuma keçən biz deyildik. Azərbaycanın sərhəd rayonunda mövqelərimizi atəşə tutub, generlaımızla birlikdə 12 nəfər hərbçimizi şəhid edən də ermənilər idi. Eyni zamanda, rayonun sərhəd kəndlərində evləri atəşə tutan, mülki əhalidən olan insanları öldürən də ermənilər idi. Jurnalist bunları bilir və demək istəmirsə, çox şübhəli qaynaqlardan “qidalanır”. Bunu ölkədə və xaricdə baş verən prosesləri anlayan bir çox insanlar da gözəl bilir ki, Sevinc Osmanqızının qidalandığı qaynaq haradır və ya kimdir?! 

Jurnalistikanı şübhəli qaynağına satan birinin dəyəri mənim gözümdə ermənidən heç nə ilə fərqlənmir.

Sevinc Osmanqızının erməniləri bu qədər ciddi-cəhdlə müdafiə etməsinin səbəblərini axtaranda bir də onun barəsində bir neçə il əvvəl mətbuatda dərc edilmiş faktlara diqqət etmək lazımdır.

ABŞ-da yaşayan azərbaycanlılardan bir belə deyir:

“ABŞ-da yaşayan azərbaycanlılar arasında belə məlumat yayıldı ki, S. Osmanqızı daimi olaraq Rusiya Federasiyasının Vaşinqtondakı səfirliyinin inzibati binasında keçirilən müxtəlif tədbirlər zamanı sözügedən ölkənin diplomatları ilə əlaqə yaradır. Bundan sonra isə belə münasibətləri gizli təmaslar formatında davam etdirdiyinə dair məlumatlar yayıldı. Bəzi məlumatlara görə, Sevinc Osmanqızı rus səfirliyində müşavir Serqey Koşelyev ilə də tanış olub. ABŞ-dakı diplomatik korpusda yayılmış informasiyaya əsasən, Koşelyev adi müşavir deyildi: bu şəxs RF Xarici Kəşfiyyat Xidmətinin ABŞ-da fəaliyyət göstərən zabiti idi. Çox güman ki, az əhəmiyyətli tərcümə işlərinin Sevinc Osmanqızına tapşırılmasını da bu şəxs təşkil etmişdi. İstisna etmək olmaz ki, S.Osmanqızı nəinki ingilis, habelə Azərbaycan dilindən də tərcümələr edir, jurnalist kimi topladığı məlumatları rus dilində RF səfirliyi üçün hazırlayırdı. Bu kimi işlər adətən belədə tədricən təşkil olunur və insan özü də hiss etməyərək kəşfiyyatın “tor”una düşür”.

“Sənədlərə əsasən, 261 min ABŞ dolları dəyərində olan sözügedən mənzil Florida ştatının varlılar məkanı kimi tanınan Mayami şəhərinin prestijli məhəlləsində - Biscayne küçəsində yerləşir. Maraqlısı odur ki, Osmanqızı bu mənzili ötən il iyun ayının 22-də özünə “ad günü hədiyyəsi” kimi alıb. Mənbəmiz bizim xahişimizlə sözügedən məkana gedərək Osmanqızının qonşuları ilə məlumat əldə etməyə də çalışıb”

Dahası da var! Onların - rus kəşfiyyat zabiti ilə Azərbaycan müxalifətinin Sevincinin övladları Virciniyadakı eyni məktəbdə oxuyurmuş! Bu da Koşelyevin Sevinclə münasibətlərinin genişlənməsinə daha da geniş təkan verməzmi...”

Həqiqətən nankor insanlar heç bir şey anlada bilməzsiniz. Çünki onların şəxsi mənfəəti hər şeydən yüksəkdə dayanar. Onlar üçün bu dünyada milli və mənəvi dəyərlər, dövlətin toxunulmazlığı heç bir dəyər ifadə etməz. Onların düşüncələrinin görüş dairəsi məhduddur. Həqiqəti görməz və düşünmək istəməzlər. 

Bir də bu cür nankorluğa haqq qazandırmaq meylləri var. Özünü peşəkar jurnalistikada əvəzolunmaz sima sayan biri iddia edir ki, Sevinc Osmanqızının efirdən söylədikləri montaj olunaraq yayılıb. Canlı yayım zamanı efirdən səslənən fikirlərin montaj olunduğunu iddia etdiyini deyən birinin həqiqəti inkar etməsi ilə yanaşı, ağlında çatışmazlıqların olduğu aydın görünür. 

Başqa bir məsələ, milli mücadilə, vətən sevgisindən pafosla danışan müxalifət təmsilçiləri və fəallarının Sevinc Osmanqızının müdafiəsinə qalxmasıdır. Mənim gözümdə ermənini müdafiə edən Sevinc Osmanqızı ilə onun dediklərinə haqq qazandıranlar eyni dəyərdədir. Belələrinə nəyisə sübut etməyə qalxmaq əlavə vaxt itkisindən başqa bir şey deyil.

Həmin verilişdə səsləndirdiyi sözlərə görə Sevinc Osmanqızı hər şeydən əvvəl nankor övlad olduğunu sübuta yetirdi. Təkcə bu vətənin, bu xalqın övladı kimi nankorluq etmədi. Sevinc həm də öz ailəsinə nankorluq etdi. Erməni mövqeyində dayanıb, Azərbaycan xalqına, dövlətinə “atəş açmaqla” düşmənin xain hücumunda şəhid edilmiş atasına xəyanət etdi. 

Ləyaqətli valideynin nankor övladı olur, bunu çoxlarımız görmüşük. Amma Sevinc nankorluğu ilə bir ilk yaşadı. Şəhid atanın nankor qızı olmaqla...

P.S. Sevinc Osmanqızının məlum verilişi efirə getdikdən sonra sosial şəbəkədə bir müzakirə başladı: Kimsə onun verilişinə çıxmasın. Məncə, müzakirələrin əhəmiyyəti onun efirində növbəyə duranlara təsir edəcək deyil. Əxlaqsız azlığı müdafiə edib, hələ utanmadan ona irad tutanlara savaş açan professor, ictimai və şəxsi davranışında mənəvi keyfiyyətlər məcmusundan məhrum olmuş müxalif partiya sədri, Milli Şura adlanan siyasi qeybətxananın digər üzvləri bu adamın efirinin siması olacaq yenə. Mahiyyətcə Sevinc Osmanqızı düşüncəsindən heç bir fərqi yoxdu bunların. Çünki bu adamların indiyədək “fəth” edə bildiyi ən "uca" “zirvə” elə Sevinc Osmanqızının efiri olub. 

27 iyul 2020

Gedənlərin ardınca qalan SƏSSİZLİK

Məktəbdə dərslər bitən kimi tətilin başlayacağı günləri həyəcanla sayar, kəndimizə gedəcəyim vaxtı səbirsizliklə gözləyərdim. Qubadlı rayonu...