7 Temmuz 2022 Perşembe

Azərbaycanda Bahar bayramının tarixi ənənələri: Fransalı diplomat ölkəmizdəki mərasimlərdən nələr yazıb...


 

Azərbaycanda Bahar bayramı adı ilə yeni ilin qeyd olunmasının tarixi minilləklərlə hesablanır. Qobustan qaya təsvirlərində bu bayramın qeyd olunması öz əksini tapıb. Bahar bayramı xalqı birliyə səsləyən bayramdır. Qobustandakı təsvirlərdə əks olunan halaylar da bu birliyi simvollaşdırır.

Azərbaycan əhalisi İslam dinini qəbul etdikdən sonra Bahar bayramına başqa rənglər də əlavə olunub. Azərbaycan ərazisində əhali bu bayrama xüsusi əhəmiyyət verib və dövlət səviyyəsində qeyd edib. Xalqın inancına görə Bahar bayramının ilk günündə Hz.Əli (ə) xəlifə seçilib. Yerli əhali bayramı qeyd edərkən bu tarixi hadisəni Bahar bayramının atributları sırasına daxil edib.

Yeri gəlmişkən, qeyd edək ki, təsəvvüf simvolu kimi Şah obrazı Hz.Əliyə (ə) aid edilir. Salikin həqiqətə və Haqqa qovuşması yolunda sınaq və yollarının başında dayanan Şah Hz.Əlidir (ə). Bu simvolun sufi şeirində izharına təkyə şairi Qul Nəsiminin yazdıqlarında baxaq:

Haq qatında aləmin məhbubi-Rəhmandır Əli,
Övliyalar sərvəri həm Şahi-Mərdandır Əli.
Ey Nəsimi, “Mən arəf” sirrin biləndir adəmi,
Adəmin həm surətində hərfi-Qurandır Əli.

Göründüyü kimi, irfan əhli Şah deyərkən Hz.Əlini (ə) nəzərdə tutur. Hz.Əli (ə) İslam təsəvvüf düşünücəsində dərindən təsir göstərmiş şəxsiyyətdir. Onun elmi, əxlaqı, zöhd və təqvası, yəni ibadət həyatına verdiyi önəm sufilər tərəfindən örnək alınıb. İstər Əxi və Bektaşi dərvişləri, istərsə də digər təriqət mənsubları Hz.Əliyə (ə) Şahi-Vilayət və Sultanul-övliya ləqəblərini veriblər.

Bayramın Azərbaycan ərazilərində böyük təntənə ilə keçirilməsinə tarixi mənbələrdə də rast gəlmək mümkündür. Orta əsr mənbələrində Bahar bayramının qeyd olunması haqqında ən doğlun məlumatlar Səlcuqlar dövləti dövrünə dair tarixi qaynaqlarda öz əksini tapıb. Bahar bayramı Hülakülər, Qaraqoyunlular, Ağqoyunlular dönəmlərində də yüksək səviyyədə qeyd olunub. Lakin bayramla bağlı ən geniş məlumatlara Azərbaycan Səfəvi dövləti zamanına aid mənbələrdə rast gəlinir.

Səfəvilər dövründə bu bayram dövlət səviyyəsində böyük şadyanlıqla qeyd olunub. Bəllidir ki, Səfəvilər dövründə Azərbaycana çoxlu sayda Qərbi Avropa diplomatları gəlirdi. Onlar vətənimiz, onun adət-ənənələri və keçirdikləri bayramlar haqqında da geniş məlumatlar veriblər. Bu diplomatlardan biri də fransız diplomat Jan Şardendir. Fransalı diplomat Azərbaycan Səfəvi dövləti ərazsində üç bayramın xüsusi qeyd olunduğunu vurğulayıb. Fransız diplomat ilin fəsillərinin dəyişib, yazın gəlməsini Azərbaycan ərazisində əziz günlər olduğunu yazıb. Qeyd edək ki, J.Şarden Ramazan bayramı və məhərrəmlik mərasimini də bu sıraya qatdığından üç mərasim haqqında xüsusi olaraq söz açır. Maraqlıdır ki, on səkkinsinci yüzildə yaşamış fransız diplomat Aşuranı İslam dini yolunda Şəhidlik bayramı adlandırır.

J.Şarden Azərbaycan ərazisində mühüm bayram kimi qeyd olunan Bahar bayramını göstərir. O qeyd edir ki, Yeni il bayramı mülki bayram olmasına baxmayaraq, artıq dini bayram sayılır. J.Şarden o dövr haqqında yazır ki, mart ayının 21-də gün çıxandan qırx yeddi dəqiqə sonra qala qornizonu və artileriyası yeni il bayramını elan etmək məqsədilə üç dəfə atəş açırdı.

Azərbaycan ərazilərində Bahar bayramının qeyd olunması ilə bağlı venesiyalı səyyahların da yazdıqlarında rast gəlmək mümkündür. Venesiyalı səyyahlar yazır:

“Bayram davam etdiyi gün ərzində 50-60 nəfər sufi çalğı alətləri və xəlifələri ilə birlikdə kəndlərdən piyada gəlirlər. Onlar meydan daxil olaraq dairə yaradaraq, tək-tək, iki-iki, üç-üç və dörd-dörd rəqs etməyə başlayırlar. Digərləri isə ilahilər oxuyur və Şah II Təhmasibə həsr etdikləri nəğmələri ifa edirlər. Bu xəlifələrin hər biri əllərində əsa gəzdiri. Onların çoxu şaha hərə öz imkanına görə hədiyyə gətirir. Bu hədiyyələrin içərisində 10 qoç, quzu və bəzən atlar da olurdu”.

Mart ayının ilk həftəsində isə Səfəvilərin paytaxtında Qızılgül bayramı keçirilirdi. Qızılgülün simvolikasının isə İslam peyğəmbəri ilə bağlı olması hamıya məlumdur. Böyük Azərbaycan şairi Məhəmməd Füzulinin də yazdığı “Gül” qəsidəsində bu simvolikaya işarə edilir. 

Bayramın bu ənənə ilə qeyd olunması Azərbaycanın cənub bölgələrində və Qarabağda xüsusi təntənəsi ilə fərqlənir. Xalq inanclarına görə, Hz.Əlinin (ə) hakimiyyətə gəlməsi ilə ilin axır çərşənbəsi eyni günə düşüb. Bu səbəbdəndir ki, yerli xalq axır çərşənbəni Cənab Əmir bayramı, yaxud Əmir əl-möminün bayramı kimi də qeyd edib.

Qubadlı rayonunda ilin axır çərşənbəsi özünün xüsusi atributları ilə qeyd edilirdi. Həmin gün yerli əhali öz arasından bir nəfəri Şah seçərdi. Bayram günlərində bütün ərazidə bütün hakimiyyət Şahın əlində cəmləşərdi. Maraqlıdır ki, hətta sovet rejimi zamanında bayramın bu şəkildə qeyd olunmasının qarşısını almaq mümkün olmayıb.

İndi də Qubadlıda ilaxır çərşənbəsi zamanı bayram mərasimlərinin necə keçirilməsinə diqqət edək. Həmin gün seçilən Şah əyanlarını və fərmandarları təyin edərdi. Meydanda sarayını quran Şah rayonun imkanlı adamlarını hüzuruna çağırtdırar, onlara xüsusi vergi təyin edər və bu məbləğ xəzinəyə yığılardı. Xüsusi təntənə ilə keçən bayram tədbiləri zamanı yığılan vəsait imkansız insanlara yardım şəklində paylanar, kənd yolları və körpülər təmir edilərdi. Qeyd edək ki, ianələrin toplanmasında əhali könüllü şəkildə iştirak edirdi. Bilirdilər ki, toplanan vəsait xeyriyyə işlərinə sərf ediləcək.

Martın 16-da ilaxır çərşənbəsidir. Yaşlıların həsrətlə xatırladığı, orta nəslin şirin xatirələrlə dolu bir keçmişi var bu günün.

Azərbaycan etnoqrafiyasında və mədəniyyətində mühüm yer tutur bu gün. Nələr dəyişsə də insanlarda baharın gəlişi bağlı yeni ümidlərin baş qaldırdığı ənənələr dəyişmir.

Allah hər gününüzü xeyirli etsin! Allah bütün dualarını qəbul eləsin!

P.S. Videoda 32 il əvvəl Qubadlıda Novruz bayramının qeyd olunması təsvir olunub. Bayram tədbirində bütün atributların yerində olmasına xüsusi diqqət edilib.


30 Haziran 2022 Perşembe

Rəsul Mirhəşimli: "Şuşanın azad olunması Azərbaycan Ordusunun qəhrəmanlıq dastanıdır"


 

İslam dinində multikulturalizm ənənələri


Tarix boyu yer üzünün hər bölgəsində müxtəlif mədəniyyətlər mövcud olub, bu mədəniyyətlər bir-biriləri ilə sosial və qarşılıqlı anlaşma baxımından əlaqələr qurmuşdur. Bu mədəniyyətlərin xalqlar və toplumlar arasında qarşılıqlı yerdəyişmələri də baş vermişdir. Hər irq, hər millət ayrı bir mədəniyyətə sahibdir. Hər mədəniyyətin müxtəlif xüsusiyyəti var və qarşılıqlı anlaşma, tolerantlıq içərisində uzlaşmaq çərçivəsində insanlar hər mədəniyyətdən müxtəlif şeylər qazanırlar.

İslam dini də müxtəlif baxışların və mədəniyyətlərin yanaşı yaşaya bilməsini inkar etmir, eyni zamanda müxtəlifliyi təqdir edir. İslam dininin insanların uzaq durmasını tövsiyə etdiyi anlayış Allaha şərik qoşmaqdır. Allaha şərik qoşmadan bütün dinlər və mədəniyyətlərlə qarşılıqlı əlaqənin qurulması, multikultural ənənənin yayılması İslamın qarşı çıxmadığı məsələlər sırasındadır. Bu baxımdan Allah-Təala buyurur:
“(Ya Rəsulum) De: “Şübhəsiz, Rəbbin məni doğru yola, həqiqi (düzgün) dinə, batildən haqqa tapınan və müşriklərdən olmayan İbrahimin dininə yönəltdi!”” (“Ənam” surəsi, ayə 161).
Müsəlmanların iman gətirdiyi Kitabda başqa dinlərin təmsilçiləri ilə bağlı bir çox ayələr yer alır. Bu ayələrin əksəriyyəti həmin dinlərin mənsublarını xor görmədən yaşamağı tövsiyə edir. Quranda adı keçən dinlərin təmsilçiləri Musəvilər (yəhudilik dininə inananlar) və xristianlardır. Quranda Musəvilər və xristianlar “Kitab əhli” olaraq adlandırılır. Bunun səbəbi hər iki dinin mənsublarının Allahın vəhy etdiyi ilahi kitablara tabe olmalarıdır. İslamın Kitab əhlinə qarşı baxışı isə son dərəcə ədalətli və mərhəmətlidir.
Allah Qurani-Kərimdə buyurur: “(Ya Rəsulum!) Yəhudiləri və müşrikləri iman gətirənlərin ən pis düşməni, “Biz xaçpərəstik”, – deyənləri isə onların ən yaxın dostu görəcəksən. Bu onların (möminlərin) içində (bilikli, abid) keşiş və rahiblərin olması və onların özlərini yuxarı tutmalarına görədir” (“Maidə” surəsi, ayə 82).
Qurandan öyrəndiyimiz başqa bir həqiqət müsəlmanların musəvi (yəhudilik) və xristianların ibadət yerlərinə son dərəcə sayğı ilə yanaşmağın vacibliyidir. Quranda Kitab əhlinin ibadət yerləri olan monastrlar, kilsə və sineqoqların da Allahın qoruduğu ibadət məkanları olduğu bildirilir:
“…Əgər Allah insanların bir qismini digər qismi ilə (müşrikləri möminlərlə) dəf etməsəydi, sözsüz ki, içərisində Allahın adı çox zikr olunan soməələr (rahiblərin yaşadığı monastırlar), kilsələr, məbədlər (yəhudi məbədləri) və məscidlər dağılıb gedərdi (darmadağın edilərdi). Allah Ona (öz dininə) yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!” (“Həcc” surəsi, ayə 40).
Bu ayədən göründüyü kimi, Allah başqa dinlərin mənsublarının öz inanc və dünyagörüşünün xor görülməməsini tövsiyə edir. Bu ayə hər müsəlmana Əhli kitabın məbədlərinə sayğı ilə davranmağın və bu məbədəri qorumağın əhəmiyyətini göstərir. Bu ilahi hikmət xalqlar, başqa din mənsublarının multikultural ənənələrinin İslam toplumu içində yaşaya bilməsinin mümkünlüyü ilə yanaşı, bu dəyərlərin qorumağı insanlıq haqqı olaraq bəyan edir.
Allah Quranda müsəlmanlara heç bir qövmə qarşı düşmənlik bəsləməməyi əmr etmişdir. Bir çox ayədə müşriklərə qarşı da ədalətli olmaq əmr edilməkdədir. Müşriklərə hər zaman müsəlmanlar ədalətlə davranmış, onların qorunmaq və himayə tələbləri Allah Rəsulu Hz. Məhəmməd (s) tərəfindən qəbul edilmişdir.
“Əgər (basqına uğrayan) müşriklərdən biri səndən aman istəsə, ona aman ver ki, Allah kəlamını (Quranı) dinləsin. Sonra (islamı qəbul etmədiyi təqdirdə) onu əmin olduğu (müşriklərin yaşadığı) yerə çatdır. Çünki onlar (haqqı) bilməyən bir tayfadır!” (“Tövbə” surəsi, ayə 6).
Xristianlar və müsəlmanların inancları bir çox yöndən müştərəkdir. Eyni şəkildə musəvilik də İslamla da bir çox ortaq inancı paylaşmaqdadır. Allah Quranda müsəlmanların Kitab əhli ilə Allaha imanda birləşdiyini “…Biz həm özümüzə nazil olana (Qurana), həm də sizə nazil olana (Tövrata və İncilə) inanırıq. Bizim də Allahımız, sizin də Allahınız birdir. Biz yalnız ona təslim olanlarıq!” (“Ənkəbut” surəsi, ayə 46) ayəsiylə bildirir.
Bütün din və fəlsəfələr “həqiqət” axtarışının bir nəticəsi olaraq ortaya çıxmışdır. Təbii olaraq, hamısı da “mütləq həqiqət”i açıqladığına inanarlar. Lakin bu açıqlanan dünyagörüşlərin hamısının birdən mütləq həqiqət olmasına imkan yoxdur. Fəqət heç bir cərəyan iddiasından geri çəkilməz. Bu durumda çoxmədəniyyətlilik və fərqli mədəniyyətlərin birlikdə yaşamasına imkan varmı?
Bu modelin cavabı olaraq, filosoflar dini plüralizm modelini ortaya qoyurlar. Dini plüralizm multikultural ənənələrin bərabər yaşamasına imkanlar açır. Allahın Qurani-Kərimdə buyurduğu kimi, “Sizin öz dininiz var, mənim də öz dinim! (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!”” (“Kafirun” surəsi, ayə 6) yaşamaq müsəlman olanın başqa mədəniyyətlərə sayğı ilə yanaşmanı tövsiyə edir, digər dinlərin təmsilçiləri və inanclı olmayanlar da insanların inancına dözümlü davranmağa borcludur.
Bu modelin təlqin etdiyi baxış hər bir dinin və ya fəlsəfənin digərlərindən asılı olmadan qurtuluşa yetirə biləcəyinin mövcudluğunu tanımaqdır. Bu anlayışlar var olduqca çoxmədəniyyətlilik ənənələrinin daşıyıcılarının bərabər yaşamasında heç bir problem olmayacaq.

Gedənlərin ardınca qalan SƏSSİZLİK

Məktəbdə dərslər bitən kimi tətilin başlayacağı günləri həyəcanla sayar, kəndimizə gedəcəyim vaxtı səbirsizliklə gözləyərdim. Qubadlı rayonu...